Oxunun ifadəliliyi. İbtidai siniflərdə oxunun mühüm keyfiyyətlərindən biri də onun ifadəliliyidir. Oxunun ifadəliliyi həm anlamanın dərinləşdirilməsi, həm də emosiyanın, təxəyyülün inkişafı, estetik zövqün tərbiyəsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. İfadəli oxu şagirdin sözün qüdrətini dərk etməsinə, estetik zövqünün inkişaf etməsinə, oxu vərdişinə yiyələnməsinə güclü təsir göstərir. Belə oxu şagirdin oxuya marağını daha da artırır, əsərin məzmununun anlamasına imkan yaradır.
“Şifahi nitq-ifadəli oxu, ifadəli söz deməkdir. İfadəli oxu təkcə əsəri oxumaq deyil, ifadəli oxu zamanı şagirdlər sözlərin ədəbi tələffüz qaydalarını, nitqdə yaradıcı inkişafını, sözün ədəbi kəsər mənalarını, o cümlədən danışıqda ədəbi dillin əlaqələlərini öyrənirlər.
İfadəli oxunun ikinci bir cəhəti odur ki, şagirdlər yazıçı sənətkarlığını, onun üslubunu, arzu və istəyini dərk edirlər. Sözün arxasında həyatı görür, adamları tanıyır, pisi yaxşıdan seçə bilir, nəhayət, oxuduğu əsərdən tərbiyə alırlar”[ 31, s.172].
Bədii əsərin, mətnin, oxu materialının dərk olunmasında ifadəli oxunun əhəmiyyəti böyükdür.
İfadəli oxu vərdişinə yiyələnmək üçün şagird ilk növbədə düzgün, rəvan, şüurlu oxu vərdişinə yiyələnməlidir. Şagird mətni o zaman ifadəli oxuya bilir ki, şüurlu oxu üzrə iş düzgün aparılmış olsun. Ancaq məzmuna uyğun ifadəli oxu daha təsirli olur. Böyük rus yazıçısı N.V. Qoqol yazır ki, ancaq gözəl oxu, ifadəli qiraət şeir haqqında düzgün təsəvvür oyada bilər... Yaxşı oxumaq üçün isə əsəri diqqətlə öyrənmək, şairin qəlbini dolduran böyük hissləri duymaq, onun hər bir sözünün ruhunu tapmaq lazımdır. İfadəli oxunun əsasında iki cəhət durur:
İfa edilən əsərin ideya məzmununun dərindən qavranılması, təsir olunanların mahiyyətinə nüfuz edilməsi.
Hiss edilənlərin, qavranılanların səslənən sözlə dinləyicilərə çatdırılması[19, s.102].
İfadəli oxu monoloji nitq olduğu üçün sifahi nitqin bütün xüsusiyyətlərini özündə əks etdirir. Şifahi nitqdə səsin ahəngi və ifadəli hərəkətlər sayəsində eyni söz müxtəlif mənalarda işlənə bilər və fərqli şəkildə başa düşülə bilər. İfadəli oxunun rəvan getməsi üçün əsərin məzmununun dərk edilməsi zəruri olduğu kimi, zəngin söz ehtiyatının olması, nitqin emosionallıq xüsusiyyətlərinə bələdlik, dilin qayda-qanunlarına yiyələnmək əsas şərtdir[11, s.363-364].
İbtidai siniflərdə şagirdlərin ifadəli oxu üzrə ilkin vərdişlərə yiyələnmələri müəllimin özünün bu vərdişə nə dərəcədə yiyələnməsindən, şagirdlərə necə nümunə olmasından asılıdır. Müəllim oxuyacağı əsərin ideya məzmunu üzərində düşünməli, yazıçının nə demək istədiyini bilməli, oxuyarkən hadisənin iştirakçısı kimi hərəkət etməlidir. Müəllim yaradıcı təsəvvürün köməyi ilə oxuduğunu “görməli” və şagirdlərə də “göstərməyə” çalışmalıdır. O, məzmuna və formaya uyğun olaraq oxumağı bacarmalıdır. Parlaq, ifadəli oxu uşaqların diqqətini qavramalı olduqları başlıca fikrə cəlb edir, məzmunu tam, aydın, obrazlı şəkildə çatdırır. İfadəli oxu prosesində oxucu əsərin ideya məzmununa daxil olmaqla obrazların, lövhələrin xarakter xüsusiyyətlərini açmalı, hadisələrə, qəhrəmanların hərəkətlərinə, daxili aləminə, müəllifin münasibətini, hisslərini dəqiq göstərməlidir. Yalnız bu zaman oxucu dinləyicini öz arxasınca apara, bədii söz vasitəsi ilə dinləyiciyə təsir göstərə, onda səmimi hisslər oyada bilər. Oxunun ifadəliliyinin təmin edilməsi üçün ilkin şərt mətnin məzmununun şüurlu mənimsənilməsidir. İfadəlilik isə öz növbəsində şüurluluğu artırır.
Oxu bədii əsərlə tanışlığın ən sadə formasıdır. Lakin ifadəli oxudan bəhs etdikdə bu sadəlikdən əsər-əlamət qalmır. Əsəri ifadəli oxumaq asan deyildir, şagirdlər ilk mərhələdə hələ bunu bacarmırlar. Amma məhz ifadəli oxu ifaçıya və dinləyiciyə güclü təsir edərək əsərin bütün dərinliyini, emosional təbiətini açıb göstərir [42, s.51].
İfadəlilik üzərində iş apararkən müəllimin şagirdlərin oxusuna eyni tələbləri verməsi düzgün olmaz. İfadəli oxu vərdişlərinin yaradılması müəllimdən səbirli, qətiyyətli olmağı, müntəzəm və sistemli iş aparmağı tələb edir. Şagirdlərin emosional, ifadəli nitqə yiyələnmələri üçün ilk növbədə nitq texnikası üzrə iş aparılmalıdır. “Nitq texnikası” anlayışına oxu və danışıq prosesində tənəffüs, səs, diksiya və s. daxildir [23, s.172]. Belə ki, tənəffüs, səs, diksiya nitq texnikası anlayışının mühüm elementləridir.
İfadəli oxunun aşağıdakı vasitələri vardır: