IV sinfin sonunda şagird: •dinlədiyi fikirlər barədə yekun rəy bildirir və onu əlavələrlə inkişaf etdirir;
•müşahidə etdikləri, eşitdikləri, oxuduqları fakt və hadisələr haqqında məzmuna uyğun jest və mimikalardan istifadə etməklə təqdimatlar edir, dialoji mətnlər qurur;
•mətndəki terminləri, obrazlı ifadələri fərqləndirir;
•müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir, verilmiş mətnə dair yaradıcı plan tərtib edir, məzmununu yaradıcı şəkildə davam etdirir, mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir;
•orfoqrafiya qaydalarına riayət edir, sadə əməli və kiçikhəcmli mühakimə xarakterli yazılar yazır;
•sadə fonetik təhlil aparır, sözlərin böyük hərflə yazılışına dair qaydaları tətbiq edir, sözlərin mənasını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir, sözləri qrammatik mənalarına görə qruplaşdırır;
•cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir, məqsəd və intonasiyaya görə cümlənin növlərinə aid təqdimatlar edir.
IV sinif. Oxu məzmun xətti üzrə standartlar: Şagird: 2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir. 2.1.1. Mətndəki hadisələri həyat hadisələri ilə müqayisə edir.
2.1.2. Mətndəki terminləri fərqləndirir.
2.1.3. Mətndəki obrazlı ifadələri fərqləndirir.
2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obrazların xarakterinə uyğun) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir.
2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və ya davam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir, yaradıcı şəkildə davam etdirir.
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir[2].
Ümumiyyətlə, təlim prosesini oxudan kənarda təsəvvür etmək mümkün deyildir. “Oxu şagirdlərin nitqini inkişaf etdirir, onlarda formalaşmış konkret təsəvvür və anlayışlar əsasında lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir və fəallaşdırır, fikirlərini şifahi və yazılı şəkildə ifadə etmək bacarığını artırır. Şagirdlərdə şüurlu, düzgün, sürətlə, və ifadəli oxumaq, oxunmuş materialın məzmununu yaxşı nəqletmə bacarığı yaradır”[23, s.167].
Odur ki, şagirdlərin təlim nəticələrinin yüksəldilməsinə nail olmaq üçün müvafiq strategiyalar, metod və üsullardan istifadə etmək, mətnin oxusunun düzgün təşkilinə nail olmaq lazımdır.