Oxunun xüsusiyyətləri. Oxumağa yeni başlayan şagirdin oxu texnikası təcrübəli oxucunun oxu texnikasından fərqlənir. Çünki təcrübəli oxucunun görmə sahəsi, daha konkret desək, “oxu sahəsi” geniş olur. Onlar oxu zamanı gözlərini sətir boyu gəzdirərək yalnız bir neçə dəfə fasilə edirlər. Mətn asan olduqda isə fasilələr azalır, görmə sahəsinə daxil olan hərflərin sayı artır. Bəzən sürət o qədər çox olur ki, insan oxuduğunun məzmununu dərk edə bilmir. Şagirdlər isə bəzən nəinki hərfləri, hətta hecaları da birləşdirməkdə çətinlik çəkir, sözün mənasını tam anlaya bilmirlər. Bu halda şagird “Nailə” sözünü oxuyur, ancaq oxuduğu sözü deyə bilmir.
Oxu texnikasının formalaşdırılmasında eşidərək qavramanın inkişaf etdirilməsinin əhəmiyyəti böyükdür. Çünki səsləri yaxşı fərqləndirə bilməyən uşaq, görmə qavrayışı mükəmməl inkişaf etsə də, sadə sözləri oxumaqda çətinlik çəkir. Fonetik eşitməyə, səsin təhlili vərdişlərinə lazımınca yiyələnməmiş uşaqların oxusu nöqsanlı olur və müstəqil işləyə bilmirlər. Ona görə də oxu prosesində fonetik təhlilə geniş yer vermək lazımdır. Hərflərlə tanış olmazdan əvvəl şagirdlərdə nitqi cümlələrə ayırmaq, cümlə qurmaq, cümlələri sözlərə ayırmaq, cümlədə sözlərin sayını və sırasını, sözlərdə hecaların sayını və sırasını müəyyənləşdirmək bacarıqları formalaşdırılmalıdır. Oxunun səmərəliliyini artırmaq üçün şagirdlərə həm də sait və samit səsləri xarakterik cəhətlərinə görə fərqləndirməyi öyrətmək vacibdir. Oxu bacarıqlarına görə şagirdləri dörd qrupa ayırmaq olar:
1
Oxu mətni ilə tanış olan şagird
Oxu mətnini diqqətlə oxuyan şagird
2
Mətnin mənasını dərk edən şagird
Məlumatlı şagird
3
Yeri gəldikcə mətndən istifadə edən şagird
Strategiya ilə oxuyan şagird
4
Əsərdə örtülü fikirlərə tənqidi yanaşan şagird
Düşünən şagird
I qrupa xas xüsusiyyətlər:
-tanış sözləri tez oxuyur;
- mətnin mənasını dərk edir;
- mətni simvollaşdırır;
- kontekst daxilində sözlərin mənasını bilir;
- mətnin janrını müəyyənləşdirir;
- mətni quruluşuna görə fərqləndirir;
- mətnin məzmununu anlamaq, dərk etmək məqsədlə xəritə, qrafik, illüstrasiya, şəkil və s. istifadə edir.
II qrupa xas xüsusiyyətlər:
- mətndəki yeni sözlərin mənasını öyrənir;
- oxunun məqsədini müəyyən edir;
- mətnin oxusunda fəndaxili inteqrasiyadan istifadə edir;
-mətnə dair suallar verir;
-mətnə aid sualları cavablandırır;
- proqnozların düzgünlüyünü yoxlayır;
- mətnin məzmununa uyğun nəticə çıxarır;
- oxu mətninə dair təsəvvürlərini genişləndirir;
- mətn üzərində düşünür.
III qrupa xas xüsusiyyətlər:
- yeni sözləri öyrənir;
- müəllifin üslubunu müəyyənləşdirir;
- üslublar haqqında məlumatlıdır;
- şərhlərini əsas ideya ilə inteqrasiya edir;
- nəticələri əlavə məlumatlarla əsaslandıra bilir;
- mətndəki məlumatları ümumiləşdirir;
- mətni real həyat hadisələri ilə əlaqələndirir;
- yeni ideyaları daha da genişləndirir.
IV qrupa xas xüsusiyyətlər:
- sözlərdən istifadənin səmərəliliyi ilə bağlı fikirlər bildirir;
- fikirlərini əsaslandırır;
-mətnə öz münasibətini bildirir;
- müxtəlif mənbələrdən istifadə edərək yeni ideyalar irəli sürür;
- əldə etdiyi nəticələrdən digər vəziyyətlərdə də istifadə edir;
- məsələ ilə bağlı fərqli və müxtəlif mövqeləri dəyişir, yoxlayır;
-problemə həmin mövqedən yanaşır;
- müxtəlif mədəniyyətlərin üstünlük verdiyi məsələləri və maraqları bilir;
- mətni öz təcrübəsi, digər mətnlər və real həyatla inteqrasiya edir.
Beləliklə, deyə bilərik ki, oxuya və oxucuya-şagirdə xas olan xüsusiyyətlər müxtəlifdir. Oxu prosesində şagirdlərin fəaliyyətinin H.Qardnerin 8(səkkiz) dərketmə nəzəriyyəsinin prinsiplərinə uyğun təşkili uğurlu nəticələrin əldə olunmasına gətirib çıxarır. Hər bir şagirdin fərdi qabiliyyətlərinin öyrənilməsi və oxu təliminin bu istiqamətdə təşkili texnologiyası müəllimin zəhmətinin, pedaqoji ustalığının göstəricisi ola bilər.