Layihələrin hazırlanması. Bu üsul şagirdlərin tədqiqatçılıq bacarığının inkişaf etdirilməsi üçün vacibdir. Müəllim oxu materialına aid problemi müəyyən edir və şagirdlərə layihə hazırlamağı tapşırır. Bu zaman müəllim şagirdlərə layihə üzərində işin başlanma və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri, bunları əldə etmək yollarını, iş formalarını müəyyən edir. İş prosesində müəllim suallara cavab verir və yol göstərir.
Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər, cədvəllər, qrafiklər formasında ifadə oluna bilər.
Akvarium. Akvarium - diskussiya vərdişlərini inkişaf etdirmək üçün tətbiq edilən üsuldur. Oxu materialının müzakirəsini keçirmək üçün maraqlı üsuldur. Burada vahid fikrə gəlmək vacib deyil. Əsas odur ki, diskussiya düzgün istiqamətdə aparılsın.
I variant: Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Burada şagirdlər iki qrupa ayrılaraq bir-birinin daxilində olan iki dairə yaradırlar. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir.
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirirlər. Sonra qruplar yerlərini dəyişir və problemin həlli üzrə aparılan işlər davam etdirilir.
II variant: “Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər, dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar[12, s.114].