İki hissəli gündəlik strategiyası - bu üsulun tətbiqi zamanı sinif cütlərə ayrılır. Hər bir şagirdə tapşırılır ki, təqdim olunan mövzu ilə bağlı, məsələn, “Azərbaycan-Türkiyə” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd etsinlər. Hər iki yoldaş yazıb qurtardıqdan sonra fikirlərini bir-biri ilə bölüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün müəllim bir şagirdi qaldırır, fikirlərini soruşur və digər şagirdlər də deyilənlərə əlavələr edirlər. Sonra şagirdlərə Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini oxumaq tapşırılır, şeir oxunduqca, onlar iki hissəli gündəliyə qeydlər edirlər[9, s.45]. İki hissəli gündəliyi hazırlamaq üçün şagirdlər ağ vərəqi şaquli xətlə iki yerə ayırır və onun sağ və sol tərəflərində aşağıdakı kimi qeydlər aparırlar:
Şagirdlər şeiri oxuyub iki hissəli gündəlikdə qeyd edirlər. Sonra müzakirəni bütün siniflə aparmaq lazımdır. Müzakirədən sonra müəllim şagirdlərdən xahiş edir ki, 10 dəqiqə ərzində “Azərbaycan-Türkiyə” şeirinə aid düşüncələrini yazsınlar (bu üsul 10 dəqiqəlik esse adlanır).
Ziqzaq.
Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.
Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər yenidən nömrələnirlər. Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.
Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir.
Ekspert qrupları onlara verilən hissəni oxumalı və məzmununu qavramalı və öz əvvəlki qrupuna qayıdaraq öyrəndikləri hissəni onlara danışmalıdırlar.
Müəllim sonda informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verir.
İdeyalar xalısı.Bu üsul oxu dərslərində çətin problemlərin həll edilməsinə kömək göstərir və bir neçə mərhələdən ibarətdir:
I mərhələ - problem qoyulur (müəllim problemi bir gün əvvəl və ya dərsin əvvəlində elan edir).
II mərhələ - problemin səbəbləri müəyyən edilir (nəyə görə belə bir problem mövcuddur?).
III mərhələ - problemin həlli yolları müəyyən edilir (bu problemi həll etmək üçün nə etmək lazımdır?).
IV mərhələ - fərdi iş (şagirdlər göstərilən problemin həlli üçün nə etməyə hazır olduqlarını söyləyirlər).
Bu başqa variantlarda da keçirilə bilər. İdeyalar xalısı üsulu aşağıdakı kimi tətbiq edilir:
1. Müəllim şagirdləri 4-5 nəfərlik qruplara bölür.
2. Dərsin əvvəlində (ya da dərsdən bir gün əvvəl) müəllim oxu dərslərində həll ediləcək problemi elan edir.
3. Müəllim hər qrupa ağ kağız, eyni rəngdən olan 6 kağız zolağı, yapışqan və marker paylayır. Qruplara təklif olunur ki, verilən problemin səbəblərini aşkara çıxarsınlar və bu səbəbləri kağız zolaqlarına yazsınlar.
4. Qruplar yazıb qurtarandan sonra müəllim onlara deyir ki, kağız zolaqlarını onlara verilən iri kağız üzərində yerləşdirsinlər.
5. Qruplar işini qurtardıqdan sonra müəllim onlara yazdıqlarını oxumağı söyləyir.
6. Növbəti mərhələdə müəllim şagirdlərə başqa rəngdə olan daha 6 kağız zolağı paylayır. Şagirdlər burada problemin həlli üçün nə etməli olduqlarını yazırlar. Bu zolaqlar da iri kağız üzərində yerləşdirilir.
7. Qrupların işini qrup liderləri təqdim edirlər.
8. Növbəti mərhələdə müəllim şagirdlərə yapışqanlı vərəq paylayır və onlardan xahiş edir ki, problemin həlli üçün nə etdiklərini və nə etməyə hazır olduqlarını həmin vərəqin üzərində yazsınlar. Şagirdlər yazır, oxuyur və həmin vərəqləri öz qruplarının xalısı üzərinə yapışdırırlar.
9. İşin sonunda müəllim onlarla kiçik müzakirə keçirir və problemin həlli üçün ən səmərəli yolu seçməyi onlara təklif edir.
10. Bu üsulda qrupların işinin tərtibatı da çox əhəmiyyətlidir. Öz fantaziyalarından istifadə edərək şagirdlər, sanki rəngarəng kağızlardan xalı(“ideyalar xalısı”) yaradırlar.