Auksion. Müəllim şagirdləri auksionun keçirilmə qaydaları ilə tanış edir. Oxunmuş mətn üzrə öyrənilənlər haqqında ardıcıl və cəld cavabların verilməsi nəzərdə tutulur. Lakin bu zaman müəllim hər bir cavabdan sonra əlindəki əşya ilə stola vurur və növbəti sualı səsləndirir. Hər bir fikirdən sonra müəllim sayır: “Bir, iki” ... bu zaman başqa iştirakçı cəld cavab verir. Sonra müəllim yenə stolu tıqqıldadır və növbəti sualı verir. Mətnə aid bütün xüsusiyyətlər sadalanana kimi auksion davam edir. Diqqətə çatdırılır ki, cavablar bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir. Oyunda axırıncı mümkün cavabı verən şagird qalib sayılır.
Karusel. Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim hər qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazırlar. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir. Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. “Bir, iki” ... . Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən qalib sayılır. Fikirlər bir-birini təkrarlamamalıdır. Odur ki, şagirdlər bir-birini dinləyirlər.
Müəllifdən soruşun (Müəllif kreslosu).Şagirdlərə əvvəlcədən tapşırıq verilir ki, mətni oxuyarkən onun müəllifinə vermək istədikləri 2-3 sual fikirləşsinlər. Suallar mətn haqqında olub onu anlamaqda yardımçı olmalıdır. Sonra şagirdlərdən biri müəllif rolunu öz üzərinə götürür. Yerdə qalan şagirdlər öz suallarını ona verirlər. Müəllif rolunda bir neçə şagird suallara cavab verə bilər. Bu üsuldan istifadə şagirdlərdə daha diqqətli oxu vərdişləri formalaşdırır. Çünki diqqətli oxu bir tərəfdən şagirdlərdə müxtəlif suallar yaradır və digər tərəfdən şagirdləri verilmiş mətndə həmin suallara cavab axtarmağa təhrik edir.
Rollu oyunlar.Elə oxu mətnləri vardır ki, onları rollar üzrə oxumaq daha səmərəli nəticə verir. Şagirdlər ifa etdikləri rolun xarakter xüsusiyyətlərini verməyə cəhd edir, oxu prosesi daha maraqlı təşkil olunur. Məsələn, “Cırnatma”, “Ağac-hər dərdə əlac”(I sinif), “Xaqani”, “Sehirli söz”, “Dostlar səfərdə” (II sinif), “Balaca Karlson”, “Qavroş”, “Sabirin ilk uşaq şeiri”, “Bahalı xalça” (III sinif), “Yol söhbəti”, “Gülgəz”(IV sinif) və s. mətnlərinin rollar üzrə oxusu şagirdlərin müxtəlif xarakterli insanların xüsusiyyətləri ilə tanış olmağa, intonasiyanın komponentlərindən rola uyğun düzgün istifadə etməyə, şüurlu və ifadəli oxu bacarıqlarına yiyələnməyə sövq edir. Rollu oyunlar problemin həllinə müxtəlif yanaşmaları üzə çıxarır. Şagirdlər rollu oyunlarda hadisələrin iştirakçısı kimi davranır, başqa bir xarakter yaratmağa müvəffəq olurlar. Belə oxuda şagirdlərdə yaxşı və pisi ayırmaq, real vəziyyətə uyğun nəticələr çıxarmaq bacarıqları yaranır.