Vəziyyət (situasiya) üzrə praktikum. Bu üsul hər hansı oxu materialını öyrəndikdən sonra tətbiq edilən üsuldur. Göstərilən üsul şagirdlərdə öyrənilən material üzrə müəyyən bilik və təcrübənin olmasını nəzərdə tutur. Üsulu aşağıdakı kimi tətbiq etmək olar:
Müəllim dərsdə müzakirə olunacaq problem və sualları əvvəlcədən müəyyən edir və onları müxtəlif vəziyyətlər şəklində tərtib edir.
Vəziyyətlər ayrı-ayrı iş vərəqlərində yazılır. Hər vəziyyətə dair suallar və tapşırıqlar qoyulur. Bunların sayı 2-5 ola bilər.
Şagirdlər cütlüklərə, qruplara bölünürlər. Hər qrupa bir və ya bir neçə vəziyyəti təsvir edən iş vərəqi verilir.
Tapşırıqları yerinə yetirdikdən sonra qruplar öz işlərini təqdim edirlər.
Qrupların təqdimatından sonra müzakirə keçirilir.
Qərarlar ağacı.Bu üsul o zaman tətbiq olunur ki, oxu materialında təqdim olunan problemin bir neçə həlli var və onların hamısı liderlik təşkil edir. Şagird bunun hamısını seçə bilmir. Bu üsul aşağıdakı kimi tətbiq olunur:
Əvvəlcə, müəllim təhlil ediləcək problemi və onun həlli yollarının bir neçə variantını müəyyənləşdirir. Təklif olunan variantların hamısı eyni dərəcədə real və bərabər əhəmiyyətli olmalıdır ki, onların arasında “lider” variant olmasın.
Təhlil olunacaq problem iri kağızda aşağıdakı formada təqdim olunur:
PROBLEM
Problemin həlli yollarının “+” və “-“ tərəfləri
Müəllim qruplara tapşırığı izah edir. Hər qrupa bu cədvəl çəkilmiş kağız və marker verilir, tapşırığın yerinə yetirilməsi üçün vaxt təyin olunur.
Qruplar iş zamanı problemin həlli yollarını təhlil edir, hər variantın müsbət və mənfi cəhətlərini müəyyənləşdirir və müvafiq xanaları doldururlar. Bütün variantlar təhlil edildikdən sonra qərar qəbul olunur və variantlardan yalnız biri seçilir:
qrup qərarı yazdıqdan sonra müəllim qərarın üzərini bağlayır;
təqdimat zamanı qrup nümayəndələri yazıları oxuyur, lakin qərarı bildirmirlər. Müəllim digər qruplardan xahiş edir ki, qrupun qeyd etdiyi müsbət və mənfi cəhətləri nəzərə alaraq onun hansı variantı seçdiyini tapsınlar. Şagirdlərin fikirlərindən sonra qərar xanası açılır;
bütün qruplar öz işlərini təqdim etdikdən sonra müəllim alınmış nəticələrin müqayisəsi və qəbul olunmuş qərarların əsaslı olması istiqamətində kiçik müzakirə aparır. Şagirdlərin diqqətini bu tapşırığın düşünülmüş qərarının qəbul olunmasında kömək etdiklərinə yönəltmək çox vacibdir.