Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə84/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   80   81   82   83   84   85   86   87   ...   97
Oxu təliminin metodikası 18.03.23

Məcazlar. Oxu mətni sözlərlə ifadə olunur. Söz vasitəsilə oxuya xas olan bütün əlamət və keyfiyyətləri ifadə etmək mümkündür. Mətni xarakterizə edən əlamətləri iki qrupa bölmək olar: gözlə görülməsi mümkün olan (konkret) və xəyali, yəni görülməsi mümkün olmayan əlamətlər (abstrakt). Məhz bu baxımdan da linqvistikada sözün iki–həqiqi və məcazi mənası göstərilir. Sözün həqiqi mənası konkret surətdə əşya, hadisə, proses və s. bildirirsə, məcazi məna əşyanın əlamətlərinin tutuşdurulmasına əsaslanır. Məcazi mənada işlənən söz və ifadə əşyanın əlamətlərini digərinə ötürür və ona tətbiq edir (bənzədir). Məcazlarda söz əsas mənasını itirir və ikinci - məcazi mənada işlənir. Nominativ məna məcazların yaranması üçün əsasdır. Qeyd edək ki, məcazlarsız bizim nitqimiz çox kasıb olardı. Məhz eyni sözün əsas mənadan əlavə başqa mənalarda işlənməsi bədii mətni və nitqimizi zənginləşdirir.
Bədii mətnlərdə sözün məcazi mənada işlədilməsi, bir əşyaya xas əlamətlərin başqa əşya üzərinə köçürülməsi, oxşar əlamətlərə görə müqayisələr dilə obrazlılıq gətirir və dinləyiciyə emosional-ekspressiv təsir göstərir. Lakin dilimizdə olan bütün məcazlar eyni təsir gücünə malik deyil. Belə ki, elə məcazlar var ki, məişət leksikasına daxil olduğundan emosional-ekspressiv təsir gücünü itirmişdir. Məsələn, günəş batdı, çayın qolu, suyun üzü və s. nümunələr göstərmək olar. Dilimizdə emosional-ekspressiv təsir gücünü itirməyən, bənzətmə, köçürmə, müqayisə və s. yollarla yaranan, təsvir olunan obyektin insan təxəyyülündə canlanmasına imkan verən məcazlar da var ki, bunlar bədii təsvir vasitələri adlanır.
A.Abdullayev obrazlı nitqə tərif verərək yazmışdır: “Obrazlı nitq elə nitqə deyilir ki, o, təkcə aydın olması ilə deyil, eyni zamanda, təxəyyülü canlandıra bilməsi, onda əyani təsəvvürlər yarada bilməsi ilə də fərqlənən bir nitq olsun” [1, s.138].
Deməli, bədii əsərin qeyd olunan keyfiyyətlərə görə fərqlənməsi orada məcazlardan-bədii təsvir vasitələrindən istifadə ilə mümkündür. Başqa sözlə, məcazlar oxuda obrazlılıq yaradan başlıca vasitələrdir. Əşya və hadisələrə xas əlamətəri qabarıq ifadə etməkdə bədii təsvir vasitələri mühüm rol oynayır. Lakin qeyd etmək lazımdır ki, oxuda obrazlılıq yaradan vasitələri məcazlar sistemi ilə məhdudlaşdırmaq olmaz. Çünki dilimizdə obrazlılığın yaranmasına xidmət edən fonetik, leksik və qrammatik vasitələr də var.
Məcazlar sistemi ədəbiyyat nəzəriyyəsində trop adlanır. Trop - bədii və stilistik anlayış olub sözlərin məcazi mənada işlənərək nitqi ifadəlilik və əyanilik baxımdan daha da gücləndirmək üçün istifadə olunur[9, s.520]. Mövcud ədəbiyyatlarda tropların təsnifi müxtəlif verilmişdir. İ.V.Arnold tropları metafora, metonimiya, sinekdoxa, istehza, hiperbola, litota, şəxsləndirmə, alleqoriya və perifraz olmaqla təsnif edir. V.A.Malsev tropun növləri kimi bənzətməni, metaforanı, oksimoronu, hiberbolanı, metonimiyanı götürür. A.Hacıyev məcazın növləri kimi təcəssüm, metafora, epitet, metonimiya, təşbeh, sinekdoxa, alleqoriya, mübaliğə, kinayə, litotanı göstərir. C.X.Hacıyev “Ədəbiyyat nəzəriyyəsi” kitabında məcazları belə təsnif edir: bənzətmə, istiarə, bədii təyin, sərbəst məcaz, simvol, alleqoriya, kinayə, mübaliğə. M. Rəfili məcazlar siteminə təcəssüm, qarşılıqlı surətlər, simvol, alleqoriya, epitet, təşbeh, metafora, metonimiya, sinekdoxa, mübaliğə, perifraz, litota və kinayəni daxil edir[6, s.131-171]. T.Əfəndiyeva bu sistemə metaforanı, metonimiyanı, epitet və sinekdoxanı aid edir [4, s. 81].
İbtidai sinif şagirdlərinin obrazlı nitqinin inkişafına nail olmaq üçün bütün bədii təsvir vasitələrinin üzərində iş aparmaq bu işi çətinləşdirə bilər. Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, şagirdlər yuxarı siniflərdə tropun bütün növləri haqqında ətraflı məlumat alacaqlar. Buna görə də metodist-alimlər: A.Rəhimov, Y.Kərimov, М.R.Lvov və b. daha çox praktik şəkildə bəzi məcazlar üzərində işin aparılmasını məsləhət bilir. Prof.A.Rəhimov ibtidai siniflərdə metafora, metonimiya, sinekdoxa, təşbeh, epitet və perifraz üzərində praktik şəkildə işlərin aparılmasının mümkünlüyünü qeyd edir[7, s.34-51]. M.R.Lvov isə ibtidai siniflərdə tropun əsas növləri olan- təşbeh, epitet, metafora və perifraz üzərində işin praktik şəkildə aparılmasını məsləhət görür.
Obrazlılıq üzrə iş bədii mətnin oxusu və məzmununun təhlili zamanı aparılır. Nağıldakı obrazlı ifadələrin aydınlaşdırılması və emosional qavranması eyni zamanda mətnin şüurlu mənimsənilməsini təmin edir. Obrazlı ifadələr, bədii təsvir vasitələri üzərində müntəzəm təşkil edilən işlər şagirdlərdə əsərləri oxuyarkən oradakı əhval-ruhiyyəyə uyğun həyəcanlan­mağı, baş verən hadisələri təxəyyülündə canlandırmağı, obrazlı təsəvvür bacarığı formalaşdırır. Ümumiyyətlə, kiçikyaşlı məktəblilərin obrazlı nitq inkişafı üzrə iş dedikdə bədii mətnlərin oxusu prosesində obrazlı ifadə və ya sözləri seçmək, onların mənasını izah etmək, cümlədə işlətmək və nəhayət, öz nitqində istifadə etmək bacarığı nəzərdə tutulur.
Məcazi mənada olan sözləri izah edərkən əvvəlcə həqiqi mənanı izah etmək lazımdır. V.V.Vinoqradova hesab edir ki, həqiqi məna sözün onun aid olduğu dilin qrammatik qanunlarına və semantik sisteminə əsasən müəyyən edilmiş maddi-əşyavi məzmunudur[10, s.10]. Məcazi məna müqayisə üsulundan istifadə edildikdə daha yaxşı qavranılır. Məcazi məna bir əşyanın başqası ilə müqayisəsi, assosiasiyası və ya əlaqələn­dirilməsinə əsaslanır. İstər nəzm, istərsə də nəsr əsərlərində işlədilən sözlərin şagirdlərin nitqində özünə yer tapması o zaman reallaşır ki, onların həm leksik, həm də poetik mənaları mənimsənilmiş olsun.
Hər bir ibtidai sinif müəllimi bədii mətnlərin oxusu zamanı obrazlılıq üzrə iş apararkən çalışmalıdır ki, şagirdlər obrazlı ifadələri şifahi və yazılı nitqlərində istifadə edə bilsinlər, hadisə və əşyaları təsvir edərkən müvafiq bənzətmə, bədii təyin, obrazlı ifadə tapmağı bacarsınlar və onların nitqi aydın, ahəngdar, emosional şəkil alsın. Bu məsələlərin reallaşdırılması, şagirdlərdə obrazlı danışmaq, fikrini obrazlı ifadə etmək bacarığı formalaşdırmaq üçün müəllim dərsin bütün mərhələlərində bu işi diqqət mərkəzində saxlamalıdır.
Dərsliklərdəki oxu mətnlərində hansı təsvir vasitələrindən daha çox istifadə olunur? Epitet məcazın ən sadə və tez anlaşılan növüdür. O, sözə bədiilik, əlvanlıq, emosionallıq və cazibədarlıq verir. Epitet latın sözü olub mənası əlavə deməkdir. Məhz bu məna epitetin nitqdə funksiyasının təyin olunmasına imkan yaradır. Belə ki, epitet olmadan da söz vasitəsilə obyekt insan təxəyyülündə canlana bilir. Məsələ obyektin necə canlanmasındadır. Epitet obyekti insan təxəyyülündə ona xas olan əlamət və keyfiyyətlərlə birgə canlandırır, bununla da nitqə parlaqlıq və obrazlılıq gətirir. Epitet haqqında danışılan obyekti (əşya, hadisə və ya şəxs) söz vasitəsilə hərtərəfli təsvir edir. Sanki təbiətdəki rənglər, boyalar, formalar, ölçülər və s. nitqdə öz funksiyasını epitetlərə verir. Belə oxu isə öz təsirliliyi ilə fərqlənir.
Epitetə bədii təyin də deyilir. Çünki o, qeyd etdiyimiz kimi, müxtəlif obyektləri əlamət və keyfiyyətlərinə görə təyin edir. Bədii təyin vəzifəsində çıxış edən epitet həm həqiqi, həm də məcazi məna ifadə edə bilir. Məsələn, Al - əlvan çiçəklə dolu çəmənlik xalçaya bənzəyir. Soyuq küləklər əsir və s. nümunələr göstərmək olar. Bu nümunələrdə epitet sözün həqiqi mənasından törənmişdir. Bu cür epitetlər cümlədə obrazlılıq yarada bilmir. Həmçinin belə nümunələr müəllifin təsvir olunan obyektlə bağlı münasibət və ya hisslərini ifadə etmir. Məcazi mənadan doğan epitetlər isə əşyanın daha qabarıq və təsirli şəkildə təsvirinə imkan verir. Məsələn, Yaman günün ömrü az olar. Şirin gecələrdə yuxuma girən... . Ürək açan mənzərələr... və s.
Bəzi ədəbiyyatlarda sözün həqiqi mənasından əmələ gəlmiş təyinedici sözlər epitet hesab edilmir. A.Rəhimov bu haqda yazır: “Epitetlərin gücü və onların yaratdığı təsirin emosional çalarlığı özünü harada və necə işlənməsində tapır. Yerində işlənməyən, hədəfə düzgün və sərrast tuşlanmayan epitet çox zaman sönük təsir bağışlayır. Onlarda müəllifin əşyalara olan münasibəti göstərilsə də, o qədər də hiss, həyəcan ifadə edilmir”[8, s.49]. Nitqi obrazlı qurmaq üçün elə təyinedici sözlər seçilməlidir ki, onlar nitqə yeni rəng versin, ona ahəngdarlıq gətirsin. Məsələn, Buludlar al-qızıl qana boyandı... . Günəşli, işıqlı bir baharı sev! Yaxasında qızıl şəfəqli düymə. El başçılarının əzəmətli səsi gurladı və s. Göstərilən nümunələrdə əzəmətli, qızıl şəfəqli, günəşli, işıqlı və al-qızıl sözləri epitet olub nitqə xüsusi çalarlıq gətirir.
Müşahidələr göstərir ki, uşaq məktəbə gələnədək onda əşyanın necəliyi haqqında müəyyən təsəvvürü olur. Savad təliminə hazırlıq dövründən başlayaraq isə bu istiqamətdə daha sistemli iş aparılır. Belə ki, şəkil üzərində işləyərkən təsvir olunmuş obyektin adını deməklə yanaşı, eyni zamanda onun necə olması- rəngi, forması, ölçüsü, dadı, keyfiyyəti və s. qeyd olunur.
II sinifdə şagirdlər əlamət bildirən sözləri öyrənir və III sinifdən etibarən sifət termin kimi təqdim edilir və onun haqqında daha geniş informasiya verilir. Bu mövzuda müxtəlif xarakterli çalışmalar üzərində iş aparılır ki, bu da şagirdlərdə obyektləri hərtərəfli təsviretmə qabiliyyətini inkişaf etdirir. Araşdırmalar göstərir ki, epitetlər üzərində işin sifətin tədrisi ilə əlaqələndirilməsi həm şüurluluğun təmin olnması, həm də şagirdlərin epitetin cümlədə və nitqdə rolunu, əhəmiyyətini dərk etməsi baxımından olduqca faydalıdır. Bu məqsədlə müxtəlif iş formalarından istifadə olunmalıdır.
Epitetlərin oxunan mətnin və nitqin zənginləşdiril­məsindəki rolunun dərk edilməsində müqayisə priyomundan istifadə çox əhəmiyyətlidir. Bu priyomdan istifadə imkan verir ki, şagirdlər əyani olaraq məzmunun zənginləşməsini və ekspressivlik qazanmasını müşahidə etsinlər.
Epitet üzərində işə ilk olaraq onun izahından başlamaq lazımdır. Mətnin oxusu zamanı şagird dərk etməlidir ki, nə üçün şair və ya yazıçı obyekti məhz bu cür təsvir edib. Epitetlərin cümlədəki rolu və əhəmiyyətinin dərk edilməsi istiqamətində işlər aparıldıqdan sonra başlıca məsələ şagirdlərin nitqini bu ifadələrlə bəzədilməsinə nail olmaqdan ibarətdir. Buna isə mətndən epitetlərin seçilməsi, verilmiş əşyaya aid əlamətlərin müəyyənləşdirilməsi, verilmiş əlamətlər əsasında əşyanın tapılması, cümlələrin və ya mətnlərin epitetlər vasitəsilə genişləndirilməsi kimi iş formalarından istifadə yolu ilə nail olmaq olar.
III-IV siniflərdə şagirdlərin bədii ifadə vasitələri haqqındakı biliklərini möhkəmləndirmək məqsədilə mətnlərin oxusu və təhlili aparılmalıdır. Bu zaman onların həm yazılı, həm də şifahi nitqləri bədii təsvir vasitələrindən istifadə etməklə zənginəşir. Bura həmçinin mətndən təşbehlərin seçilməsi, mətnin və ya cümlənin təşbehlər yaratmaqla genişləndirilməsi, təşbehlərin komponentlərinin müəyyən edilməsi və s. aid etmək olar.
Oxu mətnindəki təşbehləri seçərkən və ya müəyyənləşdirərkən üç şeyin mövcud olması şərti şagirdlərə izah olunmalıdır: a) nə müqayisə edilir; b)nə ilə müqayisə edilir; c) nəyə əsasən müqayisə edilir. Bu üç şərti şüurlu şəkildə dərk edən şagird bənzətmə əsasında yaranan obrazlı ifadələri seçməkdə, hətta özü bu cür ifadələr yaratmaqda çətinlik çəkməyəcək. Şübhəsiz ki, bu istiqamətdə sistemli və müntəzəm işlər aparılarsa. Bənzətmələr üzərində iş bir tərəfdən şagirdin dünyagörüşünün inkişafına təkan verirsə, digər tərəfdən şagirdlər tərəfindən bənzətmələrin yaradılması yüksək hazırlıq tələb edir. Çalışmaq lazımdır ki, təşbehlərin üzərində iş apararkən burada müqayisə olunan obyektlər əyaniləşdirilsin ki, mənimsəmənin şüurluluğu təmin edilsin.
Beləliklə, şagirdlərin bu sahədəki biliklərini möhkəm­ləndirmək və təkmilləşdirmək məqsədilə aşağıdakı iş formalarından istifadə edilir:

  • bənzəyənə əsasən bənzədiləni təsəvvürdə canlandır­maq və onun nəyə necə oxşadılmasını aydınlaşdırmaq;

  • bənzədilənə əsasən bənzəyəni təsəvvürdə canlan­dırmaq və onun nə dərəcədə oxşadıldığını müəyyənləşdirmək və söyləmək;

  • iki əşya, hadisə arasında müstəqil müqayisə aparmaq və onların ümumi əlamətlərindən ən qüvvətlilərini müəyyən etmək.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin