Obrazlılıq nədir sualını cavablandırmaq üçün müxtəlif ədəbiyyatları araşdırdıqda, təxminən, eyni cavabla qarşılaşdıq. E. Rizelə görə obrazlılıq iki anlayışın qarşılaşdırılması, yaxud birinin digəri ilə əvəz edilməsi nəticəsində yaranan keyfiyyətcə yeni bir şeydir. T.M. Viotelevaya görə, obrazlılıq dilin bədii təsvir və ifadə vasitələri-məcaz və sintaktik fiqurlar vasitəsilə qazanılır.
V.K.Xarçenkonun fikrincə, obrazlılığın əsas mənbəyi sözlərin məcazi mənalarda işlənməsidir. E.İ.Kalmıkova obrazlılığı üslubi vasitələrin bədii keyfiyyəti, onların real təsviretmə şəklini yaratmaq qabiliyyəti, təsvirin maksimal dərəcədə konkretliyinə, qabarıqlığına və əyaniliyinə nail olmaq kimi müəyyən edir[66]. V.V.Vinoqradov hesab edir ki, obrazlılıq hər şeydən əvvəl, sözün məcazi mənalarda işlənməsinin müxtəlif növlərinin, söz və ifadələrin məcazi mənalarının, müxtəlif yaranma vasitələrinin məcmusudur[10, s.67].
T.Əfəndiyeva yazır ki, söz məcazi məna kəsb etdikdə, obrazlılıq kimi keyfiyyətə sahiblənir və fikrin təsirli, mənalı ifadəsinə xidmət edir. Obrazlı sözləri işlətməkdə əsas məqsəd ekspressiv obraz yaratmaq və bununla da oxunan mətndə ifadə olunan fikrin ifadəliliyini gücləndirmək, onun dinləyiciyə təsir gücünü artırmaqdır. V.Qumboldt və A.A.Potebne linqvistik və psixolinvistik tədqiqatlarında obrazlılığı leksik-semantik kateqoriya kimi “sözün daxili forması ” anlayışına daxil edirlər. Sözün daxili forması fikrin məzmununun şüurla əlaqəsidir.
Obrazlı oxuya yiyələnmək çox mürəkkəb prosesdir. Bunun üçün şagird hər bir sözün mahiyyətinə varmağı bacarmalı, hər bir ifadənin arxasında dayanan mənanı dərk etməlidir. Çünki obrazlı oxuya yiyələnmə dedikdə heç də şagirdin dərsliklərdəki şablon ifadələri mexaniki oxuması nəzərdə tutulmur. Obrazlı oxu insanın daxili aləminin səsidir, onun xəyallar dünyasının dili ilə danışmasıdır. İnsanın gördüyü, eşitdiyi, duyduğu hər şeyin onda yaratdığı təəssüratların, hisslərin olduğu kimi ifadəsidir. Hisslərin, duyğuların olduğu kimi ifadəsi, təəssüratların başqalarına olduğu kimi çatdırılması üçün sözlərdən dəqiq istifadə olunmalı, söz seçimi düzgün aparılmalıdır. Obrazlı oxunun inkişafı üzrə işin ilkin mərhələsi sözün mənası üzərində aparılan işlər olmalıdır.