Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Oxu dərslərində ədəbi tələffüz vərdişlərinin aşılanması metodikası



Yüklə 453,07 Kb.
səhifə74/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   70   71   72   73   74   75   76   77   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Oxu dərslərində ədəbi tələffüz vərdişlərinin aşılanması metodikası

İbtidai siniflərdə oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üzrə əsas işlər ardıcıl və sistemli olaraq Azərbaycan dili dərslərində həyata keçirilir. Bu baxımdan ibtidai sinif şagirdlərinin oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üzrə işin sistemini düzgün qurmaq üçün ilk növbədə mövcud ana dili proqram və dərslikləri araşdırılmalıdır.


İbtidai siniflərdə “Azərbaycan Respublikasının ümum-təhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)” özündə dinləyib-anlama-danışma, oxu, yazı və qrammatik qaydaları birləşdirir. Bu bölmələr tədris prosesində bir-biri ilə sıx şəkildə bağlıdır[45].
Azərbaycan dili fənni şagirdlərə sözlərin fonetik, orfoq­rafik, orfoepik, leksik normaları və qrammatik quruluşu haq­qında ilkin anlayış verir. Eyni zamanda şagirdlərin rabitəli nitq vərdişlərinə yiyələnmələrinə zəmin yaradır. Oxu təlimi ibtidai siniflərdə ədəbiyyat kursunu sadə şəkildə öyrədir, şagirdlərin oxu vərdişinə və nitq inkişafına zəmin yaradır. İbtidai siniflərdə oxu vərdişlərinin: düzgün, rəvan, şüurlu və ifadəli oxunun tələbləri şərti olaraq qarşıya qoyulur. Bu oxu vərdişlərinin tələbi şagirdləri ucadan, rəvan, aydın, ahəngdar oxumağa hazırlayır, şifahi nitqin zənginləşməsinə şərait yaradır. Mövzunun ideya - istiqamətini düzgün anlamağı öyrədir, söz ehtiyatını zənginləş­dirir, ədəbi tələffüz vərdişlərinə praktik şəkildə yiyələnməsini təmin edir və şagird təfəkkürünü inkişaf etdirmək məqsədini güdür.
Ədəbi tələffüz vərdişlərinin mənimsənilməsində oxu dərslərinin rolu danılmazdır. Oxu dərslərində mətni oxumaq, oxunmuş mətnin məzmunu üzrə müsa­hibə aparmaq, suallara cavab vermək, məzmuna aid illüstrativ şəkillər çəkmək, mətni nəql etmək və s. işlərlə yanaşı, sözlərin, cümlələrin mənasının izahına, ədəbi tələffüz qaydalarına, ifadəli oxuya, obrazlı nitqə yiyələnmək kimi işlər də nəzərdə tutulur.
Bu baxımından “Azərbaycan dili” fənni üzrə məzmun xətləri içərisində oxu ikinci yerdə durur. Məzmun xətləri: 1. Dinləyib-anlama və danışma. 2. Oxu. 3. Yazı. 4.Dil qaydaları[46 20].
Oxu nədir? D.B.Elkonin oxunu sözün səs formalarının onların qrafik (hərf) modeli üzrə yenidən hasil olması prosesi kimi dəyərləndirir[16, 17].
Oxu təlimi ana dilinin tədrisinin mühüm funksiyala­rından biridir. Oxu şagirdlərin nitqini inkişaf etdirir, onların lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir. Oxu şagirdlərin nitq bacarıqlarını inkişaf etdirir. Nitqi dinləmək, ayrı-ayrı nitq səslərini düzgün tələffüz etmək, oxu prosesində səs, heca və söz­lərin deyilişində səhvə yol verməmək oxu texnikasının müvəf­fəqiyyətlə həyata keçməsini təmin edir. Oxu prosesində şagirdin fikrini sadə şəkildə ifadə edə bilmək, oxunmuş mate­rialın məzmununu nəql etmək, təhlil etmək, öz münasibətini bildir­mək, həyatla əlaqələndirmək və digər bacarıqlar formalaşır.
Şagirdlər ilk oxu texnikasına savad təlimi dövründə yiyələnirlər. Bu zaman onlar səslərlə (hərflərlə) tanış olur, səs-heca tərkibi nisbətən asan sözlərin oxunması üzrə məşq edirlər. Savad təlimi dövründə asandan çətinə, sadədən mürəkkəbə prin­sipi gözlənilməklə oxu vərdişlərinin yaradılması istiqamətində ciddi iş aparılır. Səs təhlil-tərkib metodunun tətbiqi, sözlərdə səslərin ardıcıllığını izləmək, fonoloji təhlil, tələffüz normalarını gözləmək şagirdlərin məktəbə qədəm basdığı gündən düzgün oxu texnikasına yiyələnməsi üçün zəruri şərait yaradır. Savad təlimi dövründə fonematik eşitmə qavrayışının formalaşdırıl­ması çox mühüm əhəmiyyət kəsb edir. Fonematik eşitmə qav­rayışına yiyələnmiş şagird nitq səslərini düzgün eşidir və düz­gün tələffüz edir və onda ilkin ədəbi tələffüz vərdişləri formalaşmağa başlayır.
Psixoloq D.B.Elkoninin təbirincə, fonematik eşitmə sözdə ayrı- ayrı səslərin eşidilməsi və daxili düzgün tələffüz prosesində sözlərin səs formasının təhlilinin aparılması bacarığıdır. Səslərin hərflərlə işarə olunduğu andan görmə qavrayışının müstəsna rolu üzə çıxır. Səsləri eşitmə və hərfləri görmə qavrayışı arasında asso­sia­siya yaranır. Bu zaman sözlərin, mətnin oxunmasında, dərk olunmasında düzgün tələffüz mühüm rol oynayır.
Oxu vərdişlərinin psixologiyası məsələləri üzərində işləyən L.M.Şvarts yazırdı ki, sözləri hecalara ayırmağı bacarmayan adam heç vaxt düzgün oxuya bilməyəcəkdir, onun yazmağı bacarması haqqında isə danışmağa dəyməz.
Oxunun ən mühüm komponenti hecadır. Hecaların düzgün və ahəngdar tələffüzü-diksiyası sözlərin ədəbi tələffüz şəraitində mənimsənilməsini təmin edir. Şagirdlər ədəbi tələffüz şəraitində oxu zamanı bütöv sözü, hecanı, yaxud onun hissəsi olan səsi “görməyi”, dərk etmə­yi öyrənirlər. Onlar başa düşürlər ki, səslər sözün və hecanın element­ləridir, lakin bir qayda olaraq ayrılıqda tələffüz edilmir.
İbtidai siniflərdə oxu üzrə iş apararkən aşağıdakı cəhətlər nəzərə alınmalıdır:

  • oxu təlimi dilin səs sisteminə uyğunlaşdırılmalıdır;

  • səs və hərflər arasındakı münasibətlər nəzərə alınmalıdır;

  • oxu prosesində dilin ədəbi tələffüz qaydaları gözlə­nil­məlidir;

  • oxu təlimində düzgünlüyə, sürətə, şüur­luluğa və ifadəliliyə diqqət yetirilməlidir.

“Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)”da Azərbaycan dili fənni üzrə ümumi təlim nəticələri və standartlar ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə aşağıdakı kimi verilmişdir.
Şagird:

  • mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur;

  • müxtəlif mətnləri bütöv sözlərlə səsli və səssiz oxuyur;

  • oxuduğu mətnlərin məzmununa münasibət bildirir;

  • mətnin hissələri arasında məna əlaqələrini müəyyən­ləşdirir;

  • bədii və elmi–kütləvi mətnləri fərqləndirir[46, 21].

Deməli, “mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur” ümumtəlim nəticəsi ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi şəraitində öz həllini tapır. Eyni zamanda bu prosesin əksi kimi ədəbi tələffüz vərdişlərinin mənimsənilməsində oxu dərsləri, yəni oxu materialları üzrə iş mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dili fənn kurikulumunda oxu standartlarında (I-IV siniflər) tələffüz üzrə iş diqqət mərkəzində saxlanılmışdır: 2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur (I sinif); 2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur (II sinif); 2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur; 2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir (III sinif); 2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obraz­ların xarakterinə uyğun) oxuyur (IV sinif) standartları ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi ilə müvazi olaraq həyata keçirilir [46, 21-28].
Ümumiyyətlə, ibtidai siniflərdə ədəbi tələffüz vərdiş­lərinin mənimsənilməsinin effektivliyini oxu prosesindən kənarda təsəvvür etmək mümkün deyildir. Odur ki, şagirdlərin təlim nəticə­lə­rinin yüksəldilməsinə nail olmaq üçün müvafiq strategi­yalar, metod və üsullardan istifadə etmək, mətnin oxusunun düz­gün təşkilinə nail olmaq lazımdır.
K.D.Uşinskinin ardıcıllarından biri olan V.A.Flerov oxu dərslərinin təşkilinin başlıca prinsiplərini belə formalaş­dırmışdır. “Bizim vəzifəmiz uşaqlara oxuyub düşün­məyi, oxuyub hiss etməyi, oxuyub yaşamağı öyrətməkdir”.
Oxu şagirdlərin nitqini inkişaf etdi­rir, onlarda formalaş­mış konkret təsəvvür və anlayışlar əsa­sında lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir və fəallaşdırır, ədəbi tələffüz vərdişlərinin mənimsənilməsinə şərait yaradır, fikirlərini həm şifahi, həm də yazılı şəkildə ifadə etmək bacarığını artırır. Oxu şagirdlərdə şüurlu, düzgün, sürətli və ifadəli oxumaq, oxunmuş materialın məzmununu yaxşı nağıletmə bacarığı yaradır. Ədəbi tələffüz vərdişlərinin mənimsənilməsini yüksək səviyyədə təşkil etmək üçün müəllim yalnız Azər­­baycan dili dərslərində deyil, digər fənlərin tədrisində həm­­çinin şagirdlərin sinifdənxaric fəaliyyətində də ona xüsusi əhəmiyyət verməlidir.
Oxu dərsində şagirdlər tədricən oxunun ən mühüm key­fiyyətlərinə, ədəbi tələffüz vərdişlərinə yiyələnirlər.
Ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üzrə işlər həm savad təlimi, həm də savad təlimi başa çatdıqdan sonrakı dövrdə, həmçinin II-IV siniflərdə təşkil olunan oxu dərslərində müəllimin diqqətində olan mühüm məsələdir. İbtidai siniflərdə oxu bacarıqlarının inkişaf etdirilməsi üzrə işlər sadə süjetli bədii əsərlər, folklor nümunələri üzrə və məlumat xarak­terli mətnlər üzrə aparılır. “Azərbaycan dili” dərsliyində ve­ri­lən mətnlər şagirdlərin təxəyyülünün, təfəkkür və nitqinin in­kişaf etdirilməsində, onların mənəvi aləminin formalaş­ma­sında və həmçinin ədəbi tələffüz vərdişlərinin mənimsənilməsində, oxu vərdişlərinin inkişaf etdirilməsində mü­hüm rol oynayır.
Savad təlimi dövründən başlayaraq mütəmadi davam etdirilən oxu nəticəsində müəyyən müddət keçdikdən sonra oxu bacarıqları oxu vərdişinə çevrilir. Mətn­lərdə əks olunan hadisələr, obrazlar öyrənildikcə şagirdlər mənə­vi cəhətdən zənginləşir, mətnlərdəki məsələlər onları düşündürür və onların oxuya marağı artır. Mətnlərin məzmunu və həcmi dəyişdikcə şagirdlərin oxu vərdişlərinin keyfiyyəti də dəyişir.
Azərbaycan dili (I-IV siniflər) kurikulumunda şagirdlərin oxu bacarıq və vərdişlərinə yiyələnməsi ilə bağlı standartların reallaşdırılması oxu dərslərindən məqsədyönlü istifadəni zəruri edir.
M.A.Rıbnikova oxunun sistemli aparılması tələbini irəli sürərək qeyd edirdi ki, metodik sistem materialın bütövlükdə və onun ayrı-ayrı hissələrinin başa düşülməsi, şagirdlərin qavrama və inkişaf qanunauyğunluqlarının nəzərə alınması, sinifdən-sinfə keçdikcə ifadəli oxu vərdişlərinin mürəkkəbləşdirilməsi əsasında yaradılmalıdır.
I-IV siniflərdə bir neçə variantlı oxu vərdişlərindən istifadə olunur. Ucadan oxu, rəvan oxu, sərbəst oxu, müstəqil oxu, şüur­lu oxu, səssiz oxu, dialoqlu oxu, nəqli, sual, nida, əmr, müxtəsər və geniş cümlələr üzrə oxu, ton, ritmli oxu, məntiqi vurğu üzrə oxu, təbiət təsviri və təbiət hadisələri üzrə oxu, epizodlar üzrə oxu, rollar üzrə oxu, müşahidə məqsədli nəzarətli oxu, suallar üzrə oxu, şəkil əsasında oxu, qəhrəmanın həyat səciyyəsi üzrə oxu, xorla oxu, maraqlandığın hissə üzrə oxu, arzu və istəyə görə oxu, bədii təsvir və yaradıcılıq üzrə oxu, leksik oxu, orfoq­rafik, fonetik, qrammatik oxu və s. Ədəbi tələffüz vərdişlərinin mənimsənilməsində hər bir oxu dərsi özünəməxsus səciyyə daşıyır.
Əlbəttə, məktəblərdə şagirdlərin oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi yeni məsələ deyildir. Adətən, oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi məsələsinə təsadüfi bir hal kimi baxılmamış, əksinə, dövrün görkəmli ziyalıları, mütəfəkkirləri ona böyük dəyər vermişlər. Dilə, nitqə, dilimizdən düzgün istifadəyə diqqət və qayğı bu gün də davam etməkdədir. Ümummilli liderimiz Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 23 may 2012-ci il tarixli Sərəncamı bunun bariz nümunəsidir. Qeyd olunan proqramın məqsədlərindən biri də dil və nitq mədəniyyətinin yüksəldilməsidir [51].
Oxu dərslərində şagirdlər yeniliklərlə tanış olur, onları yadda saxlayır və növbəti dərs­lərdə müəllimin yeni mövzunu köhnə mövzu ilə əlaqələndirməsi zamanı, yəni mo­tivasiya mərhələsində artıq aldığı biliyi möhkəmləndirir. Bu fəslin birinci böl­mə­sin­də məhz oxu dərslərində biliyin möhkəmlən­dirilməsi prosesində interaktiv me­tod­lar­dan istifadə yolları ilə tanış olacağıq.
Möhkəmləndirmə prosesinə istiqamət verən müəllim şagirdin qarşısında elə təlim və­ziy­yəti yaratmalıdır ki, şagirdi düşünməyə yönəltsin, tədqiqata cəlb etsin, müstəqil nə­ticə çıxarmaq qabiliyyətini və məntiqi təfəkkürünü inkişaf etdirsin və öyrənilmiş ma­terialın möhkəmlənməsi şagirdin şəxsi bacarığına əsaslansın. Bu prosesi həyata ke­çirmək və materialın daha yaxşı mənimsənilməsi üçün interaktiv təlim metodları müəl­lim və şagirdlərin köməyinə gəlir. Təlim müəllimlə şagird arasında qarşılıqlı təsirə malik məq­sədyönlü prosesdir. Bu prosesdə müəllim və şagirdlərin əmək­daşlığı ilə bilik, bacarıq və vərdişlər əldə edilir. Fəal/in­teraktiv təlim metodları təcrübəni nəsildən-nəsilə ötürməyə xidmət edir. Fəal təlimdə psixoloji mühitinin hörmət və etibar əsasında qurulması şagirdlərdəki inam­sızlıq hissini aradan qaldırmaqla bərabər, ən zəif şagirdlərin belə yaradıcı pro­se­sə qoşulmasına təkan verir. Çünki müəllim hər bir şagirdə hörmət və ehtiramla yana­şır və onda belə bir inam yaradır ki, onun işi yaradıcı bir işdir. Bu zaman şagird uğur­suz­luq qorxusu, səhv fikir söyləyəcəyinə görə tənbeh edilmək, aşağı qiymət almaq təh­lükəsindən uzaqlaşır və onun idrak fəallığı dərs boyu lazımi səviyyədə saxlanılır. Dərs mühiti göstərilən əsasda həyata keçirilməlidir. Şagird dərs prosesində özünü sər­bəst hiss etməli əsas fikrini tədris olunan mövzuya yönəltməlidir.
Ümumi başlıqlar altında verilmiş oxu materialının ümumiləşdirilməsi də yuxarıda qeyd etdiyimiz kimi 7-8 mövzunun ümumiləşdirilməsinə həsr edilməlidir. Məsələn:

  1. mətndə verilmiş əşyanın və ya obrazın xarici əlamətlərini saymaq;

  2. mətndə göstərilən fakt və hadisənin təsvirini vermək;

  3. mətndə əşyanın nə dərəcədə verildiyi, bunu daha necə vermək mümkün ol­du­ğu­nu öyrənmək;

  4. mətndə əşyaların ümumiləşdirilməsi və onların əlaqəsi haqqında danışmaq;

  5. mətndə iki əşyanın oxşar və fərqli cəhəti, həmçinin onların ümumi cəhətini araş­ dırmaq;

  6. mətndə əşyaya tələb olunan qiyməti vermək;

  7. mətndə iştirak edən surətlərə tələb olunan dərəcədə qiymət vermək;

  8. mətndə təsvir olunan bu və ya başqa bir hadisəyə tələb olunan səviyyədə qiy­mət vermək və oxuyarkən həmin hadisəni səs tonu ilə dinləyiciyə çatdırmaq;

  9. mətndə iştirak edənlərin bir-birinə olan münasibətlərini müəyyənləşdirmək;

  10. mətndə az cizgi ilə verilmiş hadisə və faktları üzə çıxarmaq;

  11. mətndə təsvir edilən hadisənin səbəbini aydınlaşdırmaq;

  12. mətndə göstərilən surətlərin bir-birinə olan əks münasibətlərinin səbəbini izah et­mək və əsaslandırmaq;

  13. mətndə verilmiş şəklə plan tutmaq (şifahi), şəklə daha nələr əlavə etmək lazım ol­duğunu söyləmək;

  14. sərlövhə ilə mətnin planının tutulması (nəqli cümlələrdən ibarət);

  15. mətnin planını başlıq ilə tutmaq (mətndən götürülmüş ifadələr işlətməklə).

İnteraktiv təlim müəllim və şagirdlərin qarşılıqlı əlaqəsi, ünsiyyət prosesidir. Bu cür qurulmuş dərs nə şagirdləri, nə də müəllimi yormur. Dərsi şagirdin ixtiyarına ver­mək əsas amildir. Şagirdlər dərs prosesində tam hüquqlu tərəf kimi iştirak edirlər. İn­te­raktiv təlim metodları müəllimin bələdçiliyi ilə şagirdlərin müxtəlif informasiya mən­bələri hesabına və ya qarşılıqlı ünsiyyət zamanı yeni biliklər əldə etmələrinə im­kan verir. Bu yolla qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət yaşayır. Ma­terialın möhkəmləndirilməsi prosesində şagirdlərin həmin materialı qavramaları, sual­ların düzgün verilməsi əsas şərtdir. Möhkəmləndirmə diqqət, maraq, qavrayış, tə­fək­kür və s. psixoloji amillər əsasında qurulmalıdır. Möhkəmləndirmə prosesində 3 mər­hələ əsas götürülməlidir(düşünməyə yönəltmə;düşünmə; dərketmə).
Birinci mərhələdə iş elə qurulmalıdır ki, şagirdlərin hər biri fikrini deyir, söy­lə­ni­lən fikirlər arasında daha düzgün olan fikirlər seçilib, böyük ölçülü ağ kağıza yazılır, ya­zı taxtasından asılır. Bu mərhələdə şagirdlərə mövzu ilə bağlı suallar verilməlidir, bil­dikləri haqqında düşünmək tapşırılmalıdır.
İkinci mərhələdə şagirdlər keçmiş mövzuların mahiy­yətini dərk etməlidir.
Üçüncü mərhələdə şagirdlər əvvəllər öyrəndiklərini yada salır. Bu prosesdə dü­şün­dürücü suallar verilməlidir. Tətbiqetmə işlərinə geniş yer verilməlidir. Oxu dərs­lə­rin­də möhkəmlən­dirmə işləri aparılarkən şagirdlərin məntiqi təfəkkürünü inkişaf et­dir­mək üçün tapmacalardan, yanıltmaclardan istifadə etməyin böyük əhəmiyyəti var­dır. Möhkəmləndirmə prosesində izahlı oxu dərslərində şagirdlərin müstəqil işi, bi­lik­lərin şüurlu qavranılmasına təkan verir. Onlarda əqli qabiliyyətin, müstəqil çalışma ba­carığının inkişafına xidmət göstərir, qazanılmış bilik və vərdişlərin əməli tətbiqinə şə­rait yaradır. Möhkəmləndirmə prosesində evristik müsahibədən geniş istifadə edil­mə­lidir. Bu müsahibə şagirdləri axtarışa cəlb edir, onları mühakiməli fikirlər söy­lə­mə­yə imkan verir. Mühakimə yürüdən şagird bu zaman yoldaşlarının fikrinə hörmət et­məyi, onları sözlərini kəsmədən dinləməyi, yeri gəldikdə icazə alaraq fikrə mü­na­si­bət bildirməyi öyrənir. İnteraktiv metodların oxu dərslərində tətbiqi də elə insanlar ara­­sında qarşılıqlı münasibətlərin milli dəyərlər əsasında qurulmasını təmin edir.
Təlim prosesində şagirdlər tədricən mürəkkəbləşən yaradıcı şəraitə düşürlər. Bu za­man əldə edilmiş biliklər yeni biliklərlə uzlaşmır. Yaranmış vəziyyəti bir qədər də ak­tivləşdirmək lazımdır ki, sinifdə yüksək fəallıq yaransın. Belə ziddiyyət şagirdlərin tə­fəkkürünü hərəkətə gətirir, fikirlərini irəli aparır, onları tədqiqata həvəsləndirir. Şa­gird problemin müstəqil həlli yolunu axtarır. S.L.Rubinşteyn yazır ki, fikri prosesin baş­lanğıcı adətən problemli situasiyanın yaradılması hesab olunur. İnsan nəyi tapmaq is­tə­yirsə, düşünməyə başlayır. İnsan düşünə-düşünə öyrənir, öyrənə-öyrənə düşünür. Prob­lemli situasiyanın yaradılması interaktiv metodların tətbiqi mərhələsidir. Belə si­tua­siyanın yaradılması tədris prosesinin səmərəliliyini, məhsuldarlığını, müs­tə­qil­li­yi­ni­ təmin edir.
Ümumiyyətlə, oxu dərslərinin yeni məzmunu dünya təcrübəsindən də məlum olan XXI əsrdə həm cəmiyyətin, həm də onun hər bir üzvünün yaşaması və inkişafında başlıca dəyər yaradıcı, özünü inkişaf etdirən şəxsiyyətin inkişafına kömək göstərməyi əsas məqsəd kimi qarşıya qoyur. Təhsil prosesi uşaqda özünüinkişaf qabiliyyəti formalaşdırmalıdır. Bu da öz növbəsində fəallığa, ətraf aləmin cisim və hadisələrinə tənqidi yanaşmaya; müstəqil olaraq qərar çıxarmaya; məntiqi düşün­məyə; ətrafda olanları yaradıcı surətdə dəyişməyə; bilikləri müs­təqil əldə etməyə; praktiki problemləri həll etməyə; şəx­siyyətin inkişafına dair yeni məqsədlər qarşıya qoymağa, dərketmə tələbatına və qabiliyyətinə əsaslanır.



Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin