Ə.Şərif məqalədə S.Rüstəmin vətənpərvərlik ruhlu bir şeirindən bəzi misraları
da xatırlatmışdı:
Yer üzündə nə vardır ki,
Əziz olsun vətəndən?
Insan necə yaşar, deyin,
Can ayrılsa bədəndən?
Ə.Şərif “Naxçıvanlı gənc şairlər Böyük vətən müharibəsi günlərində”
məqaləsini isə [228] muxtar respublikanın gənc ədəbi qüvvələrinin yaradıcılıq
axtarışlarına həsr etmişdi. Bu ədəbi-tənqidi məqalədə müəllif “yerli şairlərdən
Hüseyn Əzim, Hacı Əsgərov, Əsgər Səfərov, müəllim Əli Məmmədov
yaradıcılığındakı vətənpərvərlik motivlərinə toxunur, bəzi nümunələri oxuculara
təqdim edir. [223,s.102].
Ə.Şərif məqalədəki təhlillərdə əsas diqqəti şeirlərin vətənpərvərlik, düşmənlə
mübarizəyə çağırış qayəsinə yönəltmişdir. O illərdə “Şərq qapısı” qəzetində verilmiş
bir sıra digər ədəbi-tənqidi məqalələrdə də vətənpərvərlik, qələbəyə inam ideyasının
bədii nümunələr əsasında təbliği önə çəkilirdi.
“Vətən uğrunda” jurnalında dərc etdirdiyi (1942, № 7-8) “Aşıq şeiri Böyük
vətən müharibəsi günlərində” adlı məqaləsində isə Əziz Şərif Aşıq Mirzə, Aşıq Əsəd,
Aşıq İslam və digər el sənətkarlarının vətənə, xalqa məhəbbət, hamını qələbə uğrunda
mübarizəyə çağırış ideyası ifadə edən şeirlərini ədəbi təhlil süzgəcindən keçirmişdir.
Belə nümunələri müharibə illərinin ədəbi prosesinin mənəvi və bədii cəhətdən
əhəmiyyətli nümunələri kimi yüksək qiymətləndirən Ə.Şərif yazırdı:
”Bu qoşmalar
xalqın ən dərin duyğularını ifadə etməklə bərabər, eyni zamanda xalqın əhvali-
ruhiyyəsinə də güclü təsir bağışlayır, onun iradəsinə istiqamət verir”
[230,s.373].
Ə.Şərifin “Vaqif və vətən” (“Revolyusiya və kultura” jurnalı, 1942, № 6), “Vidadi və
Azərbaycan eli” (həmin jurnal, 1942, № 9) kimi məqalələrində isə on səkkizinci əsr
ədəbiyyatımızın klassiklərinin yaradıcılığındakı vətənpərvərlik motivlərinin müharibə
dövründə oynayacağı tərbiyəvi, səfərbəredici rol önə çəkilmişdir.
Müharibə başa çatdıqdan sonra ədəbi mühitin qayğılarına diqqət müəyyən
qədər artdı, lakin ideoloji basqılar da davam edirdi. 1946-cı ilin oktyabr ayında
58
Naxçıvan vilayət partiya komitəsi tərəfindən muxtar respublikada yaşayan şair və
yazıçıların müşavirəsi keçirildi. Həmin müşavirə o zaman aktual sayılan bir mövzuya
–sovet rəhbərliyinin ədəbiyyat və incəsənət sahəsində qəbul etdiyi qərarlara (əslində
bu qərarlar birtərəfli idi və bəzi yazıçıları əsassız günahlandırırdı), həmçinin sovet
rəhbərlərindən Jdanovun məruzəsinə həsr olunmuşdu. Müşavirədəki məruzə və
çıxışlarda Naxçıvanda yaşayan şair və yazıçılardan Hüseyn Əzim, Əbülfəz
Abbasquliyev, Hüseyn İbrahimov, Müzəffər Nəsirli və bəzi digərlərinin bir sıra
əsərləri müsbət qiymətləndirilmiş, həmçinin nöqsanlar da nəzərə çatdırılmışdı.
Xüsusən bəzi yazarların əsərlərindəki mücərrədçilik, sözçülük, ideyasızlıq
pislənilmiş, ədəbi tənqidin öz fəallığını artırması, yeni yaranan əsərlərə diqqətlə
yanaşıb onları vaxtında təhlil edib dəyərləndirməsinin vacibliyi də önə çəkilmişdi,
təbii ki, mövcud quruluşun siyasi-ideoloji tələbləri baxımından... Müşavirədə
səslənən fikirlərdən:
“İndi biz Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialı
ətrafında birləşən çoxsaylı ədəbi gənclik görürük, bu ədəbi gənclərin əsərlərini
səhnədə görürük, mətbuatda oxuyuruq, radiolarda eşidirik. Oxuduğumuz və
dinlədiyimiz əsərlərin əksəriyyəti müasir mövzuda, günün tələbləri əsasında
yazıldığına görə deyə bilərəm ki, ədəbi gəncliyimizin belə sağlam yolla getməsi
fərəhləndiricidir”
[234].
1940-cı illərin ikinci yarısında Naxçıvanda M.Nəsirli, M.Tarverdiyev,
H.İbrahimov, N.Nağıyev, D.Ordubadlı, Ə.Abasquliyev, H.Razi, H.Əzim, C.Cavadlı,
Ə.Mahmud, Ə.Məftun, İ.Səfərli və başqaları kimi istedadlı ədiblər yazıb-yaradırdılar
ki, onların poeziya, nəsr, dramaturgiya sahəsində qələmə aldıqları bir sıra əsərlər
Azərbaycan ədəbiyyatının diqqətəlayiq nümunələri sırasındadır. Təsadüfi deyil ki,
1949-cu ilin mayında “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş bir məqalədə Naxçıvan
ədəbi mühitinin uğurlarına diqqət yetirilmişdi [54].
Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialına 1946-1951-ci illərdə
rəhbərlik etmiş yazıçı-dramaturq Nağı Nağıyev də digər həmkarları ilə birlikdə ədəbi
mühiti canlandırmağa, o cümlədən yeni yaranmış əsərlərin müzakirəsinə mümkün
qədər diqqət yetirmişdir.
59
Ümumiyyətlə, Naxçıvanda ədəbi tənqidin 1920-ci ildən 1950-ci ilə qədərki
inkişaf yolu sosializmin ideoloji prinsiplərinin bərqərar olması ilə nəticələnmişdir.
Bununla belə, ədəbi tənqid bir çox hallarda hakim ideologiyanın bilavasitə
təbliğatçısına çevrilsə də, ədəbi əsərlərə bu mövqedən yanaşsa da, ayrı-ayrı
məqamlarda bədii-estetik cəhətləri, sənət və həqiqət kimi mətləbləri də bacardığı
qədər diqqət mərkəzinə çəkmiş, müəyyən təhlillər aparmışdır.
|