İstifadə edilmiş ədəbiyyatlar ........................................................... 35
1. Statistikanın vəzifələri, statistik işin təşkili, statistik müşahidə –Statistika elmlər sistemində mühüm yer tutan, özünəməxsus predmeti və tədqiqat metodu olan bir elm sahəsidir. O uzun inkişaf tarixinə malik olan bir elmdir.
Statistika ictimai elmdir. Onun predmetinin əsas xüsusiyyəti, həyatda baş verən kütləvi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfini və onların qanunauyğunluqlarını tədqiq etməkdir.
Qədim inkişaf tarixinə malik olan statistika elmi fəlsəfə və iqtisadi nəzəriyyə elmləri əsasında ciddi dəyişikliklərə uğramışdır. Statistika elmi fəlsəfə və iqtisadi nəzəriyyə elmlərinin kateqoriya, qanun və müddəalarına istinad edərək özünə məxsus olan anlayış və kateqoriyaları inkişaf etdirmişdir.
Belə ki, fəlsəfə və iqtisadi nəzəriyyə elmləri öz qanun, prinsip və kateqoriyalarını əsaslandırmaq üçün statistika məlumatlarından, statistika metodlarından geniş şəkildə istifadə edirlər. Qeyd etmək lazımdır ki, xüsusilə statistika ilə iqtisadi nəzəriyyə və digər iqtisad elmləri arasında çox sıx əlaqə vardır. Onlar bir-birlərindən istifadə etmədən qənaətbəxş nəticələr əldə edə bilməzlər.
Hər bir elmin özünəməxsus spesifik xüsusiyyətləri vardır. Bunlar onu başqa elmlərdən fərqləndirir. Bu, tamamilə statistika elminə də aiddir.
Statistikanın bir elm kimi birinci xüsusiyyəti ondan ibarətdir ki, o, öz tədqiqatlarında fərdi faktlara deyil, kütləvi hadisə və proseslərə əsaslanır.
Statistik tədqiqatın vəzifəsi ümumiləşdirici göstəriciləri hesablamaqdan, konkret məkan və zaman şəraitində ictimai həyatın qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir. Bu qanunauyğunluqlar isə yalnız hadisələrə əsasən müəyyən oluna və bununla da fərdi hadisələrə xas olan təsadüflər aradan qaldırıla bilər. İctimai həyat isə olduqca mürəkkəbdir və istənilən vaxt eyni vəziyyəti həm təsdiq, həm də inkar edən faktları, misalları tapmaq olar. Odur ki, kütləvi ictimai hadisələrə, yaxud da bütövlükdə prosesə xarakteristika vermək üçün ona aid olan hadisələrin hamısını, yaxud da heç olmasa onun çox böyük hissəsini xarakterizə edən faktları nəzərdən keçirmək lazımdır.
Hər bir konkret şəraitdə tədqiqatın obyektinə statistik toplu deyilir. Statistik toplu kütləviliyə, yekcinsliyə, bütövlüyə, vahidlər arasındakı qarşılıqlı asılılığa və variasiyanın mövcudluğuna malik olan çoxsaylı vahidlərdən ibarətdir. Statistik topluya kənd təsərrüfatı müəssisələrindən, ailələrdən, evlənənlərdən, tələbələrdən, hər hansı bir ölkənin vətəndaşlarından ibarət olan çoxluqları misal göstərmək olar. Həm də nəzərə almaq lazımdır ki, statistik toplu real şəkildə mövcud olan maddi obyektlərdən ibarətdir.
Statistika elminin digər xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, hər şeydən əvvəl, sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflərini konkret məkan və zaman şəraitində öyrənir. Deməli, statistikanın predmeti sosial-iqtisadi hadisələrin həcmini və kəmiyyət nisbətlərini onların əlaqə və inkişaflarının qanunauyğunluğunu öyrənməkdir. Məsələn, statistika ölkəmizdə istehsalın, bölgünün və istehlakın iqtisadi xarakterizəsini, əhalinin sayını və bölgələr üzrə onların məskunlaşmasını, əhalinin maddi həyat səviyyəsini və s. öyrənir.
Statistika ictimai hadisələrin kəmiyyət nisbətlərini öyrənir. Məsələn, Azərbaycan Respublikasında 2010-cu ildə əhalinin hər 1000 nəfərinə nə qədər doğum, ölüm, nigah, boşanma düşmüşdür. Kəmiyyət müəyyənliklərinin öyrənilməsi statistikanın predmeti olub obyektiv xüsusiyyətə malikdir. Statistika məlumatlarında onların ifadə olunmasından asılı olmayaraq sosial-iqtisadi hadisələr hər bir zaman müəyyən səviyyəyə malik olurlar. Onlar həmişə məkan və zaman şəraitində dəyişirlər.
Statistika elminin mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o sosial-iqtisadi hadisələrin quruluşunu xarakterizə edir. Kütləvi sosial-iqtisadi hadisələrin daxili quruluşunu öyrənmək statistika elminin mühüm vəzifəsidir.
Beləliklə, statistika elminin predmetini aşağıdakı kimi müəyyənləşdirmək olar. Statistika ictimai elmlər sistemində mühüm yer tutur, o kəmiyyətcə və keyfiyyətcə müəyyən kütləvi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflərini öyrənir, onların quruluşunu və bölgüsünü, məkanda yerləşməsini, dinamikada dəyişilməsini, əlaqə və asılılıqlarını, ümumi meyllərini, qanunauyğunluqlarını, konkret məkan və zaman şəraitində öyrənir. Sosial-iqtisadi hadisələrin keyfiyyəti aramla, kəmiyyəti isə sürətlə dəyişir.
Statistikanın metodoloji əsası dərketmə, sosial fəlsəfə nəzəriyyəsidir. Bu o deməkdir ki, statistika sosial-iqtisadi hadisələri qarşlıqlı əlaqədə, daim dəyişməkdə və inkişafda tədqiq edir.
Kəmiyyət və keyfiyyət, zərurət və təsadüfilik, səbəb, qanunauyğunluq və digər bu kimi kateqoriyaların sosial fəlsəfə tərəfindən elmi işlənilməsi statistika elminin predmeti, metodları və vəzifələrini düzgün dərk etməyə imkan verir.
Dialektik metod statistika elminə sosial-iqtisadi hadisələri düzgün öyrənmək üçün metodoloji əsasdır.
Bununla bərabər, statistika bir elm kimi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflərini keyfiyyət tərəflərindən ayırmadan öyrənmək üçün özünəməxsus spesifik üsul və metodlara malikdir. Predmetini öyrənmək üçün, istifadə etdiyi spesifik üsul və metodlar statistika elminin metodologiyasını təşkil edir.
Sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflərinin statistik tədqiqi aşağıdakı ardıcıl üç mərhələdən ibarətdir:
Statistika müşahidəsi;
Müşahidə materiallarının yekunlaşdırılması və qruplaşdırılması;
Yekunlaşdırılmış materialların təhlili.
Statistika tədqiqatının bu mərhələlərinin hər biri bir-birindən öz məzmununa, onların həyata keçirilməsi vaxtına görə tamamilə fərqlənirlər.
Statistika elminin metodologiyasının spesifik metodları sırasına daxildir; kütləvi statistika müşahidəsi; statistika materiallarının qruplaşdırması və yekunlaşdırması; statistika materiallarının cədvəl və qrafiklərdə təsviri; ümümiləşdirci göstəricilərin hesablanması və balans metodu.
Statistikanın spesifik metodları statiska elminin metodologiyası adlanır.
Statistik müşahidə
Statistik müşahidə statistik tədqiqatların ilkin mərhələsidir və kütləvi hal, hadisə və proseslər haqqında ilkin məlumatlar əldə etmək metodudur. Məlumat toplanılan bütün hallar müşahidə sayılmır. Həyatda baş verən kütləvi hadisə və proseslər haqqında ilkin məlumatın toplanması üzrə elmi əsasda təşkil edilmiş işə statistik müşahidə deyilir.
Statistik müşahidənin keçirilməsi üçün onun məqsəd və vəziyyəti, hansı məlumatın və necə əldə ediləcəyi, müşahidənin obyekti və subyekti müəyyənləşdirilir, onun proqramı hazırlanır, forması və üsulu seçilir.
Tematiklik məlumatın toplanmasının müəyyən bir məqsədə xidmət göstərməsini xarakterizə edir. Müşahidə obyekti öyrənilməsi nəzərdə tutulan proseslərin tam yaxud statistik məlumatın qeydiyyatı müəyyən sərhədlər (şərtlər) daxilində məhdudlaşdırılır. Məsələn, siyahıya alınma zamanı əhalinin kateqoriyası; mövcud və ya daimi əhalinin siyahıya alınacağı; sənaye üzrə siyahıya almalarda hansı sənaye sahəsinin əhatə ediləcəyi müəyyənləşdirilir.
Müşahidənin kütləviliyi – hadisə və proseslərin hər bir subyekti və bütün statistik toplusu üzrə dəqiq statistik məlumat hazırlanması üçün böyük sayda və həcmdə ilkin məlumat əldə edilməsi nəzərdə tutulur.
Statistik müşahidə üçün məlumatın tamlığı, düzgünlüyü və dəqiqliyi, onların eyniliyi və müqayisəliliyinin təmin edilməsi tələb olunur.
Statistika müşahidəsi dövlət statistika orqanları, elmi tədqiqat institutları, birjaların, firmaların iqtisadi xidmətləri tərəfindən aparıla bilər.
Statistika müşahidəsi əsasında toplanılan məlumat elmi və praktiki əhəmiyyətə malik olmalı sosial-iqtisadi hadisənin tipini müəyyən etməyə imkan verməlidir.
Statistika müşahidəsi öyrənilən hadisə haqqında toplanılan kütləvi məlumatın tam və dolğunluğunu təmin etməlidir. Toplanılan kütləvi statistika məlumatının etibarlılığını təmin etmək üçün onlar ətraflı yoxlanılmalıdır. Toplanılan faktların etibarlılığının yoxlanması statistika müşahidəsinin mühüm məsələlərindəndir.
Hər bir statistika müşahidəsinin elmi təşkili obyektiv statistika materiallarının toplanmasının mühüm şərtidir. Elmi şəkildə təşkil olunmuş statistika müşahidəsi toplanılan kütləvi məlumatın etibarlılığını və onun vaxtında alınmasını təmin edə bilər.
Hazırlıq işlərində müşahidə orqanını müəyyən etmək, müşahidəni aparmaq üçün kadrların seçilməsi və hazırlanması, müşahidənin hazırlanması, aparılması və materialların işlənməsi üzrə işlərin təqvim planının tərtibi xüsusi əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |