Statistika müşahidələrinin əsas təşkili formaları
Bazar iqtisadiyyatı şəraitində statistika müşahidəsinin aşağıdakı iki əsas təşkilati formalarından istifadə edilir:
Statistika müşahidəsinin mühüm təşkili forması hesabatdır. Hesabat, statistika müşahidəsinin elə təşkili formasıdır ki, burada müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında statistika orqanlarına verilən məlumatın etibarlılığına, tam olmasına cavabdeh şəxslərin imzası ilə təsdiq edilmiş xüsusi formada, müəyyən sənədlərə müvafiq göstəricilər üzrə müəyyən dövrdə məlumat təqdim edirlər. Deməli, hesabat rəsmi sənəd olub, müəssisə, idarə, təşkilatlar və s. işləri haqqında statistika məlumatlarını əhatə edir. Hesabat təsdiq edilmiş formada və müəyyən formada məcburi şəkildə statistika orqanlarına təqdim edilməlidir.
Statistika müşahidəsinin əsas forması kimi hesabat ilk uçot məlumatına əsaslanır. Müxtəlif hadisələr, faktlar baş verdikcə ilk uçot sənədlərində qeydə alınırlar. İlk uçot sənədlərində qeydə alınmış məlumat statistika hesabatlarını tərtib etmək üçün əsasdır.
Fəaliyyətdə olan statistika hesabatları tipik və ixtisaslaşdırılmış hesabatlara ayrılır. Tipik hesabatda göstəricilərin tərkibi fəaliyyət sahələrinin bütün müəssisələri üçün eynidir. İxtisaslaşdırılmış hesabatlarda göstəricilərin tərkibi iqtisadiyyatın ayrı-ayrı sahələrinin xüsusiyyətindən asılı olaraq dəyişir.
Hesabatlar verilmə müddətindən asılı olaraq cari və illik hesabatlara ayrılır. Cari hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatlar daxildir. Ən dolğun və geniş məlumat illik hesabatda verilir. Müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında çox ətraflı məlumatı illik hesabatda verirlər. İllik hesabatda verilən məlumat ölkənin sosial-iqtisadi məsələlərini proqnozlaşdırmaq, onların təhlili əsasında istifadə edilməmiş ehtiyatları aşkar etmək üçün mühüm məlumat mənbəyidir. Hesabat məlumatı sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək üçün xüsusi əhəmiyyətə malikdir. Məlumatın verilmə üsuluna görə hesabatlar teleqraf, teletayp və poçt ilə göndərilən hesabatlara ayrılır. Ölkənin iqtisadiyyatında çox mühüm rola malik olan hadisələr haqqında məlumat teleqraf və teletayp vasitəsilə verilir. İllik hesabatlar əsasən poçt vasitəsilə təqdim olunur.
Bazar münasibətləri şəraitində xüsusi təşkil edilmiş statistika müşahidəsi formasından daha çox istifadə edilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyəti olan bir çox hadisələr haqqında məlumat xüsusi təşkil edilmiş statistika müşahidələri əsasında əldə edilir. Bir çox sosial-iqtisadi hadisələr haqqında tam, dolğun və dəqiq məlumatı xüsusi təşkil edilmiş siyahıyaalmalar vasitəsilə toplamaq mümkündür. Xüsusi təşkil edilmiş statistika müşahidələri, bir qayda olaraq, müəyyən dövrdə aparılır. Xüsusi təşkil edilmiş statistika müşahidəsinə misal əhalinin siyahıyaalınmasını göstərmək olar. Əhalinin siyahıyaalınması xüsusi təşkil edilmiş statistika müşahidəsində ən böyük statistika işi hesab olunur.
Xüsusi təşkil edilmiş statistika müşahidəsinə aparılan bütün növ sosioloji tədqiqatlar, sənaye avadanlıqlarının siyahıya alınması, materialların qalıqlarının siyahıya alınması, sənaye, kənd təsərrüfatı, ticarət və digər sahələrdə aparılan siyahıyaalmalar və s. daxildir. Əhalinin büdcə tədqiqatı çox mühüm xüsusi təşkil edilmiş və müntəzəm aparılan statistika işi müasir dövrdə çox mühüm əhəmiyyət kəsb edir. Belə bir müşahidə əsasında əhalinin gəlir və xərclərinin quruluşu haqqında çox qiymətli məlumat əldə edilir.
2. Statistik verilənlərin qruplaşdırılması və svodkası, statistik cədvəllər – Qruplaşdırma statistik tədqiqatın ən mürəkkəb mərhələlərindən biridir. Qruplaşdırma dedikdə, topludakı vahidlərin onlara xas olan ən mühüm əlamətlərə görə müəyyən hissələrə, qruplara bölünməsi və hər qrupun ümumiləşdirici göstəricilərlə səciyyələndirilməsi nəzərdə tutulur. Başqa sözlə, qruplaşdırma o deməkdir ki, ilkin məlumatların yekunlaşdırılması nəticəsində əmələ gələn statistik toplu hər hansı bir və ya bir neçə dəyişən əlamət üzrə tərkib hissələrinə, qruplara bölünür.
Dəyişən əlamət topludakı vahidlərin hər birinə xas olan və müxtəlif kəmiyyət və keyfiyyət müəyyənliyini əks etdirən əlamətə deyilir. Toplunun hər vahidi isə bir neçə dəyişən əlamətlə səciyyələnə bilər. Belə ki, toplu vahidləri olan sənaye müəssisələri bir-birindən müəyyən sosial bölməyə (dövlət və ya qeyri-dövlət) mənsub olması; istehsalın hər hansı bir sahəsinə aid edilməsi; işçilərin sayı; istehsal olunan məhsulun, yaxud da əsas kapitalın dəyərinə və digər əlamətlərə görə fərqlənə bilər. Bunlar hər bir sənaye müəssisəsinin fərdi xüsusiyyətləridir və onları nəzərə almadan sənayenin qanunauyğunluqlarını tədqiq etmək olmaz. Bütün işçi qüvvəsinin tərkibində isə hər bir ayrıca işçi özünün cinsi, təhsili, ixtisası, iş stajı, əmək haqqının məbləği və s. əlamətləri ilə digərlərindən fərqlənir. Adları çəkilən əlamətlərin hamısı dəyişəndir, çünki topluda onların hər biri öz qiyməti ilə digərindən fərqlənir. Həm də qeyd etmək lazımdır ki, dəyişkənlik kəmiyyət və keyfiyyət müxtəlifliyinə malik ola bilər. Belə ki, işçilərin sayı və stajı, istehsal olunan məhsulun və ya əsas kapitalın dəyəri, əmək haqqının məbləği, Azərbaycan manatının dollara nəzərən məzənnəsi kəmiyyətcə dəyişən, sənaye müəssisələrinin hansı sosial bölməyə, yaxud da istehsalın hansı sahəsinə aid edilməsi, işçinin cinsi, təhsili, ixtisası və müəssisənin təşkilati-hüquqi forması keyfiyyətcə dəyişən əlamətə aiddir. Kəmiyyət müxtəlifliyinə görə dəyişən əlamətlərə miqdar, keyfiyyət müxtəlifliyinə görə dəyişən əlamətlərə atributiv, qruplaşdırma üçün əsas götürülən əlamətlərə isə qruplaşdırma əlamətləri deyilir. Başqa sözlə, qruplaşdırma əlaməti dedikdə, topludakı vahidlərin ayrı-ayrı qruplara bölünməsi üçün əsas götürülən əlamət nəzərdə tutulur. Onu əksəriyyət hallarda qruplaşdırmanın əsası da adlandırırlar.
Statistikada qruplaşdırmanın köməyi ilə bir sıra vəzifələr yerinə yetirilir. Lakin onların hamısı son nəticədə bir məqsədə - ilkin materialların sahmana salınması, onun ən mühüm dəyişən əlamətlərə görə hissələrə bölünməsi, hərtərəfli təhlil olunması və hadisənin inkişaf meyllərinin aşkara çıxarılmasına xidmət edir. Statistik təhlilin ilkin pilləsi olan qruplaşdırma, həm də toplanmış məlumatların daha dərindən təhlil olunması üçün hazırlıq mərhələsidir. Qruplaşdırmanın əhəmiyyəti və ilkin materialların yekunlaşdırılmasında onun aparıcı rolu da məhz bunlarla müəyyən edilir.
Beləliklə, qruplaşdırma müşahidə yolu ilə əldə edilmiş külli miqdarda informasiyaları yığcam şəklə salmağa, topludakı bütün vahidləri keyfiyyətcə eynitipli (yekcins) qruplara, başqa sözlə, sosial-iqtisadi tiplərə ayırmağa, hər hansı bir əlamətə görə onun tərkibini öyrənməyə, toplu daxilində bir-biri ilə qarşılıqlı əlaqədə olan əlamətlərin dəyişməsini, öyrənilən hadisəyə xas olan qanunauyğunluqları aşkara çıxarmağa imkan verir. Deməli, buna uyğun olaraq qruplaşdırmanın aşağıdakı növləri vardır:
1) tipik qruplaşdırma; 2) quruluş üzrə qruplaşdırma; 3) analitik qruplaşdırma.
Qruplaşdırmanın növlərə ayrılmasının çox böyük əhəmiyyəti vardır. Çünki qruplaşdırmanın əsas məsələlərinin – qruplaşdırma üçün əlamətin seçilməsi, qrupların düzəldilməsi qaydaları, hər qrupu səciyyələndirən göstəricilərin müəyyənləşdirilməsi və s. – həlli onun növlərindən asılıdır. Lakin qruplaşdırmanın növlərə ayrılması nisbidir. Çünki yuxarıda göstərilənlərlə yanaşı, onun digər növləri də vardır.
Hadisə və prosesləri təhlil edərkən, hər şeydən əvvəl, onları sosial-iqtisadi tiplərə ayırmaq lazımdır. Bu, onunla əlaqədardır ki, tarixi inkişaf prosesi öz ifadəsini sosial-iqtisadi tiplərin əmələ gəlməsi, inkişaf etməsi, mübarizəsi və ölüb-getməsində tapır. Qruplaşdırmanın bu növünə sənaye müəssisələrinin mülkiyyət formalarına görə qruplaşdırılması misal ola bilər. Məsələn, Azərbaycan Respublikasında istehsal olunan sənaye məhsullarında müxtəlif mülkiyyət formalarının xüsusi çəkisinə dair aşağıdakı cədvəldə verilmiş məlumatlar tipik qruplaşdırmanın bariz nümunəsidir.
Dostları ilə paylaş: |