Tərcüməsi: İbn Dureydin “ جمهرة اللغة ” əsərində adı çəkilən müddəaya dair qırx min nümunənin, “ لسان العرب” toplusunda isə həmin məsələ ilə əlaqədar səksən min sözün mövcud olduğu iddia olunduğu bir halda, əgər İbn Cinni bu məzmunda böyük çətinliklə yalnız bir neçə nümunə sadalamaqla kifayətlənirsə, bu ərəb ədəbi dilində ən böyük sözdüzəltmə adlanan “الاشتقاق الأكبر ” təzahürünü sübuta yetirmək üçün yetərli deyildir [ 6; 52].
Yeri gəlmişkən onu da qeyd edək ki, ibn Cinni dühası və təfəkkürü qarşısında doktor İbrahim Ənis bu günkü düşünmə tərzi və konkret dil materialları ilə bir növ acizdir. İbn Cinninin «Mən heç də iddia etmirəm ki, «əl-iştiqaq əl-əkbər» bütün dil materialını əhatə edir. Bunu bütün dil materialına aid etmək olduqca çətin bir şeydir» [2; 138] kəlamı qarşısında doktor İbrahim Ənisin tənqidi olduqca cüzi görünür.
İbn Cinninin sinonim sözlərin «əl- qəlb əl- luğavi» hadisəsi ilə də yaranması iddiası və onun iki, bəzən də üç sözü əhatə etməsi bir çox orta əsr dilçiləri tərəfindən təsdiq edilir və bu mənada onların əsərləri konkret dil materialları ilə olduqca zəngindir. Məsələn, məşhur orta əsr dilçisi ibn əs-Sikkit bu məsələ ilə münasibətdə aşağıdakı nümunələri gətirir və bu sözlərin birinin digərinə sinonim olduğunu qeyd edir:
...أنضب - أنبض، رضب - ربض، ما أيبطه - ما أطيبه، جذب - جبذ، بكل - لبك، معيق - عميق، امضحل - اضمحل، صاقعة - صاعقة، مكلَّب - مكبَّل، سبسب - بسبس، ناقة ضمرز - ضمزر، طاسم - طامس، علط - عطل، قتين - قنيت، شرخ - شخر، خنز - خزن، لقم - لمق، فحث - حفث، هجهج - جهجه، طبيخ - بطيخ، سلسال - لسلاس، مسلسل - ملسلس، دقم - دمق، بكبك- كبكب، ثكم - كثم تقربط - تبرقظ، خجّ – جخّ...
[7; 476].
Qeyd edək ki, adı çəkilən müəllif əl-Əsməiyə istinadən onun da bu müddəa ilə münasibətdə müsbət rəydə olduğu və bu mənada aşağıdakı misalları gətirdiyindən bəhs edir:
…طماحر - طحامر، بتل- تبل، بخنداة - خبنداة، حكلة - حلكة، شهبرة - شهربة، صعبور - صعروب، ثرطمة - طرثمة، ثمطلة - ثلمطة، دحمل - دمحل، سرطع - طرسع، كرسف - كرفس، طرشم - طرمش، شرفوع - شرعوف، علسطة - عسلطة، طرموح - طرحوم، طحور - طروح، حبجر - حباجر، حبرج - حبارج…
[9; 477].
Onu da qeyd edək ki, bu növ misalların sayını ibn əs-Sikkit və əl-Əsməidən başqa Əbu Übeyd, əz-Zucəc, əl-Fərabi və ibn Qüteybə kimi digər ərəb alimlərinin də əsərlərində qeydə alınmış nümunələr hesabına artırmaq mümkündür.
Lakin, hesab edirik ki, nümunələrin həcmi bu və ya digər bir nəzəri mülahizəni təsdiqləmək və ya onu təkzib etmək imkanında deyildir. Ərəb dilçilik elmi böyük nüfuz sahiblərinin «elmidir». «Əl-qəlb əl-luğavi» sahəsində artıq öz sözlərini söyləmiş bu nüfuz sahibləri isə dilçilik tarixində hələ üzün müddət mübahisələr üçün bir növ nəzəri baza yaradaraq dünyalarını dəyişmişlər. Belə alimlərin nəzəri mülahizələri isə əks mövqeli müddəaları təkzib etmək üçün dilçilik tarixində artıq öz dərin köklərini atmış və öz tərəfdarları tərəfindən bu gün də təkrar olunmaqdadır. Bu cür nüfuz sahiblərindən biri «إبدال القلب» kitabının müəllifi ibn Durustaveyhdir. Adı çəkilən əsərində o, بطيخ - طبيخ، هشمة - همشة، تنسّع - تسنّع tipli sinonimlərin adını qeyd edərək onların bir dil çərçivəsində metateza yolu ilə deyil, iki müxtəlif ləhcələrə mənsub olub, ümumxalq dilində cəmlənmiş sözlər hesab edir [8; 276]. İbn Durustaveyhin bu müddəası sonralar əz-Zucəci, əs-Səxavi və ən-Nuhhas kimi dilçilər tərəfindən də dəstəklənmiş və inkişaf etdirilmişdir [6 ; 481].
Dostları ilə paylaş: |