AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Təcili yardım. Üz sümüklərinin sınıqlarında ilk əvvəl tənəffüs yolu açılmalıdır. Belə bir vəziyyətdə kifayət qədər ventilyasiyanın olmaması aşağıdakı səbəblər nəticəsində ola bilər



Yüklə 1,26 Mb.
səhifə20/28
tarix25.11.2016
ölçüsü1,26 Mb.
#37
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

Təcili yardım. Üz sümüklərinin sınıqlarında ilk əvvəl tənəffüs yolu açılmalıdır. Belə bir vəziyyətdə kifayət qədər ventilyasiyanın olmaması aşağıdakı səbəblər nəticəsində ola bilər.


  • Sümüklər xırda parçalara bölünərək tənəffüs yoluna düşə bilər

  • Yumşaq toxumalardan qanaxmalar

  • Getdikcə artan ödem

  • Ağız boşluğundakı yad cismlər, tökülmüş dişlər, qan laxtaları, şüşə parçaları, protez dişlər, paltar hissələri - tənəffüs yolunu tutan digər səbəblərdir. Buna görə də ağız boşluğuna yaxşı baxılmalıdır.

  • Kəskin qanaxma olduqda hemostaz aparılmalıdır.

Üz sümüyü sınıqlarında sümüklərin yerinə repozisyası bir neçə gün, həftə, hətta 10 gün sonra da aparıla bilər. Uzunsov beyin, kəllədaxili, qarın boşluğu zədələnmələrində və ətrafların açıq sınıqlarında repozisya daha tez aparılmalıdır.

Üz travmaları zamanı xəstələrdə sümük sınıqları təxmin edilirsə, boyunun rentgenoqrafiyası da aparılmalıdır.



Diaqnoz. Anamnezinə diqqətli nəzər yetirməklə, zədələnmənin tam gedişi aydınlaşır və müalicənin necə aparılması haqqında qiymətli məlumatlar əldə edilir. Xəstə klinikaya gələn kimi, dərhal fiziki müayinə aparılır. Burun sümüklərinin sınıqlarından başqa digər üz sümüyü sınıqlarında ən çox gözə çarpan əlamət anormal dişləmdir.

Palpasiyada qırığa aid dəyərli əlamətlər tapılır. Çənə sınıqlarında şəhadət barmağı alt dişlərin üzərinə, baş barmağı isə çənə altına yerləştirilərək yuxarı, aşağı hərəkət etdirilməyə çalışırlar. Ənğ sümüyünün stabil olub-olmadığını bilmək üçün üst dişlər tutularaq önə, arxaya hərəkət etdirilir. Ağız boşluğunda yuxarı dəhlizin palpasiyası əng, aşağı dəhlizin palpasiyası isə çənə sınıqları haqqında məlumat verir. İnfraorbital kənarların palpasiyası ilə almacıq sümüyü sınıqlarına aid məlumat əldə edilir. Almacıq qövsünün yerdəyişmiş sınıqlarında isə palpasiya erkən dövrdə kömək edir. Çünki bir neçə saatdan sonra inkişaf edən ödem almacıq qövsünün palpasiyasına imkan vermir. Burun kökünü baş və şəhadət barmaqları ilə tutub sağa-sola hərəkət etdirilməsi və palpasiya ilə burun sümüklərində sınığın olub-olmamasını təyin etmək olar.

Üzün yuxarı yarısında ödem, hematoma və qançırların olması əng, almacıq və nazal sınıqların olmasına bir işarədir. Əgər eyni əlamətlər üzün aşağı yarısındadırsa, onda mənə sınıqları haqqında fikirləşmək lazımdır. Göz ətrafı əzələlərdə funksiya pozğunluqları və diplopiya müşahidə olunarsa, almacıq-əng sınığının əlamətidir.

Rentgenoqrafiya üz sümüklərinin sıqlarında ən önəmli müayinə metodudur. Əsasən, iki istiqamətli kranioqrafiya və Uater qrafiyaları aparılır. Əgər ehtiyac olsa, kompyuter tomoqrafiyası aparıla bilər.


Traxeotomiya - traxeyada cərrahi müdaxilə ilə müvəqqəti dəlik açılmasıdır. Qırtlaqdan yuxarıda qalan tənəffüs yolları və ya qırtlaq səviyyəsində əmələ gələn tutulmalar nəticəsində xəstənin həyatı üçün təhlükə yaranarsa, traxeotomiyaya göstəriş vardır. Tənəffüs yollarının tutulması müxtəlif səbəblərdən ola bilər. Yad cism, qırtlağın spazmı, ödem və ya hematoma, şiş törəmələri, xəstəlik və ya mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində tənəffüs əzələlərinin iflici hallarında təcili traxeotomiya aparılmalıdır.


Xüsusi traxeotomiya isə üz sümüyü sınıqlarında çox vacib metoddur. Bu, həm anesteziyanın tətbiqini asanlaşdırır, həm də anesteziya aparatını əməliyyat sahəsindən uzaqlaşdırır.

Yuxarı və aşağı traxeotomiya metodları mövcuddur. Yuxarı traxeotomiya çox təcili traxeotomiyaya göstəriş olduqda tətbiq edilir. Bu zamanı üzüyəbənzər qığırdağın üstündən dəlik açılır. Konitomiya lazım gəldikdə, traxeotomiyanın davam etdirilməsi aşağıdan aparılır. Konitomiya uzun müddət qaldıqda laringeal fibroz inkişaf edir. Bu zaman 3-cü və 4-cü qığırdaqların arasından aşağı traxeotomiya məsləhət görülür.

Traxeotomiya ilə traxeostomiya terminləri klinikalarda eyni termin kimi istifadə olunsa da, terminoloji olaraq traxeotomiya traxeyada açılan müvəqqəti dəlik, traxeostomiya isə davamlı qalan bir dəlikdir.

Normal dişləm (okluziya) və dişlər. Dişləm, yəni yuxarı və aşağı dişlərin bir-biriylə təması üz sümüyü sınıqlarının müalicəsində mühüm əhəmiyyət kəsb edir. Medial okluziya çənə və əng dişlərinin bir-biriylə tam qarşılıqlı iç-içə keçmə vəziyyətidir. Normal okluziyada yuxarı dişlər aşağı dişlərdən bir qədər öndə yerləşirlər. Buna neytrokluziya da deyillir. Distokluziyada isə yuxarı dişlər aşağı dişlərə nisbətən həddən artıq öndə yerləşirlər. Meziokluziyalarda isə aşağı dişlərin yuxarı dişlərə nisbətən ön tərəfdə yerləşməsi müşahidə olunur. Buna görə də sınıqların müalicəsində şəxsin əvvəlki okluziyasının bilinməsi vacibdir. Əks halda müalicə həm çətinləşir, həm də həkimi aldadan nəticələrə gətirib çıxararaq xəstəyə zərər yetirir.

Sınıq xəttinin yanında yerləşən dişlər olduqca sağlamdırsa çıxarılmır. Çünki dişlər sınıqların düzgün repozisiya və fiksasiyası üçün çox dəyərli strukturlardır. Laxlamış və yad cisim rolunu oynayan dişlər ekstraksiya olunmalıdır.



Çənə sümüyünün sınıqları. Çənə sümüyü üz sümükləri arasında ən ağır və ən möhkəm sümükdür. Bu sümük digər üz sümüklərinə nisbətən travmaya daha çox məruz qalır.

Çənə sümüyü sınıqlarının səbəbləri iki qrupa bölünür :



  1. Travmatik səbəblər: yol qəzaları, boks, iş qəzaları, yıxılmalar, odlu silah yaralanmaları və s.

  2. Lokal, yaxud sistem xəstəliklər: Osteomielit, xoş və bədxassəli şişlər, metastatik şişlər, metabolik dəyişikliklər, elektrik cərəyanının təsirindən əzələ yığılmaları.

Təsnifat. Çənə sümüyü sınıqları açıq və qapalı olmaqla 2 yerə bölünür. Bu sınıqlar da öz növbəsində çəp, köndələn, parçalı və “yaşıl ağac” formasında olur. Sınıq xəttindəki dişlərə görə I, II və III sinif sınıqlar fərqləndirilir:

  • I sinif - Sınıq xəttinin hər iki tərəfində diş mövcuddur.

  • II sinif - Sınıq xəttinin yalnız bir tərəfində diş mövcuddur.

  • III sinif - Sınıq xəttində diş müşahidə olunmur.

Lokalizasiyasına görə çənə sümüyü sınıqlarını çoxdan aza doğru saysaq, belə nəticəyə gələrik: kondilyar, korpus, anqulus, simfiz, ramus, alveolyar və koronoid sınıqlar.

Sınıqlar müayinə olunarkən bu təsnifatların hamısı nəzərə alınmalıdır. Məsələn, I sinif simfizial açıq mandibula sınığı.



Simptomlar – ağrı, anormal dişləm, hipersalivasiya, disfagiya. Yerli olaraq ödem, krepitasiya, qançır, deformasiya, ağızdan pis qoxunun gəlməsi müşahidə olunur.

Müalicə. Travmadan dərhal sonra şəxsin ümumi vəziyyəti qənaətbəxşdirsə, ödem inkişaf etmədən repozisiya və fiksasiya lazımdır. Çənə sümüyü sınıqlarının böyük bir hissəsində intermaksilyar fiksasiya ilə dişləri okkluziyada saxlaya bilmək mümkündür. İntermaksilyar fiksasiya - aşağı və ya yuxarı çənəyə qarmaqlı polad məftillərlə dişin boynunu bağlayaraq sonra bu halqalardan rezin halqalar keçirilərək dişləri fiksasiya edib, normal okkluziyaya gətirən bir metoddur. I sinif korpus sınıqlarında intermaksilyar fiksasiya kifayət edir. İkitərəfli anqulyar sınıqlarda olduğu kimi dişlərin distal hissəsində açıq repozisiya, yəni internal fiksasiya və əlavə olaraq bunu qüvvətləndirmək məqsədilə intermaksilyar fiksasiya da tətbiq olunmalıdır.

İkitərəfli subkondilyar və simfizial sınıqlarda simfizə internal fiksasiya əlavə olaraq intermaksilyar fiksasiya olunmalıdır.

Subkondilyar sınıqlar, adətən, intermaksilyar fiksasiya ilə müalicə edilir.

Koronoid sınıqlarda da intermaksilyar fiksasiya tətbiq edilir. Dişsiz şəxslərdə çənə sümüyü sınıqları zamanı açıq repozisiya və internal fiksasiya tətbiq olunduqdan sonra çənə və əngə məftillərlə protez taxıldıqdan sonra, protezlər də bir-birinə fiksasiya edilərək intermaksilyar fiksasiya tətbiq olunur.

Bütün bu deyilən müalicələrdə aparılan intermaksilyar fiksasiyanın tətbiq müddəti 4-5 həftə arasında dəyişir. Xüsusilə, subkondilyar və koronoid sınıqlarında 5 həftə müddətində tətbiq etmək faydalıdır.
Əng sümüyünün sınıqları

Əng sümüyü sınıqları, əsasən, bilateral olur və sərt damağı da əhatə edir. Sınığın ən çox əmələgəlmə səbəbi nəqliyyat vasitələrində baş verən qəzalardır. Bu cür qəzalarda bu travmaların səbəbi arxa tərəfdə oturan sərnişinlərin üzlərinin orta 1/3 hissəsinin ön tərəfdə oturanların arxa tərəfinə çırpılmasıdır. Nisbətən az rast gəlinən səbəblər isə yumruq zərbəsi və istehsalat qəzalarıdır.



Təsnifat. Əng sümüyü sınıqları Le Fort I, II və III olmaqla 3 yerə bölünür.

  • Le Fort I: Bu sınığa köndələn maksillyar sınıq və ya Querin sınığı da deyilir. Bu zaman əng sümüyü bilavasitə dişlərin üzərindən köndələn formada sınır. Sınığın seqmenti alveolyar çıxıntıları maksilyar sinus divarlarının bir hissəsini, sərt damağı, əsas sümüyün qanadabənzər çıxıntılarının alt şöbələrini də əhatə edir.

  • Le Fort II: Bu sınığa piramidal sınıq da deyilir. Bu sınıq xətti burun sümüklərini, əng sümüyünün alın çıxıntılarını, göz yaşı sümüklərini, göz yuvasının aşağı kənarını, göz yuvası əsasını, almacıq-əng bitişməsini əhatə edir, yaxud onun yanından keçərək əngin yan divarından arxaya doğru gedərək qanadabənzər səth ilə qanad-əng çuxurunda başa çatır.

  • Le Fort III: Buna kraniofassial qopma da deyilir. Üz sümükləri kəllə əsasına bitişdikləri yerdən ayrılırlar. Almacıq-alın, əng-alın, burun-alın bitişmələri qopmuş olur, göz yuvası əsası, əsas və xəlbir sümükləri sınır.

Simptomlar - ağrı, anormal dişləm, hipersalivasiya, disfagiya, epistaksis (burundan qanaxma).

Status lokalis - ödem (xüsusilə, göz ətrafında), anormal dişləm, krepitasiya, qançır (xüsusilə, göz ətrafında), deformasiya, sifətin uzanması (donkey-like face, Le Fort I - də müşahidə olunmur), ağızdan pis qoxunun gəlməsi, serebrospinal rinoreya.

Müalicə. Əsas prinsip əng sümüyü sınıqlarının üstündə qalan stabil sümüklərə bağlanmasıdır. Göz yuvasının aşağı kənarına, alın sümüklərinin almacıq çıxıntılarına bağlana bilər. Xarici fiksatorlardan da faydalanmaq olar, fiksasiya müddəti 4 həftədir.
Burun sınıqları
Burun sınıqlarında burun sümüyü, əng sümüyünün alın çıxıntıları, burun qığırdağı, burun çəpəri xəsarəti yarana bilər. Burun sınıqları üçün spesifik bir təsnifat formalaşdırmaq çətindir.

Simptomlar – ağrı, ödem, epistaksis (burun qanaxması), tənəffüsün çətinləşməsi.

Status lokalis – ödem, intranazal və ekstranazal kəsiklər, formanın dəyişməsi, krepitasiya, burun kökündə hərəkət, hemorragiya. Gec dövrlərdə əmələ gələn ödem palpasiya ilə müəyyən olunan strukturları maskalaya bilər.

Müalicə. Travmadan sonra repozisiya aparılır. Yağlı bintlərlə ön tamponada edildikdən sonra gips qoyulur. Tamponlar 3 gün, gips isə 1 həftə və ya 10 gün saxlana bilər. Gec dövrlərdə repozisiya aparmağa çalışmaq əhəmiyyətsizdir. Çünki həm kifayət qədər ödem səbəbiylə repozisiya aparıla bilməz, həm də xəstəyə travmatik stress verilə bilər. Başı yuxarı qaldıraraq ödemlərin keçib getməsini gözləmək lazımdır (3-4 gün). Sonra yuxarıda qeyd edilənlər tətbiq olunur. Bir neçə həftə keçdikdən sonra rinoplastika edilə bilər.
Almacıq sümüyünün sınıqları
Almacıq sümüyünün üz nahiyyəsində qabarıq bir vəziyyətdə yerləşməsi onun travmalar zamanı çox sınmasına səbəb olur. Göz yuvası əsasının lateral hissəsinin böyük hissəsini almacıq sümüyü təşkil edir. Ən çox almacıq-alın, almacıq-əng və almacıq-gicgah birləşmələrində əmələ gələn sınıqlara rast gəlinir ki, buna üçlü sınıqlar da deyilir. Bu zaman almacıq rotasiya etməklə yerini dəyişərək aşağıya doğru gedir. Ancaq almacıq qövsünün sınığına da rast gəlinir. Bu vaxt bu bölgədə sallanma və çənə sümüyünün koronoid çıxıntısının önə doğru gəlməsi müşahidə olunur.

Simptomlar – ağrı, yanaqda və göz yuvası altında hissiyyatın itməsi, göz qapaqlarında şişmə, əgər almacıq qövsü çənə tacının üzərinə keçmişsə ağız açıq qalır.

Status lokalis - göz ətrafı ödem və qançır, erkən dövrlərdə üzün həmin tərəfində düzləşmənin olması, göz yuvası altının kənarında “step” müşahidə olunur, qovsün sınıqlarında sallanma, enoftalm və ekzoftalm, aşağı düz əzələnin qırılmış tərəfində sıxılma ilə əaqədar olaraq yuxarıya baxa bilməmək

Müalicə. Əsas prinsip sınıqların bərpa edilməsi və öz vəziyyətində qalmasına nail olmaqdır.
Blowout” sınıqları
Blowout” sınıqları orbital toxumanın bir hissəsinin maksilyar cibin içinə keçməsi lə baş verən orbita əsasının sınıqlarıdır. Bu cür sınıqlar infraorbital yumşaq toxumalara penetrasiya etməyən travmatik zərbələrdən və infraorbital təyziqin artması nəticəsində baş verir. Əsasən, orbitanın əsasının arxa-içəri nahiyyəsində olur, çünki orbita əsasının ən zəif nöqtəsi bura hesab olunur.

Əlamətlər - yuxarı və aşağı baxmada məhdudiyyət və diplopiya, enoftalm, infraorbital hipoesteziya yaxud anesteziya, eriorbital ödem və qanşır, periorbital emfizema.

Müalicə. Qüsur sümük qrefti və müxtəlif növdə implantlar ilə bağlana bilər. Əməliyyat çapıq toxuması inkişaf etməzdən öncə, 7-10 müddətində edilməlidir.

Yuxarı və aşağı çənənin deformasiyaları
Burada çənə və əng sümüklərinin inkişaf deformasiyaları və postravmatik deformasiyalar haqqında məlumat veriləcəkdir. İnkişaf deformasiyaları anormal okluziya (dişləm), çənə və əng sümüklərinin az, yaxud çox inkişaf etməsi hesab edilir.

Malokluziya (anormal okluziya). Çənənin inkişaf deformasiyaları arasında ən çox müşahidə olunan bir vəziyyətdir. Deformasiya yalnız malokluziyadan ibarət olduqda müalicə ancaq ortodontik yolla aparılır. Amma mikroqnatiya varsa, buna bir advancement osteotomiyası da tətbiq olunmalıdır.

Çənə sümüyünün kondil hissəsi onun vacib böyümə mərkəzidir, burada endoxondral ossifikasiya 18 yaşına qədər davam edir. Bu zaman müddətində inkişafda hər hansı bir dayanma olarsa (travma, infeksiya) malokluziya ilə nəticələnə bilər. Angle təsnifatında malokluziya III sinifə ayrılır:

I sinif: Normal okluziya

II sinif: Distokluziya

III sinif: Meziokluziya

Çənə sümüyünün hipoplaziyası. Dişlərin II sinif malokluziyanın hipoplastik retruziyası ilə xarakterik mikroqnatiya, malokluziya olmayan, sadəcə mental hissədə hipoplaziyanın əmələ gətirdiyi mikrogeniyadan fərqli düşünülməlidir. Bəzən normal inkişaf etmiş çənə sümüyü retruziya vəziyyətində olur. Bu vəziyyətə retrognatiya deyilir.

Mikroqnatiya deformasiya bir və ya ikitərəfli ola bilir, adətən etiologiyası müəyyən olmur. Nadir hallarda buna infeksiya, doğuş travması, əvvələr müalicə olunmamış sınıqlar, osteomielit, revmaotid artrit, raxit, kritinizm və ya onun qalıq əlamətləri səbəb ola bilər.

Çənə deformasiyasının düzgün qiymətləndirmək və əməliyyatın planlanaşdırılması üçün fiziki müayinə və rentgenoqrafiyalar aparılmalıdır. Rentgenoqrafiyalardan əlavə sefalometrik analiz aparılması məsləhətdir.

Xəstənin və cərrahın razılığına əsasən ya intraoral, ya da ekstraoral “L” osteotomiyası tətbiq olunaraq mandibulyar irəlilətmə aparılır. Arada qalan boş sahələrə sümük qreftlər köçürülür.



Mandibulyar proqnatizm - III sinif malokluziya ilə yanaşı həm də çənə sümüyünün idiopatik boyüməsidir. Bəzən hipofizin disfunksiyası ilə əlaqədar olaraq müxtəlif yaşlarda özünü göstərə bilər.

Diaqnoz üçün mikroqnatiyada olduğu kimi əvvəlcədən geniş müayinə aparılmalıdır. Əməliyyat mikroqnatiyada olduğu kimidir, adətən, 18 yaşından sonra aparılır. Müxtəlif cərrahi metodlar mövcuddur. Əməliyyatdan sonrakı dövrdə 6-8 həftə intermaksilyar fiksasiya aparılmalıdır.



Maksilyar deformasiyalar. Maksilyar deformasiyalar əng sümüyünün ya çox inkişaf etməsi, ya da inkişafdan qalması nəticəsində meydana çıxır. Aşağıdakı maksilyar deformasiyaların müalicəsində istifadə edilən əməliyyat metodları verilmişdir (şəkil.....)


Şəkil.... Maksilyar hiperplaziya və hipoplaziyanın korreksiya üsulları:

1, 2, 3 - maksillanın ön hissəsinin hiperplaziyası. Hər iki üst ikinci bicuspid dişlər xaric edilib, maksillanın ön hissəsinə uedge osteotomiya edilir.

4, 5, 6 - maksillanın arxa hissəsinin hiperplaziyası. Diş zirvəsinin üstündən osteoektomiya edilir .

7, 8, 9 - maksilyar hipoplaziya. Köndələn osteotomiya ilə üzərində diş olan seqment önə çıxarılır. Bütün üsullarda intermaksilyar fiksasiya ilə təsbit edilir.



VII fəsil. Kraniofasial cərrahiyyə
Cərrahiyənin bu şaxəsi, kompleks fasial, kranial və orbital komponenti olan, anadangəlmə, travmatik, şiş, deformasiyalarının bərpası ilə məşğul olur. Tessier, Obvegeser və Konvers tərəfindən bəzi prinsiplər müəyyənləşdirilmişdir ki, bunlar əməliyyat sahəsinin geniş və yetərli dərəcədə ortaya qoyulması, sümüklərin subperiostal soyulması, anormal yerləşmiş sümüklərin uyğun osteotomiyalarla sərbəstləşdirilib repozisiya edilməsi və rekonstruksiyasıdır.

İlk kraniofasial cərrahi müdaxilələr XIX əsrin ortalarında kranial qubbədə kraniosinostoz cərrahiyyəsindən başlanılmışdır. Nəticələr uğursuz olduğu üçün XX əsrin əvvələrinə qədər bu sahə inkişaf etməmişdir. I və II Dünya müharibələrində üzdə olan yumşaq toxuma və sümük yaralanmalarından əmələ gələn deformasiyaların çox olması ilə əlaqədar rekosntruktiv müdaxilələr böyük vüsət almışdır. Sonrakı illərdə kranial və fasial skelet strukturlarının anormal inkişaf etmiş hissələrinin repozisyası aparılaraq lazımi nəticələr əldə edilmişdir. Bu əməliyyatları ilk dəfə Gilles icra etmişdir. Tessier 1960-cı illərdə əvvələr qəbul edilmiş qanunların əksinə çıxaraq iki mühüm həqiqəti isbat etmiş və kraniofasial cərrahiyyənin müasir səviyyəyə gəlib çatmasına şərait yaratmışdır. Bunlar aşağıdakılardır:



  1. Kranial və fasial sümüklərin böyük hissəsinin vaskulyarizasiyasını tamamilə kəsib repozisiya etdikdə yaşaya bilmə qabiliyyətini saxlayırlar.

  2. Gözlərin görmə qabiliyyətini pozmadan vertikal və horizontal istiqamətdə onların yerlərini dəyişmək mümkündür.

Hazırda kəllə və üz sümüklərinin deformasiyalarının çoxu kraniofasial cərrahi metodlar ilə düzəldilə bilir. Bundan əlavə skelet deformasiyalarını müşayiət edən yumşaq toxuma deformasiyaları da düzəldilir.

Kraniofasial cərrahiyə bütün xüsusi cərrahi işləmlər arasında texniki olaraq daha kompleks xarakterlidir. Əməliyyat hazırlıqları təffərüatlı və diqqətli aparılmalı, ağırlaşmaları minimuma endirmək üçün qrup böyük olmalı və işcilər pediatrik təcrübəyə malik olmalıdırlar.



Əməliyyatın planlaşdırılması. Keçmişdə bu əməliyyatları etmək üçün inkişafın başa çatmasını gözləyirdilər. Lakin uşağın deformasiyasının ən gec 4 yaşında nəzərə çarpması, hərəki inkişafın ilk 1 yaş daxilində mükəmməl formada mümkün olması, əməliyyatdan sonra danışma, udma və göz hərəkətlərində iştirak edən əzələlərin funksiyalarının istənilən səviyyə çatması, 3 yaşına qədər cərrahi müdaxilələrdə periferik sinir ağırlaşmalarının az olmasına görə əməliyyatda yaş amili ciddi nəzərə alınmalıdır. Erkən cərrahi müdaxilə üçün yuxarıda sadalananlardan əlavə inkişaf etməkdə olan beynin genişlənərək yerləşməsi üçün kəllə tikişlərinin erkən sərbəstləşdirilməsi məsləhətdir. Təcrübələr göstərmişdir ki, kiçik uşaqlar bu forma uzun və çətin əməliyyatlara yaxşı dözümlülük göstərə bilirlər.

Qrup işciləri:

  1. Kraniofasial cərrah: kəllə, üz, göz yuvaları, gözlər və ağız boşluğunu çox diqqətlə müayinə edir. Asimmetriya dərəcəsini və deformasiya sahələrini bir-birləri ilə olan əlaqələrinə görə qiymətləndirir. Bu qiymətləndirməyə görə vacib olan formada əməliyyatları və qrupa əlavə olunacaq işciləri nəzərdən keçirir.

  2. Neyrocərrah: tam nevroloji müayinə aparır. Kraniosinostoz, hidrosefaliya, intrakranial skelet anomaliyaları əvvəllər aparılmış intrakranial müdaxilələri və s. analiz edir. İntrakranial müdaxilə lazım olan əməliyyatı neyrocərrah aparmalıdır.

  3. Otolarinqoloq: Xəstələrin çoxunda orta qulaq, burun və yuxarı tənəffüs yollarının anomaliyaları da müşahidə olunur. Bəzən profilaktik traxeotomiya da aparılır.

  4. Uşaq anestezioloqu

  5. Neyrorentgenoloq

  6. Neyrooftalmoloq

  7. Uşaq stomatoloqu

  8. Ortodont

  9. Genetik

  10. Psixiatr və sosioloq

  11. Loqoped

  12. Audioloq

  13. Tibb rəssamı

  14. Antropoloq

Kraniosinostoz. Kəllə tikişlərinin vaxtından tez bitişməsi kraniosinostoz adlanır. Kranial tikiş və tikişlərin vaxtından əvvəl bağlanması bir tərəfdən kəllədə forma pozğunluğuna səbəb olur, digər tərəfdən, altdakı beyin toxumasının normal inkişafını dolayı yolla pozur.

  • Skafosefaliya - sagittal tikişlərin sinostozundan sonra inkişaf edir. Parietal nahiyədə kəllənin inkişafı dayandığından, baş fronto-oksipital istiqamətdə inkişaf edir.

  • Braxiosefaliya - tac tikişlərin sinostozudur. Kəllə ön-arxa istiqamətdə inkişaf etmir, yanlara doğru genişlənir.

  • Plagiosefaliya - tac tikişi birtərəfli olaraq inkişaf etmədikdə əmələ gəlir. Müalicəsində III tip Jig-Saui əməliyyatı aparılır. Bu əməliyyatda plagiosefaliya alının və yuxarı çənənin önə çəkilməsi, kranial qübbənin alçaldılması ilə bərpa edilir.

  • Oksisefaliya - Kəllə tikişləri müxtəlif kombinasiyalarda sinostoza uğrayır. Kəllə zirvəyə doğru genişlənir və qübbə formasında bir kəllə strukturu meydana çıxır. Hipertelorizm (qoşa orqanlar arasındakı məsafənin artması), koanal atreziya, ekzoftalmiya bu patologiyada birlikdə müşahidə olunur. Müalicəsində II tip Jig-Saui əməliyyatı ilə alının önə çəkilməsi və kranial qübbənin alçaldılması aparılır.

  • Triqonosefaliya - Metopik tikişlərin sinostozudur. Metopik tikişlər alın sümükləri arasındadır. Bağlanması nəticəsində alının yanlara doğru inkişafını pozur. Yuxarıdan baxdıqda üçbucaq öndən baxdıqda önə doğru iti bir alın inkişafını görürük.

Orbital hipertelorizm. Orbital hipertelorizm - dakrion (alın, göz yaşı və əng sümüklərinin birləşdiyi yer) əsas götürülərək aparılan ölçmələrə görə orbital divarlar arasındakı məsafənin çox olmasıdır. Normal interorbital məsafə böyüklərdə 23-28 mm-dir. 30 mm-dən çox olarsa, hipertelorizm kimi qəbul edilməlidir. Tessier orbital hipertelorizmi üç tipə bölmüşdür. I tip (30-34 mm), II tip (35-39 mm) və III tip (40 mm və daha çox).

Dakriondan aparılan ölçmələr hər zaman orbitalar arasındakı ən uzaq məsafəni göstərmir. Bu səbəbdən deformasiyaların təyini və ölçmələrin doğruluğunu yalnız bazal tomoqrafiya ilə yoxlayırlar. Hipertelorizm ilə birlikdə müşahidə olunan deformasiyalara kraniosinostoz, ön beyin yırtığı, fasial yarıqlar və frontonazal displaziya aiddir.



Cərrahi müdaxilənin texnikası.

  1. Ekstrakranial müdaxilə:

  1. Medial divarın osteotomiyası - Meisterschnitt və ya orta xəttdən aparılan nazal kəsiklərlə aparılır. Sümüyün mərkəzi seqmenti çıxarılır, medial divarlar medial palpebral bağlar ilə eyni bərabərdə repozisiya edilir. İlk tətbiq olunan metodlardandır. Hazırda istifadə olunmur.

  2. Subkranial orbital osteotomiya - deformasiya kəskin deyilsə (Teisserin I, II tipi), xəlbir səfhə yuxarıdırsa (frontal tikiş xəttinin üzərindədirsə), əlavə frontal deformasiya (məsələn, anensefalosell) olmadıqda istifadə oluna bilər. Bərpa 1 sm və ondan az olacaqsa uğurlu saymaq olar.

  1. İntrakranial müdaxilə:

Frontal orbita daxilində göz olan bir qutu hesab edilir. Gözün repozisiya edilməsi üçün qutunun yerini dəyişmək lazımdır. Bu metod ağır deformasiyalar üçün (məsələn, frontal və nazal ansefalosel, meninqosel) və ya kranioqrafiyada xəlbir səhifə frontonazal tikiş səviyyəsindən aşağı olduqda istifadə olunur.

Şəkil .... Frontal hasar ilə intrakranial orbital hipertelorizmin bərpası




  1. Mərkəzdəki nazofrontal nahiyə uzaqlaşdırılır, orbitanın lateral divarı kəsilir, armudvarı çökəkliyin kənarı uzaqlaşdırılır, beləliklə, mediala yaxınlaşdırma ilə nazal obstruksiya inkişaf etməz.

  2. Medial formalaşdırmadan əlavə orbitanın lateral hissəsinə qalça sümüyü qrefti yerləşdirilir.

Əməliyyatdan sonrakı dövrdə nevroloji əlamətlərə diqqət yetirilməli, steroidlər, antikonvulsantlar və antibiotiklər istifadə olunmalıdır. Analgetiklərdən istifadə edilmir.

Orbital distopiya. Orbital hipertelorizmdəki gözlərin ikitərəfli olaraq xaricə yerdəyişməsinin əksinə olaraq, orbital distopiyada tək orbita laterala doğru dəyişir. Hipertelorizmdən daha çox rast gəlinir. Orbita lateralda olsa da, vertikal tərəfdə daha yuxarıda yerləşmiş ola bilər. Müalicə yerini dəyişmiş orbitanın repozisiyası ilə aparılır.

Krouson sindromu (kraniofasial dizostozis). Kəllə tikişlərinin erkən sinoztozu ilə əlaqədardır. Apert sindromu və digər sinoztozlar ilə qarışdırla bilər. Bunları ayırmaq çətindir və bəzən CrouzonApert sindromları birlikdə müşahidə oluna bilər. Hər xəstədə sindromun butun xüsusiyyətləri olmasa da, aşağıdakı əlamətlər müşahidə olunur.

  1. Kəllə qapağı deformasiyaları. Qabarıq alın, sağittal tikiş batıqdır. Kəllə qapağının hansı tikişınin əvvəl bağlanmasından asılı olaraq braxiosefaliya, oksisefaliya, plagiosefaliya müşahidə olunur.

  2. Ekzoftalmiya və hipertelorizm

  3. Maksilyar hipoplaziya, mandibulyar proqnatizm

  4. Tutuquşu dimdiyinə oxşar burun

  5. Böyük boşluqlu damaq, xaricə divergensiya edən çəpgözlük, göz sinirinin tutulması, nistaqm, xarici qulağın ikitərəfli atreziyası, ağrının hissəvi itməsi

Bu sindromlar irsi olmasa da, bəzi xəstələrdə auotosom dominant tipli keçməsi müşahidə olunur.

Apert sindromu (akrosefalosindaktiliya). Nadir rast gəlinən sindromdur. Krouzon sindromu ilə oxşardır. İki sindrom arasında ən önəmli fərq Apert sindromunda sindaktiliya və digər əl anomaliyalarının olmasıdır.

Sindromunun xüsusiyyətləri:



  1. Kəllə qapağı oksisefalitikdir və alın enlidir, digər kranial deformasiyalar da inkişaf edə bilər.

  2. Ekzoftalm və hipertelorizm

  3. Maksilyar hipoplaziya və bəzi xəstələrdə mandibulyar proqnatizm

  4. Əl anomaliyaları, əsasən, müxtəlif dərəcəli sindaktilialar, digər əl anomaliyaları da müşahidə oluna bilər.

  5. Xırda dimdikvarı burun

  6. Dar və yüksək damaq, xəstələrin 1/3-də yumşaq damaq yarığı, mental retordasiya, ürək və qastrointestinal sistemin malformasiyaları müşahidə edilir.

Apert və Krouzon sindromlarının müalicəsi. Sindromdakı kraniosinostozun müalicəsi yuxarıda bəhs edildyi kimi aparılır. Fasial sümüklər aşağıdakı əməliyyatlarla bərpa edilir.

  1. Le Fort III maksilyar irəlilətmə:

  1. Standart Le Fort III maksilyar irəlilətmə

  2. Lateral orbital divarın kəsilməsi ilə birlikdə Le Fort III osteotomiya

  3. Ziqomatik pillə kəsimi ilə Le Fort III maksilyar irəlilətmə

  4. Ön açıq dişləmdə (anterior open bite) Le Fort III maksilyar irəliləmə

  5. Alın kosta qreftləri və frontal mahmız (spur) ilə Le Fort III maksilyar irəlilətmə

  6. Frontal irəlilətmə, Le Fort III maksilyar irəlilətmə

Şəkil ..... Frontal irəlilətmə , Le Fort III maksilyar irəlilətmə



  1. Alın, frontal sümük və maksillada şəkildəki kimi osteotomiyalar aparılır. Sfenoid və temporal sümüklərə “tongue in groove” sürüşdürmə aparılır.

  2. Maksilla sadəcə irəlilədilməklə qalmır, eyni zamanda burunu uzatmaq, maksilla və orbitaların vertikal hündürlüyünü artırmaq məqsədilə aşağı çəkilir.




  1. Le Fort III və I osteotomiyanın kombinə edilməsi:

Le Fort III osteotomiya ilə orta üz blok şəklində irəlilədilir. Bəzən burun kökünün düzəldilməsi üçün lazımlı irəlilətmə və ya aşağı orbital irəlilətmənin miqdarı ilə okluziyanın təmin edilməsi üçün lazım olan irəlilətmə eyni miqdarlarda olmaya bilər. Bu halda Le Fort I osteotomiya da əlavə edilir. Le Fort I ilə irəlilətmə edilərək və lazım gəldikdə (apertoqnatiya varsa), aşağı əyərək okluziya təmin edilir.

Bu sindromlarda Tessier I və II tip hipertelorizm olur. Belə hallarda kombinə olunmuş Le Fort III və I osteotomiya ilə yanaşı subkranial hipertelorizmin düzəldilməsi də aparılır. Həmçinin, dimdikvari burun deformasiyası 16 yaşında və ya daha sonra rhinoplastika ilə düzəldilir.



Treacher Collins sindromu (Mandibulofasial dizostozis). Tam, natamam və abortiv formaları var. Tam formasının xüsusiyyətləri:

  1. Göz qapağı yarıqlarının antimonqoloid (aşağı və bayıra) qövsü.

  2. Aşağı göz qapaqlarının bayır tərəfində batıqlıq.

  3. Aşağı göz qapaqlarının 3/4 və ya 2/3 orta hissəsində kirpiklərin azalması və ya olmaması. Aşağı göz qapağında punctum lakrimale və meybom vəziləri olmaya bilər.

  4. Üz sümüklərində, xüsusilə, almacıq və çənədə inkişafdan qalma.

  5. Bayır və orta qulaqda, nadir hallarda isə daxili qulaqda inkişafdan qalma.

  6. Makrostomiya, hündür damaq, anormal dişləm və dişin anormal çıxması.

  7. Favorilərin yanağa doğru anormal uzantısı.

Natamam formalarında isə yuxarıdakı xüsusiyyətlərin ikisi, yaxud üçü olur. Abortiv formalarda sadəcə göz qapağı və göz yarığı deformasiyaları müşahidə olunur. Sindrom dominant yolla ötürülür.

Müalicə.

  1. Üzün yuxarı hissəsinin düzəldilməsi: Almacıq hipoplaziyası, yaxud olmaması və almacıq qövsünün olmaması, yaxud yarıq olması nəticəsində yaranmış sadə yanaq çökəkliyində qüsur qabırğa qrefti ilə rekonstruksiya edilir.

  2. Tessier metodu.

  3. Üzün aşağı hissəsinin düzəldilməsi: Xəstələrin çoxunda kəskin retroqnatiya (çənənin arxada yerləşməsi) və apertoqnatiya olur. Retroqnatiya olmayan xəstələrə tərs çevrilmiş Spee mailliyinin düzəldilməsi tətbiq edilir. Əgər çənə retroqnatikdirsə, çənə şaxəsi intraoral yolla sagittal osteotomiya ilə həm irəlilətmə, həm yuxarı rotasiya edilir.

Sefalometrik analizləri normal olsa da, bəzi xəstələrdə anterior maksillanın aşağı protruziyası olur. Vasmund (yaxud Vunderer) üsulu ilə maksilla önə çıxarılmaqla daha yaxşı bir profil düzəldilir.

Karpenter sindromu (akrosefalosindaktiliya). Əlamətləri:

  1. Akrosefaliya, qəribə üz forması.

  2. Barmaqlarda braxisindaktiliya, ayaqda preaksial polidaktiliya və sindaktiliya.

  3. Hipogenitalizm, piylənmə, çənə ucunun inkişafdan qalması.

  4. Koksa valga, genu valgum, pes varus, anadangəlmə ürək xəstəlikləri, abdominal yırtıq rast gəinlə bilər.

Kraniofasial mikrosomiya (hemifasial mikrosomiya). 1-ci və 2-ci qəlsəmə qövsündən inkişaf edən üz strukturları cəlb olunur. Xüsusiyyətləri:

  1. Xarici qulaq, orta qulaq, çənə, almacıq, əng, gicgah sümüyü, üz əzələləri, çeynəmə əzələləri, damaq əzələləri, dil və parotis vəzilərində, birtərəfli və ya ikitərəfli inkişafdan qalma.

  2. Makrostomiya.

  3. Birinci qəlsəmə qövsü yarığı sinusu 5642 doğuşdan birində olur və kişilərdə daha çox rast gəlinir.


VIII fəsil. Xoş xassəli dəri şişləri
Virus etiologiyalı şişlər
Dəri ziyili. Papillomaviruslar tərəfindən törədilir. Virus dəri epidermisində çoxalır, yetkin virionlar buynuz qatda rast gəlinir.

Rastgəlmə tezliyi. Dermatologiyada 4-10% xəstədə rast gəlinir.

Epidemiologiya. Travmadan sonra yarana bilər. Virus bilavasitə və ya dolayı təmasla yoluxa bilər. Gizli dövr təxminən 4 aydır.

Klinik mənzərə. Dəri ziyilinin bir neçə tipi var.

  1. Sadə dəri ziyili (verruca vulgaris) - ən çox rast gəlinən tipidir.

  2. Yastı ziyillər

  3. Digitate və filiform ziyillər

  4. Plantlar ziyillər

  5. Accuminate ziyillər

Patologiyası. Virus epidermisin tikanlı qatının yuxarı hissəsindəki epidermal hüceyrə nüvələrini yoluxdurur. Ziyillər akantoliz, papillamatoz, hiperkeratoz və parakeratoz ilə xarakterizə olunur. Yastı ziyillərdə papillamatoz olmur. Qranulyar təbəqə qalınlaşması və hiperkeratoz yumşaq incə lövhələr şəklində akantoz olur. Accuminate ziyillərdə akantoliz və papillamatoz olur.

Ziyillərin bəd xassəli transformasiyası. İrsi meyilli şəxslərdə ziyil virusunun kanserogen olması qəbul edilir. Bədxassəli kondilomanın ziyiləbənzər xərçəngin başlanğıcı olması ehtimal edilir. Klinik-patoloji korrelasiya düzgün diaqnoz üçün çox vacibdir. Bəzən yastı ziyillərdə dəri kanseri müşahidə olunur.

Müalicə. Plantar ziyillər üçün maye azot və ya karbon qazı, koaqulyasiya və ya yüngül qazıma istifadə olunur. Sonra həmin nahiyə quru saxlanmalıdır. Ziyillər çox ekstensivdirsə maye azot (- 195,8OC), mono, bi- və ya trixlorsirkə turşusu istifadə oluna bilər. Plantar ziyillərdə 40%-li salisil turşusunun 5 günlük tətbiqi, laktat və salisil turşusunun 5% və 10%-lik konsentrasiyalarından ibarət fleksibl kollodion, 50% aseton və 50% kollodiondan ibarət cantharidinin 7%-lik forması 9-10 gün müddət ilə tətbiq edilə bilər. Accuminate ziyillər benzoin tenturasındakı 25%-lik podophyllum resin tətbiqinə yaxşı cavab verirlər. Rezistent accuminate ziyillərdə yerli və ümumi anesteziya altında ziyillərin koaqulyasiya və ya qazımaqla aradan götürülməsi lazım ola bilər. Əlverişli vəziyyətdə cərrahi kəsik ən asan yoldur.

Kontagioz molyusk. Poksviruslara aid, lakin onlarla çarpaz antigenlərə malik olmayan bir virus tərəfindən törədilir. Dəri rəngində və bir neçə mm-dən bir sm-ə qədər ölçüsünə qədər ola bilən, ortası, xüsusilə, freo-etil xlorid ilə yüngül dondurulduqda çökəklik göstərən papulalardır. Rastgəlmə tezliyi məlum deyil və bilavasitə təmasla yoluxduğu güman edilir.

Etiologiyası. Virus 300x200x100 mkm ölçüdədir. Epidermisin dərin təbəqələrində çoxalır, oval formalı sitoplazmadaxili hialin cisimlər formalaşdırır. Dermada molluscum cisimləri formalaşdırır ki, bunlar da dərinin yuxarıdakı fibroz matriksini dağıdır, beləliklə, mərkəzi dəlik formalaşır.

Diaqnoz qoymaq çətinlik törətmir. Bazosellulyar xərçəng ilə səhv salınarsa, dəqiq diaqnoz biopsiya ilə qoyulur.



Müalicə. Spontan sağlma mümkündür. Sadə, kəskin qazımaq təsirlidir, lakin bəzən residiv ola bilər. Trixlorasetat turşusu ilə, maye azot ilə və ya cərrahi eksiziya ilə müalicə edilir. Bunların cərrahi eksiziya ilə xaric edilməsi həm də histopatoloji araşdırmaya imkan verdiyinə görə üstün tutulur.
Keratozlar
Bunlar seboreyalı, buynuzvari, keratoakantoma, senil və arsenik keratozlar şəklində ola bilərlər. Senil və arsenik keratozlar haqqında xərçəngönü törəmələr bölməsində bəhs ediləcək.

Seboreyalı keratoz (seboreyalı ziyil, senil ziyil, bazosellular papilloma). Açıq və ya tünd qəhvəyi rəngli papulyar törəmələrdir. Orta yaşlı və ya yaşlı şəxslərdə müşahidə edilir. Etiologiyası məlum deyil, lakin autosom yolla irsi ötürülmə güman edilir. Bunlara iltihabi dermatozların ağırlaşması və ya internal maliqnizasiya kimi baxıla bilər.

Əsasən, üz, boyun və döşdə, bəzən əl və qollarda müşahidə edilir.

Differensial diaqnoz piqmentli bazosel xərçəng, melanoma, piqmentli nevus, senil lentiqo, Hutchinson melanotik çil (freckle) ilə aparılmalıdır. Bəzən dəqiq diaqnoz üçün kiçik bir biopsiya aparılır.

Patologiyası. Akantoz, papillomatoz və hiperkeratoz müşahidə olunur. Keratoz böyük nüvəli bazal hüceyrələrə bənzər hüceyrələrdən formalaşır. Keratinositlərin yetkinləşməsində baş verən pozğunluqlarla əlaqədar olması düşünülür. Şişdə melanin də olur. Qıcıqlandırıcı amillərin təsirindən spinosellulyar xərçəngə bənzəyə bilərlər.

Müalicə. Biopsiya üçün neştər ilə təraş etmə, bəzən kəskin qazımaq və koaqulyasiya, çoxsaylı törəmələrdə 50%-li trixlorasetat turşusu 3 həftəlik fasilələrlə tətbiq oluna bilər. Cərrahi eksiziya da mümkündür.

Buynuzvari keratoz (kutanoz horn). Üz, başın tüklü hissəsinin dərisi və ya əlin dərisindən qabaran keratinoz törəmələrdir. Törəmələr ölçü və formasına görə müxtəlif olaraq qəhvəyi rəngli, qara görünüşdədir. Bunlar bir ziyildən və ya tamamilə bağlanmamış epidermal əlavələrin kistalarından formalaşa bilər. Nadir hallarda senil keratoz, yaxud karsinoma üzərində kirəcləşmə olua bilər. Cərrahi eksiziya ilə müalicə edilir.

Keratoakantoma. Xoş xassəli, spontan sağalan keratin və skvamoz hüceyrələrdən yaranmış xarakterik kraterə bənzər görünüşlü bir şişdir. Tük follikullarından başlanğıc götürdüyü güman edilir. Bədənin hər yerində, hətta bəzən ovuc içində və ayaq altnda da müşahidə olunur. Spinosellulyar kanser ilə səhv salına bilər. Differensial diaqnozda histopatoloji müayinə lazımdır. Keratoakantoma, ümumiyyətlə, 2 sm-dən kiçik ölçülərə malik olur, 2-8 ay müddətində öz-özünə atrofik, tüksüz bir çapıq qoyaraq sağalır. Kişilərdə daha çox müşahidə olunur. Spinosellulyar kanserə nisbətən 1/3 dəfə az rast gəlinir.

Tərkibinə sağlam kənarlar da daxil olan, fusiform, kraterin ortasından keçən şəkildə biopsiya edilməlidir. Əks təqdirdə spinosellulyar kanser kimi diaqnoz qoyula bilər.



Müalicə. Qazımaq və koaqulyasiya məsləhət görülürsə də, bu metodlarla dəqiq diaqnoz qoymaq üçün histopatoloji müayinə mümkün olmadığına görə eksiziya daha yaxşı üsuldur. Radioterapiya və krioterapiya da yaxşı nəticə verə bilər.
Epidermal və pilar (piy) kistalar (sebaseoz kist-ven-ateroma, steatoma)
Bu formada olan xoş xassəli şişlər başın tüklü hissəsinin dərisində, qulaqarxası nahiyələrdə, xayalıq, üz və döş qəfəsində rast gəlinir. Bundan başqa əldə və ayaqlarda ətrafı zarla örtülmüş epidermal kistalara da rast gəlinir. Başın tüklü hissəsinin dərisində pilar kistalar ailəvi xarakter daşısa da, əl və ayaqlardakı epidermal kistalarda travmatik amillər rol oynasa da, bu törəmələrin etiologiyası tam məlum deyil. Bu zaman dəri altında hərəkətli, bir neçə mm-dən bir neçə sm-ə qədər ölçüsündə, ağrısız, sarı rəngli kapsulyar törəmələr müşahidə olunur.

Müalicə. Bir neçə metod tətbiq edilir. İltihab olduqda, kəsik aparılaraq törəmə drenaj edilir, boşluq fenol ilə yuyulur. İltihabi proses söndükdən sonra kisənin qalıqları çıxarılır. Kista səthdə olduqda 2-3 mm-lik kəsik aparılaraq törəmə çıxarıla bilər.

Milia. Dermobraziyadan sonra travma nəticəsində gözlərin altında, yaxud bulloz xəstəliklərdən sonra hər hansı bir nahiyədə müşahidə oluna bilər. 1-2 mm ölçüdə ağ törəmələr olub, möhkəm və papulyar quruluşu ilə diaqnozda çətinlik törətmir. Xoş xassəli keratinoz şişlərə aid edilir.

Sadə kəsiklərlə çıxarıla bilər. Tük follikullarına yığılan piy tıxaclarını xaric etmək üçün istifadə olunan ekstraktor, miliumu tam çıxartmaq üçün istifadə oluna bilər.



Epidermal xoşxassəli appendiks şişləri. Sebaseoz hiperplaziya (yaşlıların sebaseoz xalı) 2-10 mm ölçüdə ağ rəngli qabarıq törəmələr olub, adətən, üzdə və alında müşahidə olunur. Müalicəsində küretaj və koaqulyasiya, kriocərrahiyə və ya sadə eksiziya tətbiq. Kimyəvi preparatların tətbiqi ilə səthi müalicə müalicə adətən effekt vermir.

Rinofima. Burunun və zaman keçdikcə buruna yaxın yanaq toxumalarını yavaş-yavaş böyüyərək əhatə edən və bəzən çəhrayi sızanaqlarla birlikdə rast gəlinən bu xəstəliyin səbəbi dəqiq məlum deyil. Burun dərisinin hipertrofiyası, piy vəzilərinin sayı və öçüsünün böyüməsi, kollagenin artması müşahidə olunur. Bipolyar elektrokoaqulyasiya və ya skalpel ilə təraş etmək effekt verir. Əməliyyatdan əvvəl lokal anestetik infiltrasiyası aparılmalıdır. Bu mövzuda təcrübəsi olmayanlara bu işi ehtiyatla aparması məsləhət görülür. Tez-tez ara verməklə işləməli və xəstəni oturdaraq burunun hər iki tərəfini müşahidə etmək lazımdır.

Verrukoz nevus (unius lateralis). Anadangəlmə və ya doğuşdan bir müddət sonra müşahidə oluna bilər. Üz, başın tüklü hissəsinin dərisi, boyun, döş qəfəsi və ətraflarda mövcud olan, qəhvəyi rəngli, bir qədər qabarıq, ziyiləbənzər törəmələrdir. Qulaq qövsü üzərində yerləşən törəmələrdən bazosellulaar xərçəng inkişaf edə bilər.

Lokalizasiyasına görə hiperkeratoz, papillamatoz və torşəkilli qabarcıqların uzanması müşahidə olunur. Sistematik formada hiperkeratoz, qranulyar təbəqənin artması müşahidə olunur.

Müalicəsində total eksiziya aparılır. Bəzi törəmələrdə kriocərrahiyə də effektli olur.

Nevus sebaseus. Anadangəlmə və ya doğuşdan sonra başın tüklü hissəsinin dərisində və ya üzdə müşahidə olunur. Üzərində tük olmur. Ətrafında syringocystadenoma papilliferum, sebaseoz epiteloma, apokrin sistoadenoma, infundibuloma, bazosellular xərçəng kimi şişlər müşahidə oluna bilər. 10-50% hallarda bu törəmələrdən bazosellular xərçəngin inkişafı müşahidə olunur.

Müalicə cərrahi eksizya ilə aparılır.



Pilomatriksoma (Melherbenin xoş xassəli kalsifikasiyalı epitelioması). Epidermal kista ilə differensial diaqnoz aparılmalıdır. Baş, boyun, yuxarı ətraflarda, bəzən aşağı ətraflarda müşahidə olunur. Bucaqşəkilli, möhkəm törəmə formasındadır. Patoloji anatomiyasında tükə doğru differensasiya edən şişləri xatırladırlar.

Müalicə cərrahi eksizya ilə aparılır.


Tər vəzilərinin şişləri
Bu şişlər ekzokrin və ya apokrin vəzilərdən inkişaf edir.

Siringoma. Papilyar və ya kista şəkilli olub, alt göz qapağı, üz, boyun və sinədə rast gəlinən ağ, sarımtıl rəngli törəmələrdir. Müalicəsi koaqulyasiya və ya eksizyadır.

Ekzokrin döyənək. Əl və ayaq səthlərində hiperkeratoz qurluşlu, çəhrayı “saplağa” malik, piogenik qranuloma tərkibli bu xoş xassəli şişlərin histologiyasında epidermisi örtən kubvari hüceyrələr müşahidə olunur. Müalicəsi cərrahi eksizyadır.

Məməciyə bənzər hidroadenoma. Yaşlı qadınların xarici cinsiyyət orqanları nahiyyələrində nadir rast gəlinən xoş xassəli şişdir. Apokrin xarakterli bu adenomalar 4sm-ə qədər ölçüsündə olan şişlərdir. Cərrahi eksizya ilə xaric edilir.

Slindroma (Turban şişi). Bu nadir rast gəlinən şişlər mono- və polimorf ola bilir. Ən çox qadınlarda başın tüklü hissəsinin dəridsində müşahidə olunur. Histologiyasında hialin qılaflı epitelial hüceyrə adacıqları görünür. Daxilində iki tip hüceyrə mövcuddur. Bunlar indeferensiya edən tünd nüvəli və sekretor axacıqlı solğun nüvəli hüceyrələrdir. Maliqnizasiya çox nadir hallarda müşahidə olunur. Müalicəsi cərrahi eksizyadır.

Trixoepitelioma (Bruks şişi, tük follikulunun şişi). Bu nadir rast gəlinən şişlərin tərkibi differensasiya etmiş, multistrukturlu simmetrik törəmələrdən ibarətdir. Adətən, üz nahiyəsində müşahidə olunan və 1 sm ölçüdə olan bu şişlər bazosellular xərçəngə çevrilə bilirlər. Mikroskopla baxdıqda buynuzvari kistalar, bəzən isə kalsifikasiya, kistaların daxilində və xaricində melanin dənələri müşahidə olunur.

Geniş yayılmış multistrukturlu şişlərin müalicəsi çətinlik törədir. Adətən, maye azot, dermobraziya və sirkə turşusu kimi lokal destruktiv metodlar tətbiq olunsa da, əsas müalicə metodu cərrahi eksizyadır.



Histiositoma (dematofibroma, nodulus cutaneus, sclerosing angioma, lipoidal histiocytoma, fibrima simplex). Baldırda, döş qəfəsi və yuxarı ətraflarda müşahidə olunan, mono- və ya polimorf strukturlu xoş xassəli dəri şişləridir. Bu şişlər zəif piqmentasiyalı, 1,5-2 sm olçülü, bir qədər qabarıq, böyük ayaqcığa malik, çəhrayı və ya bənövşəyi rəngli ola bilir. Retroendotelial, vaskulyar və fibrotik hüceyrələrin hədsiz reaktiv çoxalmaları nəticəsində əmələ gəldikləri qəbul edilir. Şişin üzərindəki epidermis tikanlı struktura malik olur. Burada bazosellular xərçəngin əmələ gəlmə riski haqqında bəzi mülahizələr vardır.

Nevus xalı, dermatofibrosarkoma və kstanoma ilə differensisiya edilməlidir

Müalicə adi eksizya ilə aparılır, maye azotun effektli olması haqqında məlumatlar vardır.

Dəri polipləri (acrochordon-soft, fibroma-cutaneus tag). Kiçik xoş xassəli dəri şişləridir. Əsasən, boyun, qoltuqaltı, qasıq və bəzən gövdədə müşahidə olunur. Yumşaq konsistensiyalı, 1-6 mm ölçülü, ayaqcıqlı olan bu şişlər qəhvəyi rəngli və ya dəri rəngində olurlar. Histopatologiyasında birləşdirici toxuma və ətrafında nazik epidermis müşahidə olunur. Müalicəsində sirkə turşusu, fenol, koaqulyasiya və eksizya məsələhət görülür.

Mukoz kistalar. Xoş xassəli şişlər olub, 1mm-dən 2 sm-ə qədər ölçüdə ola bilirlər. Alt dodaqda, bəzən isə dilin üzərində müşahidə olunur. Kistalar epitellə deyil, qranulyasiya toxuması ilə əhatə olunur. Müalicəsində eksizya və koaqulyasiya məsləhət görülür.

Seliyəbənzər kistalar (əl və ayaq barmaqlarının mukoz kistaları). Distal falanqalarda müşahidə olunur. Bu kistaların kollagen çatışmazlığı və hialiron turşusunun fibroplastik strukturu ilə əmələ gəldiyi güman edilir. Oynaq boşluğu ilə də əlaqəli olduğu iddia edilir. Osteoartritli xəstələrdə çox rast gəlinir.

Patoloji anatomiyasında çoxalmış fibroblastlarla bərabər selik də müşahidə olunur. Kistalar subepidermal və intraepidermal ola bilər.

Sümük eksostozu ilə bərabər kistalar çıxarılmasa, residiv müşahidə olunur. Bir və ya iki dəfə triamsinolon aseton məhlulu inyeksiyası effektli nəticə göstərir.
Vaskulyar şişlər
Vaskulyar şişlər - uşaqlarda müşahidə olunan hemangiomalar və piogenik qranulomalardır. Sonrakı illərdə angiomalar müşahidə olunur. Bəzi şəxslərdə döş qəfəsində kiçik ektaziyalar müşahidə olunur. Yaşlılarda angioma qırmızı-qonur və ya gilas rəngli olur. Uşaqlarda angiomalar nevus flammeus, superfisial və kavernoz hemangiomalar şəklində rast gəlinir .

Nevus flammeus (port wine stain-qırmızı ləkə). Ənsə, üz, döş qəfəsi və ətraflarda müşahidə olunur. Bəzən bu törəmələr Struge, Uiber və Kippel-Trenaunay-Uiber ilə Von Hippel Lindau sindromlarında digər qan damarları anomaliyaları ilə birlikdə müşahidə olunur. Struge Uiber sindromunda hemangioma üzün üçlü sinir şaxəsi boyunca yayılır. Ancaq vaskulyar törəmələr baş, boyun və gövdədə müşahidə olunur. Ətrafında hemiplegiya və beynin yumşaq toxumalarında angioma olduğuna görə ocaqlı və Jekson tipli epilepsiyası müşahidə oluna bilər. Adətən mental retordasiya müşahidə olunur. Buphthalmos (uşaqlıqda gözdaxili mayenin artması ilə əlaqədar gözün həddən artıq böyüməsi), megacornea və hirdoftalmus-dan ibarət müxtəlif göz patologiyaları müşahidə olunur.

Klippel-Trenaunay-Uiber sindromu (hemangioektatik hipertrofiya) zamanı dərində yerləşən varikoz və arteriovenoz fistulalardan ibarət kapilyar və kavernoz hemangiomalar müşahidə olunur.

Von Hippel Lindau xəstəliyində retina angiomaları və beyincikdə kistalar rast gəlinir.

Xalq arasında “gül ləkəsi” kimi adlandırılan nevus flammeus törəmələri dəridə qabarıqlıq yaratmırlar və adətən, böyümürlər. Histopatologiyasında dermanın kapillyarlarının dilatasiyası müşahidə olunur. Bu dəyişikliklər və kapillyar genişlənmələr adətən, 10-15 yaşlı uşaqlarda rast gəlinir. Cinsi inkişaf dövründə bu kapilyar hemangiomaların böyüməsi davam edə bilər.

Müalicsiində döymə aparan piqment inyeksiyaları tətbiq olunur.

Kapillyar hemangiomalar (strawberry mark, superficial hemangioma). Döş qəfəsi, boyun, baş və ətraflarda parlaq qırmızı, bənövşəyi, palpasiyada yumşaq düyün şəkilli strukturdur. Həyatın müxtəlif dövrlərində dəri angiomaları spinal xorda atriovenoz anomaliyaları ilə birlikdə müşahidə olunur. Uşaqlarda törəmələr döğuşdan sonra müşahidə olunur və ölçüləri 6-12 ay ərzində böyüyür. Törəmələrin bir hissəsi sonrakı 2-7 il içində spontan involyusiyaya uğrayaraq kiçik bir çapığa çevrilir, yaxud çapıqsız sağalma ilə başa çatır. Pediatriyada 1 yaşa qədər olan uşaqlarda 10%, 1,5 yaşında olan uşaqlarda isə 1,5 % hallarda hemangiomalara rast gəlinir.

Selikli qişada olan törəmələr involyusiyaya uğramırlar və cinsi dövrdə də inkişaf edir.

Müalicə hər xəstədə fərqli aparılmalıdır. Çıxarılması mümkün olan kiçik törəmələri cərrahi eksizya ilə, minimum çapıqla çıxarmaq lazımdır. Periorbital, periorifisal, burun ucunda olan hemangiomalara qısa təsirli (betnasol) və uzun təsirli (triamsinolon asetat) kortikosteroidlərlə törəmə daxili inyeksiyalar yaxşı nəticələr verir. Koterizasiya və krioterapiya da bu törəmələr üçün tətbiq oluna bilər.

Kavernoz hemangiomalar. Dərialtı toxumada yerləşərək bəzən yuxarıdakı kapillyarlarla əlaqəli, sərhədli hemangioma törəmələridir. Bunlar kiçik yaşlarda ya tək, ya da Mafucci (blue rubber, blue nevus) sindromları ilə birlikdə müşahidə olunur. Maffuci sindromunda kavernoz hemangioma, disxondroplaziya müşahidə olunur. Ciddi deformasiyalarla nəticələnən ossiffikasiya defektləri müşahidə olunur. Digər sinromda isə hemangioma ilə bərabər mədə-bağırsaq traktında selikaltı törəmələr müşahidə olunur. Qanaxma müşahidə oluna bilər.

Müalicəsində mümkün olduqda eksizya, bununla əlaqədar olaraq dəri qreftləməsi aparılır. Törəmədaxili kortizon inyeksiyaları, koaqulyasiya, krioterapiya kimi müalicə metodları da tətbiq olunur.



Kasabax-Merrit sindromu (trombositopeniya ilə birlikdə hemanginoma). Nadir rast gəlinən dəri hemangioması olub trombositopeniya, purpura, anemiya, qanaxma və koaqulyasiya qüsurları ilə birlikdə rast gəlinir. Doğuşdan 4 ay sonra uşaqlarda müşahidə olunur, daha sonra hemangioma inkişaf edir. Cərrahi eksizya, sistemli kortikosteroidlər, trombosit infuziyası effektli təsir göstərir.

Hemangiomaların bir variantı da hiperkeratotik hemangiomalardır. Bu angiokeratoma müəyyən xüsusiyyətlərə malik olub, “corporis circumscriptum”dan fərqlənir və verrukoz hemangioma adlandırılır. Böyük yaşlarda da müşahidə olunuraq ətraflara yayılır, ayyaqqabı geyinməni çətinləşdirir.



Piogenik qranuloma (granuloma telangiectaticum). Anamnezində mütləq travmanın olması, sürətli inkişaf edən, vaskulyar, qanayan törəmələrdir. Adətən, üz, döş qəfəsi və barmaqlarda müşahidə olunur və 1 sm-dən kiçik olurlar.

Biopsiya apardıqdan sonra küretaj və koaqulyasiya, yaxud eksizya, nadir hallarda isə şüa terapiyası aparılır. Çapıqlaşma və residiv ola bilər.



Nevus araneus (spider telangiectasis - horümçək teliangioektaziya). Kapillyar hemangioma növünə daxildir. Bu, mərkəzində ana damar, ətrafında isə xırda, nazik damarlardan əmələ gələn bir törəmədir. Uşaqlarda və böyüklərdə, adətən, üz, döş qəfəsi və yuxarı ətraflarda müşahidə olunur. Pulsasiya müşahidə olunur. Hamiləlikdə və qaraciyər sirrozunda müşahidə oluna bilər.

Qlomus şişi. Bu şişlər vaskulyar kanallardan və mielinsiz sinir liflərindən inkişaf edir, çəhrayı bənövşəyi rəngdə olur, 0,1-2 sm ölçüdə olmaqla tək və ya polimorf qurluşa malikdirlər. Polimorf qurluşa mailk olanlar autosom dominant keçir və uşaqlarda daha çox rast gəlinir. Tək şişlər barmaqlarda, qulaqlarda, baş və boyunda olmaqla, təzyiq və tempratur dəyişikliyinə həssas, ağrılı olurlar. Polimorf struktura malik olanlar, adətən, ağrısız olub, klinik olaraq hemangiomalara oxşar olurlar.

Tək strukturlu şişlərin dərinin “glomus body” Suquet-Hayer kanalından inkişaf etdiyi zənn edilir. Törəmələr xoş xassəli olub eksizya ilə müalicə olunur. Törəmə tam eksizya edilməzsə residivlər ola bilər.



Hemangioperisitoma. Kapillyarların bazal membranından xaricdə yerləşərək Zimmerman perisitlərindən inkişaf edir. Omentum, diafragma, sidik kanalı, qalça və perikardda müşahidə olunur. Metastazlar ola bilər, adətən, uzun müddət ərzində yavaş-yavaş inkişaf edir.
Limfangiomalar
Limfangiomalar xoş və bəd xassəli olmaqla iki yerə bölünür. Xoş xassəli limfangiomalara limfangioma simplex, limfangioma cutis circumscriptum, limfangioma cavernosum, limfangioma cysticum colli və limfaektaziyalar aiddir.

Limfangioma simplex. Tək düyün və ya qrup halında müşahidə olunur. Düyünlər boz çəhrayı rəngdə olub, cinsiyyət üzvlərində, dodaqlarda və dildə rast gəlinir. Bu strukturlar makroqlossit və makroxeylitə qədər inkişaf edib, böyüyə bilirlər. Histoloji kəsiklərdə endotelə çevrilmiş boş və ya limfa olan damarlar müşahidə olunur.

Limfangioma cutis circumscriptum. Üz, sinə və ətraflarda müşahidə olunan verrukoz, müxtəlif rənglərə malik düyünlərdən ibarətdir. Mikrposkopda epidermisə yaxın dilatasiya etmiş limfa damarları müşahidə edilir. Törəmənin üzərindəki dəri atrofik, akantotik (akantoz - epidermisin tikanlı hüceyrə təbəqəsinin qalınlaşması şəklində dəri xəstəliyidir) və hiperkeratotik ola bilər.

Limfangioma cysticom colli: Adətən, submaksilyar və boyun nahiyyəsində müşahidə olunur. Histoloji olaraq limfangioma kavernasına bənzəyir. Anadangəlmə ola bilər, amma xəstələrin 90%-də iki yaşında müşahidə olunur. Hiqroma parotid və orta divara qədər şaxələnə bilir. Kistik limfoma oma, qalça və budun içəri səthlərində də müşahidə olunur.

Limfangiomaların müalicəsi cərrahi eksizyadır. Tam olaraq çıxarılması məsləhətdir. Yüksək residiv riski vardır. Böyük eksiziya sahələrinə qreft köçürmək məsləhətdir. Sümük açıq qalarsa, fleblə bağlanmalıdır.
Sinir toxumasının şişləri
Qranulyar hüceyrəli mioblastoma. Qranulyar sitoplazmalı hüceyrələrdən inkişaf edən şişlərdir. Dildə daha çox müşahidə olunurlar. Müxtəlif daxili orqanlarda da rast gəlinir. Bu şişlər Şvan və ya fibrosit, yaxud fibrohistiositik hüceyrələrdən inkişaf edir. Bu törəmələrin neoplastik olmayıb, reaktiv olduqları zənn edilir. Metastaz verən nadir forması Şvannoma kimi tanınır.

Komplekt olduqda eksizya məsləhət görülür.



Nevosellulyar xallar və piqmentləşmiş törəmələr
Çillər (ephelides). Əsasən gənc yaşlarda günəş şüalarına məruz qalan nahiyələrdə müşahidə olunur. Autosom dominant yolla keçmələri zənn edilir. Çillərdə melanosomların miqdarı az olur, ancaq qarabuğdayı insanlarda melanasomlara oxşar formada görünür. Melanosomlar ətraf toxumaya nisbətən günəş şüalarının təsirindən daha sürətli melanin əmələ gətirirlər. İşıq mikroskopunda epidermal piqmentasiya müşahidə olunur.

Müalicə:



  1. Səthi kimyəvi destruktiv metodlar (50-50% trixlorsirkə turşusu)

  2. Kriodestruktiv metodlar (maye azot və karbon qazı)

  3. Səthi dermobraziya

Günəş şüalarının təsirindən nəticələr müxtəlif ola bilər. Əvvəlcə kiçik bir nahiyyədə sınaq aparılmalıdır.

Lentingo. Bunlar, adətən, kobud, sirkulyar və ya polisiklik, sərhədli, düz, piqmentli törəmələrdir. Törəmələr bir-birinə birləşərək qarışa bilər. Uşaqlarda da müşahidə oluna bilər. Peuts-Yegers kimi sindromlarla birlikdə müşahidə olunur.

Günəş şüalarının təsirindən melanositlərin çoxalmasının patogenetik əhəmiyyəti haqqında mülahizələri mövcuddur. Mikroskopda uzanmış hörümçək toruna bənzər qabarcıqlar, çoxalmış melanositlər müşahidə olunur.

Sərhədsiz strukturu olan seboreyalı keratozların səthi düz forması və Hatçinson melanotik çillərindən fərqləndirilməlidir. Müalicə maye azot və monopolyar intervallı qığılcımlarla koaqulyasiya etməklə aparılır.

Nevus cell xalı. Bu xalların üç böyük kategoriyası vardır: junction (düyünlü), compound (qarışıq) və intradermal. Compound xallar bir qədər qabarıq olur. Junction xallarının mərkəzi hündür, periferiyası isə piqmentasiyalı olur. Ziyilvari piqmentasiyalı xalların 75%-i junction tipdədir. Yaşlılarda isə yarımkürə şəklində olan xalların çoxu intradermaldır. Piqmentli papillomalar da intradermaldır.

Xal hüceyrələrinin epidermal və ya sinir mənşəli olduqları haqqında fərziyyələr vardır. Junctioncompound xalların maliqnizasiya riski vardır. Ayaqda, cinsiyyət üzvlərində, əl və dizin aşağı nahiyələrində çox vaxt junction xallar olduğu üçün eksizya aparılmalıdır. Maliqnizasiya transformasiyası riski olduğundan, mümkün qədər total eksiziya biopsiyası aparılmalıdır. Bəzən tüklü piqmentli xallarda follikulit nəticəsində dəyişikliklər olur. Bunlar müalicə edildikdən sonra konservativ eksizya, biopsiya və ya koaqulyasiya aparılır.

Tüklü və ya tüksüz xallarda eksizya ən yaxşı müalicə metodu sayılır. Amma əvvəlcə epilyasiya, sonra xalın əsasından eksizya və əsasın koaqulyasiyası aparılır. Sonuncu metod polimorf intradermal xallarda da istifadə oluna bilər.

Giqant piqmentli xal (bathing trunk nevus). Böyük nahiyyələri əhatə edən anadangəlmə piqmentli xallardır. Uşaq böyüdükcə törəmələr qalınlaşır, verrukoz və tüklü olur. Bəzi məlumatlara görə 10% hallarda bədxassəli melanomaya çevrilə bilər. Kəllədaxili melanisitoz, spina bifida, meningiosellər, lipomalar və neyrofibromatoz ilə birlikdə rast gəlinə bilər. Lever-ə görə bu xallar üç cür hüceyrədən təşkil olunur: 1) nevosellulyar xal hüceyrələri, 2) neyroid xal hüceyrələri, 3) blue (mavi) xal hüceyrələri. Törəmənin hissələri xoş xassəli yuvenil melanoma patologiyasını təqlid edir. Bu müşahidə olunduqda törəmənin daxilinə doğru melanoma inkişaf edir.

Blue (mavi) xal. Mavi, ağ, qəhvəyi rəngli papilyar törəmələrdir. Common (qarışıq) və sellulyar qurluşlu olmaqla iki formada rast gəlinir. Əsasən, əl və ayaq səthlərində, bəzən isə qalça və üzdə müşahidə olunur.

Dermanın orta aşağı kəsiyində, uzanmış, yastılaşmış, tikanlı melanosit və melanofaqlardan ibarətdir. Tək strukturlu tipdə daha böyük hüceyrə adacıqları müşahidə olunur. Sellulyar tip dərialtı piy toxumasına qədər çata bilər. Bu tipdə maliqnizasiya çox az hallarda müşahidə olunur. Blue nevus bəd xassəli melanoma ilə qarışdırıla bilər.

Müalicə eksizyadan ibarətdir. Dərin törəmələrdə eksizya zamanı diqqətli olmaq lazımdır.

Halo (parıltılı) xal. Ətrafı leykoderma olan bir nahiyənin mərkəzində nevus cell xalı olur. Bəzən zaman keçdikcə bu hüceyrələr də depiqmentasiyaya uğrayır və xal yox ola bilər. Adətən kürəkdə müşahidə olunur. Kliniki olaraq bəd xassəli melanomalardan fərqləndirilməlidir. Törəmənin mərkəzində adətən xal olur, amma bəzən mavi xal, neyrofibroma və ya bəd xassəli melanoma ola bilər.

Histopatologiyasında epidermis-derma birləşməsində və dermada nevus hüceyrələri və ətrafında limfositlərə, histiositlərə bənzər hüceyrələr müşahidə olunur. Elektron mikroskopda dofa (-) epidermal clear hüceyrələr (Langerhans) hüceyrələri tapılır.

Müalicəyə ehtiyac yoxdur, maliqnizasiya təhlükəsi varsa, eksizya edilməlidir. Kosmetik məqsədlə hipopiqmentasiya nahiyəsini də çıxarmaq olar.

Xoş xassəli yuvenil melanoma - adətən, uşaqlarda müşahidə olunur. Compound xallara bənzəyirlər, melanomaya oxşamaları ilə klinika əhəmiyyət kəsb edirlər. Qurluşuna görə möhkəm, çəhrayı, qırmızı, bənövşəyi, tüksüz və ya kəpəkli bir düyündür. Verrucoz da ola bilər.

Patohistoloji araşdırma aparmaq üçün konservativ eksizya aparılır.



Dərinin döymələri (tatoo). Bunlar şişlərə aid deyil. Səthi aparılmış döymələr dermobraziya, dərində olsa, eksizya məsləhət görülür.

Ksantomatozlar. Bu törəmələr sarı rəngdə, qabarıq, düyün və ya papilyar törəmələrdir. İri və normal qan lipidlərinə görə təsnif olunur. İri molekullu lipidlərlə birlikdə olanlar corum, yuvenil, tuberosum multipleks ksantomatozları və ksanhelazmalardır. Normal lipidlərlə birlikdə olanlara ksantalezma disseminatum-u misal göstərmək olar.

Bu müxtəlifliyə baxmayaraq, histoloji qurluşunda kəskin fərqləri yoxdur. İzolyasiya olmuş və ya birləşmiş lipid histiosit fokusları müşahidə olunur. Limfosit, eozinofil və giqant hüceyrələr də müşahidə olunur.



Ksantoma (ksantalezma) palbebrarum göz qapaqlarında müşahidə olunur. Bunlar kosmetik qüsur yaratdıqları üçün eksizya aparılır. Kstantoma diabetikum, adətən diabetiklərdə müşahidə olunur. Törəmələr ovuc səthində və ayağın əsasında müşahidə olunur. Yuvenil ksantoma idiopatik hiperxolesteremiya ilə bərabər olur. Bu törəmələrin yox olmaları haqqında məlumat olsa da, böyük ölçüdə olanlar davamlılıq göstərirlər. Ksantoma disseminatum nadir forma olub, ailəvi, yaxud hiperxolesterimiya ilə əlaqəli deyildir. Törəmələr dəri və selikli qişalarda, ətrafların bükücü səthində və qoltuqaltı büküşlərdə müşahidə olunur. Kosmetik və ətraflarda funksiya pozğunluğu olduqda cərrahi müalicə aparılaraq eksizya edilir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin