AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Plastik və Rekonsrtruktiv Cərrahiyyənin taktikası



Yüklə 1,26 Mb.
səhifə3/28
tarix25.11.2016
ölçüsü1,26 Mb.
#37
1   2   3   4   5   6   7   8   9   ...   28


Plastik və Rekonsrtruktiv Cərrahiyyənin taktikası


Deformasiyanın müayinəsi və dərəcəsi. Düzgün bir diaqnoz yalnız ətraflı müayinənin köməyi ilə qoyula bilər. Anamnez də son dərəcə vacibdir. Əmələ gəlmiş şəkil dəyişkənliyi, toxuma itkisi, funksiya azalması tam olaraq təyin edilməli, xəstənin yaşı, fiziki və ruhi vəziyyəti, təhsili və sənəti nəzərə alınmalıdır. Buna görə də bəzi xəstələrdə tez nəticə verən sadə metodlar, bəzi xəstələrdə isə çox vaxt aparmasına baxmayaraq effektiv metodlar seçilməlidir. Bir nahiyədəki deformasiyanı düzəldən zaman donor sahədə daha kobud bir deformasiya əmələ gətirməməyə çalışmaq Plastik cərrahiyyənin əsas prinsiplərindən biridir. Vacib şərtlərdən biri də xəstənin bu əməliyyatı istəməsi və həkimə yardımçı olmasıdır. Ümumiyyətlə, zəka və təhsil səviyyəsi uyğun olmayan xəstələr uzun müddət ağırlaşmalı əməliyyatlara dözə bilməzlər.

Müalicə planı. Bir çox mürəkkəb metodlardan ibarət olan əməliyyatların texnikasını seçmək çətindir. Məsələn toxumanın sürüşdürülməsi ilə sərbəst yerləşdirmə arasında, dərialtı dəri qrefti ilə piy və fassiya yerləşdirilməsi arasında, sümük və qığırdaq toxumaları arasında, auto və ya allo transplantlar arasında qərar vermək bəzən olduqca çətindir. Tələsərək qərar vermədən hər nöqtəni dəqiqliklə düşünmək Plastik Cərrahiyyədə uğur gətirən açarlardan biridir. Gözlə və gör, yaxud aç və gör prinsipləri də plastik cərrahiyyədə çox tətbiq edilir və bundan sonra rekonstruksiya üçün lazımlı əməliyyat texnikası seçilir. Qüsur tam olaraq meydana çıxdıqdan sonra vəziyyətə görə əvvvəlcədən düşünülmüş və bu qüsuru gizlədəcək metodlardan ən uyğun olanı seçilir. Əməliyyatdan əvvəl qüsurun meydana gələcəyi sahəni dəri üzərində çəkərək tam bir fikir söyləmək çətindir. Lazımlı ölçmələr sabit sümük çıxıntıları arasında edilməlidir. Lakin nahiyyənin ölçüsü məlum olduqdan sonra bunun loskut və ya dəri qrefti ilə örtüləcəyinə qərar verilir. Əgər loskut köçürüləcəksə, ölçülərə görə götürülən loskut mobilizə edilir və qüsur bağlanır. Bəzi xəstələrdə isə yaranacaq qüsurun böyüklüyü tam olaraq təxmin edilə bilmir. Məsələn, yanıq nəticəsində boyunun ön hissəsində əmələ gələn çapıq toxumalarına görə çənə demək olar ki, döş sümüyünə yapışır, aparılan kəsikdən sonra meydana çıxan qüsur 12-20 sm enində və 15-25 sm uzunluğunda olacaqdır. Bu qüsurun ən azı Padget və digər növ dermatomlarla alınmış iki ədəd qreftlə bağlanması məsləhətdir.

Əməliyyatın planlanlaşdırılması. Hər şeydən əvvəl çox diqqətli bir klinik müayinə aparmaq lazımdır. Facial xəstələrdə, standart pozisiyaya uyğun tərəfdən və yandan çəkilmiş şəkillər götürülməlidir. Hər iki tragusu birləşdirən Frankford horizontal xəttiylə vertikal (trichion-menton) xətti üzü dörd eyni hissəyə bölür. Üzün böyük deformasiyalarında əməliyyatdan əvvəl üzün qəlibi də götürülməidir. Sümük deformasiyalarında orthopanthomogram və kompyuter tomoqrafik tədqiq çox faydalıdır. Əksər xəstələrdə qrup halında işləməyə ehtiyac olur və bir çox xəstədə stomatoloq, ortoped, neyrocərrah, uşaq cərrahı, uroloq, rentgenoloq kimi mütəxəssislərə ehtiyac olur.

Əməliyyat zamanı. Anadangəlmə deformasiyalar rekonstruktiv cərrahiyyədə bir çox problemlər törədir. Bunlardan ən əsası yaş problemidir. Hansı yaşda hansı əməliyyatın ediləcəyinə qərar vermək də vacibdir. Məsələn, bəzi cərrahlar yeni doğulmuş dodaq yarığı olan bir körpəni hələ xəstəxananı tərk etməmiş, doğumdan sonrakı bir neçə gün ərzində əməliyyat edirlər. Lakin bir çox plastik cərrahlar bu işi üç və ya dördüncü ayda etməyi üstün tuturlar. Damaq yarığı əməliyyatını isə 10-12-ci ayda edirlər, bu yaşda xəstənin əməliyyata dözümünün artması, ağız quruluşunun böyüməsi cərrahın rahat işləməsini təmin edir və alınan nəticələr daha yaxşı olur. Hipospadiya və qulaq deformasiyalarının bərpası məktəb yaşına qədər edilməlidir. Əks təqdirdə bu uşaqlar məktəbdə yoldaşlarının təhqirlərinə məruz qalır və bu da uşaqda psixoloji travma yaradır. Vagina atreziyası və ya ageneziyası olan xəstələrdə isə əməliyyat ailə qurmağa az qalmış edilməlidir, daha əvvəl düzəldilən vagina normal evlilik həyatı olmadıqda büzüşür, əməliyyat erkən edilərsə tez-tez vaginal protez istifadə etməli olurlar. Burun estetik əməliyyatları (rhinoplasty) da burun tam olaraq inkişaf etdikdən sonra edilməli, 18 yaşına kimi gözlənilməlidir.


Bəd xassəli şiş olan xəsətələrdə isə vəziyyət tamam fərqlidir. Xərçəngin radikal əməliyyatı ön planda olmalı və meydana çıxacaq deformasiya ikinci planda olmalıdır. Məsələn, kiçik bir melanoma kəsilib çıxarılmasından sonra meydana çıxan 8-10 sm ölçüsündəki qüsur üzərinə qoyulan qreft eybəcər bir yamaq kimi nəzərə çarpsa da, bu cür geniş kəsik bu günün tələbləri üçün vacibdir.

Travmaların ən yaxşı müalicəsi yaralanmadan dərhal sonra edilməsidir. Avtomobil qəzalarından sonra meydana gələn böyük və parçalanmış üz yaralarının müalicəsi diqqətli olaraq ilk seansda edilməlidir. Diqqətsiz və əhəmiyyət vermədən qoyulan kobud tikiş xəstənin üzünda çox eybəcər yara izləri meydana gətirir və bir müddət sonra bu izlərdən azad olmaq istəyən xəstə ikinci bir əməliyyata məruz qalır. Bu baxımdan üz yaralarına xüsusi əhəmiyyət verilməli, yaralar qəzadan dərhal sonra plastik cərrah tərəfindən tikilməlidir. İnfeksiyalaşmış qüsurların loskutlarla örtülməsinə yol verilməməlidir (meydana gələ biləcək infeksiya nəticəsində köçürülən loskut itirilə bilər) . Bu cür xəstələrdə qüsur əvvəlcə nazik və ya orta qalınlıqlı bir dəri parçası ilə örtülməli, sağaldıqdan sonra ikinci bir əməliyyatla loskut köçürülməlidir.



Plastik cərrahiyyədə əməliyyatın texnikası

Uyğun istiqamətdə lazımlı uzunluqdakı dəri kəsiyi, incə uclu alətlərlə edilən çox diqqətli hemostaz, toxumaların canlılığına zərər vermədən ediləcək müayinə və disseksiya plastik cərrahiyyə texnikasının əhəmiyyətli nöqtələridir. Uğursuz nəticənin ən böyük səbəbi hematomadır. Bu mövzuda ən təsirli üsullardan biri hemostazın elektrokaoqulyasiya ilə aparılmasıdır.



Tikiş. Dərinin tam olaraq qarşı-qarşıya və eyni sahəyə gətirilməsi, tikiş materialının uyğun qalınlıqda olması tikişin kəsik kənarına yaxın və dəriyə vertikal olaraq keçirilməsi meydana gələ biləcək çapıq ehtimalını azaldır. Fasiləli tikişdən istifadə olunması da uğur əldə edilməsində rol oynayır. Plastik cərrahiyyədə intradermal, davamlı matress, horizontal matress, çəkilib çıxarıla bilən intradermal və hemostatik tikişlərdən müxtəlif nahiyyələrdə istifadə olunur.

Kəsik xətti az nəzərə çarpan olunmalıdır, məsələn, intranazal və intraoral kəsiklər. Bu zaman dermanın içindəki fibroz lentlərin meydana gətirdiyi və üz qırışlarını əmələ gətirən Langer xəttləri boyunca aparılan kəsiklər seçilməlidir. Bu xətlərdə gərginlik minimumdur və bu az gərginlikli xətlər Plastik Cərrahiyyədə hər zaman axtarılan ideal kəsik nahiyələridir.

Langer xətləri boyunca aparılan kəsiklər tikildikdən sonra tikişlərdə və dəridə artıq bir gərginlik olmadığına görə, çapıq az əmələ gəlir. Langer xətlərinə şaquli istiqamətdə, yaxud dərinin gərgin olduğu nahiyələrdə olduqda, eləcə də dərinin mütəhərrik olduğu oynaqlar üzərində aparılan kəsiklərdən sonra tikiş texnikasına nə qədər diqqət edilsə də, xüsusən, gənclərdə arzuedilməz çapıq formalaşması, hipertrofik çapıq, hətta keloid meydana çıxır. Dərinin rəngi tündləşdikcə hipertrofik çapıq və keloid yaranması riski artır.

Sıxıcı sarğı. Bu sarğı boşluqları doldurmaq, hematoma yaranmasının qarşısını almaq, qoyulan parçaların yerlərindən sürüşməməsi və rekonstruksiya edilən hissələrin formalarının pozulmamasını təmin etmək üçün istifadə olunur. Burada diqqət yetirilməli olan ən əsas xüsusiyyət sarğının qan dövranına zərər verməyəcək dərəcədə möhkəm olmasıdır. Şübhəli xəstələrdə dəri rəngi və qan dövranı hər saatdan bir kontrol edilməlidir. Diqqətsizlik nəticəsində geri dönməyən qanqrena və nekrozlar meydana çıxa bilər. Dəri qrefti köçürülən xəstələrdə diqqətli qoyulan bir sarğı texnikası əməliyyatın ən önəmli hissələrindən biridir. Bəzi xəstələrdə isə sarğının olmaması epitelizasiyanı sürətləndirir. Məsələn, dərin cızıqlar və səthi yanıqlarda açıq müalicə metodları tətbiq olunur. Belə yaraların üzərinə qoyulan sarğılar yara səthinə yapışaraq sarğının dəyişdirilməsi zamanı yeni yaranmış epiteli qopardaraq sağalmanı gecikdirir. Ümumiyyətlə, qan dövranını dayandıracağı üçün loskutların üzərinə sarğı qoyulmur, bunların üzərinə yaraya plastik qoruyucular istifadə olunur və açıq saxlanılır, ya da elastik bir sarğı plastır istifadə olunur.

Dərisiz sahələr. Hər hansı bir dərisiz sahə dəri qrefti iə örtüldüyü zaman yara yığılmağa başlayır və qüsur özü özünü bağlamağa çalışır. Əgər sahə böyükdürsə, örtülmənin, başqa sözlə desək kənardan olan epitelizasiyanın sürəti ilk həftələrdən sonra getdikcə azalır, sonra isə dayanır. Bu sahə bəzən illər boyu açıq qalır, üzərində qranulyasiya toxuması inkişaf edir. Əgər infeksiya da qoşularsa, büzülmələr olur və bəzən də uzun illərdən sonra bu sahədə Marjolin xorası adlanan xərçəng meydana çıxa bilir. Marjolin xoraları çapıq toxumasının daxilində qaldıqları müddətdə yavaş-yavaş inkişaf edən xərçənglərdir, təhlükəsiz kimi qəbul edilirlər. Lakin limfa və qan damarlarının olduğu sahələrə çatdığı zaman sürətlə regional limfa vəzilərinə yayılır və metastaz verirlər.

Çapıqlar. Xüsusilə üzdə kontrol edilməyən yaralar, öz-özünə bitişdikləri zaman yığılmaya səbəb olur və çox pis çapıq toxuması yaradır. Əgər xəstələr gec müraciət edərlərsə, meydana çıxmış çapıq Z-plastika ilə düzəldilir. Beləliklə sahədəki dartılma və təzyiq aradan qaldırılır. Bəzən də böyük olan çapıq kəsilib çıxarılır və qalan hissə W-plastika ilə bağlanılır.

Bəzən düzgün xətt üzərində aparılan kəsiklər də uğursuz olur. Yaranın sağalması müddətində qaçılmaz bir yığılma əmələ gəlir, uzunluğu istiqamətində ətrafının funksiyasını məhdudlaşdırır və eybəcər bir görüntü yaradır. Bu çapıq xətti də bir çox Z- və W-plastikalarla rekonstruksiya edilir.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin