AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Plastik və Rekonstruktiv Cərrahiyyədə implantların istifadəsi



Yüklə 1,26 Mb.
səhifə4/28
tarix25.11.2016
ölçüsü1,26 Mb.
#37
1   2   3   4   5   6   7   8   9   ...   28





Plastik və Rekonstruktiv Cərrahiyyədə implantların istifadəsi


Bir çox alloplastik materiallar, məsələn, vitallium, paslanmayan polad, boplant, teflon, dakron və s. cərrahiyyədə müxtəlif toxumaların bərpasında uzun illər istifadə olunmuşdur. Lakin bunların heç biri Plastik Cərrahiyyədə tam olaraq istifadə oluna bilmədi. İdeal bir implantda lazım olan xüsusiyyətlər - toxuma yumşaqlığında olması, allergiya, yad cisim reaksiyası yaratmaması, kimyəvi təsir və ya aktivliyinin olmaması, kanserogen olmaması, travma, temperatur və sterilizasiyaya davamlı olması, forma verilməsinin asan olmasıdır. Lazım olan bütün bu xüsusiyyətləri özündə birləşdirən silikon törəmələrin istifadəyə başlaması ilə Plastik Cərrahiyyənin rekonstruksiya sahəsi çox inkişaf etmiş və eyni zamanda rekonstruksiyalar çox asanlaşmışdır.



Ticari adı “Silastic” olan bu implant, son illərdə getdikcə daha çox istifadə olunmağa başlanmış və bu mövzuda çoxsaylı məqalə dərc olunmuşdur. Silastic – maye, gel, süngər, incə təbəqə, blok formalarında, müxtəlif qatılıq dərəcələrində və xüsusi implantlar şəklində emal edilə bilir. Silastic implantların istifadə sahələri aşağıdakılardır:

  • Burunda: Ortası çökək burunlarda düzgün burun beli yaratmaq, basıq burunlarda isə burun ucunu qaldırmaq və kiçik sütunu uzatmaq məqsədilə istifadə olunur.

  • Qulaq seyvanı: Qulaq seyvanının anadangəlmə və ya travmatik, tam və ya qismən yoxluğunda, qulaq seyvanı qığırdağı formasında düzəldilmiş xüsusi implantların köməyilə qulaq seyvanı rekonstruksiya edilir.

  • Göz yuvası çuxurunun sınıq və deformasiyaları: Sınıq nəticəsində çökən çuxur qoyulan sərt silastic implantların köməyilə düzəldilir və yaranmış olan forma pozulması və diplopiya aradan götürülür.

  • Almacıq sümüyü: Köhnə və çıxarılmamış çökük sınıqlardan meydana çıxan deformasiyaların düzəldilməsi üçün müxtəlif ölçülərdə hazır almacıq implantları istifadə olunur.

  • Əng sümüyü (maksilla): Anadangəlmə hipoplastik maksilla və ya travmatik maksilla çökmələri zamanı bu deformasiyanı düzəltmək məqsədiylə və kəllə sümüklərindəki çökmələrdə, qəza və ya əməliyyat nəticəsində yaranan qüsurları aradan götürmək üçün sərt və lövhə şəklində düzəldilmiş silastiklər istifadə olunur.

  • Dəri və dərialtı toxuma: Kiçik dəri və dərialtı toxuma qüsurları ilə fassial hemiatrofiyada piy toxuması tamam itmiş yanağı əvvəlki vəziyyətinə gətirmək üçün maye silicon istifadə olunur. Lakin Amerikada maye silikonların əlavə məqsədlərlə istifadə olunması nəticəsində mənfi nəticələr meydana çıxmış və buna görə də satışına məhdudiyyət qoyulmuşdur.

  • Udlaq: Yumşaq damağın qısa olması və ya nasofaringeal pozğunluğu olan xəstələrdə faringoplastika məqsədilə istifadə olunur. Burada istifadə olunacaq gel, süngər və ya qatı silastik udlağın arxa divarındakı selikli qişanın altına yerləşdirilir.

  • Süd vəziləri: Silastik implantların ən çox istifadə olunduğu yer süd vəziləridir. Silastik süd vəzi protezləri çox müxtəlif ölçü və formada olub, süd vəzi toxumasının təbii ağırlığı və yumşaqlığına uyğundur. Anadangəlmə süd vəzisi ageneziyasında və ya süd vəzisi şişlərinin çıxarılmasından sonra yaranan asimmetrik süd vəzilərinin düzəldilməsi, kiçik süd vəzilərinin böyüdülməsi və sallaq süd vəzilərinin qaldırılması məqsədilə istifadə olunur. Kiçik bir kəsiklə aparılması və əməliyyatın demək olar ki, heç bir iz qoymaması bu tip əməliyyatları çox məşhurlaşdırmışdır.

  • Cinsiyyət orqanları: Ereksiya problemi olan kişi cinsiyyət üzvündə, xüsusilə, paraplegiyalı gənc xəstələrdə kişi cinsiyyət üzvünün daxilinə yerləşdirilən və ya şişirdilə bilən tipdə bir implant bu xəstələrə çox kömək edir və cinsi əlaqəni asanlaşdırır. Həmçinin diabet və yaşlılıq nəticəsində yaranan ereksiya pozulmalarında da bu implantlar uğurla istifadə olunur. Lazım gəldikdə orxiektomiyadan sonra xüsusi silastik xaya implantları da scrotum içərisinə yerləşdirilir.

  • Oynaqlar: Əl və barmaq oynaqlarının funksiya pozulması zamanı (əsas səbəb revmatik xəstəliklərdir) işləməyən oynaqlar çıxarılır və yerinə siliastik oynaqlar yerləşdirilir.

  • Həmçinin, son vaxtlarda tətbiq edilən dəri və toxuma genişləndiricilərinin açıq yaraların bağlanılmasında, alopesiyaların müalicəsində istifadəsi uğurlu nəticələr verməkdədir.

Silikon törəmələrinin üzərində aparılan işlər hələ də sürətlə davam edir və hər gün implantasiyaya yararlı yeni bir silikon törəməsi və modeli yaranır. Beləliklə, Plastik və Rekonstruktiv Cərrahiyyə dayanmadan yeni implantasiya və rekonstruksiya imkanları əldə edir.




I fəsil. Plastik Cərrahiyyədə təməl prinsiplər

Hər hansı bir törəmənin çıxarılmasından sonra əmələ gələn çapığın görünüşünə təsir edən bir çox amillər var. Bunlara xəstənin yaşı, kəsik aparılmış bədən nahiyəsi, dərinin növü, infeksiya kimi ağırlaşmalar, eləcə də atravmatik manipulyasiya texnikasının tətbiqi aiddir. Toxumaların qorunması atravmatik texnikanın təməl prinsipdir. Toxuma zədələnməsinin nəticəsi nekroz olduğuna görə, infeksiyanın inkişafı üçün münbit şəraitin yaranması daha çox çapıq yaradır. Pinsetlə yaranacaq ən kiçik travma nəticəsində belə, damar və hüceyrələrdən interstisial boşluğa protoplazma, qan və limfa sızması müşahidə olunur olur. Bu da mikroorqanizmlərin çoxalması, sepsis və daha çox sayda hüceyrənin məhvi deməkdir. Atravmatik texnika bu travmaları minimuma endirir. Yaxşı çapıq əldə etmək üçün riayət edilməli olan qaydalar bunlardır:



  1. Sterilizasiyaya diqqət etmək. İnfeksiyalaşmış bir yaranın həmişə pis çapıq qoyaraq sağaldığını heç vaxt unutmaq olmaz. Yatrogen bir yarada infeksiya sadəcə həkimin sterilizasiya qaydalarına diqqət etməməsi nəticəsində meydana çıxır.

  2. Küt travmadan daima qaçılmalı, kəskin alət istifadə olunmalıdır. İstifadə olunan skalpel, qayçı, iynənin kəskin olması daha az hüceyrə məhvi deməkdir. Dəri və dərialtı bağlanarkən xüsusilə dişli pinset istifadə olunmalıdır.

  3. Yara daxilində yad cisim unudulmamalıdır. Yara içərisində qalan ölü toxumalar və yad cisimlər daim infeksiya mənbəyidir. Bu səbəbdən yara bol serum, fizioloji məhlul və ya ringer məhlulu ilə yuyulduqdan sonra ölü toxumalar diqqətli bir cərrahi işlənmə ilə yaradan kənarlaşdırılır. Hemostaz zamanı böyük bağlamalardan və lazımsız koaqulyasiyadan çəkinmək lazımdır.

  4. Kəsik səthləri düzgün və dəriyə şaquli olmalıdır. Dəri ilə iti və açıq bucaq yaradan kəsiklərdə daha böyük bir çapıq əmələ gəlir. Bu dermal çapıq büzüşdükdə dəri səthindən bayıra çıxan bir çıxıntı əmələ gəlir. Eyni şəkildə bir neçə dəfəyə aparılan kəsiklər eyni xətt üzərində ola bilməyəcəyinə görə səliqəsiz və böyük bir çapıq meydana çıxar.

  5. Aparılan kəsik dəri xəttlərinə paralel olmalıdır. Dəri xəttləri, adətən, əzələlərin uzun oxlarina şaquli olur və əzələlərin yığılması ilə daha aydın nəzərə çarpır. Xüsusilə, üzdə bir kəsik aparılan zaman xəstənin həmin nahiyədəki mimiki əzələlərini işlədəcək bir hərəkət etməsini istəyərək aparacağımız kəsiyi yaranan dəri xəttinə paralel planlaşdırmağımız ən yaxşı üsuldur. Aparılacaq kəsik bədənin başqa nahiyyələrindədirsə, həmin hissənin bükülməsi və açılması ilə dəri xətlərinin istiqaməti müəyyən edilir. Qaşüstü nahiyədə və kişilərdə saqqal nahiyəsində aparılacaq kəsiklərdə kəsik dəriyə tam olaraq şaquli deyil, tük köklərinə paralel olmalıdır. Şaquli aparılan kəsiklər nəticəsində çoxlu sayda tük kökü məhv olur və böyük tüksüz nahiyədə diqqət cəlb edən bir çapıq formalaşır.

  6. Yara daxilində boşluq qalmamalı və hemostaz tam olmalıdır. Yaradan ölü toxumanın kənarlaşdırılması və ya eksiziya nəticəsində qalan boşluq dəri altına tikiş qoymaqla aradan götürülməlidir. Yaranmış qüsur tikişlə bitişmirsə, bunu dərialtını bir qədər sərbəstləşdirməklə yerinə yetirirlər. Həmin bu boşluğun daxilində qan və limfa mayesinin toplanmış olması və ya yaranmış hematomanın bakteriyalar üçün qidalı bir mühit olduğu unudulmamalıdır. Boşluq qaldıqda infeksiya inkişaf etməsə də, yaranın sağalması nəicəsində daha böyük çapıqlar və bunların yığılması nəticəsində dəridə dartılmalar əmələ gəlir.

  7. İncə və zəif reaksiya girə bilən material istifadə olunmalı və tikişlər vaxtında qoyulmalıdır. Dərialtı tikiş qoymaq lazım olduqda tez adsorbsiya oluna bilən və incə material istifadə olunmalı, lazım olduğundan artıq tikiş qoyulmamalıdır. Üzdə dərialtı üçün ən azı 4/0 qalınlıqda ketqut istifadə olunmalıdır. Üzdə dəri tikişlərinin arası 2-5mm, giriş dəliyinin yara dodağı ilə arası da 1-4 mm olmalıdır. Daha böyük və bir-birindən uzaq atılan tikişlərdə tikiş izləri daha çox olur. Üzdə tikişlər 5 günə, gövdənin ön səthi və yuxarı ətraflarda 7 günə, gövdənin arxa səthində və aşağı ətraflarda isə 10-14 günə götürülməlidir.

  8. Tikilən zaman yara kənarları qarşı-qarşıya gətirilməli və tikişlər çox sıxılmamalıdırlar. Yara kənarları qarşı-qarşıya gəlmədiyi təqdirdə açıq qalan hissədə ikincili yara sağalması hesabına kobud çapıq əmələ gələcəkdir. Yara kənarları içəriyə doğru qıvrılmış olduqda isə kobud çapıqla yanaşı, ətrafı zarla örtülmüş (inkluziyon) kistalar da meydana çıxır. Çox gərgin tikişlər dəridə qan dövranını pozaraq nekroz yaratdığı üçün tikiş izlərinin daha nəzərə çarpan olmasına səbəb olacaqdır.

  9. İşləyərkən əl əsməməlidir. Bunun üçün, məsələn, biləyi stolun kənarına söykəyib işləmək olar.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin