III FƏSİL: AZƏRBAYCANIN BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ MÖVQE SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
3.1.AZƏRBAYCANIN BƏB-də İŞTiRAKINDA HAZIR MƏHSUL İSTEHSALININ ARTIRILMASININ YERİ VƏ ROLU
BƏB-in dinamik inkişafını təmin edən forması beynəlxalq kooperasiya əlaqələridir. Ölkəmizin bu gün beynəlxalq kooperasiya əlaqələrində aktiv iştirakı isə bir sıra amillər səbəbindən əslində obyektiv zərurətə çevrilmişdir. Burada ilk növbədə onu qeyd etmək lazımdır ki, Sovet İttifaqı dövründə yeridilən siyasət nəticəsində respublikanın sənaye müəssisələrinin yalnız cüzi hissəsinin ölkə daxilində tamamlanmış texnoloji tsiklə malik olduğu üçün onların əksər hissəsi, daxildə komplekləşdirici hissələrlə kifayət qədər təmin olunmamaq şəraitində beynəlxalq kooperasiya əlaqələri qurmadan effektiv fəaliyyət göstərə bilməzlər. Ümumiyyətlə Azərbaycanın sənaye müəssisələrinin müasir dövrdə rastlaşdığı reallıqları da (hazır əmtəə istehsalı və satışı sahəsində beynəlxalq işgüzarlıq təcrübəsi az, beynəlxalq rəqabət imkanları məhdud, beynəlxalq marketinq isə yox dərəcəsindədir) nəzərə alsaq BƏB-də ölkəmizin itirilmiş mövqelərini bərpa etmək üçün ən əlverişli variant onların yaxın gələcəkdə detallar, hissələr və texnoloji əməliyyatlar üzrə ixtisaslaşmaya üstünlük vermələrindən ibarətdir.
Yuxarıda sadalanan çıxış yolu olmaqla bərabər məmulat, yarımfabrikatlar üzrə ixtisaslaşma və beynəlxalq kooperasiya əlaqələrində iştirakın milli fırmalar üçün digər mühüm əhəmiyyətə malik tərəfləri də vardır. Onları qısaca olaraq aşağıdakı kimi şərh etmək olar:
-
Tələbin dəyişməsi ilk növbədə hazır əmtəə istehlakına zərbə vurur. Bu tələb dəyişiklikləri adətən evolyusional qaydada hazır əmtəənin yalnız hər hansı bir hissəsinə münasibətdə olur. Lakin nəticədə bütün əmtəənin istehlakı aşağı düşür. Ona görə də istehlakı artırmaq üçün hazır əmtəə istehsalçısı həmin dəyişikliyi mütləq həyata keçirməlidir. Ancaq bu heç də əmtəənin istehsalında istifadə edilən bütün məmulat və qovşaqların, texnoloji əməliyyatların dəyişdirilməsi demək deyildir. Bu səbəbdən də məmulat və yarımfabrikatlar, texnoloji əməliyyatlar üzrə ixtisaslaşma zamanı tələb dəyişikliklərinə məruz qalma riski hazır əmtəə istehsalındakına nisbətən xeyli aşağıdır. Məsələn, avtomobil istehsalçısı tələbdəki dəyişikliklərə cavab verə bilmək üçün (misal üçün, tələb dəyişikliyi avtomobilin xarici görünüşündədir) araşdırmalar aparır, yeni növ avtomobil yaradır, külli miqdarda xərclər çəkərək yeni ştamplar, platformalar quraşdırır. Avtomobilin rənglənməsi texnologiyası isə eyni qalır.
-
Məmulatlar və yarımfabrikatlar üzrə ixtisaslaşma hazır əmtəə istehsalına nisbətən az investisiya qoyuluşu, texnologiya, ETT xərcləri və s. xərclər tələb etdiyi üçün kapital resurslarının məhdudluğundan əziyyət çəkən respublikamızda belə müəssisələrin təşkili nisbətən asandır.
-
Hazır əmtəə istehsalına nəzərən bu cür müəssisələrdə istehsalın texniki, texnoloji mürəkkəbliyinin nisbətən aşağı səviyyədə olmasına görə həmin firmalar dünya bazarında baş verən hər hansı dəyişikliyə çox çevik reaksiya vermək qabiliyyətinə malik olurlar.
-
Məmulatlar, qovşaqlar üzrə ixtisaslaşmaqla BƏB-də iştirak edən müəssisələrdə istehsal strukturunun nisbətən sadəliyi idarəetmə, keyfiyyətə nəzarət problemlərini universal müəssisələrə nəzərən xeyli asan və yüksək səviyyədə həll etməyə imkan verir.
-
Məmulatlar, yarımfabrikatlar üzrə BƏB-də ixtisaslaşma zamanı hazır əmtəə istehsalından fərqli olaraq, marketinq siyasəti əsasən subyektiv şəxsi fikirlərin üstünlük təşkil etdiyi kütləvi istehlakçıların deyil. Obyektiv peşəkar fikirlərin üstünlük təşkil etdiyi məhdud istehlakçıların (mühəndislər, texniki kadr heyəti üzvləri, müəssisə və s.) cəlb edilməsinə yönəldiyindən dəfələrlə az xərc tələb edir. Çünki ola bilər firmanın istehsal etdiyi hazır əmtəələr rəqiblərinkindən daha keyfiyyətli olsun. Lakin, düşünülməmiş marketinq siyasəti nəticəsində rəqiblər onu subyektiv fikirli kütləvi istehlakçılar bazarında üstələsinlər. Ancaq detallar texnoloji əməliyyatlar bazarında istehlakçılar sırf professionallar olduğundan belə halın mümkünlüyü çox cüzi səviyyədədir. Həm də qeyd etmək lazımdır ki, bu bazarda istehlakçıların sayının az olmasına baxmayaraq onların (müəssisələrin) istehlak səviyyəsi kifayət qədər yüksəkdir.
-
Hazırki dövrdə sənayedə (xüsusən maşınqayırmada) əsas meyllərdən biri hissə və qovşaqların unfikasiyasıdır. Unfikasiya müxtəlif əmtəələrdə istifadə olunan eyni məmulat və detalların, yaımfabrikatların sayının çoxaldılmasını nəzərdə tutur. Odur ki, bu tendensiya BƏB-də məmulatların istehsalı və ixracı ilə iştirak edən dünya təsərrüfatı subyektlərinin ixtisaslaşma səviyyəsinin daha da dərinləşməsinə təminat verməklə bərabər, onların bazarlarını da xeyli genişləndirir. Unfıkasiya meylinin güclənməsi nəticəsində gələcəkdə konkret məmulatın, hissənin, qovşağın bazarı və ondan hazırlanan əmtəələrin ayrı-ayrılıqdakı bazarlarından daha böyük ola bilər.
7. Respublikamızın əmtəələrinin rəqabətqabiliyyətli ola biləcəyi İEOÖ-dən çoxu öz milli istehsalçılarını qorumaq üçün hazır əmtəə idxalına yüksək səviyyəli rüsumlar təyin etmişlər. Onların səviyyələri bir çox hallarda son məhsulun dəyərinin 50-100%-i arasında tərəddüd edir. Lakin məmulatlar və yarımfabrikatlar idxalına qoyulan rüsumlar hazır əmtəəyə qoyulan rüsumlara nisbətən xeyli aşağıdır, bəzi hallarda bu məhsulların idxalına heç bir rüsum tətbiq edilmir.Ona görə də milli müəssisələrimiz həmin İEOÖ-in firmaları ilə beynəlxalq kooperasiya əlaqələrinə girməklə son məhsul istehsalı üçün zəruri olan bütün detal və qovşaqları həmin ölkəyə ixrac edər, orada yerli firmalar onun yığımını həyata keçirər.
Məlumdur ki, müasir dövrdə beynəlxalq səviyyədə tələbin ödənilməsi üçün əmtəələrin texniki-texnoloji səviyyəsi çox yüksək olmalıdır. Bu isə əmtəələrin hər hansı ayrıca bır müəssisədə kütləvi istehsalın maksimum səmərəlilik baxımından praktiki olaraq qeyri-mümkün edir. İstehsalı effektiv təşkil edə bilmək üçün müəssisələrin BƏB-də ayrı-ayrı məmulatlar, hisələr, qovşaqlar, texnoloji əməliyyatlar üzrə ixtisaslaşmaları və kooperasiya əlaqələrinə girmələri zərurət halını alır. Mövcud reallıqları nəzərə alsaq görərik ki, məhz burada Azərbaycan müəssisələri üçün həqiqətən geniş imkanlar açılır.
BƏB-də hissə, qovşaqlar üzrə ixtisaslaşmış və kooperasiya əlaqələrinə girmiş müəssisələrdə sıfırdan başlayaraq hazır əmtəə istehsal edən müəssisələrə nisbətən məhsul vahidinə çəkilən əmək xərcləri 2,5-5 dəfə aşağıdır.
Beynəlxalq kooperasiya əlaqələri hazır əmtəə istehsalına tələb olunan vaxtı da xeyli azaldır. Belə ki, BMT-nin Avropa iqtisadi komissiyasının məlumatlarına əsasən texniki əməkdaşlıq, detallar, məmulatların mübadiləsi üzrə ixtisaslaşma yeni növ əmtəə istehsalına tələb olunan vaxt sərfini 14-30 ay qısaldır, yeni istehsal güclərinin inşasına sərf olunan xərcləri orta hesabla 50-70% aşağı salır. BƏB-də məmulat və yarımfabrikatlar üzrə ixtisaslaşma ən çox maşınqayırma sənayesində inkişaf etmişdir.
Ümumiyyətlə məmulatlar, texnoloji əməliyyatlar üzrə ixtisaslaşmaya mütləq respublikamızın BƏB-də ayrıca, müstəqil, olduqca geniş imkanlara malik iştirak istiqaməti kimi yanaşılmalıdır. Belə ixtisaslaşma həqiqətən də ölkəmizin çox böyük realizə olunmamış imkanlarının həyata keçirməsinə şərait yaradır. Məsələn, fərz edək ki, Azərbaycan hər hansı bir elmtutumlu son məhsulun istehsalında müqayisəli üstünlüklərə malik deyildir, lakin o, həmin məhsulun əməktutumlu, yaxud az elmtutumlu hissələrinin istehsalında bu cür üstünlüklərə malik ola bilər. Deməli, belə çıxır ki, Azərbaycanın hazır əmtəə şəklində istehsalı üzrə ixtisaslaşa bilməyəcəyi məhsulların buraxılmasında məmulat və yarımfabrikat üzrə BƏB-də ixtisaslaşma nəticəsində iştirak etməsi mümkün olur. Məhz bu amil BƏB-də detallar, qovşaqlar üzrə ixtisaslaşmanın ölkəmizə verə biləcəyi ən böyük töhfələrdən biridir.
Məmulat istehsalı üzrə ixtisaslaşma zamanı respublikamızın ən iri potensiala malik sahəsi, əlbəttə ki, neft - mədən maşınqayırmadır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın maşınqayırma sənayesinin butun əsas alt sahələrinin, yəni neft maşınqayırması, elektronika, elektrotexnika, cihazqayırma, dəzgahqayırma, kənd təsərrüfatı maşınqayırması, məişət cihazları istehsalı və digərlərinin beynəlxalq kooperasiya əlaqələrində, detalların, qovşaqların beynəlxalq mübadiləsində iştirakı üçün çox geniş imkanları vardır.
Yarımfabrikatlar istehsalı üzrə respublikamız BƏB-də 3 əsas istiqamətdə ixtisaslaşa bilər: kimya, tikinti və formakoknoziya sənayeləri.
Azərbaycan kimya sənayesi ümumiyyətlə SSRİ dövründə yarımfabrikatların ixracı üzrə ixtisaslaşmışdır. O dövrdə Azərbaycanın kimya məhsullarının 70%-i ixrac olunurdu. O cümlədən kimyəvi lifin 50%-i, sulfanolun 65%-i, polietilenin 70%-i, epoksit qətranların 79%-i, kaostik sodanın 25%-i, kauçuk və lateksin 88%-i, izopropil spirtin 100%-i xarici bazarlar gedirdi. Sadalananlardan əlavə hazırda respublikamızın süni parça, odadavamlı materiallar, izolyasiya örtükləri, plastik kütlələr, aşqarlar (istehsalına görə Azərbaycan SSRİ-də I yerdə idi), etilen, etil spirti, kükürd turşusu və s. bu kimi məhsulların ixracı üçün böyük ehtiyatları mövcuddur.
Respublikamızın yarımfabrikatlar istehsalı üzrə BƏB-də potensial ixtisaslaşma istiqamətlərindən biri də tikinti sənayesidir. Azərbaycanın tikinti sənayesinin əsas üstünlükləri resurslarla yüksək səviyyədə təminatlılıq, ucuz, lakin ixtisaslı işçi qüvvəsi, sənayenin infrastrukrunun nisbətən inkişaf etmiş olması, iri istehsal güclərinin mövcudluğu, əksər hallarda müəssisələrin resurs yataqlarına çox yaxın yerləşməsi və s. Təkcə bir faktı da göstərmək kifayətdir ki, SSRİ dövründə Azərbaycanın 65 rayonunun 34-də tikinti sənayesi müəssisələri fəaliyyət göstərmişdirlər.
Bütün bunlar onu sübut edir ki, ölkəmizin BƏB-də tikinti sənayesi məhsulları üzrə ixtisaslaşması üçün o qədər də böyük olmayan investisiya qoyuluşları da kifayətdir. İlkin etapda Azərbaycan BƏB-də sement, şifer, üzlük və döşəmə üçün keramik plitələr, dam örtükləri, kərpic, şüşə, plastik və metal borular və digər tikinti məhsullarının istehsalı üzrə ixtisaslaşa bilər.
Azərbaycanın BƏB-də yanmfabrikatlar üzrə ixtisaslaşmasının ən vacib qollarından biri də formakoknoziya məhsulları, yəni müalicəvi əhəmiyyətə malik bitkilərdən hazırlanan nisbətən emal edilmiş xammalın istehsalı və ixracıdır. Ölkəmizin bu sahədə üstünlkləri olduqca böyükdür. Birincisi, Azərbaycanın mütəxəssislərinin bitkilərin tərkibi, hansı bitkinin hansı xəstəliklərdə istifadə olunması barəsində külli miqdarda təcrübəyə malikdirlər, ölkəmizdə fitoterapiya ilə məşğul olan bir sıra professional həkimlər və tibb ocaqları mövcuddur. Halbuki Qərbdə bu sahə ilə təzə-təzə maraqlanırlar. Onu da söyləmək lazımdır ki, formakoknoziyada Azərbaycanın malik olduqları üstünlükləri əksər hallarda mütləq üstünlüklər kimi qiymətləndirmək olar. Çünki Azərbaycanda yetişən müalicəvi əhəmiyyətli bitkilərin çoxu nə Amerikada, nə Avstraliyada, nə də Afrikada bitmir. İkincisi, ölkəmizdə fəaliyyətinin formakoknoziya istiqamətində qurmuş neçə-neçə müəssisələr mövcuddur. Yəni Azərbaycanın bu sahədə müəyyən emal texnologiyaları da vardır.
Formakoknoziya sferasında Azərbaycan digər ölkələrə nəzərən (təcrübə, texnologiya) əsaslanan üstünlüklərə malikdir. Həm də formakoknoziya ekspertlər tərəfindən hazırda tibbin ən güclü inkişaf perspektivinə malik sahəsi kimi qiymətləndirilir. Bu müasir dövrdə bütün dünyada ekoloji cəhətdən təmiz əmtəələrə, o cümlədən də təbii preparatlara artan tələb ilə izah olunur.
Dostları ilə paylaş: |