Dağ-boz-qəhvəyi torpaqlar. Dağ-boz-qəhvəyi torpaqlar Azərbaycanda quru subtropik bozqırlar zonasının alçaq dağlıq və dağətəyi qurşağında 500-800 m-dək hündürlüklərdə daha çox yayılmışdır. Kiçik Qafqazın dağlıq vilayətlərində quru bozqırlar zonası, kifayət qədər geniş ərazilərdə təmsil olunmuşdur və ən çox şərq hissəsində geniş yayılmışdır. Relyef şəraitindən, iqlimdən, müxtəlif təbii və antropogen amillərin təsirindən bu torpaqlar bəzi hallarda meşə torpaqlarının alt hissəsi ilə də sərhədlənir.
Tədqiq etdiyimiz ərazida dağ-boz-qəhvəyi torpaqlar Tovuz, Göygöl və Şəmkir rayonları ərazisində yayılmışdır. Bu torpaqların yayıldığı quru bozqırlar zonasının iqlimi nisbətən mülayim qışı və isti yayı ilə səciyyələnir.
Dağ-boz-qəhvəyi torpaqlarının öyrənilməsi ilə bağlı bir çox tədqiqatçılar müəyyən işlər aparmışlar. Respublikamızda quru subtropik bozqır zonasında yayılmış torpaqlar S.A.Zaxarov, V.V.Akimtsev, İ.Z.İmşenetski, V.R.Volobuyev, H.Ə.Əliyev, Q.Ş.Məmmədov və başqaları tərəfindən “şabalıdı” və “qonur” torpaqlar adı altında öyrənilib təsvir edilmişdir.
Boz-qəhvəyi (şabalıdı) torpaqların yayıldığı zonada əhəngdaşları, qumlucalar və onların yumşaq aşınma məhsulları əsas torpaq əmələgətirən süxurlar rolunu oynayır. Gəncə-Qazax massivində və Arazboyu zonada “gəcli” süxurlar da torpaq əmələgətirən süxurlar kimi əhəmiyyətli rol oynayır.
Dostları ilə paylaş: |