Qonur dağ-meşə torpaqları. Qonur dağ-meşə torpaqları Kiçik Qafqazın 800-2200 m hündürlükdə olan rütubətli hissələrini tutur. Azərbaycanda qonur dağ-meşə torpaqları S.A. Zaxarov, M.E. Salayev, H.Ə. Əliyev, E.F. Şərifov, Ş.İ. Mirzəyev və başqaları tərəfindən öyrənilmişdir.
Qonur dağ-meşə torpaqları bütövlükdə dağlıq şəraitdə, dağ yamaclarında inkişaf etmişdir. Bu torpaqların torpaq əmələgəlmə prosesinə və torpaqların yayılmasına, onun müxtəlifliyinə ciddi təsir göstərən əsas səbəblər olaraq yamacların yüksəkliyi, meyilliyi, aşınma qabığının qalınlığı və s. göstərmək olar.
Qonur dağ-meşə torpaqları yekcins profilə malikdir; onlar üçün humusun yüksək ( 5- %) miqdarı yuxarıdan aşağıya doğru azalır, udulmuş əsasların cəmi yüksək ( 28-40 m.ekv / 100 qr torpaqda), torpaq reaksiyası turşdur ( pH 6,0-6,7). Bu torpaqlar bəzən səthdən başlayaraq skeletli olur. Qonur dağ-meşə torpaqlarına yuyulmuş dağ-meşə və meşə altından çıxmış qonur torpaqlar da aid edilir.
Ərazinin relyefi eroziya təhlükəsi olan şiddətli parçalanmış orta dağlıq xarakteri daşımaqla dağ çayları ilə güclü parçalanmışdır.
Əsasən bir çox hallarda qalın və orta qalınlıqlı torpaqlar şimala baxarlı yamaclarda inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, bu torpaqlarda meyillilik artdıqca torpaqların qalınlığı da artır. Orta qalınlıqlı torpaqlar ən çox cənuba baxarlı yamaclarda üstünlük təşkil edir. İstər şimala, istərsə də cənuba baxarlı yamaclarda qalın profilli torpaqlara daha çox rast gəlinir.
Qonur dağ-meşə torpaqlarının yayıldığı ərazilərin iqlim göstəricilərində fərqlər müşahidə edilir. Kiçik Qafqazın qonur meşə torpaqları zonası mülayim-soyuq və mülayim-isti iqlimlə səciyyələnir. Orta illik temperatur 6-80ºC, illik yağıntıların miqdarı 600-710 mm-dir. Burada yağıntıların rejimində kəskin mövsümi dəyişikliklər müşahidə edilmir, il boyu torpaqda kifayət qədər faydalı rütubət mövcud olur. Yağıntıların miqdarının nisbətən yüksək, buxarlanmanın isə az olması, ərazinin təbii parçalanması, torpaq və qruntun yüksək çınqıllı olması və s. bu torpaqların yuyucu su rejimi şəraitində inkişafına səbəb olmuşdur.
Qeyd olunduğu kimi, qonur dağ-meşə torpaqları meşələrin üst rütubətli qurşağında formalaşır. Bu qurşaqda əsasən şərq fıstığı yayılmışdır. Ona görə bu qurşağa fıstıq meşə qurşağı da deyilir. G.A.Hacıyeva Kiçik Qafqazda apardığı tədqiqatı zamanı qeyd etmişdir ki, qonur dağ-meşə torpaqları fıstıq, vələs, palıd və başqa qarışıq meşələr altında əmələ gəlmişdir. Bu meşələr çox sıx və hündür ağaclı olur. 1400-1600 m yüksəklikdə fıstıq meşələri daha da sıxlaşır. Burada ot bitkilərinə təsadüf edilmir.
Yüksəlik artdıqca meşələrin tərkibində vələs ağaclarının sayı artır, ancaq getdikcə bu tərkibə fıstıq ağacları da qarışır. Meşəaltı örtük yemişan, əzgil, zoğal, alça kolluqlarından ibarətdir.
M.E. Salayev qonur dağ-meşə torpaqları üçün podzollaşma əlamətlərinin səciyyəvi olmadığını göstərir. Qonur dağ-meşə torpaqlarının genezisində bitki qalıqlarının tərkibində kül elementlərinin yüksək olması ilə yanaşı, torpaq əmələgətirən süxurların xeyli çınqıllı olması da əhəmiyyətli rol oynayır. Bu amillərin təsiri altında torpağa qələvi və qələvi-torpaq elementləri daxil olur. Bu torpaqların yayıldığı ərazilərin təbii parçalanması, torpaqların yaxşı aqreqatlaşması aerobioz şəraitin yaranmasını qeyri-mümkün edir.
Dostları ilə paylaş: |