Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 181,24 Kb.
səhifə13/53
tarix02.01.2022
ölçüsü181,24 Kb.
#1161
1   ...   9   10   11   12   13   14   15   16   ...   53
1.4 Fitosenotik örtük

Torpaqəmələgəlmə prosesində bioloji amillər, xüsusən bitki örtüyü başlıca rol oynayır. Bitki torpağa daxil olan və torpaqda humusa çevrilən üzvi maddələrin əsas mənbələrindən biridir. Eyni zamanda bitki örtüyü torpağı yuyulmaqdan qoruyan və münbitliyinin saxlanılmasında iştirak edən başlıca amillərdəndir.

Tədqiq etdiyimiz ərazinin torpaq ehtiyatları yüksək dərəcədə mənimsənildiyindən təbii bitki örtüyü məhdud şəkildə qorunub saxlanılmışdır. Buna baxmayaraq, ərazinin iqlimi, relyefi, torpaq örtüyü və torpaq əmələgətirən süxurların müxtəlifliyi orada bitən meşə bitkilərinin rəngarəng olmasına səbəb olmuşdur.

Kiçik Qafqazın şimal-şərq yamacında bitki örtüyü şaquli zonallıq qanununa əsasən formalaşmışdır. Ərazinin dağlıq zonasından aşağı endikcə bitki formasiyalarında dəyişiklik müşahidə edilir. Kiçik Qafqazın şimal-şərq yamacında bitki örtüyünün müxtəlifliyi qurşaqlarla əlaqədar olub, floristik cəhətdən Cənubi Avropanın dağ meşələri əyalətinə daxildir. (A.A.Qrossheym,1948)

Kiçik Qafqazın şimal-şərq yamacında 400-500 m yüksəkliyə qədər yarımsəhra və quru-çöl bitkiləri geniş yayılmışdır. Bu zonada torpaqda rütubətin çatışmaması, yay aylarında temperaturun yüksək olması, rütubətin buxarlanması və torpağın şoranlaşması bitki örtüyünün dəyişməsinə təsir edən əsas amillərdəndir. Ərazidə yarımsəhra bitkilərindən yarımçöl şəkilli Meyer yovşanı (Artemisia Meyeriana L.), soğanaqlı qırtıclı efemerlər, dənli bitkilər, xaççiçəklilər, paxlalılar və qaymaqçiçəklilər fəsiləsindən ibarət birillik efemerlər yayılmışdır. Yağıntıların qeyri-bərabər paylanması yarımsəhra formasiyasının inkişafına şərait yaratmışdır. Belə ki, yazın əvvəlində yağışların intensivliyi ilə əlaqədar olaraq efemer bitkilər sürətlə böyüyüb yaşıllaşırlar. Aprelin sonu və mayın əvvəllərində isə vegetasiya dövrlərini başa vurub tələf olurlar, payızda yenidən canlanırlar.

Tədqiq etdiyimiz ərazidə 500-700 m hündürlüklərə qədər çöl formasiyası fonunda qarışıq tərkibli bitkilər zonasına rast gəlinir. Bu qurşaq alçaq dağlıq ilə dağətəyi sahələrdə yarımsəhra qurşağı ilə birləşib qarışıq bitkilər qrupu əmələ gətirir. Ərazidə dağ kserofit bitkiləri geniş yayılmışdır. Dağ kserofitlərinin qarışıq qruplar əmələ gətirməsi ərazinin torpaq örtüyü, yamacların quruluşu, relyefi və s. sıx surətdə əlaqədardır. Burada dağ kserofitləri yarımsəhra bitkilərinə nisbətən çox zəngindir. Bu bitkilərdən gəvən, südlübiyan, kəklikotu, ağ ot, murdarça və s. geniş yayılmışdır. Dağlıq sahələrə yaxınlaşdıqca şiyav, şırımlı topa (Festuca Sulcata E.), daşdayan (Antropogon L.) və başqa dənli bitki növləri artır .

Dəniz səviyyəsindən 600-700 m yüksəklikdən meşələr başlanır. Bu qurşaq şərqdən Göygöl rayonundan başlamış, qərbdən Gürcüstanla olan sərhədə qədər dar bir zolağı əhatə edir. Kiçik Qafqazın ayrı-ayrı hissələrində əsas meşə əmələgətirən ağaclardan fıstıq, ağcaqayın, palıd, vələs və bəzi ağac növləri üstünlük təşkil edir. Bunlardan başqa meşələrdə göyrüş, Kox şamı (Göygöl ətrafında) ağacları, kol bitkilərindən zoğal, göyəm, itburnu, alça, fındıq, yemişan, əzgil və başqaları geniş yayılmışdır. Meşənin aşağı qurşağında olan ağacların boyu qısa və sıxlığı zəif olur. Dağ yamacı ilə yüksəkliyə qalxdıqca bu ağaclar sıxlaşmaqla yanaşı hündür boylu və çox növlü meşələrə çevrilir. Eyni zamanda, quraqlığa davamlı olan meşə ağacları yüksəkliyə qalxdıqca rütubətsevən ağac növləri ilə əvəz olunur.

Kiçik Qafqazın şimal-şərq hissəsində meşə-bitki formasiyaları şaquli istiqamətdə aşağıdakı qayda ilə bir-birini əvəz edir. Alçaq dağlıq qurşaqda gürcü palıdı, orta dağlıq qurşaqda şərq fıstığı, vələs və yuxarı dağ qurşağında isə şərq palıdını göstərmək olar. Burada olan palıd meşələri tək-tək hallarda başqa ağac cinsləri ilə qarışır. Bəzən bu ağacların arasında başqa ağac cinsləri, ağcaqayın və vələs ağaclarına da rast gəlinir.

Müəyyən edilmişdir ki, meşə bitki formasiyasının şaquli zonallıq üzrə dəyişməsi torpaq tiplərinin dəyişməsinə də böyük təsir göstərir. Belə ki, alçaq dağlıq zonada inkişaf etmiş palıd meşəsi altında qəhvəyi dağ-meşə torpaqları, orta dağlıq qurşaqda fıstıq meşəsi altında tünd qonur dağ-meşə torpaqları, yüksək dağlıq qurşaqda isə açıq qonur dağ-meşə torpaqları inkişaf etmişdir. Dağ meşələri xüsusilə meyilli yamaclarda torpağı yuyulmadan mühafizə edib, dağ çaylarında su rejimini nizama salır, qarın tədricən əriməsinə səbəb olmaqla suyun torpağa hopmasını təmin edir və buxarlanmanın qarşısını alır.

Alçaqdağ meşələri 600-700 m yüksəkliklərdən başlanır. Əksər ərazilərdə (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xanlar, Goranboy rayonları ərazisində) 800-1000 m yüksəkliklərə qədər meşələr tamamilə qırılmış, onların yerində törəmə bitki formasiyaları inkişaf etmişdir. Bunlara alçaqdağ və dağətəyi zona çölləri, çöl-kol formasiyası və kolluqlar daxildir. Tovuz və Xanlar rayonları alçaqdağlığında meşədən sonrakı çöl və çöl-kol formasiyası, Şəmkir rayonu alçaqdağlığında isə kol formasiyası üstünlük təşkil edir. 900-1000 m yüksəkliyə qədər olan yamaclarda meşələr seyrək və qarışıqdır.

Aşağı qurşaqda meşələr əsasən, iberiya palıdından (Quercus İberica) ibarətdirsə, yuxarı hissələrdə ona vələs, 800-900 m-dən yuxarı isə fıstıq ağacları qarışır. Dağ meşə qurşağının fıstıq meşələri zonasında təmiz və qarışıq fıstıq meşələri əsasən dağların daha rütubətli və kölgəli şimal yamaclarında yayılmışdır. Aşağı qurşaqdakı meşəaltı bitkilər əsasən, yemişan, zoğal, murdarça kolları, palıd, vələs pöhrələrindən ibarətdir.

Orta dağlıq qurşaqda (1000 m-dən 1700 m-ə qədər) başlıca olaraq fıstıq meşələri yayılmışdır. 1400 m-lə 1600 m yüksəkliklər arasında şərq fıstığı (Fagus orientalis) üstünlük təşkil edir. Dağlara qalxdıqca aşağı qurşağın quraqlıq sevən ağac növləri rütubətsevən növlərlə əvəz olunur. Bu qurşağın şimal yamacları fıstıq, şərq və qərb yamacları isə fıstıq-vələs, palıd-vələs meşələri ilə örtülüdür. Burada 3-5 sm qalınlığında meşə döşənəyi əmələ gəlir, ot bitkisi isə inkişaf edə bilmir.

Yüksək dağlıq qurşaqda (1700 m-dən 2100 m-ə qədər) şərq palıdı (Quercus marienthera) üstünlük təşkil edir. Meşə ağacları bir qədər xırda boylu və seyrək olduğu üçün ot örtüyünün inkişafına şərait yaranır. Bu qurşaqda ən çox işıqsevən şərq palıdına, şimal yamaclarda isə palıd ilə qarışıq şərq fıstığına rast gəlinir. Daha yüksəkliyə qalxdıqca palıdın sayı çoxalır. Fıstığa yalnız şimal səmtli yamaclarda rast gəlinir. Yüksəklik artdıqca fıstıq tamamilə sıradan çıxır, bəzi sahələrdə bu tozağacı ilə əvəz olunur.

Tədqiq etdiyimiz ərazinin bütün yüksəklik qurşaqlarında ardıc ağacına rast gəlmək mümkündür. Lakin burada da ardıc meşələri geniş sahələri tutmayıb kiçik ləkələr, dar zolaqlar şəklində yayılmışdır.

Antropogen təsirlərin intensivliyi nəticəsində kiçik sahələrdə əsaslı şəkildə qorunmuş fıstıq və palıd ağac cinslərindən ibarət meşə örtüyü qalmışdır. Bölgədə əkinçilik və maldarlığın inkişafı nəticəsində meşə örtüyü demək olar ki, heç bir yerdə öz təbii sərhədində qalmamış, bir çox yerlərdə meşə örtüyü tamamilə sıradan çıxmış və ərazini şiddətli eroziyaya uğramış çılpaq sahələr əvəz etmişdir. Bununla əlaqədar bölgədə meşə ilə örtülü sahələrin faizi xüsusilə son 10-15 ildə əsaslı şəkildə aşağı düşmüşdür. Əkinçilik məqsədilə istismar olunan meşələrin təbii yolla bərpası artıq mümkün deyil. Bu sahələrdən əsasən kartof və taxıl bitkiləri yetişdirmək məqsədilə istifadə edilir. Kol formasiyaları yayılmış sahələrdən isə örüş kimi istifadə edilməsi palıd, vələs pöhrələrinin böyüməsinə ciddi maneə törədir.

Şahdağ və Murovdağ silsilələrinin yüksək dağlıq hissəsi subalp çəmənləri ilə örtülüdür. Subalp çəmənləri 1800-2300 m yüksəkliklər arasında geniş zona əmələ gətirir. Meşələrin qırılması ilə əlaqədar olaraq, bəzi yerlərdə bu çəmənlər 1800-1900 m-ə qədər enir. Nəticədə meşə-bitki örtüyü əvəzinə çəmən bitki qrupları əmələ gəlmişdir. Subalp bitkilərinin boyları hündür və növ sayı çox olduğu üçün biçənək kimi istifadə olunur. Təbii bitki örtüyü pozulmamış sahələrdə subalp çəmənliyinin böyük torpaqqoruyucu əhəmiyyəti vardır. Burada bitən müxtəlif dənli və paxlalı bitkilər torpağı atmosfer çöküntülərinin dağıdıcı qüvvəsindən mühafizə edir. Subalp bitkiləri zəngin tərkibə malikdir. Buradakı çoxillik otlardan ibarət çəmən bozqırlarında ağ ot üstünlük təşkil edir. Subalp çəmənlərində ala topal (Festuca varia H.), şırımlı topal (Festuca sulcata E.) və alp qırtıcı, mərcanotundan ibarət fitosenozlar geniş yayılmışdır.

2300 m yüksəklikdən qayalı və çınqıllı sahələrdə alp çəmənləri başlanır. Alp çəmənlikləri ərazinin geomorfoloji xüsusiyyətlərindən, relyefin formalarından asılı olaraq müxtəlif tipli və müxtəlif tərkiblidir. Eyni zamanda subalp çəmənlikləri ilə müqayisədə daha geniş sahə tutmaqla yay otlaqlarının əsasını təşkil edir. Alp formasiyası alçaqboylu müxtəlif otlarla xarakterizə olunub, bütöv örtük əmələ gətirməklə çim qatı yaradır.

Alp çəmənlərində pişikquyruğu, tarlaotu, qırtıc, yonca, zəngçiçəyi, qaymaqçiçəyi və bir çox başqa ot bitkiləri geniş yayılmışdır. Daşlı-kəsəkli sahələrdə dağ-bozqır bitkilərindən topal, dovşantopalı və s. seyrək bitki qatı əmələ gətirir. Bu bitkilər nəmlənmə dərəcəsi və substratın səciyyəsindən asılı olaraq, qapalı yaxud açıq areallar təşkil edir. Aparılan tədqiqatlar nəticəsində bu zonada yayılan bitkilərin növ sayının az olması və bitki örtüyünün seyrək inkişaf etməsi müəyyənləşmişdir. Belə sahələrdə mal-qaranın sistemsiz və intensiv otarılması bitki örtüyünün daha da seyrəkləşməsinə və bəzi sahələrin bitki örtüyündən məhrum olmasına səbəb olur ki, nəticədə eroziya prosesi geniş inkişaf edərək torpaqların deqradasiyasına şərait yaradır.

Tədqiqat apardığımız ərazinin çay vadilərində də müxtəlif bitki qrupları inkişaf etmişdir. Bu bitkilər iki qrupa bölünür.


  1. Su basar və çay sahili meşələr;

  2. Çay vadisi çəmən bitkiləri;

Subasar və çay sahili meşələr əsasən ərazi daxilində axan Kürəkçay, Gəncəçay, Qoşqarçayın axını boyunca yayılmışdır. Bundan başqa buradan axan kiçik çayların da vadilərində bəzi ağac növləri yayılmışdır. Subasarda və çay sahillərində yayılmış ağaclardan: söyüd, iydə, qoz, armud, alma, tut və bəzi meyvə ağaclarını göstərmək olar. Çay vadilərində isə çəmən bitkilərindən çim, vəhşi yonca, alma çiçəyi, cil və s. bu kimi bitkilər yayılmışdır.


Yüklə 181,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin