2.3 Ərazinin torpaqlarının ağır metallarla çirklənməsinin ekoloji qiymətləndirilməsi
Kiçik Qafqazın şimal-şərq yamacı torpaqlarında ekoloji mühitin və sabitliyin pozulmasının başlıca səbəblərindən biri dağ-mədən sənayesinin intensiv inkişafı olmuşdur. Dağ-mədən sənayesinin təsiri ilə dağ-çəmən və quru-çöl landşaftı ciddi struktur pozuntularına, bəzən isə kökündən dəyişmiş arzuolunmaz texnogen landşaftlara çevrilmişdir. Texnogen amillərin təsiri ilə dağ-çəmən-çöl landşaftı antropen parçalanmış və təbii estetikliyini itirmişdir.
Daşkəsəndə dağ-mədən və filizsaflaşdırma kombinatı fəaliyyət göstərir. Burada filiz hasilatının açıq üsulla həyata keçirilməsi ətraf dağ-çəmən landşaftında ciddi struktur pozuntuları əmələ gəlmişdir. Təkcə 1975-ci ildə Daşkəsən mədənlərində 2631000 ton dəmir filizi çıxarılmış və ondan saflaşdırma fabrikində 1346000 ton konsentrat alınmışdır. 1285000 ton bərk tullantı təbii landşafta atılmışdır. Çirkləndirilmiş suyu da əlavə etsək təbiətə atılmış tullantıların miqdarı 2-3 dəfə artır. Dağ-mədən filizsaflaşdırma kombinatının tullantıları bilavasitə buradan keçən Qoşqarçay dərəsinə axıdılır. Nəticədə, bu tullantılar Qoşqarçay dərəsininin landşaftında ekoloji gərginliyi artırmış və landşaft reaksiya potensialını itirmişdir.
Daşkəsənin dəmir filizi və mərmər, Zəyliyin alunit, Göygölün bentonit gili, Xoşbulağın əhəngdaşı, Yuxarı Hacıkəndin gips daşı, Daşsalahlının bentonit gili və s. təbii ehtiyatların istismarı ilə inkişaf edən dağ-mədən sənayesi yataqları dağ-çəmən landşaftlarının texnogen pozulmasında əsas rol oynayır. Əmirvar-Qazax kəndlərinin estetik gözəlliyi və rekreasiya potensialı ilə seçilən dağ çəmənləri landşaftları Alunitdağın mədən tullantıları ilə yararsız vəziyyətə düşmüşdür. Tullantılar dağ-çəmən örtüyü üzərində 4 iri təpə əmələ gətirmişdir. İstfadəsiz daş süxur tullantıları burada bir neçə metrdən 15 m-ə qədər örtük əmələ gətirir. Son illər mədən işlərinin dayanması bu terrikon təpələrin üzərində seyrək otların tək-tək kolların və kolcuqların əmələ gəlməsinə səbəb olub.
Dağ-mədən sənayesi tədqiq olunan ərazidə relyefin, torpağın, bitki örtüyünün köklü dəyişməsində əsas rol oynayır. Daşkəsən dəmir filizi mədənləri sahəsində yaranmış konusabənzər relyef formalarının sahəsi 80-100 hektara çatır. Zəylik, Alunitdağ mədənlərinin istismarı nəticəsində hündürlüyü 20-30 m olan tullantılar müxtəlif texnogen relyef formaları əmələ gətirmişdir.
Daşkəsən filizsaflaşdırma kombinatı sahəsində 600 hektardan çox sahə texnogen relyef formaları ilə örtülmüşdür. Daşkəsən dəmir filizi mədənlərinin istisamrı ilə əlaqədar olaraq 1,2 min hektar sahədə meşə və çəmən torpaqları yararsız hala düşmüşdür ki, bunun da 0,5 min hektarı süxur tullantıları altındadır. Dağ-mədən tullantıları həmçinin dağ-çəmən landşaftlarının torpaq örtüyünü kimyəvi çirkləndirmişdir. Dağ-mədən tullantıları və ona yaxın ərazilərdən götürülmüş torpaq nümünələrinin analizi göstərir ki, torpağın tərkibində mikroelementlərin və ağır metalların miqdarı təbii landşaftlara nisbətən xeyli yüksəkdir. Tullantı süxurlarının səth suları ilə yuyulması, habelə filtrasiya nəticəsində aktiv kimyəvi elementlər miqrasiya edərək torpağa çökür və onu çirkləndirir. Təbii torpaqlara nisbətən tullantılarla təmasda olan torpaqlarda həmin elementlərin miqdarı 4-9 dəfə artıqdır. Dəmir mədən tullantılarında və onların təmas etdiyi torpaqlarda sink, mis, kobalt, manqan, bor və civənin miqdarı yol verilən konsentraiyadan 4-9dəfə artıqdır. Qurğuşunun miqdarı isə 40 dəfədən çoxdur.
Metallurgiya sənayesində əsas təhlükə mənbəyi zəhərləyici xassəyə malik olan ağır metalların - mis, civə, qurğuşun, kadmium, sink və onların birləşmələrinin tullantı kimi əmələ gəlməsidir. Sənayedə istifadə olunan metalların daha sonradan yararsız hala gələrək torpağa daxil olması böyük təhlükə riski yaradır. Ağır metalların yol verilən həddən artıq konsentrasiyasının artması nəticəsində canlıların sağlamlığı mənfi təsirlərə məruz qalır.
Metallurgiya istehsalı zamanı yaranan tozlarda elementlərin konsentrasiyası torpaqlara nisbətən civədə 5x10³, kadmium və sürmədə (2-5)x 10³ qurğuşun, sink, bismut və arsendə nx10¹² dəfə çox ola bilər. Urbanizasiya müşahidə olunan ərazilərdə ikinci böyük çirklənmə mənbəyi kommunal məişət tullantıları sayılır. Böyük şəhərlərdə il ərzində adambaşına 0.3 ton məişət tullantıları və 0.3 ton kanalizasiya çöküntüsü düşür. Kommunal-məişət tullantılarına şəhərtəmizləmə qurğularının çöküntüləri də aiddir. Tullantılar çox vaxt yerində, yaxud şəhər ətrafına daşınaraq yandırılır. Həmin tullantıların tərkibində (yanandan sonra) ağır metalların konsentrasiyası sənaye tullantılarından geri qalmır. Yanmış tullantılarda qurğuşunun, sürmənin, kadmiumun, bismutun, gümüşün konsentrasiyası litosferdə olandan 100 dəfələrlə, toz isə 1000 dəfələrlə çoxdur.
Dağ-çəmən landşaftı daxilində əmələ gələn texnogen dəyişmələr və pozuntular təbii fon landşaftını kəskin dəyişdirmiş, onun rekreasiya potensialını tam zəiflətmişdir.
Daşkəsən və Zəylikdə açıq üsulla hasilatın davam etdirilməsi gələcəkdə burada ekoloji gərgin ocaqların artmasına, texnogen sürüşmələrin fəallaşmasına, məhsuldar torpaqların sıradan çıxmasına səbəb olacaqdır. Ərazinin mühüm rekreasiya rayonu olduğunu nəzərə alaraq dəmir filizi və alunit hasilatının şaxta üsulu ilə aparılması və yararsız vəziyyətə salınmış torpaqların rekultivasiyası vacibdir.
Tədqiq etdiyimiz ərazidə, xüsusilə Daşkəsən, Gədəbəy zəngin filiz ehtiyatlarına malik olduğundan, filizlərin hasilatı, işlənməsi zamanı, eyni zamanda torpaqla təmasda olarkən təbii halda da torpaqların ağır metallarla çirklənməsinə səbəb olur. Ağır metallarla çirklənmənin ilkin qaynağı filiz ehtiyatlarının kütləv istismarı olmuşdur ki, bunun da tarixi bir neçə əsr əvvələ təsadüf edir. Belə ki, XIV-XV əsrlərdə yunanlar uzun məsafə qət edərək, Böyük Qafqaz dağlarının cənub yamacında, Kiçik Qafqazın şimal-şərq hissəsində mis, dəmir və s. əritmək məqsədilə sobalar quraşdırmışlar. XVIII əsrin sonunda Rusiyadan gələn məmurlar, təbiətşünaslar: Musin-Puşkin, Eyxvald və başqaları Daşkəsəndə dəmir, Zəylikdə alunit filizlərinin olması barədə məlumatlar verirlər. XIX əsrin ortalarından başlayaraq H. V. Abix, F. Frex, Q. Arthaber və başqaları tərəfindən Respublikanın ayrı-ayrı mahallarının geoloji xəritələri tərtib olunur. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın faydalı qazıntı yataqlarının öyrənilməsində canlanma hiss olunur. Bu dövrdə əsasən Rusiyadan gələn geoloqlar fəaliyyət göstərirlər. Xüsusilə Kiçik Qafqazda aparılan tədqiqatların intensivliyi Belə ki, geoloqlardan Ş. Ə. Əzizbəyov, M. S. Qaşqay, S. M. Süleymanov, A. N. Solovkin, İ. A. Şirvanzadə, N. M. Səlimxanov, M. A. Mustafabəyli, H. İ. Kərimov, İ. N. Sitkovski və başqalarının apardıqları tədqiqatlar nəticəsində Respublikamızda əlvan, qara metal yataqları aşkar olunmuşdur. Bunlardan Daşkəsəndə dəmir, xromit, Gədəbəydə mis, Çovdarda qızıl və başqa yataqları göstərmək olar.
Nəinki tədqiq etdiyimiz ərazidə, eyni zamanda Respublikamızda Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri olan və istismar edilən yeganə alunit yatağı – Zəylik Daşkəsən rayonunda yerləşir. Alunitdən alüminium oksidi almaq üçün Leninqradın (hazırkı SanktPeterburqun) keçmiş Ümumittifaq alüminium-maqnezium institutunda alunit filizlərin kompleks emalı üçün texnoloji sxemişlənib-hazırlanmış, Kirovabad (hazırkı Gəncə) və Sumqayıt alüminium zavodları tikilmişdir. [9]
Daşkəsən yatağının dəmir filizi cisimləri 50 ilə yaxındır ki, istismar olunur və qalıq ehtiyatlar təxminən 90 ilə çatır.
Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən Gədəbəy, Daşkəsən ərazisində cəmlənmişdir.
Tədqiq etdiyimiz ərazidə müxtəlif filiz faydalı qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s. ) əsasən dağlıq hissələrdə müxtəlif tip yataqlar əmələ gətirirlər.
Azərbaycan Respublikasında yerləşən və ehtiyatları təsdiq olunmuş bütün dəmir filizi yataqları Daşkəsən filiz rayonu hüdudlarında təmərküzləşmişdir. Bunlar Daşkəsən, Cənubi Daşkəsən və Dəmir (kobaltlı maqnetit) yataqlarıdır. Bu yataqların işlənməsi əsasında yaradılan Daşkəsən Filizsaflaşdırma kombinatının məhsulu (dəmir konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatının tələbatını tam ödəyirdi. Daşkəsən Filizsaflaşdırma Açıq Səhmdar Cəmiyyəti Cənub Daşkəsən yatağının şərq sahəsindən dəmir filizi çıxarılır. Çıxarılan dəmir filizləri isə yük avtomobilləri ilə saflaşıdırma fabrikinə daşınır. Gün ərzində buradan 4-5 min ton dəmir filizi çıxarılır. Burada gün ərzində 26 ədəd ağırtonnajlı texnika çalışır. Çıxarılan filizin tərkibinin orta hesabla 40%-i dəmirdir.
Ümumi mədənlərdə dövlət tərəfindən təsdiq olunan 270 milyon ton dəmir filizi ehtiyatı var. Dəmir Filizsaflaşdırma Fabrikinə gətirildikdən sonra burada xammal bunkerlərə tökülür. Fabrikdə 1 ton filizdən 500 kq-a yaxın hazır məhsul alınır. Hazırda kombinatın illik istehsal gücü 350 min tondur.
Kompleks filiz yataqlarından çıxarılan bəzi metalların emal edilməsi çox böyük çətinliklər yaratdığından, zənginləşdirmə texnologiyasının aşağı olması səbəbindən tullantıya göndərilən son materialda itkilərin miqdarı yüksək olurdu və sonda ümumi yataq üzrə itkilər yüksək həddə çatırdı. Daşkəsən filiz yatağından çıxarılan yüksək tərkibə malik dəmir filizinin emal olunduqdan sonra atılan tullantısının tərkibi belə, zəngin olaraq qalırdı. Belə ki, tullantı hesab edilən bu məhsulda böyük miqdarda filiz atılırdı ki, inkişaf etmiş ölkələrdə yataqlardan çıxarılan filizin miqdarı bəzən bu tullantıların tərkibindən aşağı olurdu. Ona görə istər iqtisadi səmərəlilik baxımından istərsə də ətraf mühitə dəyə biləcək ziyanın aradan qaldırılması baxımından sənaye tullantıları üzərində nəzarətin düzgün təşkilinə riayət etmək lazımdır. Bununla əlaqədar, yeni yataqların işlənilməsi və çıxarılan xammalın emalı məsələləri vahid bir mərkəzdən idarə olunmalı, mərkəzləşdirilmiş qaydada həyata keçirilməklə, yeni texnika və texnologiyaların mütərəqqi üsullarının vaxtında və ümumilikdə tətbiqinin yerinə yetirilməsi prosesini sadələşdirməlidir. Yataqlar ayrı-ayrı özəl təşkilatlar tərəfindən istismar edilsə də, bu ehtiyatların ümumi idarəetməsinin konkret dövlət qurumunda birləşdirilməsi və koordinasiyanın vahid rəhbərlik əsasında həyata keçirilməsi məqsədəuyğun olardı.
Daşkəsən dağ-mədən kombinatının tullantılarından tikintidə,xüsusən yol çəkilişində döşəmə materialı kimi istifadə edilməsinin həm istehsalatın səmərəsinin yüksəldilməsi,həm də ətraf mühitin qorunması baxımından əhəmiyyəti böyükdür. Dəmir filizinin saflaşdırılması prosesində eyni vaxtda onun tərkibində olan digər metalların və qiymətli komponentlərin alınmasının təşkili xammaldan kompleksin istifadə edilməsi probleminnin aktuallığını gücləndirir.
Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonunda - «Hamamçay» və «Dəmir» dəmir filizi yataqlarında, yatağında cəmləşmişdir. Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır. Kobaltın dəmir filizlərindən çıxarılmamasının və tullantı kimi yığılmasının səbəbi mövcud texnologiyanın olmaması kimi əsaslandırılsa da, əsas səbəbi dəmir filizinin SSRI Əlvan metallurgiya Nazirliyinin Qara metallurgiya idarəsinə, kobalt Idarəsinə məxsus olmasından ibarət olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2-ci Dünya müharibəsi dövründə az bir müddətdə Şimali Daşkəsən kobalt yatağının istismarı məsələsi həll olunmuş və müharibə vaxtı SSRI-nin kobalta olan ehtiyatının 40-45%-ə qədərini bu yataq ödəmişdir.
1993-cü ildən əvvəllər ehtiyatları qismən istismar edilmiş «Şimali Daşkəsən» kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın yüksək miqdarı təyin edilmişdir (4 m qalınlığında 0,41%, 1,25 m qalınlığında 0,37%).
Tədqiq etdiyimiz ərazidə dəmir filizinin istimarı ilə əlaqədar ətraf mühitə daxil olan ağır metalların və ümumilikdə tullantılara nəzarət sahəsində tullantıların düzgün idarə olunması üçün aşağıdakı bir sıra işlərin görülməsi vacibdir: Ərazidə dağ-mədən sənayesi tullantılarının idarə edilməsində və vəziyyətə nəzarət olunmasında 2 mühüm amil mövcuddur:
- dünya praktikasında uğurla tətbiq olunan texnologiyaların ölkəmizə gətirilməsi;
- tullantıların təkrar emalına və minimum xammal itkisinə nəzarət olunması;
Tədqiqat apardığımız ərazidə dağ-mədən sənayesinin, qara və əlvan metallurgiyanın inkişafının sürətli olmasını nəzərə alaraq torpaqların ağır metallardan təmizlənməsi və təmizlənmə işləri üçün düzgün üsul və texnologiyanın tətbiqi olduqca mühüm məsələdir. Şübhəsiz ki, ağır metallarla intensiv çirklənməyə məruz qalmış torpaqlarda çirklənmənin qarşısını almaq üçün ən yaxşı üsul əvvəlcədən düşünülmüş addımlar ataraq tullantılara nəzarət etmək və tullantıların təkrar istehsalını düzgün həyata keçirməkdir. Məhz bu yolla, torpağa ağır metalların daxil olmasına nəzarəti təmin etmək və gələcəkdə ağır metallarla bağlı torpaqda yarana biləcək neqativ proseslərinin qarşısını əvvəlcədən almaq olar.
Qeyd etmək lazımdır ki, dünya standartlarına uyğun yeni texnika və texnologiyaların dağ-mədən sənayesində kütləvi tətbiqi ancaq dövlətin imkanları daxilindədir. Çünki dünya təcrübəsində uğur qazanmış texnika və texnologiyalar iqtisadi cəhətdən olduqca məsrəflidir. Lakin bu texnologiyaların tətbiqi ətraf mühitin qorunması baxımından və ətraf mühitə daxil olan tullantılara nəzarət baxımından olduqca əhəmiyyətlidir.
Toksiki tullantıları xarakterinə görə kütləvi və qeyri-kütləvi olmaqla 2 yerə bölürlər. Kütləvi tullantılar ətraf mühitin sanitar-gigiyenik göstəricilərini kəskin dəyişdiyinə görə onları xüsusi nəzarətdə saxlamaq lazımdır. Qəza zamanı qeyri-kütləvi tullantılar kütləviyə çevrilə bilər.
Tullantıları onlara nəzarət imkanı baxımından iki qrupa bölünür:
1. Təşkil olunmuş yaxud razılaşdırılmış toksiki tullantılar - atmosferə, su hövzələrinə və torpağa xüsusi qurğuların (borular, kompressorlar, təmizləyici vasitələr, yanma peçləri və s) köməkliyi ilə daxil olur. Bu tullantılar müxtəlif dərəcədə zəhərli olduğu üçün adətən ərazi üzrə yol verilən həddi (YVH) müəyyən olunur.
2.Təşkil olunmamış toksiki tullantılar - elə tullantılardır ki, onları zərərsizləşdirmək və yaxud neytrallaşdırmaq qeyri-mümkün olur. Məsələn, aparat və qurğularda nasazlıq ucbatından meydana gələn və yaxud kanalizasiya sistemlərində axan məhlulların səthindən və xüsusi tullantılardan buxarlanan maddə miqdarı bu tullantılara aiddir. Bu tullantıların törənməsi istehsalat səbəbləri ilə əlaqədardır. Zəhərli tullantıların inventarizasiyası zamanı onların mənbəyi, tullandığı yer, torpaq və tərkibi, həmçinin yerüstü qatlarda yayılmasının maksimum konsentrasiya həddi müəyyən olunmalıdır.
Ağır metalların torpaqda yüksək konsentrasiyası təkcə torpağın məhsuldarlığı və ekosistem funksiyalarına deyil, eyni zamanda insan və heyvan sağlamlığına ciddi təsir edir. Torpaqların ağır metallarla çirklənməsi metallurgiyanın , dağ-mədən sənayesinin inkişafı, tullantı suların axıdılması ilə olduqca ciddi problemə çevrilmişdir. Ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi ekologiya mühəndisliyinin problemli istiqamətlərindən biridir. Çirklənmiş torpağın kompleks fiziki, kimyəvi, bioloji xüsusiyyətləri, çirkləndiricilərin torpaq mühitində yayılması və hərəkəti ilə bağlı məhdud informasiyanın olması kimi faktorlar təmizləmə fəaliyyətinin maaliyyələşməsində bir sıra çətinliklər yaratmış, eyni zamanda köhnə təmizləmə texnologiyalarının tətbiqinə səbəb olmuşdur. Bununla əlaqədar torpaqların ağır metallardan təmizlənməsində iqtisadi cəhətdən səmərəli və yüksək effektli texnologiyaların tətbiqinə ehtiyac yaranır. [24]
Dostları ilə paylaş: |