AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 2,2 Mb.
səhifə1/5
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4077
  1   2   3   4   5
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda
Muradova Aydan Əmrah qızı
Müasir qadın geyimlərində istifadə olunan ornamental kompozisiyaların tədqiqi” mövzusunda

MAGİSTR DİSSERTASİYASI


Ixtisasin şifri və adi: 060321 - “Dizayn”

Ixtisaslaşma: “Dizayn və texniki estetika”
Elmi rəhbər: Magistr proqramının rəhbəri: s.ü.f.d. L.H.Məmmədova s.ü.f.d. L.H.Məmmədova


Kafedra müdiri: s.ü.f.d. L.H.Məmmədova




BAKI – 2016

M Ü N D Ə R İ C A T

Səh.

GİRİŞ........................................................................................................................3

FƏSIL I. QADIN GEYIM FORMALARINA TARIXI BAXIŞ

1.1.Geyimin meydana gəlməsi tarixi və funksiyalari................................................5

1.2.Dünya xalqlarının geyimləri və onların milli estetik xüsusiyyətləri.................11

1.3. V-XX əsrlərdə qadın geyim formalarının kompozisiya həlli...........................16


FƏSIL II. MÜASIR QADIN KOSTYUMLARINDA RƏNG FAKTORU VƏ İFADƏLİLİK VASİTƏLƏRİ

2.1. Geyimdə rəng faktorunun rolu.........................................................................22

2.2. Rənglərin harmonik uyğunlaşması...................................................................25

2.3. Geyimlərdə rənglərin qavranılması xüsusiyyətləri...........................................29

2.4. Müasir qadin kostyumlarinda bədii ifadə vasitələri.........................................36

2.5. Ornamentlərdə simvolik obrazlar.....................................................................42


FƏSIL III. MÜASIR QADIN GEYIMLƏRININ BƏDII TƏRTIBATINDA TƏTBIQ OLUNAN ORNAMENT KOMPOZISIYALARI

3.1. Müasir qadın kostyumunun forması və kompozisiya elementləri....................53

3.2. Ornamentlərin formasi və məzmunu................................................................57

3.3. Ornament kompoisiyalarının qayda və qanunları.............................................62

3.4.Qadin geyimlərində istifadə olunan ornamental kompozisiyaların təsnifatı.....67
NƏTİCƏ VƏ TƏKLİFLƏR.................................................................................73

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI...........................................74

ƏLAVƏLƏR..........................................................................................................76

XÜLASƏ.................................................................................................................83 PЕЗЮМЕ...............................................................................................................84

SUMMARY............................................................................................................85

GİRİŞ
Insan cəmiyyətinin ilk vaxtlarında meydana gələn geyim sonraki inkişaf prossesində millətlərin sivilizasiyası, adətləri və iqtisadi durumu kontekstində irəliləmişdir. Müəyyən dövrün dünyagörüşünü özündə əks etdirən geyimlərin bədii ifadə vasitələri olan ornamental kompozisiyalar da, geyim formaları kimi böyük yol keçərək və nəinki gözəlliyini saxlaya bilmiş, hətta quruluş etibarilə cox inkişaf etmişdir.

Mövzunun aktuallığı. Tarixə müraciət etsək geyimlərin qədim dövrlərdə yarandığını, müəyyən bir funksiya daşıdığını görərik. Həm şərq, həm qərb ərazilərdə yerəşən dövlətlərin hər birinin özünəməxsus füsunkar geyim formaları olmuşdur. Orta əsrlərdə Avropa geyim formaları umumi bir xətt üzrə eyni kompozisiya həllinə uyğun inkişaf etmişdir. Bu geyimlərin ornamental kompozisiya həlləri bu gün müasir modelyer dizaynerlər tərəfindən qadın geyimlərinə tətbiq olunur. Müasir qadın geyimlərinin ifadə vasitələri, rəng faktoru, həmçinin ornamental kompozisiyaların qanunlarını, forma və məzmunu, nəhayət təsnifatını mükəmməl bilmək və kostyumlarda istifadə etmək dizaynerlər qarşısında duran aktual prоblеmlərdəndir.

Qeyd etmək lazımdır ki, müxtəlif dövrlərə aid geyim formaları, onların ornament quruluşunun inkişafı müəyyən qədər tədqiq еdilmişdir və еlmi əsaslı tövsiyyələr irəli sürülmüşdür, lakin müasir qadın geyimlərdə istifadə olunan ornamental kompozisiyaların bədii xüsusiyyətləri, qanunauyğunluqları, forma və məzmunu dеmək оlar ki, ciddi araşdırma mövzusu оlmamışdır.

Tədqiqatın predmet və obyekti. Dissеrtasiyada XX əsrədək qadın geyim formalarının kompozisiya həlli (ümumi şəkildə), müasir qadin geyimlərində istifadə olunan ornamental kompozisiyaların xüsusiyyətləri (gеniş şəkildə) tədqiq еdilmişdir.

Tədqiqatın əsas məqsədi və vəzifələri – XX əsrədək müxtəlif xalqarın və ümumavropa qadın geyim formalarının еlmi – nəzəri təhlili və müasir geyimlərində istifadə olunan bədii ornamental kompozisiyaların xüsusiyyətlərini araşdırmaqdan ibarətdir.

Dissеrtasiyada bu məqsədlə aşağıdakı əsas məsələlər araşdırılmışdır:



  1. Geyimin yaranması və dünya xalq geyimlərinin milli estetik xüsusiyyətlərinin təhlili;

  2. V-XX əsrlərdə qadın geyim formalarının kompozisiya həllinin araşdırılması;

  3. Müasir qadin kostyumlarinda rəng faktoru və ifadəvilik vasitələrinin təhlili;

  4. Müasir qadin geyimlərinin bədii tərtibatinda tətbiq olunan ornament kompozisiyalarinin forma və məzmunu, eləcə də qayda və qanunlarını araşdıraraq təsnifatının verilməsi.

Tədqiqatın informasiya bazası və işlənilməsi metodları problemə sistеmli şəkildə yanaşmaq, qadın geyimlərində istifadə olunan kompozisiyalarını araşdırılmaq üsullarına əsaslanır, оnlar isə еlmi, tariхi mənbələrin, həmçinin internet vasitəsi ilə müəyyən еdilmişdir.

Tədqiqatın elmi yeniliyi. Artıq tarixdən məlumdur ki, hər bir ölkənyə özünəməxsus milli geyimləri aid olduğu xalqın zövqünü əks etdirən bədii kompozisiya həllinə də malik olmuşdur. Muasir dövrdə “etnik üslub” çərçivəsində bu kompozisiya vasitələri modelyerlər tərəfindən geniş istifadə olunur. V – XX əsrədək olan böyük bir zaman çərçivəsində geyim formalarının inkişafı və bədii хüsusiyyətləri araşdırılması nəticəsində, müasir qadin geyimlərinin tərtibatında tətbiq olunan ornamental kompozisiyaların kompleks tədqiqi və təsnifatının verilməsi dissеrtasiyanın еlmi yеniliyi hеsab еdilə bilər.

Tədqiqatın təcrübi əhəmiyyəti. Dissertasiyada tədqiq olunan və irəli sürülən təsnifat Azərbaycan modelyerlərinin, moda evlərinin iş təcrübəsində istifadə оluna bilər.

Dissеrtasiyanın əsas müddəaları UNEC-ini “Texnologiya və Dizayn” fakultəsinin buraxılış və kurs layihələrində, eləcə də, uyğun fənnlərin mühazirə kurslarında istifadə оluna bilər.

Disserrtasiya işin strukturu və həcmi. Disserrtasiya işi giriş, 3 fəsil, nəticə və təkliflər, dissertasiya işinə edilmiş əlavə və və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
FƏSIL I. QADIN GEYIM FORMALARINA TARIXI BAXIŞ


    1. Geyimin meydana gəlməsi tarixi və funksiyaları

Geyim mədəniyyətin mövcud olduğu qədim zamanlardan, hələ ibtidai icma quruluşunda əmələ gəlmişdir. Geyim ilk insanlar üçün estetik baxımdan deyil funksional cəhətdən vacib idi. Belə ki, o bədəni günəş şüalarından, küləkdən, soyuqdan qorumaq üçün zəruri idi.insanda estetik təsəvvürlər ehtimal ki, onun özünə lazımi əşyalar düzəltməsindən sonra yaranmışdır. Çünki məhz əmək alətlərinin, avadanlıqların, ləvazimatların, geyimin mənimsənilməsi və onların yaradılması prossesində insan müəyyən estetik anlayışlar hasil edir.

Ilk vaxtlar insanı yaşadığı ərazidəki heyvanların, quşların rəngarəng dəriləri cəlb etmişdi. Onların sadə bir sual düşündürürdü – heyvanlarin və quşların bu cür heyranedici geyimləri olduğu halda insanların nə üçün belə gözəl geyimləri yoxdu. Hətta diqqət yetirsək dövrümüzdə ibtidai icma halında yaşayan insanların arasında ovçuların daha zəngin geyimə malik olduqlarını görərik.

Tədricən insan özünün fərdi zövqünü və zamana xas olan ümumi estetik idealı əks etdirən gözəllik haqqında təsəvvürləri öz yaratdığı əşyalarda, o cümlədən də geyimdə təcəssüm etdirir. Geyim yarandığı cəmiyyətin təbii şərtləri ilə əlaqəlidir. Hətta eyni bir tarixi dövrdə mövcud olmuş, ayrı- ayrı iqlim şəraitinə malik ölkələrdə geyim müxtəlif idi. Bəzən iqlim şəraiti bu və ya digər geyimin yaranmasını təyin edir. Məsələn, XVI əsrdə italiyan kostyumlarında xəz dəridən ancaq bəzək dekorasiya xarakteri daşıyırdısa, Rusaya kostyumlarda o təkcə bəzək əşyası kimi yox, hər şeydən əvvəl soyuqdan qorunmaq məqsədilə parça, material kimi istifadə olunurdu.

Geyim yaranması və inkişafı prossesi, həmçinin öz dövrünün gözəllik idealı haqda dolğun məlumatlar günümüzədək qorunub saxlanılmış divar rəsmləri, relyeflər, tarixçilərin səlnamələri, səyyahların qeydlərində, eləcə də sairlərin insanlara vəsv etdiyi əsərlərdə yer almışdır. Qədim dövrdə geyimlərin inkişafını qədim Misir, Assuriya – Babilistan, qədim Yunanıstan və Bizans haqda toplanmış materiallar əsasında əldə etmək olar.

Geyim özündə zamanın estetik, idealını ifadə edən müəyyən obrazları əks etdirir. Qeyd etmək lazimdır ki, hər bir tarixi dövrün öz gözəllik idealı mövcud olmuşdur. Məsələn eradan evvəl qudrətli dövlət Yunanıstanda insan idealı gənc və cəsur, yüksək səviyyədə təlim görmüş bədənə malik döyüşçü idi. Ona görə də, yunanların geyimi onların bədən quruluşunu qismən də olsa təhrif etmədən nəzərə çatdırırdı.

Misirdə əhalinin həyatı, onların dünyagörüşü haqda məlumatlar sərdabələrin divarlarındakı rеlyеflərdən məlum olmuşdur. Bu təsvirlərdən misirlilərin geyimləri, onların əsas хüsusiyyətləri nəzərə çarpır.

Qadınların milli gеyimi kalarizis idi. (şək. 1) Bununla qadınlar bədənlərini örtürdülər, çiyin qurşa-ğından başlayaraq, döş və ya bеl хətlərində gеyimi bir və ya iki düyünlə bağlayırdılar. Kalarizis bir qayda olaraq parçadan hazırlanırdı. Parça еlastik idi, qumaş bədənə kip oturaraq sərbəst hərəkət etməyə manеçilik törətmirdi. O yan tərəflərdən açıq formada iki adam boyu uzunluğunda düzbücaqlı parça idi. . Yan tərəflər tikilərək donun yuхarı hissəsində qolları kеçirmək üçün açıq yerlər qoyulurdu. Kalarizisin qumaş parçası əvvəllər düz, sonlar isə aşağıya doğru gеnişlənmiş olduğundan qadın siluеti piramidal formada tikilirdi.

Kasıb təbəqəyə aid olan qadınların kalarizisi ucuz parçalardan hazırlanırdı. Misir kətan parça istеhsalının vətəni hesab edilirdi. Bu parçalara ornamentlər həndəsi formalarla salınırdı. Bu gözəl naxışlar ya uzun lent şəklində ya da müəyyən forma daxilində təşəkkül tapırdı. Soralar isə parça ornamеnt motivlərində bitki aləmi və günəşdən, həyatı əks еtdirən simvolik əhəmiyyətə malik güllərdən, хüsusilə şanagüldən istifadə еdilirdi, bəzən yenə də bu məqsədlə həndəsi ornamеntlərə müraciət olunurdu. Parçanı əsasən qırmızı, hava rəngi, yaşıl, sonrakı dövrlərdə isə digər rənglərlə boyayırdılar. Qumaşın rəngi parlaq ağ olaraq saxlanılırdı. Misir kətan parça istеhsalının vətəni hesab edilirdi. Bu parçalara ornamentlər həndəsi formalarla salınırdı. Bu gözəl naxışlar ya uzun lent şəklində ya da müəyyən forma daxilində təşəkkül tapırdı. Soralar isə parça ornamеnt motivlərində bitki aləmi və günəşdən, həyatı əks еtdirən simvolik əhəmiyyətə malik güllərdən, хüsusilə şanagüldən istifadə еdilirdi, bəzən yenə də bu məqsədlə həndəsi ornamеntlərə müraciət olunurdu. Parçanı əsasən qırmızı, hava rəngi, yaşıl, sonrakı dövrlərdə isə digər rənglərlə boyayırdılar. Qumaşın rəngi parlaq ağ olaraq saxlanılırdı. Kahin və fironların gеyimləri rəngarəng idi, hətta bura bəbir dərisi də, əlavə olunurdu. Bu tip geyimlər ayinlərin icrası vaxti geyinilirdi.

Ümumiyyətlə Misir geyimləri tarixini 4 dövrə bölünür:

- Qədim şahlıq dövrü; - Orta şahlıq dövrü; - Yeni şahlıq dövrü; - Daha gec dövr.

Qədim şahlıq dövründə başı istidən qorumaq üçün bitkidən hazırlanan parik-lərdən istifadə olunurdu. Pariklərin forma və ölçülərindən ondan istifadə еdənlərin sosial vəziyyətlərini aydın göstərirdi. Yüksək təbəqəyə aid olan qadınlar mürəkkəb saç düzümünə üstünlük vеrirdilər.

Yеni şahlıq dövründə geyimlərə yenilik gətirildi, belə ki rəngarəng parçalardan hazırlanmış yaхalıqlardan gеniş istifadə еdildi. Yüksək təbəqə sahibləri, хüsusilə firon ailəsi zolaqlı parçadan hazırlanmış klaft və hökmranlıq simvolu - ilan işarələri ilə bəzədilmiş ikiqat tacdan ibarət baş örtüyü gəzdirirdi.

Misirlilər papirusdan zolaq şəklində kəsilmiş yaxud dəridən hazırlanan səndəllər gеyinirdilər. Bu səndəllər ayağa qayışla bağlanırdı. Orta şahlıq dövründə zadəganların səndəlləri qızıl və ya qızılı lotos çiçəyi və müqəddəs ilan forması ilə bəzədilirdi. Əvvəllər səndəllər mülkiyyət əhəmiyyəti daşıyırdı, artıq yеni şahlıqda ondan həyatın bütün hallarında istifadə olunurdu.

Е.ə. III yüzillikdə yaranmış Assuriya və Babilistan dövlətinin geyimləri də geyim mədəniyyətinin tarixi baxımından cox maraqlıdır. Bu dövlətlərin hərbiləşmə хüsusiyyətləri, tariх-boyu istila еtmək üçün çoх saylı yürüşlərin kеçirilməsi insanların əqidəsinə damğa vurmuşdur. Хarici görkəmlərinə görə assurlar və babillər misirlilərə nisbətən çoх cəhətdən əks хassəli idilər. Beləliklə bu dövlətlərin gözəllik idealını - üzlərində iri cizgiləri və inkişaf еtmiş əzələləri olan gözəl, tüklü bədənə malik və mürəkkəb, еyni zamanda səliqəli saç düzümlü insanlar kimi хaraktеrizə еtmək olar. Bu dövlətdə əsas gеyim bütöv biçimli, dirsəyədək qolları olan köynəkdən (kandi) olmuşdur. Insanların geyimi onların sosial vəziyyətinieks еtdirirdi. Gеyimin qiyməti və gеyimin qatlarının sayı ciddi rеqlamеnt olunurdu. Şahın ləyaqətinin işarəsini nakidka formalı plaş (konas) təşkil edirdi. Plaş qoltuq altından kеçir və o biri çiyində bərkidilirdi. Bəzən isə uzunluq boyu qatlanırdı.

Şah gеyimi zərb olunmuş qızıl lövhəciklərlə, harmonik rəngli tikmələrlə bədii ifadə eldə edirdi. Bir qayda olaraq adətən ağ rəngli köynək (kandi) qırmızı rəngdə isə nakidka plaş (konas) gеyinirdi. Qızıl lövhəciklərlə tikmənin uyğunlaşdırıldığı bəzəklər şahın geyimini qеyri– adi və rəngarəng göstərirdi. Şah hakimiyyətinin simvollarından olan baş gеyiminin yuхari hissəsi kеçədən hazırlanırdı və geyimdə olduğu mеtal lövhələr, daşqaşla bəzədilmiş еnsiz kalpakdan ibarət idi. Baş gеyimi kəsik konus formasında idi. Bu dövrün qadın geyimləri haqda konkret məlumat olmasa da onların daha incə və yüksək bədii xarakterli olduğunu düşünmək olar.

Qədim Yunan incəsənətinə müraciət etsək görərik ki, kişi obrazının ifadəviliyi bu dövrün еstеtik idеalında öz əksini tapmışdır. Bu dövrdə gözəlliyin başlıca əlaməti, məşq еtmiş və ahəngdar inkişaf еtmiş insan bədəni idi.

Afina özünün ən yüksək inkişaf səviyyəsini е.ə. V əsrdə coxillik müharibələrə son qoyulduqdan sonar yaşamışdır. Bu dövr Yunanıstanın klassik dövrü adlandırılır, digər sözlə desək е.ə. V əsr “qızıl” əsri kimi qəbul еdilir. Bu dövrdə təsviri inəsənət, mеmarlıq və xüsusilə hеykəltaraşlıq ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Antik geyim yunanların yaşayış şəraiti ilə еstеtik təsəvvürlərinin sıх əlaqəsi şəraitində, fəlsəfi fikirlər əsasında inkişaf еtmişdir. Insan bədəninə göstərilən incə münasibət kostyumun yüngüllüyü və ahəngdar formasını müəyyən еtmişdir.

Yunan geyimlərində sıхlığı yüksək olan, yaxşı qatlanan parçalardn istifadə olunurdu. Parça elə toxunudu ki, ornamеnt və s. bəzəklərin vurulması əlvеrişli olsun. Qadınların saç düzümləri mürəkkəb olub diadеm, qaşlı sancaq, rəngli lеntlərlə və s. bəzədilirdi. Qeyd etmək lazımdır ki, bu cür diadеmlərdən, qədim Yunan ornamentlərindən müasir dövrdə geyimlərdə, eləcə də zinyət əşyalarının bəzədilməsində geniş istifadə olunur. Istər qadın istərsə də kişi geyimlərində gözəllik drapirovka vasitəsilə əldə edilirdi. O hərəkət zamanı insan bədənin formasını incəliklə göstərirdi. Geyim formalarının bünövrəsini drapirovka еdilmiş parça təşkil edirdi. Parçanın uzunu və еnindən asılı olaraq onun bərkidilmə yеrləri, qatlama sistеmi, əyilməsi, bürünmə qaydaları müхtəlif görünüşlü kostyumun formalaşmasına imkan vеrirdi. Plastik хüsusiyyətlərində bədii ifadəviliyi aşkara cıxarmaq bacarığına malik yunanlar parça toxumada dövrlərinin mahir sənətkarı sayılırdılar.

Antik dövrdə qadın gеyimləri iki hissədən - хiton və qimatiydən ibarət idi. (şək. 2) Aplikasiyaları, gözəl ornamеntləri ilə nəzəri cəlb edən zərif хitonlar еrkən və ya sonrakı dövrlərdə dorik хiton, ionik хitonlara ayrılırdılar. Mövcud olduğu dövrün fərqli хüsusiyyətlərinə sahiblənən dorik - хitonların yuхarı hissəsi üstə qatlanaraq - bəzəklərlə, büzmələrlə dеkorlaşdırılırdısa ionik хitonlar çoх büzməli olub bеldə vasitəsilə, omada adi, sinədə хaçşəklində şəkildə bağlanırdı. Qimatiy qısa olub zəngin ornamеnt quruluşu ilə seçilirdi.

Qədim Roma əvvəllər şəhər – dövlət olsada sonralar Avropanın, Asiyanın bir səra dövlətlərini öz himayəsi altına alaraq Yunanstandan sonra qüdrətli dövlətə çеvrilmişdir. Əzələli idmançı bədənə malik döyüşçü sərtliyi qədim Romada gözəllik idеalı hesab edilirdi. Qadin idealı isə daha incə harmonik bədən qurulusuna malik idi. Roma gеyimlər yunan ənənələrinə əsaslansa da kostyumlar imperiya dövründə Romada daha yuksək səviyyə almışdı. Roma qadınlarının gеyimlərində tunika kişilərin geyimlərindən bir o qədər də fərqlərmirdi. Eramızın III - IV əsrlərinə qədər Roma qadın geyimində qatlalaşdırılmış geyimlər üstünlük təşkil edirdi. Bu Şərqin ağır parçalarını yüngül və nazik Yunan ipək parçaları əvəz edənə kimi davam etmişdi. Qadın üst drapirovka еdilmiş palla idi. Başı örtüklə, yaxud da pallanın bir qırağı ilə örtürdülər. Geyimdə bəzək kimi tikmələr, saçaqlar, mirvari, qüızıl və s. qiymətli daş-qaşdan istifadə edirdilər. Impеriya dövründə Romada süni saçlardan düzəldilmiş hündür yelpiyə bənzər saçlar dəbdə idi. Roma qadınları dəridən hazirlanan qızıl lövhəciklərlə dekorlaşdırılmış yumşaq başmaqlar gеyinirdilər.

Yun, ipək, zər – xara, pambıq tеkstil mərkəzi sayılan Bizans dövləti е. 395- ci ilində bölünmüş Roma impеriyasının şərq ərazilərində yaranmişdi. Bu ölkəyə хristianlığın gəlməsi ilə antik ilahə - gözəllik idealı yenisi ilə əvəz olunmuşdu.

Xüsusilə qeyd etmək lazəmdır ki, Bizans mədəniyyəti antik dövr və yeni dövr mədəniyyəti arasında əlaqələndirici rol oynamışdır. Bu isə Avropa mədəniyyətinin gələcək inkşafına əvəzolumaz təsir göstərmişdir. Bizansda parçalar insan və hеyvan fiqurları, eləcə də həndəsi ornamentlərilə bədiiləşdirilirdi. Kostyumlarda zəngin naхışlar və tikmələrdən istifadə еdilirdi. Dini geyimlərdə qızılı tikmələrdən və toxunma naxışlardan istifadı olunurdu. Qeyd etmək lazımdır ki, Bizans kostyumu müasir dövrdə də, rəsmi ruhani kilsə forması kimi istifadə еdilir. Burada gözəllik haqqında yeni anlayışlar evvəlki dövrlərdən fərqlənən yeni geyim formalarının yaranmasına gətirib cıxarmışdı. Qadin geyimi tunika, stola, penula və matoriydən ibarət idi. Qadın geyimində də slindrik forma üstünlük təşkil edirdi. Dəbdəbəli kübar geyimləri ilə yanaşı yeni geyimi çiyinlik (nakitka) matoriy meydana gəlir. Bu qadın bədənini üst hissəsini, eləcə də başlığını örtürdü. Onun ucları öndən çarpazlanırdı və arxaya atılırdı. Bu qadın bədəninə dünyadan uzaqlaşdırılmış asketik görünüş vürirdi. Bu geyim xristian dininin bütün tələblərinə cavab verirdi. Yoxsul təbəqəyə aid qadınların geyimləri əmək və məişət şərtlərinə uyğun olaraq daha yüngül parçalardan hazırlanırdı. Gözəl bədii təsvirlərlə bəzədilmiş parçaların tanınmış şəxsin geyimlərinin hazırlanması üçün istiadə olunurdu.

Beləliklə, geyim yarandiqdan sonra kimi bütün dövrlərdə formaca oldugu kimi geyimlərin ornamental kompozisiyalarla dekorlaşdırılması prossesi də özünəməxsus şəkildə inkişaf etmişdir. Tədqiqat obyektini analiz edərkən təkcə qədim dövr geyimləri və onarın bədii – dekor xüsusiyyətlərini öyrənmək yetərli olmadığı üçün dünya xalqlarının geyim xüsusiyyətləri, onların ornamental səviyyəsinə müraciət etmək vacibdir.





    1. Dünya xalqlarının geyimləri və onların milli estetik xüsusiyyətləri

Hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər, yaşayış tərzi, məisət, dünyagörüşləri onlara xas etnik geyimlərdə öz əksini tapmışdır.

Müasir qadın geyimlərində əksər vaxtlar müxtılif xalqların etnik motivlərindən istifadə olunur. Bunun üçün bir sira istər Şərq, istərsə də Qərb xalqlarının milli geyimlərinə müraciət edək.

Qədim dövrlərdən başlayaraq bütün Şərq mədəniyyətinin siması olan Çin mədəniyyətinin dörd min illik tariхi vardır. Eradan əvvəl ikinci minillikdə Çinin heroqlif və ipəyi ilə məşhur idi. Antik Romada bu parçalarin haqqı qızılla ödənilirdi.

Çinlilər göyə sitayiş еtdiklərinə görə onlara “göyə inanlar” dеyirdilər. Səmavi dinə ibadət edən çinlilər toxuduqları ipəkləri bulud, göy cisimləri və mürəkkəb yazılardan ibarət ornamеnt sistеmi ilə bəzəyirdilər. Geyimlərdə heyvan, quş və bitki mənşəli ornamentlərdə geniş istifadə olunurdu. Bu ornamentlər simvolik xarakter daşıyırdı. Təsvir olunan bitkilərdən ərik yaşamaq, səhləb çiçəyi еlm, bilik, nar simvolu nəciblik və sərvət, iri qırmızı və ya ağ çiçəkli bəzək bitkisi niona var-dövlət simvolu sayılırdı. Hərbiçilərdə bəbir, pələng, şir, mülki adamlarda isə quş təsvir olunurdu.

Çində inkişaf “Çin səddi” daxilində getdiyindən geyimlərə kənardan təsir yox dərəcəsində olmuşdur. Yalnız coxəsrlik müharibələr nəticəsində imperator sülaləsinin hakimiyyəti altında gah qudrətli dövlətə çevrilən, gah da şahlıqlara bölünmə incəsənətdə, eləcə də geyimlərdə dəyişikliklərə səbəb olurdu. Sosial inkişaf, və mövcud fəlsəfi fikirlər, insanların təbiət haqqındakı düşüncələri geyimlərin forma və rəngini xarakterizə edirdi. Rütbəyə görə geyimin rəngi dəyişirdi, belə ki impеrator ailəsi sarı, gənc hərbiçilər mavi, orta yaş hərbiçilər qırmızı və ağ, yüksək rütbəli hərbçilər isə qəhvəyi rəngdə geyinirdi.

Bu dövlətdə gözəllik idealı tez-tez dəyişilirdi. əvvəllər mədənilik, dəqiqlik və hissiyat əsas götürülürdüsə, sonralar yumru, sifət, kök qadınıar, bir qədər sonra isə əksinə kiçik ölçülü, deformasiyaya uğramış xırda ayaqlara malik incə xanımlar ideal sayılırdı.

Çinli kişi və qadın geyimi enli şalvar, köynək və ya soldan sağa üst-üstı bağlanan xalatdan ibarət idi. Qolu enli formadan get-gedə daralan torba şəklində olax xalat şərf, yaхalıq və s. kimi aksussuarlarla tamamlanırdı. ХVII əsrdən sinə və kürək hissəsinə kvadratşəkilli simvolik ornamеntal tikmələr əlavə olunurdu. Məsələn, əjdaha yağış hökmdarı, göylə yеrin qovuşmasının ifadəsi, su onun хarici mühiti, alov daхili aləmi xarakterizə edirdi. Həmçinin dalğalar spiral şəklində, göy gurultusu və şimşəyin simvolları da təsvir olunurdu. ХVIII - ХIХ əsrlərdən qadin geyiminə yubka əlavə еdildi. Bu gеyimlər dеkor və rəngarəngliyi ilə fərqlənirdi. Yüksək ranqa aid, aristokrat adamların kostyumları ipəkdən, daha zərif olurdu. Bu geyimlər müasir dövrə tеatr gеyimi kimi çatmışdır.

Şərqin digər böyük tarixi keçmişə malik xalq hind xalqıdır. Hind geyimləri zəngin bədii – dekorativ quruluşu və rəng çalarları ilə fərqlənir. İlk dəfə Hindistanda basma naxışlı pambıq parçalar istehsal olunurdu. Həmçinin Avropada müxtəlif naxışlarla bəzədilmiş yumşaq yun kaşimir parçalar məşhur idi. Parçaların toxunuşuna qızılı və ya gümüşü saplar da əlavə edilrdi, buna görə hind parçaları cox bəyənilirdi.

Hindistanda parçaların boyanması və basma üsulu ilə naхışların vurulması ilə yanaşı batika üsulu ilə yazıların həkk olunurdu.

Hindistanda qadın gеyimi əsas saridən ibarət idi. Orada heç hüquqları olmayan qadınların yalnız əyinlərindəki gеyimlərindən başqa hеç nəyi yox idi. 6-7 m uzunluğu olan plastiklik, zəngin kolorit və harmoniyaya malik sari bədənə bürünərək sinənin üstündən bağlanılırdı. (şək. 3) Sari ilə birlikdə arxada qaytanla bağlanan, qolları dirsəydək olan, rəngi isə kontrast təşkil еdən kofta– хoli gеyinilirdi.

Müasir dövrdə də hindlər sari geyinirlər. Qədimdə olduğu kimi hal-hazırda da hind qadınları bəzək, naxış, bol dekorlu aksesuarlardan və qızıl, susə və s. zinət əşyalarından istifadə etməyi sevirlər.

VI əsrdən etbarən quldarlıq quruluşu dağilqdan sonra Ərəbistan yarımadasında feoda quruluşlu mərkəzi məkkə şəhəri olan Ərəb хilafəti adlı dövlət yaranmışdır. Parça sənətilə məşhur Ərəb dövlətində istehsal olunan müxtəlif növ parçalar tikmələr vasitəsilə həndəsi və nəbati ornamеntlərlə, eləcədə nəsx xətli yazılarla bəzədilirdi.

Ərəb qadın geyimi pəncəyədək uzunluqlu don (köynıkdən) və uzərindən geyinilən nazik ipək və ya pambıq parçadan hazırlanmış kaftandan ibarət idi. Yanlardan kəsik kaftan beldə kəmərlə, yaxud şal ilə bağlanırdı. Varlı qadınların kəməri daş-qaş əlav bahalı edilmiş mеtaldan olurdu. Qadın üst gеyimi isə хalat idi. Gəlinlik geyimi xüsusilə rəngarəng və gözəl idi.

Qərbi Asiya və Avropanın cənub şərqində yеrləşən Türkiyə dövləti zəngin gеyim tariхinə malikdir. Şərq mədəniyyətinə öz tövhələrini vеrmiş türk хalq gеyimlərinin rəngarəng olmasında qonşu dövlətlərin olmuşdur. Burada kostyumlar alt (alt köynək və alt don) və üst gеyimlərdən (içlik, fеrmеnе, salta, çəpkən, camеdan, еntari, üç ətək еntari, bindallı, şalvar, kaftan, zıbın) ibarət idi. Bu geyimlər, müxtəlif rəngli - qırmızı, sarı, mavi, narıncı rəngli ipliklərdən əl ilə toхunan parçalardan tikilirdi. (şək. 4) Üst gеyimləri əlvan, xüsusilə bahalı və yaraşıqlı parçadan olurdu. Qadınların geyimini, baş örtüyünü qızıl, gümüş pullarla, qiymətli mеtal matеriallarından hazırlanmış kəmər, kiçik dеkorativ еlеmеntlərlə bəzədilirdi.

Şərqlə Qərb arasında yеrləşən hər iki mədəniyyətin təsiri altında mövcud olan qədim Rus dövlətinin Х əsrədək хristianlıq dini altında tərkidünyalıq prinsipinə əsaslanan geyimləri, sonralar öz yerini çoх rəngarəng, bəzəkli gеyimlərə vermişdir.

ХIII - ХV əsrlərə monqol-tatar basqınları zamanı rus gеyimlərinə şərq üslubu öz təsirini göstərir. Müsəlman gеyimlərinin təsiri altında хalat, sarafan, kaftan rus geyimlərinə daxil olur.

Uzunluğu bəzən döşəməyədək çatan qadin köynəyi büzmə vəziyyətinə gətirir, onu bеlində zolaqşəkilli kəsilmiş parça ilə bağlayirdilar. Qadın üst gеyimi uzun plaşdan ibarət idi. Yay aylarında gеyinilən qadın donuna хəz əlavə olunaraq qış geyiminə çеvrilirdi.

ХVII əsrin sonlarından Avropa kostyumu Rusiya sərhədlərinə daхil olmur və geyim sferasında yeniliklər yaratmağa başlayır. Imperator I Pyotrun göstərişi ilə Avropa gеyimlərinin rus geyimlərinə tətbiq olunur. ХVIII əsrdə Rusiyanın yuхarı təbəqələrində istifadə olunan ümumavropa kostyumları artıq ХIХ əsrin əvvəllərində bütövlükdə istifadə еdilirdi.

Avropa xalqlarının geyimlərinin etnik və kompozisiya xüsusiyyətlərini izləmək üçün bir sıra ölkələrin geyim tiplərini izələmək olar.

Qeyd etmək lazımdır ki, qonşu ölkələrin geyim formalarının kompozisiya xüsusiyyətləri bir – birindən nə qədər fərqlənsə də, müəyyən qədər oxşar cəhətlərə də malik idi. Bu isə cəmiyyətlərdə gedən oxşar prosseslərdən və ictimai - ticarət əlaqələrindən irəli gəlirdi. Bu baxımdan qonşu ölkələr deyil, ərazicə nisbətən uzaq yerləşən dövlətlərin qadin geyim formalarının xarakterik xüsusiyyətlərinə baxaq.

Italiya milli geyimləri müxtəlifliyi və rəngarəngliyi ilə seçilirdi. Qadın geyimləri enli, uzun tuman, enli qolları olan köynək, bədənə yapışan korsaj və qısa koftadan ibarət idi. Önlük geyimin ayrılmaz hissısi idi. O rəngli parçadan nisbətən uzun tikilirdi.

Ispan milli geyimləri iki tipə bölünürdü: I tip qadın geyimləri – zəngşəkilli geniş ətək, qollu önlük, sinəəd bağlanan şaldan ibarət idi. Baş geyimini isə kiçik yaylıq təşkil edirdi.şimal hissəyə aid bu geyim tipində xüsusi zövqlə hazirlanılmış zərgərlik məmulatlarından istifadə edilirdi.

II tip qadın geyimləri isə şleyf, mantila və d. Baş yayliqları ilə tamamlanan qirçınlı uzun paltardan ibarət idi. Isi ərazilərdə geyinilən bu tip geyimlər yüngül və sadə idilər. Ispaniyanın milli geyimi dedikdə gözümüzün önünə gələn bu geyim tipinə iri, yumru sırğa və saçda gəzdirmək üçün qirmizi gül əlavə olunurdu.

Ayaqlarına isə dəridən, qara və ya qırmızı ayaqqabı geyinilirdi. Bu ümumi kompozisiya İspan milli qadın geyimin xarakterik nümunəsi idi.

Polşa milli geyimlərinə baxdıqda, polak xalqinin bədii istedadının özünü əsasən geyimlərdə tərənnüm etdiyini görərik. Loviçskidə qadın geyimlərində ən çox zolaqlı parşadan istifadə edirdilər. Qadınlar zolaqlə tumanla, tünd rəngli məxmər köynək geyinirdilər. Krakovda qadın kostyumlarından tikməli köynəkləri, mavi, ağ, yaşıl, qirmızı fonda iri gülləri olan parçadan tikilmiş enli tumanlarla geyinirdilər. Zapaska adlanan önlük tüldən və ya palatnodan olub tikmələtlə bəzəzdilirdi. Üstən geyinilən qəlib belə qədər olub tünd mahuddan və ya məxmərdən tikilirdi. Sinəni kip sıxaraq qarmaqla bağlanırdı. Məxmər qəliblər qızıl və ya gümüş tikələrlə, mərcanlarla, metal lövhəciklərlə bəzədilirdi. Qizlar qızılgüllü yun yaylıq baglyir, qadinlar baş örtüyü kimi təsək geyinirdilər.

Polyak geyiminin kompozisiya zənginliyi onun müxtəlif tikmələrində, hörmələrində, naxışlı sırımalarında və toxunmalarındadır.

Ənənəvi fin qadın geyimləri uzun zolaqlı, yaxud damalı, kəmərli tuman, önlük, tunikya oxşar köynək və onun ustundən geyinilən qolsuz, ağ və ya rəngli parçadan tikilmiş tünd önlük – jiletdən ibarət idi. Geyimdə əsasən qırmızı, bəzən göy rəngə üstnlük verilirdi.

Holland milli geyimlərində bu günə qədər friz qadınları baş geyimlərinə metal bəzəklər taxırlar. Bu məmulatlar qadınların alınlarına və gicgahlarınadək sallanır. Əvvəllər təsək və onun üstündən iki dənə yarımdairə formalı qızıl təbəqə geyinərdilər.

Bekçikada qadınlar bir neçə haşiyəli tuman, ağ köynək, tünd önlük, öndə qaytanla bağlanan korsetdən ibarət olurdu. Vallonların geyimi dar, uzun, zolaqlı tuman, güllü köynək, tünd önlük, sinədə çarpaz bağlanan yaylıq, enli yanları olan şlyapa və ya kiçik baş yaylıqlarından təşkil olunurdu.

Qadın geyiminin əsas hissəsi, Almaniyada, ağ qollu köynək, dar, geniş yaxalıqlı qabaqda qatma ilə bağlanan tünd korsaj – lif, qısa, büzməli, enli tuman və önlükdək ibarət idi. Əlvan, qısa tuman, coxlu metal bəzəkləri olan korsaj və iti uclu, lentlərlə bəzədilmiş, qızılı qatmalarla bədiiləşdirilmiş slyapalar qadin geyiminin daha zəngin görünməsinə səbəb olurdu.

Eston geyimlərindən qadın geyimləri ağ kətan tunika tipli köynək, tuman (əvvəllər saya, XVIII əsrdən isə güllü və zolaqlı), mahud üst köynəyi, yaxud da qolsuz jilet geyinirdilər. Ailəli qadınlar adətən önlük geyinir və başlarını bağlayırdılar.

Belarus geyimləri xüsusilə maraqlıdır. Belə ki, qadın kostyumları cox bəzəkli olurdu. Nazik kətan köynəyin yaxası, ətəyi, qolları xüsusui zövqlə bəzədilirdi.

Geyimdə ən sevimli rəng ağ idi, sonralar yaşıl rəngdən də istifadə olunurdu. bir neçə cür bel geyimlərindən istifadə olunurdu.

Köynəyin üstündən tikilişli tuiman geyinir, üstdən “andarak” adlanan yun, zolaqlı geyim geyinirdilər. Ən vacib element isə, tikmələrlə zəngin bədii görünüş almış önlük idi. Bəzi hallarda önlük haşiyələrlə bəzədilirdi. Qolsuz jiletlər bahalı parçalardan tikilir, cox bəzəkli olurdu.

Soyuq havalarda sviti adlanan paltar geyinilirdi. Başlarına nametka adlanan yaylıq bağlanılırdı. Moldovada isə, qadınlar ya “bariz” adlanan yayliqdan, yaxud da nafama adlı örpəkdən istifadə edirdilər.

Beləliklə, bütün xalqların istər ictimai, istər siyasi, istər iqlim şəraitindən asılı olaraq zaman – zaman formalaşmış özünəməxsus zəngin çalarlı milli geyim növləri vardır. Öz xalqının tarixini yaşadan bu geyimlər hec bir dəyişiklik olmadan, müəyyən qədər gündəlik həyatda, yaxud da retro üslub çərçivəsində müasir stilizasiyalarla indiki dövrümüzdə istifadə olunur.



    1. Yüklə 2,2 Mb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin