Yaradıcı nağıletmə. Yaradıcı nağıletmə şagirdlərin təfəkkürünün inkişafına təkan verir. Oxu mətninin mənimsənilməsinin əsas göstəricisi şagirdin məzmunu öz sözləri ilə verə bilməsidir. Mətni nöqtə və vergülünə qədər əzbərləməyi bacaran və eləcə də əzbər kimi danışan şagirdlərə mətnə aid hər hansı sual verdikdə, onlarda çaşqınlıq yaranır və ya uyğunsuz bir cavab verirlər.
Mətnin şüurlu mənimsənilməsinin ilkin göstəricisi isə aşağıdakılardır:
- əsərin məzmununa, ideyasına, əsərdəki surətlərə, hadisələrin gedişinə, məkan və şəraitinə aid sualların cavablandırılması;
- mənfi və müsbət obrazlara münasibətin bildirilməsi;
-əqli hücum üsulundan istifadə ilə verilən sualların şagirdlərdən konkret olaraq hə, yox cavabını tələb etməməsi;
-Mətnin məzununun ardıcıllıqla, bitkin hissələrlə, müstəqil şəkildə analiz edilməsi;
-əsərin məzmununu əhatə edən planın şagirdlər tərəfindən müəyyənləşdirilməsi;
-əsərdəki hadisələrə uyğun həyat hadisələrinin yada salınması və ya həmin hadisəyə uyğun mətnin hazırlanması.
Oxu mətninin şagirdlər tərəfindən şüurlu mənimsənilməsi onların nitq və yaradıcı təfəkkürünün inkişafını tənzimləyir. Şagirdlər mətnin məzmununu öz sözləri ilə nagıl edirlər ki, bu da yaradıcı nagıletmə adlanır. Yaradıcı nagıletmə prosesində şagird mətnin məzmununa əlavələr edə bilir və ya mətnin məzmununu öz arzusuna görə yenidən qura bilir. Yaradıcı nagıletmədə müxtəlif variantlardan istifadə edilir:
Oxu mətninin mənimsənilməsi prosesində yaradıcı nağıletmə zamanı bir sıra tələblər də gözlənilməlidir:
1) şagird əsərdə müəllifin əsas ideyasını müəyyənləşdirməyi bilməlidir;
2) əsərdəki mühüm cəhətləri (məqamları) tutmağı bacarmalıdır;
3) yaradıcı nağıletmədə şagird öz fikirlərini, əlavələrini əsaslandırmağı bacarmalıdır;
4) yaradıcı nağıletmədə leksik norma gözlənməlidir;
5) yaradıcı nağıletmədə fikir, söz və ifadələr qarşı tərəf üçün anlaşıqlı olmalıdır;
6) yaradıcı nağıletmədə əsərin mühüm cəhətləri buraxılmamalıdır;
7) şagird yaradıcı nağıletmə üçün plan tərtib etməyi bacarmalıdır;
8) surətlərin xarakteristikasını verməyi bacarmalıdır;
9)yaradıcı nağıletmə zamanı şagird etdiyi əlavələrində hadisələrə münasibətini bildirməlidir.
Oxu mətninin nağıl edilməsində iş formalarını dəyişmək məsləhətdir: şəxsləri və zamanı dəyişməklə mətnin nağıledilməsinin müxtəlif şəxslərlə verilməsi (I, II, III şəxsin təki və cəmi), rollar üzrə canlandırılması və s.
Yaradıcı nağıletmədə inteqrativ əlavələr mühüm əhəmiyyət kəsb edir.
Məsələn:
-əsərdəki fakt və hadisələri yaşlılardan eşitdikləri oxşar hadisələrlə sintez etmək;
- əsərdəki fakt və hadisələri yaşadıqları həyat hadisələri ilə əlaqələndirmək;
- əsərdəki fakt və hadisələri bənzər fakt və hadisələrlə əlaqələndirmək;
-əsərdəki fakt və hadisələri əvvəllər oxuduğu əsərlərlə əlaqələndirmək;
-mətndəki hadisələri kinolarda gördükləri ilə uyğunlaşdırmaq;
-mətni oxuduğu kitablardan, gəzinti və ekskursiyalardan əldə etdiyi məlumatlarla zəndinləşdirmək;
- mətndəki hadisə və faktları oyun, əyləncə və əmək fəaliyyəti ilə əlaqələndirmək və s.
Yaradıcı nağıletmə şagirdlərin fəallığını, müstəqilliyini və inkişafını təmin edir, onlarda öz sözünü deyə bilmək, özünəinam yaradır və möhkəm iradə formalaşdırır. Şagirdlərin yaradıcı nağıletmə, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi hər bir müəllimin vəzifəsidir. Bu vəzifənin yerinə yetirilməsinə nail olmaq üçün müəllim şagirdlərin kitab üzərində müstəqil işlərinin təşkilinə, mətndəki əsas fikrə münasibət bildirmələrinə, əsərdəki hadisələrin məntiqi əlaqəsini gözləmələrinə, obrazlı ifadələrdən istifadə etmələrinə, surətlərin dəyərləndirilməsinə dair fikir söyləmələrinə şərait yaratmalıdır.