Şifahi nitq bacarıqlarının inkişafının həyata keçməsi oxu dərslərinin təşkili vəziyyəti ilə sıx əlaqədardır. Qeyd edək ki, oxu bacarıqlarının formalaşması və oxu dərsləri üzrə işin səmərəli təşkili özunu şagirdlərin şifahi nitqində büruzə verir. Şifahi nitqlə bağlı irəliləyişlər şagirdlərin oxu vərdişlərinin inkişafında, oxu mətnlərinin plan əsasında, geniş, yığcam, seçmə, ordan-burdan, yaradıcı nağıl edilməsində, sualların cavablandırılmasında öz əksini tapır. İbtidai siniflərdə oxu mətnlərinin (şeir, nəsr əsərindən bir parça, monoloqlar) əzbər öyrənilməsi, rollar üzrə oxu, əsərlərin səhnələşdirilməsi və nağıletmə üzrə işlər mütəmadi aparılmalıdır. Həmçinin müşahidələr göstərir ki, oxu dərslərində nağıletmənin müxtəlif növlərindən istifadə şifahi nitq vərdişlərini inkişafını sürətləndirir. İbtidai siniflərdə oxu mətnlərinin nağıletməsinin bir sıra növləri vardır:
mətnin öyrənildiyi şəkildə nağıl edilməsi;
mətnin sualara əsasən nağıl edilməsi;
mətnin sual cümlələri ilə nağıl edilməsi;
mətnin nəqli-təhkiyə xarakterində nağıl edilməsi;
mətnin qarışıq nağıl edilməsi;
mətnin yaradıcı nağıl edilməsi.
Mətnin oxusu və nağıl edilməsində şagird hansı bacarıqlara yiyələnməlidir? Təlim nəticələri necə olmalıdır? Şagird:
Hadisələri mətndəki ardıcıllıqla nağıl edir.
Mətndəki hadisələrin inkişafını açır.
Mahiyyətin nədən ibarət olduğunu izah edir.
Mətndəki müsbət və mənfi davranışları dəyərləndirir.
Mətndəki fakt və hadisələri seçir.
Mətnin məzmununu yığcam danışır.
Məzmunu I və II şəxsin dili ilə nağıl edir.
Mətndəki xoşuna gələn hissəni seçib nağıl edir.
Verilmiş suallara əsasən nağıl edir.
Verilmiş plana görə nağıl edir.
Mətnə uyğun yaradıcı nağıl edir.
Mətnə aid şəkillərə əsasən nağıl edir.
Şagirlərin müstəqil işlərinin təşkili ibtidai siniflərdə daha çox diqqət tələb edir. Oxu mətnlərinin tədrisində bu işə ciddi fikir verilməlidir: oxu mətninə plan tərtibi, mətnin hissələrinə başlıq vermək, abzaslara ad vermək, oxu mətninin adını dəyişmək, mətnin məzmununu plana uyğun danışmaq, hadisələrin iştirakçılarının hərəkətlərini dəyərləndirmək, illüstrativşəkillər çəkmək, mətni həyatla əlaqələndirmək, şəklə görə hekayə qurmaq, oxu mətninə oxşar mətn hazırlamaq və s. bura daxildir.
Şagirdin əşya və hadisələr haqqında fikir söyləməsinə, müstəqilliyinə, fikirlərini, oxu mətnindəki hadisələrlə və həyati müşahidələrlə əlaqələndirməsinə imkan yaratmaq lazımdır. Oxu mətnindəki sinonim, antonim və çoxmənalı sözlərin, məcazların seçilməsinin təşkili qayğısına qalmaq vacibdir. Şagirdlər ibtidai siniflərdə oxu mətnlərini janrına görə (nağıl,şeir, tapmaca, laylalar, atalar sözü, yanıltmac və s.) müəyyənləşdirmək bacarığına təcrübi şəkildə yiyələnməlidirlər.