Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Azərbaycan nağıllarının xüsusiyyətələri və növləri



Yüklə 0,51 Mb.
səhifə42/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   38   39   40   41   42   43   44   45   ...   70
C.Nabat Monoqrafiya

Azərbaycan nağıllarının xüsusiyyətələri və növləri

Hər bir xalqın öz əfsanəsi, əsatiri və nağılları vardır. Folklor yaradıcılığında mühüm yerə məxsus nağıllar da xalqın tarixini əks etdirir. Azərbaycan nağıllarında xalqın məişəti, adət-ənənəsi, istəkləri verilmişdir. Poetik şifahi xalq yaradıcılığının başqa janrları ilə müqayisədə nağıllar hadisələri daha geniş, ətraflı, yerli-yataqlı, anlaşıqlı və canlı təsvir edir, ona görə də əsrlər boyu - yazı və kitabın kəşfindən qabaq da, sonra da xalqın diqqətini maqnit kimi özünə çəkmişdir.


Nağıllar xalq həyatından qaynaqlanmışdır. Xalq həyata keçməyən və ya reallıqda mümkün olmayan arzularını nağıllarda sehirli quvvələrin timsalında həyata keçirmişdir.
Zaman keçdikcə nağılların öyrənilməsi başlanmış, nağılçılıq epik janrın əsasını qoymuşdur. Nağıllar şifahi xalq yaradıcılığının bir qolu kimi hər zaman tədqiq olunur. Nağıllar kəmiyyət etibarilə çoxluq təşkil etdiyi qədər mövzu, forma cəhətdən və struktur cəhətdən rəngarəngdir. Folklorşünaslıq elminin meydana gəldiyi ilk günlərdən başlayaraq nağılların mənşəyi tədqiqatçıların diqqət mərkəzində durmuşdur. Nağılların inkişafı ilə əlaqədar ayrı-ayrı məktəb və cərəyanların işləyib hazırladığı konsepsiyalar, heç şübhəsiz, bu sahədə maraqlı nəticələr əldə edilməsinə təkan vermişdir. Məsələn, nağılların mənşəyini araşdırarkən Y.E.Meletinski yazırdı ki, şifahi xalq ədəbiyyatında əksini tapan ibtidai təsəvvürlər onun inkişaf dövrlərindəki sosial amilləri də əks etdirir. Tədqiqatçılar belə qənaətə gəlirlər ki, sehirli nağıllarla müqayisədə məişət nağıllarının mənşəyini öyrənmək xeyli asandır. Nağılların mövzusu çox müxtəlifdir: heyvanlar haqqında nağıllar, sehirli nağıllar, sosial- məişət nağılları və s.
M.Təhmasibin fikrincə, heyvanlar haqqında olanlar nağılların ən qədim növüdür. Qədimdə adamlar bəzi heyvanları ecazkar qüvvə kimi müqəddəs saymışlar. Bunun əsasında totemizm əmələ gəlmişdir. Azərbaycan nağıllarında da totemlərə rast gəlinir: “Göyçək Fatma”, “Fatmanın inəyi”, “Ovçu Pirim”və s. Heyvanlar haqqında nağıllarda alleqoriya da özünü göstərir. Məsələn, “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı və s. Bu qənaətdən sonra müəllif həmin qrupa daxil olan nağılların inkişaf yollarından danışır və əsasən üç mərhələ keçdiyini göstərir:
I mərhələ cəmiyyətin ilk pilləsinə, insanların təbiətin kortəbii qüvvələrinə qarşı mübarizə apardığı dövrlərə aiddir. Məlumdur ki, ilk insan üzərində obyektiv təbii hadisələrlə yanaşı, ayrı-ayrı canlıların da qüvvətli təsiri olmuşdur. Bu dövrlər insanların bədii təfəkküründə əsatiri görüşlər yaratmışdır. Onlar yaşamaq və təbiəti özlərinə tabe etmək yollarında əsatir yaratdıqları kimi, heyvanlara da sitayiş etmiş, totem yaratmışlar. Heyvanlar aləmindən bəhs edən nağılların birinci mərəhələsi totemlə əlaqədar olmuşdur.
II mərhələ heyvanlar aləmindən bəhs edən təmsillərlə əlaqədardır. Başqa sözlə, təmsilin ədəbi janr kimi meydana çıxması, insanların bədii yaradıcılığında heyvanların iştirakı daha canlı və məqsədli xarakter alır.
Qeyd etmişdik ki, folklorşünaslıq elmi nağıl janrının araşdırılması ilə özünü təsdiqləmişdir və dünyanın məşhur araşdırıcılarının, demək olar ki, hamısı mühüm tədqiqat əsərini nağıla həsr etmişdir. V.Vəliyev də onları yaxşı tanıyırdı və dərsliyində də dəfələrlə adlarını çəkir, sitatlar gətirir. Lakin nağılların öyrənilməsində Avropa tədqiqatçılarından: V.Qrim qardaşları, A.Arne, O.Miller, V.Anderson, T.Benfey, C.Frezer və b., müasir rus alimlərindən: A.N.Veselovski, V.Y.Propp, Y.M.Meletinski, E.V.Pomerenseva, V.Anikin və b. əsatirlərlə, totemlə bağlı yaranan nağılları heyvanlar aləmindən bəhs edən nağıllar qrupuna daxil etməmişlər.
V.Y.Propun “Sehirli nağılların tarixi kökləri” adlı məşhur monoqrafiyasında fövqəltəbii qüvvəyə malik heyvan və quşlar iştirak edən bütün nağıllar, o cümlədən “Göyçək Fatma” nağılının süjetini özündə daşıyan “Morozko”sehirli nağıl kimi təqdim olunur. Bu heyvan və quşlar sehirli nağılların xüsusiyyətlərinə cavab verdiyi üçün bu qrupda öyrənilib araşdırılmışdır. Nağıllar yalnız alleqorik ifadə vasitəsindən istifadəyə görə təmsillərlə müqayisə edilə bilər. Qalan məsələlərdə təmsillə üst-üstə düşən cəhətlərindən danışmaq mümkün deyil. “Ovçu Pirim”, “Göyçək Fatma”, “Qara at” kimi nağıllar isə sehirli nağıl kimi təqdim olunur. Fikrin qüsurlu olmasını qoyaq bir kənarda, bilinmir ki, müəllif Azərbaycan folklorundan bəhs edir, yoxsa yazılı ədəbiyyatdan. Hər halda uşaqlarımıza bağça yaşından nağıl və təmsil öyrədirik, onların arasında müəllifsiz, xalq yaradıcılığına məxsus nümunəni göstərən tapılmaz. Təmsilin şifahi xalq yaradıcılığının janrı kimi təqdimi ağlasığmazdır. Yenə nağıllardan alınıb təmsilin yaranmasına təkan verən alleqorik ifadə vasitəsinə işarə olunsaydı, başa düşülərdi. Belə çıxır ki, bu günədək Azərbaycan folklorşünaslığında nağılın tədqiqinə bir qədər ögey münasibətin kökləri məhz bu cür ali məktəb dərsliklərində axtarılmalıdır. Müəllif doğrudan-doğruya folklorun janr sistemindən, xüsusilə nağıldan yazdığını unudur, təmsilin rolunu və əhəmiyyətini qabartmağa çalışır. Hətta klassik yazılı ədəbiyyata baş vurub təmsil ustalarının adlarını çəkməyi də lazım bilir: Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir və başqaları təmsil və nəsihətamiz rəvayətələrini yazarkən “Kəlilə və Dimnə”yə əsaslanmışlar. Bu sənətkarların təmsillərinin Azərbaycan folklorundan mayalandığı əsaslandırılsaydı, yerdə qalanlara göz yummaq olardı. Görün, dərslikdə heyvanlar aləmindən bəhs edən nağılların üçüncü mərhələsinə nələr aid edilir:
III mərhələ. Heyvanlar aləmindən bəhs edən nağılların üçüncü mərhələsi müasir dövrlə əlaqədardır. Hal-hazırda uşaqları təbiətlə və canlılarla tanış etmək, təbiəti və canlıları sevdirmək məqsədilə nağıllardan geniş surətdə istifadə olunur. Bu məqsədlə tarixən geniş xalq kütləsi tərəfindən yaranan nağıllar əsas götürüldüyü kimi, eyni zamanda yazıçılar yeni nağıl, hekayə və poemalar yaradırlar. A.Şaiq, M.Dilbazi, M.Seyidzadə, M.Müşfiq və b. xalq nağıllarından yaradıcı surətdə istifadə edərək uşaqlar üçün maraqlı əsərlər yazmışlar. Bu əsərlərdən “Tülkü həccə gedir”, “Qoca canavar”, “Danışılmamış nağıllar” və s. göstərmək olar. Şərhə ehtiyac varmı? Bircə onu başa düşmürük ki, bu oçerkdən şagird xalq nağılının maraqlı qolu - heyvanlar aləmindən bəhs edən nağıllar haqqında hansı biliyi və məlumatı ala bilər?
P.Əfəndiyev də dərsliyinin nağıl bölməsində öz həmkarından bir addım da olsa irəli getmir. Heyvanlar haqqında nağılları ən qədim və zəngin hesab etdikdən sonra saysız-hesabsız toplulara üz tutur, lakin bir nağıl da olsun tapmır ki, onu bu qrupa aid nümunə kimi təqdim etsin. Saysız-hesabsız nağıllarımızın içərisindən onun da əlinə keçən elə iki-üç sehirli nağıl olur. Müəllif yazır ki, “Azərbaycan şifahi xalq ədəbiyyatında insanların heyvanlara münasimbətini özündə əks etdirən nağıllara “Ovçu Pirim və “Fatmanın nağılı” xarakterik misaldır” və sonrakı abzasda heyvanlar haqqında nağıllar qrupundan söz açdığını unudaraq sözügedən nağılları məhz sehirli nağıl kimi şərh edir: “Ovçu Pirimin silahından, sal qayalara həkk olunan əfsanəvi dəmir çıraqlarından danışılır”. Maraq üçün alimin heyvanlar haqqında nağıllar kimi adlarını çəkdiyi başqa nümunələrə də diqqət yetirək: “Axmaq kişi”, “Müqəddəs balıq”, “Armudanla tülkü”, Əlyarla dovşan”, “Çil madyan” və s.
Əslində bunlar da sehirli nağıldır. Nə qədər baş vursanız da, sözü gedən bəhsdə heyvanlar haqqında bir nağılın, şərhini yox, sadəcə adını tapa bilməzsiniz.
Bəzi nağıllar istənilən qədər araşdırılıb, amma bəzi nağıllarımız o qədər araşdırılmayıb. Bu, Azərbaycanda nağılların tədqiqinin vəziyyəti haqqında tam təsəvvür yaradır. Mənşə, genezis məsələsində yuxarıdakı qənaətlərlə ona görə razılaşmaq olmaz ki, nağılların qruplaşdırılması, təsnif edilməsi son yüz-yüz əlli ilə aid məsələdir. Nağıllar, eləcə də başqa folklor janrları formalaşanda isə bütün mövzu qruplarına aid məsələlərin rüşeymləri onun içərisinə əridilir. Başqa sözlə, mənşə-genenzis məsələsində qruplaşmadan, fərdi əlamətlərdən söhbət gedə bilməzdi.
Başlanğıcda bütün detallar, elementlər rüşeym şəklində mövcud olur. O rüşeymin böyüyüb hansı formada doğulacağını qabaqcadan müəyyənləşdirmək çətindir. Ən ümdəsi isə odur ki, ilkin çağlarda ulu əcdad hər şeyə başqa gözlə baxırdı. Onların yaratdıqları heyvan, quş, bitki obrazları adi halında deyildi, fövqəltəbii qüvvəyə malik şəkildə dərk olunurdu. Bu elə bir dövr idi ki, ən adi əşya belə öz halından çıxıb qeyri-adi varlığa çevrilə bilirdi. Heyvanlar aləmindən bəhs edən nağılların isə əsas əlaməti odur ki, onun qəhrəmanları adi heyvan, quş və bitkilər olsun, tülkü tülkülüyündən, şir şirliyindən, quş quşluğundan çıxarılmırdı. İnsanlara aid xüsusiyyətlər belə onların üzərinə xasiyyətlərinə uyğunlaşdırılaraq köçürülürdü.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin