6 Nağılların toplanması tarıxındən danışmazdan əvvəl ilk nağılların nə zaman yarandığını müəyyənləşdirmək lazımdır. Mənbələrə görə nagılların yaranması e.ə. VI-VII əsrlərə təsadüf edir.
Azərbaycan xalqının nağılları spesifik xüsusiyyətlərinə görə fərqlidir. Multikultural mədəniyyətlərin qovuşduğu bir ölkənin xalq yaradıcılığında da məhz bu mədəniyyətlərin izləri özünü göstərir.
Nağıllar şifahi xalq yaradıcılığı nümunəsi olduğu üçün dildən-dilə keçərək bizə qədər gəlib çatmışdır. Hər bir dönəmdə nağıllarda müəyyən dəyişikliklər də baş vermişdir. Azərbaycan xalq nağılları həm xalqın məişətini daha qabarıq əks etdirməklə, həm də tərbiyəedici funksiyası ilə digər xalqların nağıllarından seçilir.
20-ci əsrin I yarısında Azərbaycan nağılları yazıya alınmışdır. Qəhrəmanlıq nagıllarından, sehirli nağıllardan başlanmış, sonda realist nağılların yaranması ilə xarakterizə olunan bu xalq yaradıcılığı nümunəsi həmişəyaşar janr olaraq hər zaman inkişaf etdirilir. Müasir dövrdə nağıl yaradıcılığı ilə məşğul olan müəlliflər də vardır ki, uşaqlar bu nağılları da sevə-sevə oxuyurlar.
Xalq yaradıcılığının öyrənilməsinə nəzər yetirsək, görərik ki, ən çox nağıllar toplanır və nəşr edilir. Xalq yaradıcılığının məhsulu olan nağıllar xalqın ənənələrini, həyatını, məişətini qabarıq halda nəsildən-nəslə ötürür. Əsrləri adlayıb keçən, uzun müddət xalqın dilində yaşayan nagılların srukturu cəmiyyətdəki ictimai ziddiyyətlərin bədii uydurmalar vasitəsilə əks edilməsindən, sonda nikbin əhval-ruhiyyə ilə qurtarmasından ibarətdir. Nağıl janrı xalq içərisində daha çox yayılan və sevilən janrdır. Nağıllar nəql edilən, söylənilən janr olduğu üçün xalq yaradıcılığından bəhs edən tədqiqatçılar ilkin olaraq nağılları toplamaqla məşğul olmuşlar. Onlar xalq yaradıcılığından bəhs etmiş, şifahi dildə olan nağılları toplayıb, çap etdirmişlər.
Nağıllarımız da bir çox folklor nümunələri kimi toplu və jurnallarda çap edilmişdir. İlk dövrlərdə, xüsusən sehrli nağıllar öyrənilmiş, çap edilmişdir.
A.M.Nəbiyev yazırdı ki, sehrli nağıllar sehrli süjetlər üzərində qurulur, sehrli obrazlar burada əsas rol oynayır. Bütün sehrli nağıl qəhrəmanları son anda qarşılarına çıxan ən qorxunc qüvvələrə qalib gəlib məqsədə çatırlar. İnsanın kamalı, ağlı və dərrakəsi, yenilməzliyi və qorxmazlığı onun əlindən tutub irəliyə, məqsədə qovuşmağa doğru aparır [15, s. 3].
Sehirli nağıllarda insanlar sehirli qüvvələrin köməyindən istifadə etməklə çətinliklərə qalib gəlir, arzularına çatırlar. Əslində sehirli qüvvələri yaradan da insanların öz düşüncələridir ki, onlar fantaziyalarla olsa da, məqsədə çatmağa can atırlar. Bütün bunlar əslində daim inkişafda olan insan təfəkkürünün, təxəyyülünün məhsuludur.
V.Y.Propp qeyd edir ki, sehirli nağılların strukturunun öyrənilməsi bu nağılların öz arasında sıx qohumluğun olduğunu göstərir. Bu qohumluq o dərəcədə sıxdır ki, bir süjeti digərindən dəqiq ayırmaq mümkün olmur. Bu da öz növbəsində iki çox vacib nəticəyə gətirib çıxarır. Birincisi: heç bir sehrli süjet digərindən ayrı tədqiq oluna bilməz, ikincisi isə: heç bir sehrli nağıl motivi onu bütövlüyə münasibətdə öyrənmədən araşdırıla bilməz [33, s. 19].
Belə deyə bilərik ki, o vaxt toplanmış nağıllar heç də yaxşı səviyyədə çap olunmurdu. Buna belə haqq qazandırmaq olar ki, nağıllar başqa xalqın nümayəndələri tərəfindən toplanıb çap olunurdu.
Həmçinin nağılları rusca yazıya alanlar təcrübəli mütəxəssis olmadığı üçün onlarda bəzi dəyişikliklər aparmaqla çap etmişlər. Burada həm də ictimai-siyasi vəziyyətin nəzərə alınması da rol oynayırdı.
XIX əsrdə nağılların öyrənilməsi geniş vüsət almışdı. Belə ki, o dövrdə Qazax rayonu, Salahlı kəndində yaşayan məktəb müəllimi V. Beniaminov Salahlı kəndində topladığı nağılları çap etdirməyə və Salahlı kəndi haqqında məlumat verməyə müvəffəq olmuşdur. Onun nəşr etdirdiyi nağıllardan birincisi “Məlik Məmməd və Məlik Cümşüd” nağılıdır. Nağılın məzmununda fərqli cəhətlər özünü göstərir.
Nağılda şəhərdə yaşayan 2 xan arvadından bəhs olunur. Bu xanımların övladı yoxmuş, şəhərə gələn dərvişin onlara alma verməsi ilə onların övladı olur[32, s. 112-113].
Dərviş simvolu, onun yuxuda və ya gündüz övladı olmayanlara alma verməsi, almanı yedikdən sonra dünyaya övlad gətirməsi və s. Azərbaycan nağıllarına xas olan xarakterik xüsusiyyətdir.
Bir çox nağıllarda meyvə vasitəsi ilə, o cümlədən sehirli alma vasitəsi ilə övlad sahibi olmaq kimi mif vardır. Nağılşünaslar bunu bütün dünya xalqlarının nağıllarında rast gəlinən element kimi təqdim edir və həmçinin qeyd edirlər ki, bu meyvələrin və ya qeyri-adi əşyaların icərisində sehirli alma faktoru üstünlük təşkil edir [32, s.208].
Nağılda söylənir ki, ailədə dərvişin almasının yeyilməsi ilə 2 oğlan dünyaya gəlir. Məlik Məmməd və Məlik Cümşüd 12 yaşına çatanda şahzadə Avqunaş xanımın padşah olduğu vilayətə gedirlər. Məlik Cümşüd Avqunaşla evlənsə də, Avqunaşı qaçırdırlar. O, Avqunaşın dalınca gedərkən təsadüfən pəhləvanlarla rastlaşır. Məlik Cümşüd arvadını qaçıranı öldürür, arvadı Avqunaşı azad edir. Məlik Cümşüdün rastlaşdığı pəhləvanlar: Nadir və Usub ona namərdlik edirlər, belə ki,onu quyudan çıxarmadan gedirlər. Sonra o gəlib bir şəhərə çıxır, eşidir ki, burada bir əjdaha peyda olubdur və hər gün bir qızı öldürür... Nağıldakı Məlik Cümşüd əjdahanı, ilanı öldürür, şəhəri və quzğun balalarını xilas edir. Quzğun isə onu kürəyində öz ölkəsinə gətirir. Yolda yenə onu quyuda qoyan Nadir və Usubla rastlaşır, onları öldürür. Sonda ölkəsinə qayıdır, arvadı Avqunaş, qardaşı Məlik Məmmədlə xoşbəxt yaşayırlar.
Belə demək olar ki, nağılda başlanğıc və sonluğa xas olan qəlib sözlərdən istifadə olunmur.
İlk dəfə yazıya alınan digər nağılın adı “Avil-Kasim və Avil-Mamed”dir. Nağılları qeyri-azərbaycanlı şəxsin toplaması adlara təsir etmişdir, yəni nağılın “Əbil Qasım və Əbil Məmməd”adlandığı güman edilir.
Bu da digər nağıllara bənzəyir. Nağılıda yenə də dərvişin almalarının vasitəsilə övlad əldəetmə motivi vardır [24, s. 118-119]. Oğlanlardan biri-Əbil-Qasım dərvişə verilir. Dərvişin vilayətinə gələn Əbil-Qasımı bir otağa gətirirlər ki burada qızıl fəvvarə vurur. Qanadlı ata minib qızıl fəvvarəyə yaxınlaşan Əbil-Qasım və at bütünlüklə qızıla örtülür. Bir məqama diqqət edin: qızılı rəngdə olan sehirli atƏbil-Qasıma yalvarır ki, onu azad etsin, Əbil-Qasım onun arzusunu yerinə yetirir, ancaq atdan 2 tük qoparır ki, lazım olanda atı çağırsın[24, s. 124]. Digər nağıllarda da sehirli qüvvələrin tük, lələk yandırmaqla (Simurq və ya Zümrüd quşu) köməyə gəlməsinə dair xüsusiyyətlər qeyd olunur. “Şah Rüstəm” nağılının süjeti də maraqlıdır. Belə ki, nağıl Şahın ova çıxması, əyanların birinin gördüyü yuxu, şahın ciddi-cəhdinə baxmayaraq neçə ildən sonra yuxunun çin olması haqqındadır.
V.F.Miller İlya Murometsi İran pəhləvanı Rüstəmə oxşadıb, Nart eposunda Rüstəm obrazı ilə paralellər aparmışdır[27]. Bu nağıl çox qısa olması ilə ondan əvvəlki nağıllara oxşayır. Nağılı başlama ənənəsi və sonluq bu nağılda da yoxdur. Nağılın qeyri-azərbaycanlı tərəfindən toplanması özünü büruzə verir.
“Məlik Məmməd” nağılı da eyni motivlər üzərində qurulmuşdur. Başqa nağıllarda da üçüncü qardaş “Məlik Məmməd, Nərbala, Şərif”qəhrəman timsalında təqdim edilir. Bu məsələ ilə məşğul olan rus alimi Y.M. Meletinski qeyd edirdi ki, dünya xalqlarının nağıllarında da oxşar motivlərə rast gəlinir.
V.Beniaminov bir məqaləsində yazırdı ki, Qazaxda Salahlı kəndində zərb məsəlləri, atalar sözlərini, tapmaca və qəhrəmanlıq nağıllarını çox sevirdilər. XIX əsrin II yarısında (70-ci illərdə) Pənah xanın evində qocalı-cavanlı yığışıb nağıl dinləyərdilər [24, s. 107].
Nağılların sehrli olması çox zəngin motivə malikdir. Onu da qeyd edək ki, XX əsrin birinci yarısında Azərbaycanlı nağıl tədqiqatçıları daha çox rus dilində çap olunan mənbələrəistinad edirdilər.
N.X.Vəzirova “Azərbaycan xalq nağıllarının motivləri” mövzusunda çıxışında nağıllara aid yüz motiv gösrtərmiş və izah etmişdir.
Bunlardan: möcüzəli hadisələr, cinsdəyişmə, sağalma, peyda olma, üzə çıxma, tanınma, nağılın gedişində mühüm rol oynayan müdrik insanlar, məsləhətçilər və qəhrəmanın çətinlikləri, qeyri-adi əşyaların, var-dövlətin, daş-qaşın, qızılların tapılması, itənlərin axtarılması, sözündən-vədindən dönənlərin aqibətinin necə olması qeyd edilmişdir.
Həmçinin qəhrəmanın divlərə, əjdahalara qalib gəlməsi, göstərdiyi igidliklər, ona qarşı xəyanətin baş verməsi (qardaşı və ya dostları tərəfindən), doğmaların çirkin, məkrli hərəkətləri, hiyləgər insanların pislikləri, nahaq şərə düşən qızın əzabları və əvəzində padşah oğluna qovuşması, hər iki dünya haqqında miflər, uzaqgörmə, falabaxma, münəccim və başqalarının əməlləri, uşaqların oğurlanması, sərvətə qovuşma, padşahın öz qızını kasıb(qəhrəmanlıq göstərmiş) oğlana verməsi də bu motivlərdəndir [35, s. 60].
O zamanki mənbələrdə nağıllarla əlaqəli olmayan yazılar da dərc olunurdu.
Belə məcmuələrdə (Məsələn: “Azərbaycan və ətraf ölkələrin folkloru”) saxta mövzular çox dərc olunurdu.
Bu materiallar Azərbaycan xalq nağıllarının içərisinə əlavə edilirdi. Bunlara ayrıca başlıq verilmirdi. Beləliklə, bunlar Azərbaycan folklor materiallarının təhrif edilməsinə səbəb olurdu. Zaman keçdikcə, SMOMPK-da nağılların toplanması, tərcüməsi, nəşri təkmilləşirdi.
Nağılın öz spesifik başlanma qaydası vardır:
…Biri var idi, biri yox idi… .
Nağılların özünəməxsus formulası olan sonluq isə belədir:
…Göydən üç alma düşdü: biri mənim, biri qulaq asanın, biri də nağıl söyləyənin (dərvişin)… .
O zaman nağılın ya varlının, ya da yoxsulun dilindən deyil, dərvişin dilindən söylənməsi isə diqqətə çatdırılır.
Nağılşünas N.Seyidovun yazdıqlarından belə məlum olur ki, nağılları dərvişlər söyləyirlər. Şamaxılı müəllimin söylədiyi kimi, “Vicdanlı tacir və kələkbaz tacir” nağılını dərviş, “Lal şahzadə” nağılını molla söyləmişdir.
Nağılların birində iki tacirdən söz açılır. Belə ki, tacirlərdən biri Allahın köməyi ilə var-dövlət qazanır… [19, s. 55].
“Lal şahzadə”nağılında padşahın oğlu və lal qızından söhbət açılır. Ölümünə yaxın padşah oğlunu evləndirir. Gəlin isə baldızını, yəni padşahın qızını xoşlamır. O, fikirləşir ki, neyləsin ki, lal qızı evdən qovdursun. Odur ki, ayrı-ayrı vaxtlarda ərinin çox sevdiyi çöl quşunu və ərəb atını öldürtdürür, hər dəfə də təqsirin lal qızda olduğunu söyləyir. Bu gəlin bir gün də öz uşağını öldürür, buna görə də baldızını günahlandırır və nəhayət, onu saraydan uzaqlaşdırır. Lal qız qalın meşədə çox ağlayır və nəhayət, gözü yuxuya gedir. Nə qədər yatdığı məlum olmur, oyananda qızıl dərili, məxmər əlli bir dovşanın qabağında dayandığını görüb qorxur və dili açılır. Dovşan insan kimi danışır, şahzadəni bir padşahın sarayına gətirir. Dovşan sehirli olur, tez insan cildinə girir, həmin şahzadənin dostu olur...
Nağılları tədqiq edən A.N.Afanasyev “Həyat ağacı” (“Древожизни”) adlı kitabında dovşanın təsvirinindən bəhs edərək, bu heyvanın digər xalqların nağıllarında işıq anlayışı verməsini qeyd edirdi [23, s. 154-156]. “Lal şahzadə qız” nağılı isə rus xalq nağılı (“Морозко”) ilə eyni motivdədir [30, s. 62-64].
Y.M.Meletinski yazırdı ki, ögey qız obrazı, kiçik qardaş obrazı kimi dünya xalqlarının folklorunda geniş yayılmışdır. Bu tip nağıllarda baş qəhrəmanın məzarının üstündə tapılan sehrli əşyalar köməkçi ola bilər: gözəl paltar, incə ayaqqabı və s. Kuklalar xüsusilə maraq doğurur, qız onları yedirtməli, kukla isə ona kömək etməlidir. Ümumiyyətlə, qovulmuş ögey qız motivi - sosial cəhətdən fağırı, kasıbı idealizə etmə formalarından biridir [29, s.161-212].
Şahsevəndə Hacı adlı varlı bir şəxs yaşayırdı və nağılın qəhrəmanı da məhz odur. “Şahsevənli Hacının iti” nağılı çox qısa və satirik nağıldlr. Çox varlı Hacının mal-qarası, at ilxısı, sürüləri vardı. O, heyvanların qorunması üçün it saxlayırmış. İt ölür. Hacının dərdi artır. İti kəfənlədib müsəlman adəti ilə dəfn edir. Molla bundan xəbər tutur, qəzəblənir və Hacı yaşayan evə yollanır. Onu uzaqdan görən Hacı tez hiylə işlərtmək qərarına gəlir. Mollanı qarşılayaraq deyir ki, it ona 50 qoyun verilməsini deyibmiş. Bunu eşidən molla tez fikrini dəyişir:
- Ey Hacı! Ona it dostum, qardaşım de! Göstər, görüm qəbri haradadır, gedim orada Quran oxuyum [30, s. 155-156].
Bu mətn nağıl janrına uyğun olmadığı üçün nağıl adlana bilməz. Verilən mətndə tamahkar mollaların iç üzü açılır, ifşa olunur. Deyilənləri S.Ə.Şirvani “Köpəyə ehsan” satirasında qələmə alınmışdır.
XX əsrin 50-ci illərində nağılların öyrənilməsi sahəsində yeni təşəbbüslər meydana gəldi. Nağılların çoxu işıq üzü gördü. Belə nağıllardan biri də “Ovçu Pirim” nağılı idi. Nağıl haqqında danışmazdan əvvəl bir yazıya diqqət edək. Mətndə A.Kalaşev kimi informatorun adı çəkilir. Belə düşünmək olur ki, XIX əsrin II yarısında Azərbaycan nağılları başqa millətlərin dili ilə yazılıb və nəşr edilmişdir [23, s. 98]. Odur ki, bunlar təhrifsiz ola bilməzdi. Qeyd edək ki, Azərbaycan tədqiqatçıları üçün də nağıl toplamaq asan deyildi. Nağılı qoca qadınlar yaxşı bilirdi, müsəlman adətinə görə onlar başqa kişilərlə danışa bilməzdilər.
Y.V.Çəmənzəminli yazırdı: “Nağılın xalq ədəbiyyatına məxsus olmasına baxmayaraq, xalqın hər bir fərdi onu bilmir. Əslən ona aşina olan şəxslər tək-təkdir. Bunları toplamaq və bunlara ehtiyatla yanaşmaq, nağıl toplayanın məharətinə bağlıdır. Əksər nağıla və bütün xalq ədəbiyyatına vaqif olanlar arvadlardır. Arvadların da içində hamısı yox, yalnız xalqın işinə yarayan və onunla həmişə təmasda olanlar bilirlər. Xalqa yaxın olan məşşatələr, ağıçılar, yengələrdir. Ürkütmədən, təşvişə salmadan bunlara yanaşdıqda böyük bir mənbə kəşf edilmiş olar... Xalq ədəbiyyatını toplayarkən kitab təsirinə düşülərsə, böyük xata zühur edə bilər. Səhv etməmək üçün xalq ədəbiyyatını savadsız mühitdən əxz etməlidir. Bu sahədə kitab təsirinə düşən və şəhərbəşəhər gəzən dərvişlərin nağılları faydasızdır, çünki bunlar əsl mühitin gözəllik və təmizliyindən məhrumdurlar” [4, s. 280-281].
Ovçu Pirimin nağılı bütün toplulara daxil edilmişdir [2, s.3- 18]. İnsan timsalında olan Ovçu Pirim baş qəhrəmandır, lakin başqa obraz kimi ilanlar verilmişdir: ilanların şahı, ilan şahının qızı, qızın sevdiyi oğlan-ilan, böhtançı-ilanlar.
Prof. A.M.Nəbiyev yasırdı ki, Ovçu Pirim nağılı ağıllı totemlər dövrünə aid bədii nümunədir. Burada totem obrazı ilandır. Nağılda olan heyvanlar xeyir və şər timsalındadır. İlanlarla əlaqədar totemist fikirlər özünü başqa nağıllarda da büruzə verir.
Nağıllarda, etiqadlarda ilana qarşı ikitərəfli münasibətlər (mənfi və müsbət mənada) buna misal ola bilər. El dilində “İlanın ağına da lənət, qarasına da” deyilir,lakin sehrli nağıllarda ilan yol göstərən, hökmdar, fövqəltəbii qüvvə, güclü varlıq kimi təsvir olunur.
Nağıllarda Ovçu Pirimlə bağlı digər süjetlərə də rast gəlinir. Musa Quliyevin topladığı eyni adlı əfsanə buna sübutdur. Əfsanə haqqında danışmaq üçün məzmununu bilmək lazımdır: “Ovçu Pirim günlərin bir günü ovdan qayıdarkən qəbristanlıqda gecələyir. Ovladığı quşu kabab bişirmək istəyir, birdən qəbirdən səs eşidir. O, qəbri qazır, qəbirdən bir gənc çıxır. Ovçuya deyir, sətəlcəm idim, kürəyimə küpə qoyan, qan alan olmadı, ona görə də bu hala düşdüm. Məni dəfn etdilər, qəbirdə burnum qanadı və mən ayıldım. Get ata-anama müştuluq ver ki, oğlunuzu gətirdim. Ovçu Pirim belə də edir, oğlanın atası yaşadığı evi ovçuya bağışlayır. Məclis qurur, şadyanalıq edilir, lakin ovçü oğlanı özünə qardaş, ata-anasını özünə ata-ana deyib evi qəbul etmir. Xeyir-dua ilə onlardan ayrılır.
Bu məcmuədə “Oxay” nağılı da çap edilmişdir ki, oxay-razılıq, məmnunluq, mənasında şərh olunurdu. Bu nağılın “Oxayla Əhməd” adı altında çapı həyata keçirilmişdir [16, s. 119-137]. Əslində nağılda oğlan Əhməd yox, Gülməmməd adlanır. O, tək övlad olduğu üçün tənbəl böyüyür, peşələrdən birini də olsa, öyrənmir. O, Oxayın sirrini öyrənə bilir. Nağıldan göründüyü kimi Oxayın yaşadığı yer təsvir edilmir, nağılın sonunda Oxay qızılgül dəstəsi kimi padşah qızının qucağına düşür, onunla evlənir və nağıl beləcə tamamlanır.
Azərbaycan nağıllarının II cildində Əhməd Oxayın qızını sevir, onun təklifi ilə ağ divdən almaların sirrini öyrənmək üçün yollanır. Yolda Oxayın qızı quran maneələri dəf edir, adamları azadlığa buraxır, var-dövlətdən qiymətli nə varsa götürüb, sevgilisi ilə birgə atasıgilə qayıdır. Toyları olur, xoşbəxt yaşayırlar[16, s. 136].
F.ü.e.d. C.Məmmədov(Bəydili) bu haqda yazır:
1.Su mifoloji sistemlərdə yerlə, yeraltı aləmlə əlaqələndirilir. Su bu aləmlərin stixiyasıdır. Yer ana kompleksindən çıxma olan Oxxay da sular səltənətinin hamisidir. İnisiasiya mərasimini elm öyrənib, adam olmaq adı ilə təqdim edən “Oxxayla Əhməd” adlı Azərbaycan nağıllarındakı Oxxay mifoloji varlıqdır.
2.Xalq təsəvvürlərinə görə “Ox”-adı çəkilməyən yasaq olan şeytan adıdır.
3.Oxxay da qarı nənə kimi yer ana kompleksindən qopub ayrılaraq uzaqlaşmış və onun atributlarını daşıyan bir mifoloji varlıqdır. Oxxay sular səltənətinin yiyəsidir. Onun səltənəti dəryayi- ümmandır”[14, s. 61].
XIX əsrdə nəşr olunmuş nağılların mövzuları müxtəlif olduğu qədər, elmi əhəmiyyəti də çoxdur. Belə ki, nağıllar bədii təfəkkürün nəticəsi kimi, Azərbaycan xalqının zəngin fantaziyasını, yaradıcı xəyalını, dünyagörüşünü əks etdirir. Bizcə, orijinallığı, maraqlı olması baxımından Azərbaycan nağıllarının müqayisəli öyrənilməsi, tədqiqi və qiymətləndirilməsi bütün dövrlərdə, yəni hər zaman vacibdir.