4.1. Dəyərləndirmənin əsas məqsədi Müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunmasının, inkişaf dinamikasının izlənilməsi və
proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacibdir. Bu işdə isə dəyərləndirmə mühüm
pedaqoji vasitədir. Dəyərləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin
səmərəliliyini yüksəltməyə, uşaqların inkişafının necə getdiyini, nəyi mənimsədiklərini, nələri
öyrəndiklərini, nələri edə bildiklərini və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını
müəyyənləşdirməyə obyektiv şərait yaradır.
Qiymətləndirmənin nəticələri uşaqların həm yüksək, həm də aşağı səviyyədə olan
bacarıqlarını müəyyənləşdirir. Bunun nəticəsində faydalı təlim təcrübəsi, fərdi təlim planlaşdırılır və
həyata keçirilir.
4.2.Uşaq inkişafının izlənilməsinin təşkili İnkişafın izlənilməsi tədbirləri hər bir uşağa fərdi qaydada tətbiq edilir, uşaqların nitq, hissi,
böyük və kiçik motor bacarıqlarında inkişaf ləngimələrini, görmə və eşitmə ilə bağlı problemləri
olan uşaqları müəyyənləşdirmək üçün istifadə edilir. Belə hallarda, inkişafın izlənilməsi
tədbirlərinin nəticələrindən uşağın növbəti qiymətləndirməsini müəyyənləşdirmək üçün istifadə
edilməlidir. İnkişafın izlənilməsi erkən uşaqlıq dövründə inkişaf və təlimin səviyyəsinin
dəyərləndirilməsinin tam sistemində yalnız bir komponent kimi nəzərdən keçirilməlidir.
Dəyərləndirmə xüsusi məqsəd kimi nəzərdən keçirilməli və ondan etibarlı nəticələr kimi istifadə
edilməlidir.
Tərbiyəçi-müəllimlər uşaqların ümumi inkişafına yardım göstərməyi planlaşdıra və həyata
keçirə bilmək üçün hər bir uşağın sosial, fiziki, əqli və emosional xüsusiyyətlərinə bələd
olmalıdırlar. Normal inkişaf edən uşaq haqqında olan bu məlumatlar tərbiyəçi- müəllimlərə öz
diqqətlərini uşağın maraq və istəkləri, həmçinin yaranmaqda olan vərdiş və bacarıqlar üzərində
cəmləşdirməkdə köməklik göstərir. Belə ki, onlar uşağın təbii inkişaf mərhələləri üçün faydalı olan
qarşılıqlı fəaliyyət formalarını müəyyənləşdirə bilirlər. Diqqətli müşahidə tərbiyəçi-müəllimlərə
uşaqların inkişafı barədə “xəbərdarlıq edir”. Uşağın normal inkişafının nə demək olduğundan və bu
normal inkişaf sərhədlərinin hansı dərəcədə geniş ola biləcəyindən agah olan tərbiyəçi-müəllimlər
qeyri-normal inkişaf edən uşaqları daha asanlıqla müəyyənləşdirə bilirlər. Onlar uşaqların gündəlik
fəaliyyət və hərəkətlərə necə reaksiya verdiklərini müşahidə edərkən və valideyni sorğu-sual
edətkən, sistematik müşahidə və qeydiyyat metodlarından yararlanırlar. Bu cür metodlardan biri
tərbiyəçi-müəllimlərin öz müşahidələrini sistematik qaydada təşkil etmək üçün faydalandıqları
inkişafın izlənməsi siyahısıdır. İzləmə siyahısı tərbiyəçi-müəllim və valideynlərə uşağı başa
düşməkdə kömək edən zəruri informasiya mənbəyi kimi davranış nümunələrini
müəyyənləşdirməkdə yardımçı olur.