1.3. Kompüterin uşaqlara faydası
Virtual mühit, xüsusilə, yetkinlik dövrünü keçirən utancaq və özünə etibarsız gənclərə şəxsiyyətlərini tanıma və uyğun davranış formalarını seçərək öyrənmə imkanı verir.
Psixoloqların fikrincə, kompüter və internetdən istifadə etmək insanın özünü tanıması və şəxsiyyətini kəşf etməsi baxımından faydalıdır.
Həmçinin kompüter fərqli mədəniyyətləri tanıma şansı yaradır. Dünyanın müxtəlif ölkələrində yaşayan və ortaq hobbi, maraq sahəsi olan şəxslər bir-biriləri ilə əlaqə yaradır və ətraflarını genişləndirirlər. Virtual əlaqələr həqiqi dostluğa, eşqə çevrilə bilər. Ancaq bu əlaqələr real həyatda olan münasibətlərə təsir etməməlidir. Belə ki,virtual mühitdə edilənlər real həyata uyğunlaşdırıla bilməzsə, şəxsiyyətin özünü dərk etməsində və davranışında müəyyən problemlər yaranar. Ona görə də insanlar özlərini gerçək həyatdan ayırmamalıdırlar.
Kompüter hərtərəfli təhsil almağa, sərbəst şəkildə özünüifadə etməyə imkan yaradır. Bu gün demək olar ki, hər bir iş texnologiyanın köməyi ilə həyata keçirilir. Kompüter bu sahədə də insanlara hər cür imkanlarını açır.
İnternet bu gün elm dəryasıdır, bilik okeanıdır. Hər bir şey haqda internetdə bilgi tapmaq mümkündür. Kompüter çox asan, təsirli və ucuz təhsil verən bir vasitədir. Kompüterdən istifadə etməklə uşaqların yaradıcılıq bacarıqları inkişaf edir.
Kompüter bütün uşaqlar (qüsurlu və qüsursuz uşaqlar) üçün nizamlana bilir. Bu da eşitmə, duyma, qavrama problemləri olan uşaqlar üçün ən yaxın dostdur. Kompüterlər bu cür uşaqların özlərinə olan inam hissini gücləndirir və gerçək dünyaya inteqrasiya olmalarını asanlaşdırır.
İnternet mühiti qədər heç bir vasitə insanlara sərbəst fikir yürütmək azadlığını vermir. Müxtəlif qrupların yaratdığı forumlarda siz özünüzü ifadə edə bilmə davranışı qazanır, tolerantlığı, məsələlərə müxtəlif bucaqdan baxma qabiliyyətini öyrənirsiz.
İnsan üçün mümkün olan bütün əyləncə növlərini demək olar ki, virtual dünyada tapmaq mümkündür. Film, musiqi, oyun, çat və s. insanlara qeyri-adi mühit yaradır. Şəkil, fotoşəkil, film kimi sənət sahələri və incəsənətlə məşğul olanlar üçün internet gözəl tətbiq sahəsidir.
Uşaqların kompüterdən istifadə etməsinə valideyn mütləq nəzarət etməlidir. Valideynin diqqətli olması uşağın yaxşı işlərə cəlb olunmasına kömək edir və uşaqda kompüterdən yaxşı məqsədlərdən ötrü istifadə etmək vərdişi formalaşır. Əlbəttə ki, düzgün istifadə etmədikdə kompüter çoxsaylı ziyanlara da səbəb olur.
Dostları ilə paylaş: |