Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 45,05 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü45,05 Kb.
#1975
1   2   3   4   5   6   7   8
1.4. Kopüterin uşaqlara ziyanı

Kompüter qarşısında qaydalara üyğun oturmamaq, xüsusilə, inkişaf dövründə olan uşaqlarda bərpası mümkün olmayan fəsadlara aparıb çıxara bilər.

Müasir dünyanın, texnikanın inkişafı hər sahəyə müdaxilə etdiyi kimi, uşaqların oyunlarına da müdaxiləsiz qalmır. Beləliklə, uşaqların aktiv şəkildə oynadıqları oyunları, passiv kompüter oyunları əvəz edir. Hər gün öz gözəl keyfiyyəti və məzmununun daha təkmilliyi ilə bir-birini əvəz edən kompüter oyunları yaradılır. Bu oyunlar özlərinin gözəl effektləri və real həyata bənzər ssenariləri ilə dünyadakı milyonlarla uşağın diqqətini çəkir və bu oyunları oynamaq üçün uşaqların bəziləri evlərində vaxtlarının böyük bir hissəsini kompüter qarşısında keçirir, bəziləri isə valideynlərin xəbəri olmadan internet kafelərə gedərək, onlara "kökə" almaq üçün verilmiş son qəpiklərini bu kafedə qoyub, saatlarla oyun oynayırlar. İlkin görünüşdən bu proses uşaqlar üçün nə qədər xoşagəlimli olsa da, bir o qədər özlərinə ziyan etmiş olurlar.

Saatlarla kompüter qarşısında sadəcə ekrana baxaraq, bütün fikrini oyuna yönəldən uşaqlarda ciddi psixi pozuntular əmələ gəlir. Uşaqların ən çox hərəkətli və enerjili olduqları bir dönəmdə bu cür hərəkətsiz qalmaları, enerjilərini boşaltmamaları, ətrafdakılara qarşı daha sərt və soyuq münasibətli olmalarına gətirib çıxarır. Xüsusilə də qəddar səhnələri olan oyunlar, uşaqların düşüncə tərzinə təsir edir: uşaqlar gerçək həyatda vurub-dağıtmağı və kimisə öldürməyi adi hal kimi qəbul etməyə başlayırlar.

Oyunda qalib gəlmək və hər hansı bir yarışda qələbə qazanmaq uşaqlarda üstünlük duyğusu yaradır. Bu duyğu uşaqlara zövq verir və onlar oyunla xöşbəxt olmağı öyrənirlər. Və beləcə bu yolla özünü xoşbəxt hiss edən uşaq başqa xoşbəxtlikləri hiss edə bilmir. Və bu xoşbəxtliyi yaşamaq üçün "məktəbə gedirəm" deyib, evdən çıxır və internet kafelərdə günlərini keçirir. Bəzən bu proses gecə saatlarına kimi davam edir. Sonra isə bu vərdişlərini ört-basdır etmək üçün, valideynlərinə müxtəlif bəhanələr gətirərək yalan danışmağa başlayır. Beləcə uşaqların tərbiyəsində müxtəlif cür mənfi nüanslar əmələ gəlir. Bütün bunlar valideynləri narahat etsə də, əsl səbəbin nə olduğunu bilməyən valideynlər uşaqların tərbiyəsində ciddi suallarla qarşılaşırlar. Ona görə də valideynlər öz uşaqları üzərində ciddi nəzarət rejimi yaratmalıdırlar. Ancaq bu nəzarət elə şəkildə olmalıdır ki, uşaqlar bu nəzarətdən bezməsinlər. Ən yaxşı üsul onları başa salmaqdır. Çünki heç bir əsası olmayan qadağalar, uşaqlar üçün əks effekt yaradır.

Britaniyada aparılmış araşdırmanın nəticələrinə görə, gün ərzində kompüter və televizor qarşısında 2 saatdan artıq vaxt keçirən uşaqların psixoloji problemlərlə üzləşmə ehtimalı daha çoxdur. Alimlər müəyyən ediblər ki, gün ərzində kompüter qarşısında bir neçə saat vaxt keçirən 11 yaşına qədər olan uşaqlar psixoloji cəhətdən nə dərəcədə sağlam olduqlarını göstərən sorğu vərəqini doldurarkən (idmanla məşğul olub-olmamalarından asılı olmayaraq) pis nəticə göstəriblər. Araşdırmanı Bristol Universitetinin alimləri aparıblar. Araşdırmaya Angie Page rəhbərlik edib. O, vaxtının 2 saatdan çoxunu kompüter və televizor qarşısında keçirən uşaqların valideynlərinə uşaqlarına nəzarət etməyi, bu vaxtı 2 saatla məhdudlaşdırmağı tövsiyə edib. 2 saatdan artıq televizor və kompüter qarşısında vaxt keçirən uşaqların psixoloji problemlərlə üzləşmək riski digərlərindən 60 faiz daha çoxdur. İdmanla məşğul olmayanlarda isə belə bir risk idmanla məşğul olanlardan çox azdır. Araşdırmada 1013 uşaq iştirak edib. Araşdırmanın rəhbəri Angie Page deyib ki, araşdırmadan sonra kompüter və televizor qarşısında daha çox vaxt keçirən uşaqların sonradan psixoloji problemləri olur. O deyir ki, belə də düşünmək olar ki, bəlkə də, psixoloji problemləri olan, məsələn, həddindən artıq utancaq olan uşaqlar televizor və ya kompüterə meyl edirlər, nəinki başqa uşaqlarla ünsiyyətə. Buna görə də hansının səbəb, hansının nəticə olduğunu aydın göstərən sübut yoxdur. Bununla belə doktor Page deyir ki, hətta ən sağlam uşaqlar belə əgər kompüter və televizora çox vaxt ayırsalar, onların psixoloji problemləri ola bilər.

Kompüter asılılığı uşaqların (insanların) real dünyaya ayırdığı vaxtı azaldır. Uşaqlar virtual dünyadan ayrıla bilmirlər. Bütün bunlar onların real həyatda davranışına təsir edir. Ailə fərdləri arasında ünsiyyət azalır. Tənhalıq sindromu başlayır, özünə qapanır. İnsan real həyatla ayaqlaşa bilmir. Nəticədə özünü bədbəxt hiss edir, psixoloji gərginlik yaranır. Sağlamlığın qeydinə qalmaq unudulur, yuxuya ayrılan vaxt sürətlə azalır, uzun sürən yuxusuzluq əsəb pozğunluğuna, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Düzgün qidalanmamaq insanın zəifləməsinə və həzm sisteminin pozulmasına gətirib çıxarır. Bütün bunlar uşaqlar arasında intihar hallarına da gətirib çıxara bilir. Uşaqlar bəzən reallıqla virtuallığı ayıra bilmir. Yəni məsələn, uşaq kompüter oyununda kimisə öldürür və ya özü ölür, sonra oyunda yenidən dirilir və bu, uşağın şüur altında elə qalır ki, həyatda da intihar etsə, yenidən geri dönə biləcək. Valideynlər ailədə hərarət, sevgi mühiti yaratmaqla uşağı real həyata bağlamağı bacarmalı, reallığı dərk etdirməlidirlər.

Hazırda ən böyük problemlərdən biri də insanları “kompüter asılılığı”ndan qurtarmaqdır. Artıq dünyada “kompüter asılılığı” məsələsinə çox ciddi problem kimi yanaşırlar. Məsələn, Britaniyada insanları bu asılılıqdan xilas etmək üçün xüsusi klinika yaradılmış, Londondakı “Capio Nightingale” xəstəxanasının nəzdində gənclərə kompüterdən uzaqlaşmaqda kömək edən şöbə açılmışdır. Həkimlər kompüter xəstələrinə asudə vaxtlarının yalnız bir hissəsini kompüterə sərf etməyi, qalan vaxtlarda isə cəmiyyətlə ünsiyyətdə olmağı tövsiyə edirlər. Orada həm də pasiyentlərin fiziki sağlamlığının qeydinə qalırlar. Kompüterin qarşısında çox vaxt keçirən yeniyetmələrin fiziki görkəmlərinin yaxşı olmayacağını başa salır, onlara düzgün qidalanmanın vacibliyi haqqında təlim keçirlər.

Uzun müddət kompüter qarşısında oturmaq uşaqların gözdən şikayət etmələrini artırır, radiasiyanın mənfi təsirləri müxtəlif cür xəstəliklərə yol açır, duruşda və skelet quruluşunda pozğunluq yaranır. Kompüterdən mütəmadi olaraq istifadə etmək uşaqlarda ciddi bel problemlərinə də səbəb olur. Almaniyanın “Saarland Universiteti”nin keçirdiyi araşdırmaya görə, vaxtının çoxunu televizor və kompüter qarşısında keçirən uşaqlarda bel və onurğa problemləri daha çox olur. 6-17 yaş arası 1600 uşaq arasında keçirilən araşdırma nəticəsində məlum olub ki, uşaqların 40 faizi dik otura bilmir. Araşdırmalara görə, kompüterlə çox vaxt keçirənlərin bel və boyun ağrılarından şikayəti daha çox olur. Buna səbəb uzun müddət hərəkətsiz qalma, əzələ, sümük, sinir və damarların həddindən artıq gərilməsi, stress və duruş formasının səhv seçilməsidir.

Kompüterin qarşısında düzgün formada oturmaq ən vacib qaydalardan biridir. Bundan əlavə bəzi şərtlər var ki, onlara mütləq əməl olunmalıdır.

Hündürlüyü nizamlana bilən, kürək üçün dəstəyi olan yumşaq döşəkli və dayanıqlı oturacaq (ya kreslo) seçmək lazımdır. Sərt və nizamlı olmayan bir kresloda uzun müddət oturmaq şiddətli bel və boyun ağrılarına səbəb ola bilər.

Kompüter masasına da ciddi fikir vermək lazımdır. Normal iş masalarında kompüterlərin qoyulması çox vaxt rahat olmur. Kompüter monitorunun gözünüzdən bir az aşağıda və ya tam qarşınızda olması vacibdir. Klaviatura dik oturduğunuz zaman əllərinizlə eyni xəttdə, əllərinizin tam qarşısında olmalıdır.

Kompüterdən istifadə edərkən barmaq, əl biləyi və dirsək davamlı olaraq eyni hərəkətləri edir. Bu da xüsusilə əl biləyində müəyyən problemlərin yaranmasına səbəb olur. Əl biləyindən keçən sinir toxumaları sıxılır, əldə keyimə və ağrı, baş barmağın hərəkətində bəzi problemlər yaranır.

Həkimlər yazı yazarkən klaviaturadakı düymələrə yavaş toxunmağı, "siçan"ı yumşaq bir şəkildə tutmağı məsləhət görürlər. Yazmadığınız vaxt qol və barmaqlara istirahət vermək lazımdır.

Uzun müddət eyni vəziyyətdə oturmayın. Boyunuzu sağa, sola, önə və arxaya doğru hərəkət etdirin. Hər iki çiyin, dirsək və əl biləyi oynaqlarını və barmaqları 2-3 saat fasilə verməklə hərəkət etdirin, açıb bağlayın.

Oturduğunuz yerdən qalxaraq ayaqüstə durun və dizlərinizi qatlamadan barmaqlarınız yerə dəyəcək şəkildə önə əyilin. Ayrıca sağa, sola və arxaya əyilməyə çalışın. Oturduğunuz yerdə dərin nəfəs alıb verin. Bu həm gərginliyinizi azaldar, həm də əzələlərinizi boşaldar.

Kompüter qarşısında uzun müddət işləmək gözlərə də təsir edir. Gözlər bir nöqtəyə zillənib qalır və tənbəlləşir, daha az qırpılır, bu da gözləri qurudur. Qızarma, qaşınma, yaşarma və ağrı kimi problemlər yaranır. Kompüterlə 4-6 saatdan çox təmasda olmaq, xüsusilə, gözdə problemləri olanlar üçün təhlükəlidir. Ona görə də müəyyən fasilə vermək lazımdır. Astiqmatizm xəstəliyi olanlar isə daha çox diqqətli olmalıdır. Monitor gözdən 60-70 sm uzaq olmalıdır. Həkimin məsləhəti ilə qoruyucu eynəklərdən və damcılardan istifadə etmək olar. Mütəxəssislərin dediyinə görə, kompüterin yaratdığı təsir gözdə qalıcı problemlərə səbəb olmur. Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır.

Kompüterdə 20 dəqiqə işlədikdən sonra, 20 saniyə gözləri bağlayaraq, ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar. Təcrübələrə görə, gündə 6 saatdan çox kompüterlə işləyənlərin 100-də 75-nin gözlərində yorğunluq, yanma, qızartı, bulanıq görmə və baş ağrısı kimi şikayətlər daha çox olur.

Gözləri tez-tez şüurlu şəkildə qırpmaq lazımdır. Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur. Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir.

İş mühiti çox işıqlı olmamalıdır. Həddindən artıq işıqlandırıcı stolüstü lampalardan qaçmaq lazımdır. İş mühitinin havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Kompüter olan otağın havasını tez-tez dəyişmək lazımdır. Yaddan çıxartmaq lazım deyil ki, gözlər ətraf mühitin təsirinə qarşı çox həssasdır. Onları vaxtında qorumaq lazımdır.

Kompüteri uşaq və ya yataq otağına qoymaq olmaz.

Uşaqları kompüterin zərərli təsirindən qorumaq üçün əvvəlcə kompüterin qoyulduğu məkana diqqət etmək lazımdır. Kompüteri ailənin bütünlüklə yığışdığı, televizora baxdığı salona qoyun. Bununla da ailənin bütün üzvlərinin bir-birinə nəzarət etmək imkanı daha çox olacaq. Xüsusilə uşaqları kompüter qarşısında nəzarətsiz buraxmaq olmaz. Yaddan çıxartmaq olmaz ki, internetdə yayılan materiallara nəzarət etmək mümkün deyil. Psixoloqlar uşaqları pis vərdişlərdən çəkindirmək üçün valideynlərə belə məsləhət verirlər: Əgər siz “Bunu etmə, onu etmə” deyərək uşağınızı zərərli şeylərdən çəkindirmək istəsəniz, uğursuz alınacaq. Çünki uşaq sizin qadağan etdiyiniz bir çox şeyi sərbəst həyata keçirmək üçün əlverişli mühit axtarışında olacaq. Ən yaxşı yol danışıq yolu ilə ortaq nəticəyə gəlməkdir. Uşaqları zərərli məzmunu olan bilgilərdən və oyunlardan uzaq tutmaq üçün kompüterdə gözəl, faydalı işlərlə məşğul olmağa sövq etmək lazımdır.




Yüklə 45,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin