ox ətrafında fırlanırdı. Adətən, bu tip arabaların banı üçbucaq şəklində baş-başa çatılmış iki ədəd
yoğun və uzun ( 6-7 m ) qol üzərində qurulurdu. Araba qollarının başı ya biri digərinin üzərinə
mindirilir, ya da bir-birinə yanaşdırılaraq ağac mıxçalar vasitəsi ilə «tikilib» bərkidilirdi.
Birinci halda boyunduruq araba qollarının alt-üst dayanan əyri başlarının arasına keçirilib
«işgil» vasitəsi ilə bir-birinə birləşdirilirdi. Sonra araba qollarının başı boyunduruğun arxa
tərəfində «kağan» adlanan köşə hörmə və ya zəncir vasitəsi ilə bir-birinə bağlanırdı. İkinci halda,
yəni araba qollarının başı «yanlama» üsulu ilə birləşdirildikdə o, bilavasitə boyunduruğun altına
bağlanırdı. Bu halda araba qollarının başı tənək eşməsi və ya zəncirlə boyunduruğun tən
ortasındakı «modux» adlanan qoşa mıxçalar vasitəsilə bağlanır və ondan asılı qalırdı.
Boyunduruqlu arabaların banı qayçısayağı dayanan qollar üzərində qurulurdu. Bunun üçün
qolların hər birinin üzərində 5 və ya 7 ədəd «cağ» (barmaq, daraq, laşar) deşiyi, yan tərəflərində
isə «törpü» deşikləri açılırdı. Araba qollarını mafraqlaşdırmamaq üçün törpü deşiklərinin hər biri
qoşa cağ deşiyinin arasında açılırdı. Törpülərin köməyi ilə araba qolları bir-birinə
birləşdirilməkdən əlavə, həm də banın döşəməsi əmələ gətirilirdi.
Araba banının yanları qolların üçdə iki hissəsi üzərinə düzülmüş cağların köməyi ilə əmələ
gətirilirdi. Dik vəziyyətdə qola keçirilmiş cağların sabit qalması üçün onların yarısından yuxarı
hissəsi, həmçinin, «tar» adlanan üst qoldan keçirilirdi. Beləliklə, üst qollara keçirilmiş 5 və ya 7
cüt cağ arabanın banını əmələ gətirir və yükün tökülməsinə imkan vermirdi.
Araba banının döşəməsi qollara keçirilmiş törpülərin üzərinə elastik çubuqlardan hörülmüş
çəpərə, yaxud əldəyonma taxtalar vurmaqla düzəldilirdi.
209
Araba oxu qolların altında sabit qalmaq üçün oxun qollara «çəkəcək» adlanan əyri uclu
mıxçalar vurulurdu. Qolların ox üzərinə düşən hissəsi Azərbaycanın qərb bölgəsində «aya»
adlanırdı. Ölkənin digər bölgələrində araba oxu qolların altına «zor ağacı» vasitəsilə
birləşdirilirdi.
Boyunduruqlu arabaların ikinci tipoloji qrupunu nisbətən böyük ölçülü təkərlərə malik olan
burazlı arabalar təşkil edirdi. Hündür bana malik olan burazlı arabalar, əsasən, Abşeron, Şamaxı,
Quba, Qusar, Oğuz, Qəbələ, Şəki və Lənkəran rayonlarında geniş yayılmışdır. Belə arabalar,
adətən, yayıldığı məkanın adı ilə «Şamaxı arabası», «Quba arabası», «Bakı arabası», «Salyan
arabası» və s. tanınırdı.
Xalq arasında «cığ-cığ» adlanan bu qrup arabaların böyük ölçülü təkəri, bir qayda olaraq,
oxa birlikdə fırlanırdı. Bu qrup arabaların təkərləri burazlanıb, oxa kip otuzdurulurdu. Bunun
üçün təkərləri nisbətən sivri oxun uclarına keçirəndən sonra kəndir və ya zəncir vasitəsi ilə onları
səkkizvari formada bir-birinə bağlayırdılar. Sonra iki nəfər, hərəsi bir təkəri əks istiqamətə
fırlatmaqla, zəncir dolağını dartıb daraldır və beləliklə, təkərləri oxa kip otuzdururdu. Elə bu
səbəbdən də, ikitəkərli arabaların bu tipi çox vaxt «burazlı araba» adlanırdı.
Üçbucaqlı arabalar qoşqu hevanlarına boyunduruq vasitəsilə qoşulurdu. Azərbaycanda
tarixən «tək» (tay) və «çənəli» olmaqla, boyunduruğun iki tipoloji növü yayılmışdır.
Şəki bölgəsində arabanı boyunduruğa «taraq» (daraq) adlanan əlahiddə qurğunun köməyi
ilə birləşdirirdilər.
Yüklü araba qoşqu heyvanının boynunu «döyüb» incitməsin deyə, boyunduruğun
«yalman» adlanan hər iki ucu bir qədər enli düzəldilirdi. Bundan əlavə, bəzən yumşaq olmaq
üçün boyunduruğun yalman hissəsinə keçə və ya tüklü dəridən «yastıq» düzəldilib bağlanırdı.
Bundan fərqli olaraq, «çənəli» boyunduruq bir-birinə paralel dayanan iki taydan ibarət
düzəldilirdi. Onun üst tayı yoğun, alt tayı isə nisbətən nazik hazırlanırdı.
Qoşqu heyvanı boyunduruğa dörd ədəd samı (sinəçula) və samıbağı vasitəsilə qoşulurdu.
Bütün bunlardan əlavə, kəl arabasına «kağan» adlanan köşədən hörülmüş gövdəbənd əlavə
edilirdi. Qoşqu heyvanına geydirilmiş kağanın qabaq ucları boyunduruğa, arxası isə kəlin sırtına
keçirildiyindən bu vasitə ilə enişli yolda yüklü arabanı ləngitmək mümkün olurdu.
Burazlı arabaların bir xüsusiyyəti də onların banının nisbətən kiçik olmasından ibarət idi.
Məhz bu səbəbdən də, bu arabaların banının yük tutumunu artırmaq üçün Quba-Xaçmaz bölgəsi
əhalisi bir sıra əlavə texniki vasitələrdən: çali, çəpərə, dərz ağacı və s. istifadə etmişlər. Arabanın
qabaq və dal çağlarına bərkidilmiş bu texniki vasitələrin köməyi ilə ban tutumlu hala salınırdı
İkitəkərli arabanın xüsusi bir növünü maye məhsulları daşımaq üçün istifadə olunan su və
ya neft arabası təşkil edirdi. Bu məqsədlə arabanın qolları üzərində ban əvəzinə, bir ədəd böyük
çəllək quraşdırılırdı. Maye çəlləyin üst deşiyindən «ağızlıq» adlanan, mis və ya tənəkədən
düzəldilmiş böyük qıf vasitəsi ilə tökülürdü. Çəlləkdən mayeni qablara süzüb tökmək üçün onun
arxasının aşağı hissəsinə deşikli tıxac və ya kran bərkidilirdi.
İkitəkərli arabaların digər qrupunu təşkil edən əskeşli araba çox vaxt «at arabası» adlanırdı.
Ən çox Bakı, Şamaxı, Quba və Salyan ərazilərində işlədilən at arabalarının təkərləri çox iri və
enli, banı isə kiçik olurdu. Digər burazlı arabalar kimi, onun da oxu təkərlə birlikdə fırlanırdı. Bu
tip arabaların təkərlərinin böyük diametrdə hazırlanması yerli şəraitlə bağlı olmuşdur. X.A.Ver-
mişev yazırdı ki, Şamaxı və Göyçay qəzalarının düzənlik hissəsində və Qobustanda yolları tez-
tez qum basdığına görə, at arabalarının qurşaqsız təkərləri adi arabaların təkərlərindən iki dəfə
böyük olurdu. Çox qıvraq və yüngül olan bu arabaların banı dördbucaqlı formada düzəldilirdi.
Arabanın paralel uzadılmış qoşa qollarının qabaq hissəsi at qoşmaq üçün yedək (əskeş)
vəzifəsini görürdü.
47
İkitəkərli at arabası Azərbaycanın qərb bölgəsində «daşqa», Abşeronda isə «qazalaq»
adlanırdı. Kiçik həcmli olmasına baxmayaraq, ucuz başa gəlməsi və rahat idarə olunması
sayəsində o, öküz və ya kəl arabalarına nisbətən kəndli təsərrüfatlarında üstün yer tutmuşdur. At
arabasında müxtəlif növ yüklər (ot, odun, dən, un, su, neft və s. ) daşınırdı. Həm də keçmişdə at
arabası ilə təkcə yük deyil, sərnişin də daşınırdı. Bu mənada o, orta əsrlərdə işlənmiş cəng
arabalarını xatırladırdı.
At arabasının qoşqu ləvazimatı gərdənbənd (vəlbənd), gövdəbənd, qaltaq, palan, tapqır,
210
uzun cilovlu yüyən və s.-dən ibarət idi.
Azərbaycanın qərb bölgəsində işlədilən at arabaları təkərlərinin nisbətən kiçik olması ilə
Bakı arabalarından fərqlənirdi. Bundan əlavə, Abşeron qazalaqlarının banında sürücü üçün
xüsusi oturacaq düzəldilirdi. Sərnişin daşınan qazalağın «dümbə» adlanan arxa hissəsinə
sərnişinlərin xırda yükləri də yığılırdı.
Əskeşli arabanın nisbətən kiçik növünə qatır və ya ulaq qoşub ev təsərrüfatında, xırda
yükləri yaxın məsafəyə daşıyırdılar.
Dostları ilə paylaş: |