Nəfir. Misdən boru şəklində düzəldilmiş nəfəsli alətlərdən olan nəfirin səsi kərənaya
nisbətən az gurultu vermişdir. Kərənaydan bir qədər qısa olan nəfirin kəl buynuzu təki əyilmiş
növü «şahnəfir» adlanmışdır. Mütəxəssislərin fikrincə, vaxtilə şahnəfiri məhz kəl buynuzundan
düzəldirmişlər.
35
Nəfirin müştüyü zurnasayağı qarğı qabığından yonulub hazırlanmışdır. Kərənay və şeypur
kimi nəfir də hərbi səciyyəli nəfəsli musiqi aləti olub XIX əsrdən etibarən istifadədən çıxmışdır. Şeypur. Ərəbcə boru mənasını ifa edən şeypur istilahı, həmçinin, hərb sənəti üçün
səciyyəvi nəfəsli musiqi alətini bildirmişdir. Əsasən döyüşün başlanması, yaxud bitməsi siqnalını
bildirmək məqsədilə işlənmişdir. Kərənay kimi, misdən uzun boru şəklində düzəldilən şeypurun
ağzı xeyli gen olmuşdur. Hərbi musiqi aləti sayılan şeypurdan, həmçinin ölkənin üzərini düşmən
təhlükəsi alan zaman haray qoparan səfərbəredici musiqi aləti kimi də istifadə olunmuşdur.
Keçmişdə Şərq şəhərlərində şeypur əhalini rəsmi hökm və sərəncamlardan hali etmək üçün də
işlənmişdir.
Tulum. Qədim tarixə malik nəfəsli musiqi alətlərindən biri olmaq etibarilə tulum
mürəkkəb təkamül yolu keçmişdir. Zəmanəmizədək gəlib çatmış tulum iki hissədən - aşılanmış
davar dərisindən tikilib içərisinə hava üfürülən tuluqdan və onun qollarına keçirilmiş zurnaya
bənzər nəfəsli musiqi alətindən ibarətdir. Tulumda, musiqi çalmaq üçün, adətən, ona bir ədəd
qarğı lülə, 1-2 ədəd müştük keçirilirdi. Lülə vasitəsilə tulum vaxtaşırı hava ilə doldurulur,
müştüklərə taxılmış lülələrdən biri ilə musiqi çalınır, digəri ilə züy tutulur. Bunun üçün tulumçu
onu qoltuqda tutub sıxmaqla içindəki havanı aramsız olaraq çalğı alətinə ötürür və sağ əlin
barmaqları ilə istənilən havanı çalır, bu halda sol əlin barmaqları ilə digər tütəkdə züy tuturdu.
Musiqar. Qədim musiqi alətlərindən biri olan musiqar zəmanəmizədək gəlib çatmamışdır.
Musiqar biri digərindən azca uzun olan, 8 ədəd ağac lülədən ibarət olmuşdur.
36