AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti


İraq-Türkmən variantı (II) (İbrahim Daquqi)



Yüklə 5,66 Mb.
səhifə5/6
tarix03.02.2017
ölçüsü5,66 Mb.
#7447
1   2   3   4   5   6

İraq-Türkmən variantı (II) (İbrahim Daquqi)

Varıydı, yoxuydu, bir-birinnən heç ayrılmayan, bir-birini çox sevən iki qardaş variydi. Bu iki qardaşın hər birinin bir arvadı varıydı. Arvatları ikicannıydı. Bular hər gecə otururdular, həkat edərdilər, matal deyərdilər. Bir gecə böyük qardaş küçük qardaşa dedi:

-İkimizin də arvadımız ikicannıdı. Mənim arvadım qız doğsa, səniyki oğlan doğsa, ikisi bir-birinin adaxlısı olsun. Əgər səniyki qız doğsa, mənimki də oğlan doğsa gənə bir-birinin adaxlısı olsunlar.

İki qardaş əl-ələ çaldı, bir-birlərini öpdülər, bir-birlərinə söz verdilər. Gün günnən, ay aydan, böyük qardaşın arvadı bir oğlan doğdu. Küçüyününküysə qız doğdu. Oğlanın adını qoydular Qənbər, qızın da adını Arzı. Bular ev qonşusuydular. Hər zaman bir yerdə yaşardılar. Bular doqquz yaşlarına ulaştılar. Qəmbərin həm babası öldü, həm də nənəsi. Qəmbər yetim qaldı. Əmisi gəldi Qəmbəri öz evinə gətirdi. Dedi:

-Arvat, qardaşım vəsiyyət edib, gərək biz munu bəsləyəğin.

Qəmbər əmisigildə qaldı. Bir gün əmisi Qəmbərnən Arzunun əllərinnən tutdu, apardı, özlərini mlla məktəbinə. Mollaya dedi:

-Molla, bu qız mənimdi, oğlan da qardaşım oğludu. Qızın adı arzıdı, oğlanın adı da Qəmbər. Bular sənə amanattı, istirəm oxumaq, yazmağı ögrədəsən özlərinə.

Molla dedi:

-Baş üstə.

Bir –iki il Arzıynan Qəmbər molla məktəbində oxudular. Oxumaq yazmağı ögrəndilər. Üçüncü il bunların ikisinin də havasları oxumaödan savudu.

Molla Arzının babasının arxasınca adam göndərdi. Arzının babası Mollanın yanına getdi.

-Əmr et, Molla-dedi.

Molla dedi:

-Bax sənə bir söz deməğ istirəm. Mən belə görürəm, bular bir-birlərinə aşiq oluplar. Dünən Qəmbər Arzıyçın bir şeir oxurdu. Dedim: oğlum, Qəmbər, bu şeir kimindi. Qəmbər mənə cavab vermədi. Qəmbər Arzıya belə deyirdi:

Kəsmə gözləriy mənnən,

Ayrılmaz ruhum sənnən.

Arzı da Qəmbərə belə cavab verirdi:

Gözlərim ha səndədi,

Səniy eşqiy məndədi.

Arzının babası dedi:

-Molla, çarə nədi?

Dedi:


-Oğlum, mənim yanımda buların yeri yoxtu. Qorxuram bular mənun başıma oyun açallar.

Baba da Arzıydan Qəmbəri evə gətirdi. İkinci gün Qəmbərə dedi:

-Sən quzuları apar çöldə yaymağa.

Arzıya da dedi:

-Sən də nənəydən evdə işlə.

Hər gün Qəmbər səbbəh erkənnən qaxar, quzuları çölə aparı, axşam evə dönər, yorğun gəli, yatağına girər. Arzıydan qonu.a bilməz. Bu iki aşiq ikisi də ataş içində yanıllar. Bir-birlərini yalğız görmüllər. Bir gün Arzı istədi getsin Qəmbəri çöldə görsün. Dedi:

-Nənə, tuluğu ver mənə gedim doldurum.

Nənəsi tuluğu verdi Arzıya dedi:

-Tez gə, yubanma.

Arzı tuluğu aldı, getdi. Baxtı Qəmbər quzuları yayırı. Arzı da çaya endi. Əlində saz çalırı. Qəmbər aldı sazını, dedi:


Endi Arzı bulağa,

Gəldi səsi qulağa.

Arzıya ərməğandı,

Şirvan, Təbriz, Marağa.


Arzı Qəmbərə cavab vermədi. Tulu­ğunu doldurdu, biləzigin soydu, əl-üzünü yaxadı. Qəmbər də gəldi Arzının başı yanında durdu, dedi:

-Mollanı kor olsun, bizi ayırdı bir-birimizdən.

Arzı dedi:

Ayrılıq uzun sürməz,

Mollamıza xeyir verməz.

Arzı tuluğunu aldı çiyninə dedi:

-Qəmbərim, indi nənəm məni gözlürü. Xəbəri olsa səni gördüm, babama diyər, daha qoymazlar məni su aparmağa gəlim.

Arzı evə döndü, baxtı biləzigi yadınnan çıxıb. Nənəsi dedi:

-Saçı kəsilmiş, baxım yubandıy. Həlbət Qəmbərdəniydiy.

Arzı dedi:

-Yo vallah yubanmadım, belə tələsirdim, biləzigim də yadımnan çıxdı arx başında qaldı.

-Nənəsi Arzının saçınnan çəkələdi, birbaqqa qopartdı, təhqir-təhqir hekatlar dedi özünə.

Arzı dedi:

-Gedim biləzigimi gətirim.

Tez qaça-qaça getti arx başına, biləzigini tapmadı. Baxtı Qəmbər quzuları yayırı. Arzı dedi:

Tuluğumu doldurdum,

Çignim üstə qaldırdım.

Qəmbər səniy eşqiydən,

Biləzigim unutdum.

Qəmbər aldı sazını dedi:

Ha gülşəni, gülşəni,

Güllər yerə döşəni

Bilərzigiy üstündə

Nə varıydı nişanı?

Arzı dedi:

Ha gülşəni, gülşəni,

Güllər yerə döşəni

Bilərzigim üstündə

Arzı-Qəmbər nişanı.

Qəmbər aldı sazını dedi:

Ussular uyuq-uyuq,

Qızlar dolduru tuluq.

Biləzigiy tapanı,

Nə verisən muştuluq?

Arzı dedi:

Ussular uyuq-uyuq,

Qızlar dolduru tuluq.

Biləzigim tapanı,

Şirin canım muştuluq.

Qəmbər Arzını tutdu qucağına sıxdı, dedi:

-Nənəy, nə dedi?

Arzı dedi:

Nənəm zalım nənədi,

Dərdim bin bir dənədi.

Qəmbər biləzigi taxtı Arzının qoluna. Arzı evə getdi. Genə nənəsi başladı Arzıya təhqir-təhqir söz saymağa, pis-pis həkat deməğə. Dedi:

-Qoy babay kəssin, mən səniy haqqıydan gəlləm.

Axşam oldu. Arzının babası evə gəldi. Arvad dedi:

-Kişi, mən bu qızıy əlində çaş qaldım. Bu kərə Qəmbər yanına, çölə gediri.

Kişi də düşündü, dedi:

-Nedağ, buları bir-birinnən ayıarğın.

Arvad dedi:

-İndi mən sütümnən bir az sağaram, evdəki sütə qataram. Bir qab dələmə edərəm. Qəmbər dələməni yediğdən sora ona diyərəm: bu dələmədə mənim sütüm də vardı. Sən munu yediğindən Arzının qardaşı olduy.

Kişi dedi:

-Hay eşq olsun, arvad, sən munu necə düşündüy?

Arvad qalxdı, əmcəkindəki sütünnən bir bağa sağdı, onu dələmə etti, bir qırtabağın altına qoydu, üstünü örttü.

Axşam oldu, Qəmbər çöldən döndü. Acıydı. Arvad dedi:

-Əmiarvadıy qurbanıy olsun, dələmə var, get yeginən.

Qəmbər sevinə-sevinə gəldi dələmənin üstünü açdı. Arzı da baxdı Qəmbər dələməni yiyəcəğdi. İçinə ataş düşdü, bilmiri netsin. Belə dedi:

Arzı oxun atıbdı,

Qoyun, quzu yatıbdı.

Ağzıya bir şey qoyma,

Nənəm sütün qatıbdı.

Qəmbər heç bir şey yemədi, dedi:

Həvişimdə için daş,

Gözlərimnən axar yaş.

Bir əmçəkdən əmmədiğ,

Olmarıq bacı-qardaş.
Qəmbər getti, səbəttən bir kəllə soğan aldı, surfadan da bir əkmək çıxarttı, yedi, başını çaldı, yattı. Arzının nənəsi gəldi, Arzının saçınnan tutu, çəkələdi, dedi:

-Saçı kəsilmiş, Qəmbərə nə xəbər verdiy? Ürəgiy çatlasa da, ölsəy də səni Qəmbərə qismət vermərəm.

Arzının babası bir az sora evə gəldi. Baxdı, qızı yığlırı:

-Nəydi?-dedi.

Arzı cavab vermədi. Arzının nənəsi dedi:

-Saçı kəsilsin, qızıy eşqə düşüb, hər şeyi Qəmbərə aynadırı.

Səbbəh oldu. Qəmbər quzuları çölə aparmaq istədi. Arzının nənəsi dedi:

-Qəmbər qoy quzunun biri qalsın, ətimiz yoxdu, istiriğ bir quzu kəsəğin.

Qəmbər o biri quzuları apardı çölə, getdi.

Arzının babası quzunu kəsdi, nənəsi də bişirdi. Bir qab qızartma etti, içinə zəhir qattı, təşt altına qoydu. Axşam Qəmbər gələndə dedi:

-Acam, əmiarvadı.

Arvad dedi:

-Qavurma etmişəm, payıy teşt altındadı.

Arzı yandı, halava düşdü, dedi:

-İndi Qəmbər bu qovurmadan yesə, ölü.

Qəmbərə dedi:

Dalma Qəmbərim, qəmə,

Aclığıy bizdə demə.

Ögüydəki yeməğə,

Zəhir qatılıb, yemə.


Qəmbər qovurmadan yemədi. Qəhə­rinnən ac yatdı. Səbbəh oldu, gənə quzuları apardı, getti, çölə. Arzıgilin bir qonşuları varıydı. Bu qonşusu tatıydı. Tat da yəni bizim milləttən dögüldü. Bunun yeddi oğlu varıydı. Bu qaxdı Arzını oğluyçun istədi. Arzının babasıynan nənəsi qəbul ettilər. Axşam Qəmbər evə döndü. Arzı yığlaya-yığlaya işi Qəmbərə annata. Qəmbər dedi:

Qalmadı çarəm mənim,

Qan axar yaram mənim.

Səni tata versələr,

Cigərim yanar mənim.

Arzı dedi:

-Qəmbər, sən get şaha şikat elə, bəkə şah sənə kömək edər.

İkinci gün Qəmbər getti şaha şikat etməğə. Bir neçə gün yeriyənnən sora Qəmbər şahın yanına ulaştı. Dərdini şaha aynatmağa başladı. Şah munun aşiq olduğunu saz çalmağınnan bildi. Qəmbər sazını aldı, dedi:

Şah oğlu şahim zadə,

Gəldim, mən sənə dadə.

Daəlacsız qalmışam,

Xan Arzım getti yada.

Şah sağ vəzirinə əmr etti, dedi:

-Bir tapxur əsgər verin Qəmbərə getsin, sevdiği qızı alsın. Əgər qızın babası qəbul etməzsə, zorla alsınlar babasını da mənimçün əsir gətirsinlər.

Qəmbərlə bir tapxur əsgər yola düşdülər. Əsgər hələ Arzunun məmləkətinə yetişmədən əvvəl Arzunun nənəsi bir qərini çağırdı, dedi:

-Qəri nənə, Qəmbər şaha gedib şikata. Qorxuram gəlsin qızımı zornan alsın. Ala mən sənə buğarta altın verim, sən bir oyun elə, bəkə əsgərlər, geri dönəllər...

Qəri dedi:

-Sən bir qazan həlvə, bir təndir əkmək hazırla mənimçin heç işiy olmasın.

Arzının nənəsi bir qazan həlvə, bir təndir əkmək yapdı, qəriyə verdi. Qəri hər bir əkməgin içinə bir az həlvə qoydu. Qoyannan sora əkməkləri bir qırtabağın içinə düzdü, başına aldı, getti türbəliğə. Yengi ölən birisinin türbəsi başında oturdu. Bir-iki gün gözlədi. Baxtı, qanşardan bir tapxur əsgər gəliri. Dedi:

-Vallahi, bular Qəmbərin camaatıdı.

Bir az sora əsgərlər Qəmbərnən barabar gəldilər qərinin yanına ulaşdılar. Baxtılar qəri yığlırı, başına çalırı, saçını yoluru, fəz ediri. Qəmbər sordu, dedi:

-Qəri, nolubtu, kim ölübtü?

Aldı sazını qəridən sordu:

Başa neyçin çalısan?

Hay-havarlar salısan?

Ölən kimdi?-De, sələ,

Yavaş, ruhum alısan.

Qəri dedi:

Ölüm yazıdı, oğlum,

Kəmən razıdı, oğlum.

Nənəsinin tək qızı,

Ölən Arzıdı, oğlum.

Qəmbər bir ah çəkti, vayınnan qurt-quşlar da fəğan etdilər. Əsgərlər titrədilər, daşlar da çatladılar. Əlini üz-üzə qoydu Qəmbər. Arzının türbəsi üzərinə gözünnən qan yaşları axıttı. Bir az sonra Qəmbər döndü, əsgərlərə dedi:

-Siz geri dönün, daha bir çaram qalmadı. Arzım ölübtü.

Əsgərlər qəmli-qəhrli geri döndülər. Qəmbər də oturdu türbənin başında yığlamağa başladı. Qəri nənə Qəmbəri hüskut etdirdi. Qəmbər dedi:

-Qərri nənə, ha zaman öldü Arzı?

-Oğlum, sən gettiğdən üç gün sonra. İndi mən gəlmişəm Arzının xeyrinə həlvə paylayıram.

Qəmbər dedi:

-Qəri nənə, mən gettim şahdan əsgər gətirdim, gəldim Arzını alım.

Qəri nənə Qəmbəri türbə başında qoydu, getti. Axşam vaxtı ordan keçən karvançilərdən biri Qəmbəri gördü, dedi:

-Oğlum, ölüm Allahın əmridir. Sən nəçi öz-özüyü çalısan, yığlısan? Munu Allah da qəbul etməz. Qax, get, qax, sən erkəksəy.

Qəmbər qaxdı, əmisigilə getdi. Qapıya yetişti. Qapının yanında durdu. Arzı Qəmbəri gördü, dedi:

Qapıda duran Qəmbər,

Boynunu buran Qəmbər.

Getmişdiy şah yanına,

Hanı baş vuran, Qəmbər?

Qəmbərlər sazını aldı, dedi:

Noldu qəridən oldu,

Sümük dərdiən oldu.

Əsgərlər geri döndü,

Hepsi qəridən oldu.

Qəmbər evə girdi, qəhrinnən şamsız yattı. Səbbəh oldu, tatgili gəldilər, alver ettilər, yol gətirdilər, cahaz aldılar, cahaz biçtilər. Bir həftənin içində toyu da hazırladılar. Əli günü günortadan sonar gəldilər Arzını bəzəməyə, gəlin aparmaağa. İki aşiq, bir-birindən ayrılmaq istəmillər, ikisi də yığlılar.

Qəmbər getti qapıda durdu. Arvat­lardan birisi gəldi Arzını bəzətməğə. Qəmbər sazını aldı, dedi:

Zalım beli bükülsün,

Ev eşiyi yıxılsın.

Arzını bəzədəni,

On barmağı tökülsün.

Birdən-birə sağ aşiqin duası keçti. Arvadın on barmağı mum kimi əridi, düşdü. Arzını gəlin aparmağa gələnlər çaştılar, qaldılar. Kimsə Arzını bəzətməğə, ona əsbab giritməğə cəsarət etmiri.

Həyasız arvatlardan bir arvat dedi:

-Mən Arzını bəzədirəm. Qoy mənim barmaqlarım tökülsün.

Bu arvad qaxdı Arzını bəzətməğə başladı. Qəmbər sazını aldı, dedi:

Mən Qəmbərəm dağ kimin,

Titrərəm yarpaq kimin.

Arzını bəzədəni,

Qərə girsin zağ kimin.

Arzının bəzəgi bitməmişti, bit uşaq havar edə-edə gəldi, dedi:

-Dayza, eviyiz yıxıldı, kişiydən oğlannarıy torpaq altında qaldılar.

Arvad Arzını yerində qoydu, başına çala-çala qaçdı. Arvatlar bir-birlərinə baxıllar. Hər kəş qorxuru. Arzını bəzətsin hər kimə deyirlər. Kimsə yaxın düşmürü. Qəmbər gəldi əmisi arvadının yanına dedi:

-Əmiarvadı mən Arzını bəzədirəm. Mənnən qeyri hər kim Arzını bəzətsə, barmaqları tökülü, ölü.

Arvatlar dedilər:

-Qoy bəzətsin nə var, munda. Qəmbər əmisi oğludu.

Arzının nənəsi dedi:

-Hə Qəmbər burda da bizi utantırma.

Qəmbər dedi:

-Mən bir şərttən bəzədirəm bəzəttiğcə bir öpüş allam.

Dedilər:

-Qeydi yoxdu.

Qəmbər başladı Arzını bəzətməğə, üst əsbabını kiritməğə, sonra əlinnən, gözünnən, başınnan öptü, toxtaşdı. Arzının bəzəgini bitirdi. Gəlini aparmağa gələnlər gəlinin qolunnan tutdular, qapıya apardılar. Qəmbər də çıxdı, qapıda durdu. Aldı sazını dedi:

Yıxılsın evi tatın,

Dərtləri mənə satın.

Arzı minən atları,

Öldürün çölə atın.

Gəlini ata mindirməğ istədilər. At tüştü, öldü. Yeddi at gətirdilər. Yeddizi də yerində düştü öldü. Qəmbərin əmisi gəldi, dedi:

-Ala, nanca para istəsəy verim, bəs bizdən vaz keç.

Qəmbər dedi:

-Əmi, mənim eşqim parayla alınmaz. Mən Arzını heç bir şeyə dəgişməm. İstəsəy mən Arzını öz tayıma mindirrəm. Rəşməsin də çəkərəm.

Əmisi qəbul etti. Qəmbər də getti tayını gətirdi. Arzunu tayına mindirdi, rəşməsini də özü çəkməğə başladı.

Qəmbər dedi:

Gediriğ kəsilməğə,

Yel kimi əsilməğə.

Qaldır duvağıy, Arzı,

Vaxt yoxdu yaş silməğə.

Arzı dedi:

Dayan, Qəmbərim, dayan,

Həsrətiy çıxmaz cannan.

Tayıyın dizginin tut,

Gözlərim doldu qannan.

Bir az sora gəlin ulaşdı kürəkənin evinə. Gəlin girdi içəriyə. Qəmbər də durdu kürəkən-gəlin qapısında. Tatın yeddi oğlu varıydı. Gəldilər Qəmbəri qapıdan qavmağa. Qorxullar Qəmbərə yanaşsınnar. Qəmbərin gözlərini qan tutub, aşiqdi, aşiq də igid olu. Tatın oğlannarı bir-bir gəldilər Qəmbərin üstünə. Qəmbər bir-bir oölannnarı qavladı. Sora tatla yeddi oğlu xisimləri gəldilər. Qəmbərin üzərinə hücum ettilər. Qəmbəri tuttular ölüncə ağcla taptadılar. Qəmbərin başınnan, gözünnən qan axmağa başladı. Qəmbər dedi:

Tat oğlu köləcə boy,

Etdiy Arzıma toy,

Kərəsin mən almışam,

Ayranın başına qoy.

Arzı evdən səsləndi:

Sən məni xan eylədiy,

Göz yaşın qan eylədiy.

Heç mənədəgməmişdiy,

Nişin böhtan eylədiy?

Qəmbər dedi:

Mən səni xan eylədim,

Göz yaşıy qan eylədim.

Həpsi ağac zorunnan,

Sənə böhtan eylədim.

Qəmbəri beş-altı adam tutdu. Tatın damının arxasınca atdılar. Qəmbər ac-susuz orda düşdü qaldı. Əlini yuxarı qaldırdı, dedi:

-Allahım məni bu dərttən qurtar. Arzım mənə qismət olmadı. Mənnən başqa heç kimsəyə də qismət olmasın.

Yassı vaxtı kürəkən gəldi, gəlinin pərdəsinə girdi. Pərdə namazı qılmaq istədi. Namaza başlamadan namazlığın üstündə düşdü öldü.

Gözlədilər, gözlədilər, kürəkən çıxmadı. İçəri girdilər. baxtılar pərdə örtülü, gəlin pərdədə yığlırı, kürəkən də namazlıq üstündə ölübtü. Kürəkənin babası getti bir şeyx gətirdi. Kürəkəni qaldırdılar ayrı odada uzatdılar. Şeyxə dedi:

-Mənim yeddi oğlum var. Arzının kəbinini ölən oğlumnan küçük olan oğlumçın kəs.

Şeyx də kəbini küçük oğlançın kəsti. Bu da pərdəyə girdi, genə gözlədilər, gözlədilər, çıxmadı. Baxdılar bu da ölübtü. Kürəkənin babası yeddi oğluyçın Arzının kəbinini kəsdirdi. Yeddisi də öldü. Səbbəh oldu. Məmləkətə xəbər yayıldı:aşiq Qəmbərin ahınnan tatın yeddi oğlu ölübtü.

Məmləkətin gəncləri, ixtiyarları gəldilər. yeddi tabut gətirdilər, yeddi oğlanı götürdülər. Tat bir də şeyxi çağırdı. Dedi:

-Gəl arzının kəbinini mənimçün kəs.

Şeyx Arzının kəbinini qəyinbabasıyçin kəsdi. Qayinbaba pərdə arxasından Arzıya dedi:

-Arzı, sən yeddi oğluma yeddi gün yas tut. Mən də yeddi gün sora yas bitənnən sora sənə yaxın gəlləm.

Arzı bəs Qəmbərçin yığlırı. Qəyinbabasına cavab vermiri. Arzı da bir-iki gün sora dam başına çıxdı, baxtı çayın kinarında Qəmbər düşübtü. Arzı havar edə-edə dedi:

Qəmbər, Qəmbər hardasan?

Neçə gündü dardasan?
Özüm damnan atardım,

Bilsəydim sən burdasan.

Qəmbər dedi:

Atma damnan özüyü,

Unutma heç sözüyü.

Gəl yanıma bir görüm,

O qan axan gözüyü.

Arzı dedi:

-Mən qorxuram gəlim, tat məni görsə öldürü.

Qəmbər nağarta yalvardı, Arzı gəlmə­di.Dedi:

-Əgər gəlməsəy, özümü ataram çaya.

Qəmbər özünü attı Araz çayına, az qaldı boğulsun. Arzı dedi:

Quruyasan ey Araz,

Əlimizdən düşdü saz.

Qəmbəri çay apardı,

Yetiş ey Xızır İlyas.

Xızır İlyas Qəmbəri çıxarttı çaydan. Arzı dedi:

-Dur, gəlirəm.

Qız qaça-qaça damnan endi. Getti Qəmbərin yanına. İkisi qol-boyun oldular. Arzı baxtı, Qəmbərdə eşq çəkməğdən taqət qalmayıb, rəngi saralıb, gözləri çuxura girib, burnun tutsay ruhu çıxar. Qəmbər döndü Arzıya dedi:

Arzım Arzıda qaldı,

Zalım Arzımı çaldı.

Fələgin evi yansın,

Məni bu günə saldı.

Arzı dedi:

Özüm ələ vermədim,

Duvaq soydum girmədim.

Tatın yeddi oğlunu,

Heç yanımda görmədim.

Qəmbər dedi:

Gecələr geçti, Arzı,

Qovuşmaq geçti, Arzı.

Sənnən sora yaşamaq,

Mənə də heçti, Arzı.

Arzı dedi:

Mən Arzıyam, Nərgizəm,

Qəmbərimçin bir izəm.

Allaha and edirəm,

İndi də hələ qızam.

Qəmbər döndü, Arzıya dedi:

-Arzı, mən səniyçin ruhumu qoydum, yoruldum. İndi də sənə qavuşdum. Allahtan belə istirəm səniy diziy üstündə belə can verim. Öz eşqimlə ölüm.

Arzı Araz çayının kənarında oturdu. Qəmbər də başını Arzının dizi üstünə qoydu. Bir neçə saat keçti. Qəmbər qaxmadı. Arzı əlini uzattı, bir daş qaldırdı. Qəmbərin başını daş üstə qoydu, dedi:

-Mən gedim qorxuram tat gəli məni görər.

Evə getti, baxdı tat evdə dögü. Genə dam başına çıxdı. Baxtı Qəmbər yatıbtı. Dam başınan havar edə-edə dedi:

Vaxt keçti gecə qaldığ,

Eşq yolun seçə qaldığ.

Ah çəkdiğ, qəmlər əkdiğ,

Biz diri necə qaldığ?

Arzı Qəmbərdən cavab almadı, dedi:

-Belə görünürü Qəmbərin dediği oldu, dizim üstə həsrət çəkə-çəkə can verdi.

Əlinə bir piçağ aldı, getto Qəmbərin yanına. Baxtı Qəmbər ölübtü. Arzı da dedi:

-Qəmbər ölənnən sora mənim də yaşamağım heçti.

Bıçağı öz ürəginin başına soxdu, düşdü Qəmbərin üstünə öldü. Arzının qanı Qəmbəri gözünnən axan yaşa qarışdı.

Gələk o qəri oyunbaza...Dedi gedim baxım Qəmbərsiz Arzı bediri? Gəldi tatın evinə, dedi:

-Arzı hanı?

Tat dedi:

-Arzı pərdədədi.

Qəri oyunbaz getti, Arzı yoxtu. Tat dedi:

-Bəkə dama çıxıbdı?

Qəri dama çıxdı. Arzını görmədi. Araza baxtı, gördü, Arzıyla Qəmbər bir-biri üstünə düşüblər. Dedi:

-Gə, gə bax. Arzı çayın kənarında kimiylə yatıbdı. Üstlərinə də qırmızı bir tül çəkiblər.

Tat dama çıxdı, baxtı, Arzıla Qəmbər Araz kənarında ölüblər. Tat dedi:

-Suçun həpsi sənnəndi. Sən bu oyunu qurmasaydıy, nə mənim yeddi oğlum ölürdü, nə də belə rüsvay olurdum.

Tat qılıncını çəkti, oyunbaz qərini öldürdü. Qərinin qanınnan bir damcı Arzıyla Qəmbərin üstünə atlandı. Qəmbərlə Arzını gömdülər. qərini də ayrı bir yerdə gömdülər. Qərinin bir damcı qanı Qəmbərlə Arzının türbələri arasında bir çaqır tikan gögərdi. Hər il bu çaqır tikanı kəsəllər, gənə gögəri. Bu oyunbaz qəri o iki aşiqi o dünyada da qoymadı qovuşsunlar.

III FƏSİL
Arzu-Qəmbər” dastanının poetikası

****
İstər birinci hissədə yazıya alınmış “Arzu-Qəmbər” dastanının variantları, istərsə də ikinci hisssədə yazıya alınmış variantlar bir xətt boyunca birləşməmiş, eləcə də, həmin variantların araşdırmaları da pərakəndədir. Belə güman edirik ki, onların bir xətt boyunca, bir sistem halında birləşməsi dastanların poetikası əsasında yarana bilər. Dastanların poetikası yalnız Qaracaoğlanın bu sahədə biliyi əsasında mümkün ola bilər. Qaracaoğlan türk məhəbbət dastanlarının daşıyıcısıdır. Həmin dastanları zinətləndirəndir. Onları kamala çatdırandır. “Arzu-Qəmbər” dastanının təhlilində özünə yer almış Qaracaoğlanın bir qoşması məhəbbət dastanlarının yoluna işıq tutur.

Başı ərşə duran, a qarlı dağlar,

Hamı dağlar sizdə qalan olmadı.

Kərəm sevdi Əslisindən yad oldu,

Aşıq Qərib kimi gülən olmadı.


Xurşid öz Mahının izinə yatdı,

Qəmbər Arzusunun dizinə yatdı.

Dünyada Şahsənəm murada çatdı,

Aşıq Qərib kimi gülən olmadı.

Kərəm Əslisini otuz il gəzdi,

Axırı tapmadı, canından bezdi.

Yar yolunda ürəyini çox üzdü,

Aşıq Kərəm kimi yanan olmadı.


Kim görübdü Fərhad ilə Şirini,

Onlar da sevirdi biri-birini.

Atdı külüngünü, yardı sərini,

Fərhad tək yar yolunda ölən olmadı.


Qaracaoğlanam, dağ döşündə oturdum,

Bir olan dərdimi minə yetirdim.

Həkimi-loğmandan dərman gətirdim,

Mənim dərdlərimi bilən olmadı.


Məhəbbət dastanlarından danışan beş bəndlik qoşmanın birinci bəndində Əsli və Kərəmin, Qərib və Şahsənəmin sevgisindən danışır. Əsli ilə Kərəmin, Qərib ilə Şahsə­nəmin sevgi dastanlarından söz açan Qaracaoğlan Qəribi məhəbbətində “gülən aşiq” adlandırır. İkinci bənddə “Xurşid öz Mahının izinə yatdı”- deməklə “Ay-Gün” əfsanəsinə işarə edir. Eləcə də, orada

Qəmbər Arzusunun dizinə yatdı

-misrasında aydın olur ki, Qaracaoğlanın danışdığı “Arzu-Qəmbər” dastanı türk-kərkük “Arzu-Qəmbər”idir. Biz bunu “ana dastan” adlandıra bilərik. Dördüncü bənddə “Fərhad və Şirin” dastanından danışır ki, həmin dastan “Nizami əsərlərinin el variantları56” kitabında nəşr olunub.

Son möhürbəndində Qaracaoğlan bü­tün aşiqlərin başlarına gələn sərgüzəştlərdən müfəssəl danışdıqdan sonra deyir:

Mənim dərdlərimi bilən olmadı.

Qaracaoğlan türk dastanlarının daşı­yıcısı, yayıcısı, onun zinətləndiricisi, kamala çatdıranı və qoruyucusudur. Qaracaoğlan türk dastanlarını Anadoluda, İrəvanda, onun Ağbaba bölgəsində, Azərbaycanın Şirvan bölgəsində, Krım-tatar vilayətində, Misirdə geniş yaymışdır. O, aşıq sənətinin səy­yarlığını hər şeydən üstün tuturdu.

Yəqin ki, axtarışlar davam edəndən sonra “Arzu-Qəmbər”in Misirdə və digər türkdilli xalqlar, o cümlədən, səlcuqlar arasında daha yeni variantları meydana çıxa­caqdır. Qaracaoğlan təkcə şeir yaradıcısı deyil. O, həm də aşıq musiqisi, çox sayda dastan yaradıcısıdır.

Qaracaoğlan zurna havalarının ən mükəmməl bəstəkarlarından biridir. Bu gün türk aləmində çox məhşur olan “Uca dağlar” zurna havası da Qaracaoğlana məxsusdur. Qaracaoğlan haqqında yazıb başa çatdırmaqda olduğumuz monoq­rafiyada bunlardan çox şey aşkara çıxacaqdır. Dastan yaradıcılığında 100 dastanın sirri-sehri varsa, onun 99-nun açarı Qaracaoğlanın əlindədir. Son tədqiqatlar bu müəmmaları ortaya qoyacaqdır. Birinci hissədə “Arzu-Qəmbər” variantlarının arasında müəyyən bağ­lan­tılar aşkar olsa da, ikinci hissədə müəyyən­ləşdirilmiş variantlarda bu əlaqə istənilən səviyyədə öyrənilməyib. Bu variantlar pərakəndə haldadır.

İndi qarşıda duran başlıca vəzifə variantlar arasında ümumiləşdirmə aparmaq­dan, araşdırmalar arasında nəzəri bağlantılar yaratmaqdan ibarətdir.

Bağdad variantında, daha doğrusu, Ata Tərzibaşının topladığı variantda 33 bayatı (mani), Azərbaycan variantlarında, o cümlədən, Şamaxı variantında 15, Gəncə variantında 8 bayatı, Bakı variantında 7 bayatı, Qarayazı variantında 9 bayatı vardır. Krım-tatar dastanının Tuz-Xurmatı vari­antında onlarla bayatı (mani) olduğu halda onların içərisində bir dənə də olsun qoşma və ya digər şeir növü yoxdur. Lakin, ikinci hissədə, yəni Suriya, Xorasan, Anadolu, Yoğunhisar variantlarında çoxsaylı bayatı (mani) olduğu halda yalnız Türk Xorasanı variantında hər biri bir bənddən ibarət dörd qoşma görüntüləri vardır:

Ah, zalım, bunu niyə sorursan?

Səbəb sənsən, artırırsan dərdimi.

Bilmirəm, bunu xeyrəmi yozarsın,

Mənim könlüm sevər Qəmbərimi.


Bu variantdakı “ziyadə” rədifli qoşmalar sübut edir ki, artıq “Arzu-Qəm­bər”in bu variantı qadın yaradıcılığından, yəni bayatılı dastan yaradıcılığından çıxıb qoşma dastan yaradıcılığına, aşıq yara­dıcılığına daxil olur. Bir məsələ üzərində xüsusi dayanmaq lazımdır ki, Qəmbər köçdən, yoldan, karvan yolundan tapılır. Məsələn: Qəmbər Türk Xorasanı variantında basqından sağ çıxır.

Bu variantları “Arzu-Qəmbər”in qədi­mi variantları ilə deyil, “Alı xan və Pəri xa­nım” dastanı ilə, daha doğrusu, oradakı Tap­dıq obrazı ilə müqayisə etmək olar. Lakin, “Arzu-Qəmbər”in əksər variantlarında Arzu ilə Qəmbər əmioğlu, əmiqızıdır. Burada Kərkük “Arzu-Qəmbər”ini, Gəncə variantını misal gətirə bilərik.

Bakı və Şamaxı variantında belə deyil. Suriya variantında Arzu Qəmbərin dayısı qızıdır. Demək olar ki, dastanların əksəriy­yətində aşiqlərin ayrılmasına, ölməsinə müəyyən bir küpəgirən qarı səbəb olur. Dastanlarda aşiqlərə badə veriləndə badə içib məst olan aşiqlərin vəziyyətini 3 növ qarı izah edir:


  1. İpək qarı;

  2. Nəpək qarı;

  3. Köpək qarı;

“Arzu-Qəmbər”də iştirak edən qarıların demək olar ki, əksəriyyəti xəmiri şərlə yoğrulmuş Köpək qarıdır.

Çox qəribə haldır ki, dastanların çoxunda övladının xoşbəxtliyinə mane olan qız anasıdır. Var-dövlət sahibi olan qaynı oğlunu Arzunun anası sevir. Lakin Qəmbərin atası öldükdən sonra onun var-dövlətini mənimsəyərək, Qəmbəri yetim kimi qoyun otarmağa göndərir. Arzunu isə sevmədiyi bir şah oğluna (xan, bəy, tacir oğluna) vermək arzusuna düşür. Krım-tatar variantında Arzu ilə Qəmbər bir-birinə aşiqdir. Qızın atası Teymurbəy, arvadı Bəysultan heç bir dövlətə, vara ehtiyacları olmadan yeganə qızlarını sevmədiyi bəy, xan oğluna vermək istəyirlər. Qızlarını məcbur edirlər ki, qarşıdan gəlib keçəcək bəy-xan oğullarına əlində tutduğu almanı atıb öz sevgisini bildirsin. Lakin, eşqinə sadiq, vəfalı qalan Arzu hər dəfə almanı bəy-xan oğullarına deyil, Qəmbərə atır. Teymurbəy kinindən Qəmbəri və Arzunu öldürür, aralarında qaratikan kolu əkir. Qaratikan kolu əkmək türk dastan­şü­naslığında qərinələrdən axıb gələn bir ənənədir.

“Arzu-Qəmbər” dastanlarında əsatir və əfsanə, rəvayət və xalq söyləmələrindən, Krım-tatar variantında isə nağıl motiv­lərindən və elementlərindən bol-bol istifadə olunmuşdur. Qızın oğlana alma atması Azərbaycan nağıllarında geniş yer tutur.

Suriya variantında daha əcaib bir mənzərəyə rast gəlirik. Nənə öz nəvəsi Arzu­nu qanı qanından, canı canından olan Qəmbərə vermək istəmir. Bir ərəb uşağını öyrədir ki, Qəmbəri yeməkdə zəhərləsin, nəvəsini ona verəcək. Diqqətəşayan odur ki, əksər variantlarda Qəmbərə zəhər vermək istədikdə, və ya ana südü qatıb vermək istədikdə Arzu mane olur. Eyhamlı bayatılarla onu bu təhlükədən çəkindirir, hər dəfə təhlükədən uzaqlaşdırır. Arzu da Leyli kimi çox sədaqətlidir. Lakin, aşiqlərin evlənməsi üçün əlverişli şərait yarandıqda Məcnun Leyliyə deyir:

-Sən o Leyli deyilsən.

Hətta, Arzu bayatı ilə Qəmbərə bildirir ki:

Mən Arzuyam, Nərgizəm,

Qəmbərimçün bir izəm.

Allaha and edirəm,

İndi hələ də qızam.

Biz paklığın, gözəlliyin bu mənzərəsini seyr etdikcə dastandakı estetik gözəlliyə heyran qalırıq. Dastanın Nevşəhir variantında Qəmbər saz götürüb dağlara çıxır, təbiətin gözəlliyinə söyləmələr qoşur. Bu o deməkdir ki, artıq “Arzu-Qəmbər” dastanı ana-bayatı yaradıcılığından çıxıb, ata-qoşma yaradı­cılığına daxil olur. Saza qovuşur, qadın məclislərindən çıxıb el məclislərinə, saz məclislərinə qovuşur. Ozan variantlarını yaradırlar. Artıq dastan boylarında ozan sazı, ozan sözü boy verir. Anadolu, Nevşəhir, Xorasan variantlarının birincisində bir-birinə qovuşması mümkün olmayan aşiqlərin sinəsindən ağ göyərçinlərin uçması, havada qovuşması insan ruhunun İslam dünyasında nə qədər pak, müqəddəs olduğuna bir sübut kimi özünü göstərməkdədir.

Burada ağ göyərçinlə əlaqədar yaddaş­larda qalacaq “Ağ göyərçin”57 əfsanəsini vermək yerinə düşər:

Keçmiş əyyamda Şərq ölkələrinin iki qüdrətli şahı arasında düşmənçilik münasi­bətləri daha da gərginləşir. Gündə bir-birinə hədə-qorxu gəlirlər. Nəhayət, şahın biri o biri ölkənin şahına müharibə elan edib, onu təkbətək meydana çağırır. Elçilər mühari­bənin başlanacağı günü dəqiq müəy­yənləş­dirirlər. Təcili son hərbi hazırlıq işləri görülür. Döyüşə çağırılan şah 15 ildir ki, müharibə etmirdi. Odur ki, döyüş papağını əl-ayaqdan uzaq, köhnə otaqlardan birinə qoymuşdu. Vuruşmaya bir gün qalmış şah anasından döyüş dəbilqəsini gətirməsini xahiş edir. Anası gedir, lakin çox çəkmir ki, əliboş qayıdır. Oğlu anasından soruşur:

-Nə üçün papağımı gətirmədin?

Anası oğluna müəmmalı cavab verir:

-Papağı gətirə bilmədim...

-Ana, mən səni başa düşmürəm. Mey­dan­da ölüm-itim olar. Yaxşısı budur ki, döyüş papağımı gətirib qələbə xeyir-duası verəsən.

-Yanılırsan, bala, igid meydanda ölər. Ancaq döyüş papağın o qədər sirli-sehrli idi ki, onu yerindən tərpətməyə gücüm çatmadı.

-Mənim gücüm çatar!

Ana şah oğlunun ayaqlarına döşənir:

-Səni and verirəm halal südümə, papağa dəymə!

-Anacan, mən şaham! Şah meydanına papaqsız, dəbilqəsiz necə çıxım?

Ana oğlunu inadından döndərmək üçün gördüklərini deməli olur:

-Bala, sənin döyüş papağının içində indiyədək heç kimə ziyan vurmayan, dünyada ən dinc heyvan olan ağ göyərçin yuva bağlayıb. Özünün də üç dənə ətcə balası var. Biaram özünü çölə vurub balalarını yemləyir. Onları təhlükəsiz bir yerdə boya-başa çatdırmaq istəyir. Mən günahsız balalara toxunsam, ağ göyərçin bizdən küsüb gedər, yetim balaların ah-naləsi ölkəmizə bəlalar gətirər. Gəl, bu dəfə papağını qoyma.

Bu sözləri eşidən oğlu heç nə demir. Şahlıq tacını ağ göyərçinə tapşırıb başıaçıq düşmənim meydanına çıxır. Döyüşə gələn şah rəqibin döyüş papağı olmadan müha­ribəyə gəldiyinə təəccüblənir. Bu sirli oyunun səbəbini soruşur. Dəbilqəsiz şah deyir:

-Mənim papağımda ağ göyərçin üç bala çıxardıb. Anam südünə and verdi ki, onlara toxunmayım, insanları yersiz bəlalara düçar etməyim.

Rəqib şah sözə inanmır. Vəzirini göndərir ki, gedib bunun düzgünlüyünü yoxlasın. Bir azdan vəzir qayıdır. Hər şeyin doğru olduğunu söyləyir. Bunu eşidən şah dərin fikrilərə dalır. Əlini düşməninə uzadıb deyir:

-Gəl, barışaq, sülh bağlayaq! Sənin anan bir quşun-ağ göyərçinin evini dağıtmaq istəmir. Bəs biz niyə nahaq qan töküb minlərlə insanların evini dağıdaq.

Onlar sülh bağlayırlar. O gündən ağ göyərçin sülh quşu hesab olunur.

Burada bir mə­sə­lə də diqqə­timizi cəlb edir. Pirsultan Abdal Xızır Paşa tərəfin­dən dar ağacından asıldıqdan sonra şair-aşığa yaxın olan 12 ailə Sivasdan Təbrizə, oradan da bir hissəsi Təbrizdən Gəncəyə köç edirlər58. Köçlərə bir göy göyərçin bələdçilik edir. İndi aydın olur ki, bu göyərçin Pirsultan Abdalın öz ruh quşu imiş. İndinin özündə də Gəncəyə yaxın olan Daşkəsən bölgəsində Pirsultan dağına yaxın ərazidə Pirsultan Abdalın “Quş qayası”, yəni “Göyərçin qayası” mövcuddur. Belə bir qaya Pirsultan nəvəsi Xansənəmin ərə getdiyi Şəmkir bölgəsinin İrmaşlı (İrmaqlı) kəndinin yaylağında da məhşurdur. Doğrudan da, “söz sözü çəkər” deyirlər. Tariximizin hər səhifəsi folklorumuzda zaman-zaman yaşayır və aqillərin köməkçisi olur.

Bir məsələni də diqqət mərkəzinə çəkməliyik. Bizim folklorumuzda “Ay-Gün” əfsanəsi nə üçün bu qədər geniş yer tutub? Nə üçün Savalan dağının zirvəsində Ayla Gün görüşdükdən sonra daha qaranlıq olma­yacaqdır? Bu o deməkdir ki, bizim xalqı­mızın ikiyə bölünmə faciəsi bitəcəkdir. Xalq burada bu ayrılığın sona yetməsini arzulayır. Bu müqəddəs vüsal arzusunu da belə dilə gətirir. Əfsanəyə əsaslansaq, o deməkdir ki, ikiyə bölünmüş xalq qovuşsa daha qaranlıq olmayacqdır. O zaman ürək­lərdə yurd-yuva bağlamış Arzuların, Qəm­bərlərin arzuları üzlərinə güləcəkdir Günəş kimi...

Çoxvariantlı “Arzu-Qəmbər” dastanı­nın ayrı-ayrı ölkələrdə geniş yayılmasının səbəblərini tədqiqatçı Öcal Oğuz aşağıdakı kimi izah edir:

-Ədəbi mədəniyyət hekayələrin, əfsa­nə­lərin və əfsanəvi qəhrəmanların ölkədən ölkəyə, eldən elə, kənddən kəndə dolanan bir ortamdır. Məhz buna görədir ki, Nəsrəddin Hoca gah Şərqi Türküstanlı olaraq qarşımıza çıxır, gah da Sivirhisarlı.

Yoğunhisar variantında gənclər Allah­dan arzu edirlər ki, onları ya quşa, ya da daşa döndərsin. Bu motiv Azərbaycan və Qazax folklorunda da mövcuddur. Oğlan və qız birgə yox, ayrı-ayrı yerlərdə daşa və quşa çevrilirlər. Qazax folklorunda atanın qarğışı ilə qızın sevgilisi çoban sürüsü ilə bərabər, özü isə bir dağın döşündə yuxulu-yuxulu daşa çevrilir59.

“Arzu-Qəmbər” dastanının hər bir variantında xüsusi bir bədii gözəllik vardır.

Türk xalqlarının epos və dastanları bugünkü səviyyəyə çatana qədər uzun və mürəkkəb bir yol keçmişdir. Türk xalqlarının epos və dastanlarının özəyi olan türk dili bu sahədə mühüm rol oynamışdır. Eyni soy-kökdən olan xalqların bir-birini anlamasında dilin müstəsna yeri vardır.

Folklorşünas-alim Qəzənfər Paşayev60 ekiz qardaş olan Kərkük və Azərbaycan xalqlarının mənəvi əlaqələrindən, yaxınlıq­larından bəhs edərək yazır: “Dilçilik elmindən məlumdur ki, yerli dialektlərin bəziləri vahid milli dillərin meydana gəlməsində əsas ola bildiyi kimi, bəzən də müəyyən tarixi ictimai-iqtisadi səbəblər nəticəsində bir xalqın vahid dili parçalanıb ayrı-ayrı müstəqil dillərin yaranmasına səbəb ola bilər. Xoşbəxtlikdən bu qorxu bizim vahid dilimizdən yan keçmişdir. Bu deyilənlərlə yanaşı, Kərkük maniləri ilə Azərbaycan bayatıları arasında dialekt və şivə xüsusiyyətləri, ləhcə fərqləri kəskin şəkildə olmasa da, müəyyən dərəcədə özünü büruzə verir. Biz bu deyilənlərə “Arzu-Qəmbər” dastanlarında da rast gəlirik. Bu dastanların digər bədii xüsusiyyətləri bir yana, hətta, quruluşlarında da ciddi fərqlər mövcuddur”61.

Məlumdur ki, Azərbaycan folklorunda “Arzu-Qəmbər”lə yanaşı, “Yaxşı-Yaman” (Lələ ilə bağlı), “Aşiq və Yaxşı” adlı bayatılı dastanlar da vardır.

İkinci variantda Qəmbər Arzuya deyir:

Qalmadı çarəm mənim,

Qan axar, yaram mənim.

Səni tata versələr,

Səncərim yanar mənim.

Başqa bir nümunə:

Tuluğumu doldurdum,

Çiskinim üstə qaldırdım.

Qəmbər, sənin eşqindən

Bilərziyim unutdum.


Cəsarətlə demək olar ki, “Arzu-Qəm­bər”in Azərbaycan variantları şeiriyyət baxımından daha mükəmməldir.

Kərkük folkloru bizim üçün nə qədər doğma və yaxındır. Bu xalq incilərini bir-birinə qatsan, qaytarıb seçmək olmaz. Kərkük və Azərbaycan bayatılarında ana südünün dadı var. Aşağıdakı Azərbaycan bayatı­larından onları kim ayıra bilər?

Mən aşiqəm Gülgəzə,

Bülbül gəzə, gül gəzə.

Bağda qoy bülbül gəzsin,

Ayağı yox, gül gəzə.

***

Əzizinəm, dəryada,



Gəmim qaldı dəryada.

Ağladım göz yaşımdan,

Doldu, daşdı dərya da.

Kərkük xoryatları-bayatıları bədii cə­hət­dən eyni dərəcədə mükəmməl və təsirlidir:

...Necə dağlar,

Qarşıda neçə dağlar.

Yetim yanağı bilir,

Göz yaşı necə dağlar.

Və yaxud:

...Yüz yara,

Sinəmdə var yüz yara.

Leylanın bir zülfünü,

Məcnun verməz yüz yara.

Bu bayatılar dili, dini, eşqi, məhəbbəti bir olan xalqın bağrından qopan, özü göynəyən, bizi göynədən sənət inciləridir. Təsəllimiz odur ki, bir-birinə həsrət qalan xoryatlar və bayatılar artıq bir-birinə qovuşur. Kökü dərinlərə işləmiş bir çinarın yaşıl budaqları olduqlarını duydular və duy­durdular.

Bu sənət incilərini xalqa çatdırmağın həyat qədər zəruri olduğunu qiymətləndirən, bunu vətəndaşlıq borcu hesab edən folklorşünasımız Qəzənfər Paşayev qürur hissi ilə yazır: “Folklor elə abidədir ki, onun daha kamil, daha mükəmməl, daha möhtəşəm olmasında bir kərpic qoyanın da, min kərpic qoyanın da zəhməti təqdirlə yad edil­məlidir”62.

Göründüyü kimi, Türkman folklorunun çələngi hesab olunan mani və xoryatlar öz zənginliyi ilə seçilir. Bu, təsadüfi deyildir. Lirik növün ən geniş yayılan bu janrı üzərində xalq yaradıcıları can qoymuş, “bu əsərlərin üzərində əsrlər boyunca müştərək olaraq bir el çalışmışdır”.

Xoryat və manilərin sənətkarlıq və üslub xüsusiyyətlərini-dilinin səlisliyini, dərin mənasını dərk etdikcə, onların əsl ilhamın, yüksək bədii təfəkkürün məhsulu olduğunu anlayırsan. Buradakı zəriflik, incəlik, onu yaradanların nə qədər incə və zərif zövqə, bəşəri hisslərə, duyğulara malik olduğunu əyani şəkildə göstərir.

Demək olar ki, bayatıların mayası musiqidən yoğrulmuşdur. Xalq mahnıları ilə məşğul olan musiqişünaslara bunun Azərbaycanda da belə olduğu bəllidir. Xalq mahnı lentlərinin nə qədəri bayatılardan ibarətdir. Bu, təbiidir. Musiqi ahənginə uyğun gəldiyindən və onun yığcamlığı daha münasib olduğundan xalq öz mahnılarındakı mətnin demək olar ki, əksəriyyətini baya­tılardan almış və ya yaratdığı hər bir yeni mətndə bayatı formasına əsaslanmışdır.

“Arzu-Qəmbər” xalq həyatını, inam və etiqadını, mərasimlərini yaşatmaq baxı­mından əski bir dastandır.

Dastanın məziyyətlərindən biri də onun nağılla dastan arasında keçid, körpü rolunu oynamasıdır.

Azərbaycan folklorunda “Arzu-Qəm­bər” dastanının dörd variantından əlavə, ara-sıra tək-tək bayatılar da özünü göstər­məkdədir. Qəmbərin dilindən Arzuya deyilmiş bir bayatı:
Dağ döşündə cil ovlar,

Çil kəkliklər, çil ovlar.

Yar əlləri nazikdir,

İncitməyin, cilovlar.

Və yaxud:

Ağlar, ağlar, sim ağlar,

Saz inildər, sim ağlar.

Qəmbəri Arzu ağlar,

Arzu ölsə, kim ağlar.

Bizcə, hələ bundan sonra “Arzu-Qəmbər”, “Yaxşı-Yaman”, “Aşiq və Yaxşı” bayatılı dastanlarımızla bağlı neçə-neçə belə bədii şeir nümunələri aşkar olacaq, toplanacaq və oxucuların ixtiyarına verilə­cəkdir.

Yeri düşmüşkən bir məsələni aydın­laşdırmaq zərurəti ortaya çıxır. Belə ki, Astral kultlarla əlaqəni yerdə əyaniləşdirmək üçün onun atributları düzəldilir və haqqında mərasimlər təşkil olunur. Yazın gəlişi ilə əlaqədar olaraq “Qodu-qodu”nun düzəl­dilməsi və xalq arasında onun nümayiş etdirilməsi bir sübutdur. Lakin indiyə qədər tədiqiqatlar bir məsələ tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Aşiqlərin qəbirləri üzərində əkilən güllər Ay və Günü, onların aralarında əkilən qaratikan isə qara gecəni bildirir. “Əsli və Kərəm” dastanında Əsli və Kərəm güllərin daşıyıcısıdırlar. Qaratikan isə Keşişin, sadəcə Keşişin yox, Qara Keşişin rəmzidir. Burada “qara” sözü qaranlıq gecə ilə əlaqələndirilmişdir. Eləcə də, Arzu ilə Qəmbər həmin güllərin daşıyıcısıdır. Burada keşişi Arzunun atası Teymurbəy əvəz edir.

“Arzu-Qəmbər” əski dastanlarımızın yaranması, yayılması haqqında bizə zəngin material verir. “Arzu-Qəmbər”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə” dastanlarında olduğu kimi “Gül və tikan” motivləri vaxtilə çox geniş yayılmışdır. Məlumdur ki, ayrı-ayrı xalqlar arasında folklor əlaqələri 3 şəkildə meydana çıxır:

1. Genetik əlaqə (qan qohumluğu);

2. Tipoloji əlaqə (bənzərliklər);

3. Mədəni əlaqə (gediş-gəliş);

Qazax türk dilli xalqlar ailəsinə daxil olmasına baxmayaraq, həmin motivin türkdilli xalqlardan olan Qazax folklorunda genetik (qohumluq) əlaqəsi ilə deyil, tipoloji əlaqə ilə bağlıdır. Burada daxili yaxınlıq yoxdur. Hadisələrin bir-birinə bənzərliyi mövcuddur.

Bu motiv Orta Asiyada, xüsusilə qazaxlar, başqırdlar, qaraqalpaqlar və s. qardaş xalqlar arasında çox geniş yayılmışdır. “Kozi Körpəş və Bayan Sulu” dastanı da məhz bu motivdən qaynaqlanmışdır. Eyni motivə söykənən dastanlar arasında çox yaxından səsləşən, hətta bənzəyən cəhətlər vardır.

Əlbəttə, hər bir xalqın müxtəlif əsərləri arasında oxşar motivlər, xətlər, surətlər, səciyyələr, adlar, hətta epizodlar çox ola bilər. Belə oxşarlıqlara qardaş, qohum, qonşu xalqların, eləcə də, ümumdünya xalqlarının süjetlərində çox tez-tez təsadüf edilir. Bu əsərləri bir-birinin versiyası, variantı, qolu, şaxəsi hesab etmək, şübhəsiz ki, doğru deyildir.

Misal üçün, elə həmin “Əsli-Kərəm” ilə “Bamsı Beyrək boyu” arasında nə qədər oxşar cəhətlər vardır:


  1. hər iki əsərdə atalar övladsızdırlar:

  2. hər iki əsərdə uşaqlar nəzir-niyazla anadan olur və göbəkkəsmə adaxlandırılırlar:

  3. hər iki əsərdə gənclər adaxlı olduq­larına baxmayaraq, bir ov zamanı qızın evi yanında görüşür və sevişirlər.

  4. hətta demək olar ki, bu görüşlərin təfərrüatı da eynidir. Özünün kim olduğunu nişan vermək, öpmək, sonra da üzüyü qızın barmağına keçirmək və s. hər iki dastanda təkrar olunur.

Lakin, belə oxşarlıqlara baxmayaraq, bu dastanlar şübhəsiz ki, bir-birindən çox fərqli, tam müstəqil əsərlərdir. “Kozi Körpəş və Bayan Sulu” ilə yaxınlıq isə, bizcə, belə ümumi deyildir. Ayrı-ayrı xalqlara mənsub variantlar arasındakı kiçik fərqlər nəzərə alınmazsa bu gözəl və mükəmməl dastanın lap qısa məzmunu belədir:

Qarabayla Sarıbay övladsızdırlar. Əhd edirlər ki, övladları olsa bir-birinə versinlər. Sarıbayın oğlu, Qarabayın isə qızı olur. Oğlanın adını Körpəş, qızın adını Sulu qoyurlar. Oğlanın atası ölür. Qarabay öz qızını yetimə vermək istəmir. Qızını da, var-dövlətini də götürüb köçür. Körpəş Bayan Suluya adaxlı olduğunu bilib onun dalınca gedir. Qarabayın qızını istəyənlər çoxdur. Hətta, kalmık şahının oğlu da onu istəyir. Qarabay isə qızı öz nökəri Kodarqula nişanlayır. Çünki Kodarqul susuz səhradan keçən yolda su tapmış, onun sürülərini qırılmaq təhlükəsindən xilas etmişdir. Kör­pəş gəlib buraya çıxır, Bayan Sulu ilə görüşür, hətta bir gecə onun yanında da qalır. Bir varianta görə Ko­dar­qul, başqa bir va­ri­anta görə isə Qara­bay Körpəşi öldürür. Qız da Körpəşin qəb­rini zi­ya­rət bəhanə­si ilə künbəzə girir və özünü xəncərlə vurub öldü­rür.”

Qazax varian­tı­na görə, Bayan Sulu özünü öldürməmiş­dən qabaq Kodarqulu da məhv edir. Onun meyidini də Körpəşlə Sulunun qəbirləri ara­­­sında basdırırlar.

Sevgililərin qəbirlərindən göyərən gül kolları birləşmək istəyir, Kodarqulun qəbrindən qalxan tikan isə onların birləşməsinə mane olur.

Orta Asiyada dastanların tədqiqi ilə məşğul olan alimlərin çoxu bu dastanı “Tahir-Zöhrə” ilə müqayisə edir, hətta “Tahir-Zöhrə”ni bunun bir növü, bir variantı hesab edirlər.

Dastan “Tahir-Zöhrə”nin Orta Asiya versiyası ilə, doğrudan da, səsləşir. Bizim “Tahir-Zöhrə” Orta Asiya versiyasından çox fərqli, “Kozi Körpəş və Bayan Sulu” isə bizim “Əsli-Kərəm”ə daha çox yaxındır. Bu yaxınlıq “Kozi Körpəş və Bayan Sulu”nun yuxarıda lap qısa bir şəkildə verilmiş süjetindən də aydın şəkildə görünür. Maraqlıdır ki, hətta surətlərin adları da bir-birinə çox bənzəyir. Körpəş – Kərəm, Sulu – Əsli, Qarabay – Qara Məlik və s.”1

Bizə görə, “Arzu-Qəmbər”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə” eyni yaradıcılıq qaynağından su içmiş dastanlardır. Qarşımıza qoyulan əsas vəzifə hansının daha əvvəl yarandığını aydınlaşdırmaqdan ibarətdir. Orta Asiya xalqları arasında yayılmış “Kozi və Aysulu” dastanını adını çəkdiyimiz dastanlarla tipoloji oxşarlıq nöqteyi-nəzə­rindən, süjet və motiv yaxınlığı baxımından dəyərləndirmək olar.

“Arzu-Qəmbər” dastanını unudul­maqdan və yox olmaqdan qurtararaq ümumi türk ədəbiyyatına daxil edən Ata Tərzibaşı olub. Məhz o ilk dəfə 1964-cü ildə bir Kərküklü qadından danışıq dilindən topladığı dastanı əski hərflərlə Bağdadda 32 səhifəlik kitabça halında nəşr etdirmişdir. Həmin kitabça 1967-ci ildə Güney Azərbaycanda, yəni İranda yayımlandıqdan sonra 1971-ci ildə Bakıda Kiril əlifbasıyla, İstanbulda isə Türkiyə tükcəsiylə nəşr edilmişdir. Araşdırıcı İbrahim Daquqi dastanın Kərküklə bağlı Daquq nahiyəsində mövcud olan başqa bir variantından bəhs etmişdir. Lakin, bu variantın zəif olduğunu qeyd edərək dərin tədqiqat aparmamışdır. Cengiz Ketene isə Kərküklə bağlı Daquq nahiyəsinin İmam Zeynalabdin kəndinin sakinlərindən olan Semin Bayatlıdan “Arzu-Qəmbər” dastanının bir variantını qələmə almışdır. Türkiyədə bu dastan ilə bağlı bir çox araşdırmalar aparılmışdır. Bu araşdırmaların ən önəm­lisindən biri də 1987-ci ildə Firat Univer­sitetində Esma Şimşek tərəfindən hazırlanan “Arzu-Qəmbər” dastanı üzərində müqayisəli araşdırma” adlı elmi işdir. Bu elmi işdə dastanla bağlı aparılan araşdırmaların mahiyyəti açılmış, tarixləri göstərilmiş, həmçinin, ümumi Türk coğrafiyasında yayı­lan variantların müqayisəsi daha dolğun şəkildə aparılmışdır. 2002-ci ildə Ali Berat Alptekin tərəfindən hazırlanan “Xalq dastanlarının motivləri” adlı yazıda da “Ar­zu-Qəm­bər” dastanı haqqında danışılıb. Burada 1950-ci illərdə Əbdüllətif Bəndəroğlu tərəfindən araşdırmaya cəlb olunan Tuz-Xurmatı variantı da, Ata Tərzibaşı tərəfindən yazıya alınan Kərkük variantı da müxtəlif yönlərdən müqayisəli tədqiq edilib.

Əbdüllətif Bəndəroğlu yazıya aldığı variant haqqında bunları qələmə alıb: “Böyük əmimin rəhmətlik həyat yoldaşı Heybət Xanımın ağzından 1950-ci illərdə topla­mışam. Oxuma-yazma savadı olmayan bu qadın yüzlərcə hekayə, masal, dastanlar bilirdi”.

Hekayənin epizod sıralaması aşağıdakı kimidir:

1.Evli olan iki qardaşın arvadları hamilə qalır. Onlar düşünür ki, uşaqların biri qız, biri oğlan olsa köbəkkəsmə eləsinlər. Onları kiçik yaşdan bir-birinə deyikləsinlər.

2.Doqquz aydan sonra qadınların biri oğlan dünyaya gətirir, biri isə qız. Oğlana Qəmbər, qıza isə Arzu adını verirlər.

3.Qəmbər kiçik ikən öncə anasını, sonra da atasını itirir. Yetim qalır. Bundan sonra əmisi onu himayəsinə götürür.

4.Amma, bir neçə ildən sonra həm Qəmbəri, həm də Arzunu molla yanına qoyurlar. Bir gün bunların necə oxumağını bilmək üçün əmisi mollanın yanına gedir. (Tuz-Xurmatı variantında Molla özü arzunun atasını yanına çağırır).

5. Molla Arzunun atasına bunların sadəcə iki aşiq olduğunu deyir. O da hər ikisini molla yanından çıxararaq Qəmbəri çoban edir, Arzunu isə anasına ev işlərinə kömək etmək üçün evdə saxlayır.

6. Aradan bir neçə gün keçdikdən sonra Arzu su bəhanəsi ilə əlinə bir tuluq alır, bulaq başında Qəmbərlə görüşə gedir. Anasından qorxduğu üçün təlaşlanır, bilərziyini bulaq başında qoyur.

7. Arzu evə gələndə anası onu döyür. Sonra da qız bilərziyini unutduğunu anasına deyir.

8. Arzu bilərziyini almaq üçün təkrar bulaq başına gedir. Qəmbərlə qarşılıqlı manilər (bayatılar) söyləyirlər. Oğlan onu öpər, bilərziyini qoluna bağlar.

9. Arzu evə döndüyündə anası onu yenə döyür. Sonra isə qadın öz südündən dələməyə qatıb Qəmbərə yedirtmək istəyir. Qız isə buna mane olur.

10. Arzunun anası Qəmbəri öldürməyə də cəhd edir. Quzu ətinə zəhər qatır. Lakin, qız yenə mane olur.

11. Ana Arzunu Tat oğluna vermək istəyir. Arzu Qəmbərə deyir ki, get şaha dərdini ərz eylə. Qəmbər də onun dediyini edir. Şahın yanına gedir, ondan ordu alır.

12.Bu vaxt Arzunun anası qarı vasitəsilə Qəmbərlə gələn şah əsgərlərini aldadaraq geri göndərir.

13. Qəmbər qəbir daşını qucaqlayıb ağlayır, günü axşam edir. Ancaq axşam olunca Arzunun su gətirdiyini görür. Bilir ki, onu aldadıblar. (Tuz-Xurmatı variantında isə Qəmbər Arzunu qapının yanında görür).

14.Arzunun toy günündə onu bəzəmək istəyən qadınların Qəmbərin bədduası ilə qolları quruyur.

15. Qəmbər əmisi arvadına deyir ki, qoy Arzunu özüm bəzəyim. Əlacsızlıqdan bunu qəbul edərlər.

16. Gəlini aparmağa gələn Tat oğulları Qəmbərin bədduası ilə qarşılaşır. Bütün atlıar yıxılıb ölür. Qəmbər deyir ki, mənim gətirəcəyim atla getsin. Razılaşırlar.

17. Gecə gəlin otağında bəy muraza yetmədən ölür. Tat sıra ilə bütün oğlanlarını (bir variantda 40, digər variantda isə 7 oğlu olur) gəlin otağına göndərir. Lakin, hamısı da canını tapşırır. Tat hirsindən Arzunun kəbinini özünə kəsdirir. Lakin, evliliyini qırx gün təxirə salır.

18. Çöllərdə dərviş misalı gəzən Qəmbər Arzunun evinin yanına gəlir. Arzudan onun yanına gəlməsini istəyər. Deyir, yoxsa özümü suya atacağam. Arzu Qəmbəri tanımaz və onu cavabsız qoyar.

19. Bundan sonra Qəmbər özünü suyu atır. Az qalır boğulsun. Arzu, nəhayət, onu tanıyır. Xızır İlyası çağırır. Xızır İlyası Qəmbəri boğulmaqdan qurtarır.

20. Qəmbər başını Azunun dizinin üstünə qoyaraq canını tapşırır. Arzu da özünü bıçaqla öldürür. (Tuz-Xurmatı variantında isə Arzu özünü bir ülgüclə öldürür).

21. Bunu görən bəd niyyətli qarı Tata xəbərə qaçır. Tat bunların haqq aşiqi olduğunu anlayır və qarını öldürür. Ancaq qarının qanından bir damla sıçrayıb Arzu ilə Qəmbərin arasına düşür. İki aşiqin qəbrindən bitən güllərin arasında bir qara tikan kolu bitir. Məhşərəcən iki aşiqi qovuşmağa qoymur.

“Kitabi-Dədə Qorqud”da xüsusi qeyd olunur ki, oğuzların alqışı alqışdır, qarğışı qarğışdır.

Dastanın motivləri


  1. Mifoloji motivlərə elə də çox rastlanmır.

  2. Heyvanlar. Bu motivdə bir yardımçı at misal ola bilər. Məs: Qəmbər toyda öz atını irəli çəkir ki, Arzu minsin.

  3. Adətə uyğun Arzunun anası onun Qəmbərlə görüşməsini qadağan edir.

  4. Dastanda sehrli bitkilər motivi də vardır. Belə ki, qarının bir damla qanından bir qaratikan kolu bitir.

  5. Qarının sehrli qanı iki aşiqi qiyamə­təcən qovuşmağa qoymur.

  6. Arzunun anası öz südünü dələməyə qatanda Arzu bayatılar söyləyir. Bu bayatılar öz sehrli motivi ilə dastanda yer alır. Çünki, iki aşiq ərzi-halını bir-birinə bayatı ilə anladır.

  7. Bəddua motivi. Qəmbərin bədduası ilə tatın 40 (7) oğlu ölür.

  8. Adət varmış ki, iki aşiqi yan-yana məzara qoyurlar. Bu adət də öz bədii əksini dastanda tapır.

  9. O dövrdə də İslami görüşlərə uyğun intihar qəbul edilməz idi. Lakin, Arzu intihar edir. Bıçağı könlünə sancaraq özünü öldürür.

  10. Bəzi variantlarda dastanda dini görüşlər də yer alıb. Belə ki, tat oğlu gərdəyə girməzdən öncə namaza durur.

“Bir damla qanın” sehr motivi, yenidən hər hansıya canlıya çevrilməsi bizim başqa folklor nümunələrimizdə, o cümlədən, nağıllarımızda da mövcuddur63.

Kərkük variantında 33, Tuz-Xurmatı variantında isə 35 mani vardır. Bunlar hamısı eyni mənanı daşısa da qavramında fərq mövcuddur. Arzu çaya endiyi zaman Qəmbərin dilindən söylənilən bayatı Kərkük variantında belədir:

Arzum endi bulağa,

Səsi gəldi qulağa.

Arzuya peşkəş olsun,

Şirvan, Təbriz, Marağa.


Tuz-Xurmatı variantında isə:
Endi Arzu bulağa,

Gəldi səsi qulağa.

Arzuya ərməğandı,

Şirvan, Təbriz, Marağa.


Tuz-Xurmatı variantında iki beytlik şeirlər var. Ancaq Kərkük variantında belə ikilik şeirlər yoxdur. Bilərzik əhvalatında Kərkük variantında 9, Tuz-Xurmatı varian­tında isə 5 mani vardır. Kərkük variantında zəhərləmə epizodunda Qəmbər bayatı ilə Arzudan soruşur:

Bu gecə çərşənbədi,

Könlünə düşən nədi?

Ot yanar, tüstü çıxar,

Qazanda bişən nədi?
Qız da deyir:

Əmmə, Qəmbərim, əmmə,

Nənəmin əqli kəmə.

Önündə quzu biryan,

Ağu qatıbdı yemə.

Tuz-Xurmatı variantında isə qız deyir:

Dalma, Qəmbərim, qəmə,

Aclığın bizə demə.

Önündəki yeməyə

Zəhər qatılıb, yemə.

“Arzu-Qəmbər” dastanı Türk xalqları ara­sın­da çox geniş yayılmış bir eşq hekayəsidir. Anadolu, Rumeli, Azərbaycan, Türkistan, İraqda (Kərkük) dildən-dilə dolaşır. Daim xalq hekayəti kimi nəşr olunan bu dastan çox maraqla oxunur. Aşıqların repertuarında da yer alır.

“Arzu ilə Qəmbər” aşıqların reper­tuarında geniş yer tutur. Bütün Anadoluda, xüsusən, də qadınlar arasında nağıl kimi danışılır. Kitablardan da sevilərək oxunur. Xalq arasında bir çox variantlar da yayılıbdır. Dastanın daxilində manilər də mövcuddur. “Arzu ilə Qəmbər” başqa türk şifahi xalq ədəbiyyatı nümunələri kimi Qaragöz ədəbiy­yatına da daxil olmuşdur. Burda Qaragöz Arzunun atasının nökəri rolundadır.

Bir variantda isə maraqlı epizod var ki, burada iki aşiqin hissləri bəlağətli şəkildə çatdırılır. Ayrılıqdan sonrakı səhnə insanı mütəssir edir.

...Keçən günlər Arzuya da, Qəmbərə də o zamanadək hiss etmədikləri hissləri yaşadırdı. Bütün istədikləri daima bir yerdə olmaqdan ibarət idi. Bir gün necə oldusa bağçada tək qaldılar. Bir-birlərini görməyi imkansız sayaraq birdən belə yan-yana oturmaqları onlar üçün səadət idi. Nə deməklərini, nə istəyəcəklərini bilmirdilər. Bir müddət beləcə oturdular. Axırda Qəmbər dedi:

Əydirmə başını, baxmam üzünə,

Mən kimi atəşlər düşsün özünə.

Yeməsəm, içməsəm, baxsam üzünə,

Şəkərdən, qaymaqdan, baldan ziyadə.


Arzu sevgilisinin sözlərini içi titrəyə­rək dinləmişdi. O qurtarınca özü baş­la­dı deməyə:

Aşiq candan bezər, yarından bezməz,

Ölsə də aşiqin sirləri çıxmaz.

Mənim könlüm olur-olmaza axmaz,

Qapdırdım könlümü mən Qəmbərimə.
Orta Asiyada, Azərbaycanda “Arzu-Qəmbər” eşq dastanına daxil ola bilməyib. Lakin, Öcal Oğuz deyir ki, Anadoluda dastan mərhələsinə keçib. Bu da o deməkdir ki, Anadoluda dastan müəyyən təkamül yoluna qədəm qoymuşdur. Bir variantda isə bədii ifadə vasitələrindən daha dolğun şəkildə istifadə olunub:

…Arzu uzun kiprikli sürməli gözlərini, çəmənin yaşılından alıb ayaq uclarına düşürdüyündə yanaqlarının alov-alov yandı­ğını hiss etdi. İçində qəfəsdən uçan quşun titrəməsi vardı. Bütün ulduzları gözlərinə daşıdı. Könlündə minlərcə çiçəyin oyanışını hiss etdi. Vaxtsız gül açarmı? Özündən utandı, qızardı. Ürəyinin səsini dinləməyə çalışdı. Eşitdiyi tək kəlmə “Qəmbər” idi.

Nevşehir variantlarının birinin sonu isə daha maraqlıdır. Və fikrimizcə, dastanın qə­dim­liyinin sübutudur. Burada deyilir ki, Arzu ilə Qəmbər bir-birini çox sevən iki aşiqdirlər. Ancaq qovuşmurlar. Allah tərəfindən daşa döndəriliblər.

Necdet Ekici də “Arzu-Qəmbər” dastanını araşdırıb.

Gəl ay zair, bu yerdə cani-dildən

bir niyaz eylə,

Təfəkkür eylə, əhvali-cihanı kəşfi raz eylə.

Yatan bu qəbr içində həzrət

Arzu və Qəmbərdir,

Şəhidi eşq olan iki həsrət ulu sərvərdir.


Bu şeirlə yazısına başlayan Necdet Ekici sonra Şərq ədəbiyyatının romantikliyini xüsusi qeyd edir. O yazır:

-Şərqin eşq klassikləri hekayələri elə bədii bir dillə anladır ki, bu romantizmin dərinliyində batırsan. “Arzu-Qəmbər” də məhz belə eşq hekayələrindəndir.

“Qəmbər” sözü Bakı dialektində “daş” mənasında işlədilir. Yunanca bu söz “kürə­kən”, “damad”, bir növ “toyu olacaq bəy” anlamındadır. Başqa bir variantda isə Arzu ilə Qəmbərin yaşadığı kəndin adı Avuç köyü kimi göstərilir.

“Arzu-Qəmbər” dastanlarında ən ma­raq­lı epizod bilərzik əhvalatıdır. Demək olar ki, bütün variantlarda bilərzik əhvalatı diqqət mərkəzindədir. Lakin, fərqlər də mövcuddur. Belə ki, bəzi variantlarda Arzu özü bilərəkdən bilərziyi bulaq başında qoyur. Bunun da iki səbəbi vardır. Gah qız oğlanı sınamaq qərarına gəlir, gah da anasının qorxusundan tələsib bilərziyi unudur. Bu halların hər ikisində Arzu ilə Qəmbərin arasındakı incə bağlar nəzərə çarpır. Sevgi sınanmır, amma el arasında deyirlər ki, sevən oğlan qınayır, sevən qız da sınayır. Unutmaq əhvalatında isə yenə hardasa qızın oğlanla görüşdəki həyəcanları sətiraltı görünmək­dədir.

Şamaxı variantında Arzu tələsdiyindən bilərziyini bulaq başında unudur. Burda bilərzik əhvalatında bayatı deyişmələr yox­dur. Gəncə variantında isə qız bilərziyini dərsə gedəndə həyətdəki çarhovuzun kəna­rında qoyur. Ancaq burda deyişmə vardır:

Oğlan deyir:

Su gəlir, tuluq-tuluq,

Can olub suluq-suluq.

Bilərziyin tapana,

Nə verərsən muştuluq?

Qız deyir:

Su gəlir tuluq-tuluq,

Can olur suluq-suluq.

Bilərziyi tapana,

Canımı verrəm muştuluq.
Bakı vari­an­tında da aşiq­lər əmioğlu, əmi­qı­zı deyil. Burda onlar qonşu kənd­­dən­dirlər. Variantdakı bi­lər­zik əhvalatı ilkin for­maya daha çox bənzə­yir. Belə ki, burda qız oğlanı sınayır. Öz bilərziyini qəsdən bulaq başında qoyur ki, görsün, sevdiyi, könül verdiyi halaldı, ya yox. Nəticədə, Qəmbər öz halallığını sübuta yetirir. Beləcə, Arzunun ona olan məhəbbəti birə-min artır.

Lakin, burada qız bilərziyini bayatı ilə soruşmur. Deməli, ilkin variantdan fərqli cəhəti də budur. Ancaq oğlan ondan bilər­ziyin nişanəsini bayatıyla xəbər alır:

Ağ qoyun quzuludu,

Yollara düzülüdü.

Ay Arzu, bilərziyin

Üstə nə yazılıdı?


Bayatıda ilk iki misra da söz xətrinə deyilmir. Birbaşa Qəmbərin çobanlığına işarədir. Qədimdə çobanlıq peşəsi müqəddəs sənətlərdən sayılırdı. Elin ruzi-bərəkəti olan qoyunun bəslənməsi, artırılması bilavasitə çobanların sənəti idi. Hər başı çıxmayan, naşı adama sürü etibar edilməzdi. Qəmbərin dilindən deyilən bu bayatıda onun çobanlığın sirlərinə vaqif olduğu önə çəkilir.

Arzunun cavabında nağıllardakı mifik düşüncələrə inam qabardılıb. Qız deyir:


Ağ qoyun quzuludu,

Yollara düzülüdü.

Ay Qəmbər, bilərziyim,

Tilsimlə yazılıdı.


Qədim xalq nağıllarında, xüsusilə də, şərq şifahi xalq ədəbi nümunələrində qəhrə­manın hansısa bir əşyasının sehrlənməsi motivinə rast gəlirik. Məsələn: “Əsli və Kərəm” dastanında Kərəmin köynəyi tilsimlənib. Bu da onun məhvinə, faciəsinə gətirib çıxarır. Burda bilərziyin tilsimli olmadığını onsuz da bilirik. Ancaq eyhamı başa düşmək üçün də gərək xalq deyim­lərindən, duyumlarından xəbərdar olasan. Burda Arzu “tilsimlə yazılıdı” deməklə işarə vurur ki, yəni, oğlan bilərziyi qaytar­masa sonu ayrılıq olacaq.

Ata Tərzibaşının topladığı Kərkük variantında bilərzik əhvalatı danışıq dilində daha maraqlı qeydə alınıb. Burada qız anasının qorxusundan bulaqda tələsir ki, birdən Qəmbər gəlib ona çatar. Bilərziyini bulaqda qoyur. Evdə isə anası bilərziyi iki aşiqin görüş bəhanəsi kimi zənn edərək Arzunu döyür.

Burdakı ananın qızını döyməsi səhnəsi başqa variantlara nisbətən daha təsirli verilib. Çünki, Arzunun andları, yeminləri, yalva­rışları, anasının onu təhdid etməsi əslində bir növ xalq pedaqogikasının müəyyən təzahü­rüdür. Xalq deyimlərində ananın qızına daha yaxın olması, qızın ondan tərbiyə götürməsi, bir növ həyatı olduğu kimi anadan öyrənməsi motivlərinə çox rast gəlinir. Məsələn: nağıl­larımızda ananın paltarının qızına yaraşması, ögey ananın qıza heç nə öyrətməməsi epizod­ları Arzunun anasının timsalında verilir. Çünki, anası qızını döyməyi tərbiyə üsulu hesab edir.

Arzu bilərziyini qaytarmaq üçün anasından təkrar icazə istəyir ki, bulağa getsin. Buna görə də anası yenə onu döyməyə başlayır.

Bu variantda da Arzunun bilərziyini axtarması bayatılara köklənib:

Tuluğımı doldırdım,

Dolı deyin qaldırdım.

Dinim, imanım, Qəmbər,

Biləzigim saldırdım.
Qəmbər yenə bilərziyin nişanəsini soruşur. Arzu isə cavab verir ki, bilərziyin üstündə “Arzı-Qəmbər” nişanı var. Təbii ki, bilərziyin üstündə o nişan ola bilməz. Ancaq, burda qızın diliylə xalq ruhundakı sevgini görürük. Adətən, sevənlər sevgilərinin nişanəsi kimi hansısa bir əşyanı qoruyurdular. Yaxud da hansısa bir ağacı, məkanı, qayanı, bulağı sevgilərinin şahidi hesab edirlər. Burda da bilərziyin üstündəki nişanın qeyd olunması həmin məqamla bağlıdır. Bundan sonra isə Qəmbər Arzudan muştuluq istəyir:

Bu sular uluğ-uluğ,

Qızlar doldurı tulığ.

Biləzigüü tapanı,

Nə verisən muştuluğ?
Sualın quruluşuna diqqət eləsək onun ümumi məna daşıdığını görərik. Lakin, qızın cavabı sırf Qəmbərə ünvanlanıb. Oğlanın muştuluqdan danışması qızda əminlik yaradır ki, bilərziyi məhz ondadır. Ona görə də cavabında deyir:

Bu sular uluğ-uluğ,

Qızlar doldurı tulığ.

Biləzigim tapanı,

Şirin canım muştuluğ.
Axıska64 variantında isə bilərzik əhvalatı iki dəfə təkrarlanır. Birincidə Molla Arzunu öyrədir ki, Qəmbərin sevgisini sınasın. Molla deyir:

- İndi mən səni öyrədim, sən onu sına, gör səni ürəkdən sevir, ya yox. Qızım, dərsdən çıxanda apar bilərziyini qoy bulaq başında. Gözlə Qəmbər gəlsin. Əgər Qəmbər bilərziyini götürüb, öpüb gözünün üstünə qoysa, bil ki, o da səni sevir. Yox öpmədi, götürüb kənara atdı, bil ki, səni sevmir.

Qız da Mollanın dediyini edir. Qəmbər sınaqdan yaxşı çıxır. Bilərziyi öpüb gözü üstə qoyur. Qız bu məsələni açmır, gizlicə evlə­rinə gedir. İkinci epizod isə Kərkük varian­tında olduğu kimidir. Arzu tələsdiyindən bilərziyi bulaq başında qoyur yenə dönür gətirməyə. Eyni muştuluq əhvalatı burda da var. Lakin fərq bayatılardakı misralardadı. Qəmbər soruşur:

Ərəb atlı tazılı,

Ceyran körpə quzulu.

Bilərziyin üstündə

Nə var idi yazılı?

İlk iki misrada söhbət İslami görüşlərin yayıldığı ilkin dövrlərdən xəbər verir. Çünki, Ərəblərin Orta Asiyaya gəlişi məhz bu dövrlərdə baş vermişdir. Buradakı ilk iki misrada ərəblərin atlı, tazılı körpə ceyranın ovuna çıxması səhnəsi deyilsə də, sətiraltı mənada onların yerli əhaliyə tutduğu divandan da xəbərdar oluruq.

Qız da cavabında bilərziyin yenə sevgilərinin nişanəsi olduğunu qeyd edir. Burda da Arzu muştuluğa şirin canını vəd edir.

Axıska variantı həm də yeganə variantdır ki, burada aşiqlərin arasına girən qarı Küp qarısı adlandırılır. Bilirik ki, qarı obrazı burada elə-belə, təsadüfi seçilməyib. Adətən, nağıllarımızda da qarılar həmişə pis niyyətli, xeyirsiz kimi təsvir olunur. Burda isə onun acgözlüyü, pula olan hərisliyi də göz önünə çəkilir. Xalq öz deyimində, duyu­munda bədniyyətin necə fəsadlar törətməsini belə qəribə bir şəkildə çatdırıb.

Başqa variantlarda əgər qız anasının öz südündən yeməyə qatması onun əməli idisə, burada Küp qarısının çoxbilmişliyi kimi göstərilir. Arzunun Qəmbərə xəbərdarlıq edib yeməyə qoymaması oğlanda şübhələr yaradır. O deyir:

Dan yerləri atıbdı,

Xoruzları yatıbdı.

Bəlkə də bu xörəyə

Nənən ağı qatıbdı?
Qız cavabında ağı deyil də, süd qatıldığını bildirir. Qəmbər yeməyi yemir. Küp qarısı bu dəfə də öz “məsləhəti” ilə gəlir. O, Arzunun anasına deyir ki, quzu ətinə zəhər qatsın. Bu dəfə də Arzu Qəmbəri xilas edir. Demək olar ki, xörəyə ana südü, yaxud da zəhər qatılması motivləri bütün variantlarda vardır. Buna görə də xüsusilik olmadığı üçün həmin epizodun təhlilindən səthi keçirik.

Cengiz Ketenenin65 topladığı variantda xalq adətlərinə bağlılıq daha çox nəzərə çarpır. Burada qızla oğlanın azad, sərbəst­cəsinə bir-birini sevməsinin el-oba tərəfindən qəbul edilmədiyini görürük. Onlar bunu bayatılarında belə anladırlar:

Ağa Qəmbər:

O sular uluğ-uluğ,

Qızlar doldurur tuluğ.

Biləzigi tapana,

Nə verirsən muştuluq?

Arzu xan:

O sular uluğ-uluğ,

Qızlar doldurur tuluğ.

Biləzigi tapana,

Şirin canım muştuluq.

Ağa Qəmbər:

Belə demə duyallar,

Bizim cana qıyallar.

İkimiz qolu bağlı

Bir zindana qoyallar.

Arzu xan:

Ağa Qəmbər, innəttir,

Sözün cana minnəttir.

İkimiz qolu bağlı,

Zindan bizə cənnətdir.

Sonuncu bayatıdakı fikir -“zindan bizə cənnətdir”-ifadəsi onu bildirir ki, iki aşiq bir yerdə olmalarını dünyanın ən xoş anları kimi dəyərləndirir. Bu variantda Qəmbərin Arzunun anasına dediyi bayatılar da fərqliliyi ilə seçilir. İlk dəfədir ki, Arzunun anasına qarşı çıxan Qəmbərin cəsarəti təqdirəlayiq hesab edilir.

Ağa Qəmbər:

Dağlar üstündə dağlar,

Bülbül gül üçün ağlar.

Ey qarı, Arzıma nə deyibsən

Yükə dayanıb ağlar?

Şamaxı və Gəncə variantlarında Qəm­bə­­rin gedib qoşun gətirməsi hadisəsi yoxdur. Lakin, başqa variantlarda onun ya qoşun, ya da öz dayılarının arxasınca getməsini görü­rük. Suriya variantında oğlan Daraz Bəyləri kəndinə dayılarını gətirməyə gedir. Onu bu işə Arzu göndərir. Lakin geri dönüşündə Arzunun nənəsi onları aldadır ki, Arzu ölüb. O da dayılarını geri göndərir. Qız oğlandan halını yenə bayatıyla xəbər alır:
Evimizin önü badam,

Çıxıb budaqların qıram.

Sən Daraz Bəylərinə getmişdin,

Qəmbər ağam,

Hanı səninlə gələn adam?
Qəmbər də ona cavab verir:
Evimizin önündə badam,

Çıxam, budaqların qıram.

Daraz Bəylərinə getdim,

Geri döndü gələn adam.


Bu variantda oğlanla qızın bir-birinə müraciəti daha maraqlıdır. Qız oğlana “Qəm­bər ağam”, oğlan da qıza “Gəlin Arzum” deyə müraciət edir ki, bu da variantın xüsusiliyini nəzərə çarpdırır.

Bakı variantında isə Qəmbər dərdini qonşu xana danışır. Ondan qoşun alıb gətirir. Lakin, yenə qarı əlində halva onları aldadır. Burda isə Arzu son ümidini bağladığı xan adamını sevdiyindən belə soruşur:

Adamı, ha adamı,

Dərildi bağ badamı.

Getmişdin xan evinə,

Hanı xanın adamı?

Qəmbər deyir:

Adamı, ha adamı,

Dərildi bağ badamı.

Pozdu imansız qarı,

Gəlirdi xan adamı.

Ata Tərzibaşının topladığı Kərkük variantında da oğlan şaha imdada gedir. Şah ona mal-mülk verilməsini əmr edir. Lakin, o, imtina edərək mətləbini açıq şəkildə çatdırır:

Qəmbər dedi:

Şah oğlı, şahım zada,

Gəlmişəm sənə dada.

Malım yoxdı alayım,

Xan Arzım getdi yada.

Döndi şah dedi:

Durun, durun görəlim,

Aşiq halın soralım,

Çağırın xəznədarı,

Aşiqə mal verəlim.

Aldı Qəmbər:

Aşiq malı neyliri,

Dünyadarı neyliri.

Aşiq dada gəlipdi,

Sənnən imdad diliri.

Bu variantda başqa variantlarda rast gəldiyimiz aşiqin sınanması da yer alıb. Şahın vəziri onun həqiqi aşiq olduğunu yox­la­maq qərarına gəlir. Qəmbər şahın bağça­sındakı yeddi meyvənin adını bir bayatıyla deyir və öz sevgisinin ülviliyini təsdiq edir:

Alma, ərük, aluça,

Qavın, qarpuz, bu neçə.

Heyva yedim saraldım,

Nargilə məədəm aça.

Yenə qarı aldığı pul əvəzində oğlanı aldadır. Ona Arzunun öldüyünü deyir. Qarının özünü yalandan döyməsi, saçını yolması, guya həqiqətən ölən Arzunun yasını tuturmuş kimi özünü qələmə verməsi də onun bəd niyyətinin göstəricisidir. Çünki, eşq aləmində ağlamaq yüksək məqam hesab olunur. O yüksək məqam ki, orada eşqin əzabı, insanı var etməsi açıqca görünür. Eşq aləmində ağlayarkən aşiqlər olduğu kimi­dirlər.

Qəmbər yenə evə döndüyündə Arzunu görür. Qız köməksiz gələn oğlandan səbəbini söyləməsini istəyir. Qəhrəmanlar arasında bayatı deyişmə başlayır.


Döndi qız dedi:

Qapıda duran adam,

Boynını buran adam.

Getmişdüü şaha dada,

Hanı şahdan bir adam?

Qəmbər dedi:

Noldı qəridən oldı,

Zilfi sarıdan oldı.

Əsgərim gəri döndi,

Gözəl tarıdan oldı.

Cengiz Ketenenin variantında oğlanı qoşun dalınca qızın anası göndərir. Burada Qəmbərin əlində sazı da vardır. O sazını çala-çala şahın yanına gedir. Padşahın qapısı ağzında saz çalaraq deyir:

Qəmbərin əlində sazı,

Çağırın xəznədarı,

Etsin Qəmbəri razı.

Padşah onu əlində sazı məclisləri dolanaraq azuqəsini yığan aşıqlardan sanır. Ona görə də deyir ki, ona bir az paydan-puşdan versinlər. O da çıxıb getsin. Qəmbər deyir:

-Ey patşahım,

Mal sənin, əmlak sənin,

Əsgər ver mən gedəlim,

Arzı mənim payımdı.

Şeirlərin üçlük olmasını görürük. Lakin, diqqətlə baxsaq görərik ki, bayatı əvvəlcə tam şəkildə olmuşdur. Sonradan dəyişikliyə uğramış, dillərdə bir misrası dolaşaraq yadda qalmamışdır. Bu da “Arzu-Qəmbər” dastanının vaxtilə el arasındakı məhşurluğundan xəbər verir.

Padşahın oğlanın aşiqliyini sınaması motivi burda olsa da fərqlidir. Padşahın xəstəliyi uzun zamandır ki, davam edir. Ona əlac tapılmır. Saray əhli Qəmbəri sınayır ki, onun dərdini də, dəvasını da tapsın. O da bir bayatı ilə bunu dilinə gətirir:

Ərik, alma, haluça,

Qavun, qarpız, bu neçə?

Heyva yedi tutuldi,

Nar yesev medev aça.

Onun dediyi kimi olur. Padşah sağalır. Ona bir dəstə əsgər verir. Lakin yenə, qarı qoşunu geri qaytarır. Qəmbər əliboş, hüzünlü kəndə dönəndə Arzunun damdam baxdığını görür. Qız soruşur:

Ağa Qəmbər boş həldi,

Dolu getdi, boş gəldi.

Yahu aviy boş gəldi.

Ağa Qəmbər:

Havada uçaq quşlar,

Arzı damda nakışlar,

Qarı verdi xəbəri,

Geri döndi çavuşlar.

İbrahim Daquqinin topladığı variantda da eyni hadisələr baş verir. Burda isə oxşar olsa da fərqliliyini də duyuran bir bayatı ilə Arzu Qəmbərdən tək gəlişinin səbəbini soruşur:

Qapıda duran Qəmbər,

Boynunu buran Qəmbər.

Getmişdiy şah yanına,

Hanı baş vuran, Qəmbər?

Qəmbər sazını aldı, dedi:

Noldu qəridən oldu,

Sümük dərdiən oldu.

Əsgərlər geri döndü,

Hepsi qəridən oldu.

Dastanda Qəmbərin bəddua etməsi ilə bəyin ölməsi, gəlini bəzəyənin barmağının tökülməsi, evinin uçması kimi faktlar heç də təsadüfi verilməyib. Ola bilsin ki, reallıqda bəddua ilə belə şeylərin mütləqliyi olmasın. Amma, iki aşiqin iztirablarının yanlış, günah olduğunu xalq öz hikmət xəzinəsindən süzdürməli idi.

Qaqauz folklorunda66 “Arzu-Qəmbər” dastanından müəyyən motivlərin, bayatıların qorunub saxlanılması və ya yazıya alın­masının da bugünkü tədqiqat üçün böyük əhəmiyyəti vardır. Qaqauz folklorunda bilər­zik məsələsi, Qəmbərə zəhər verilməsi səhnəsi bayatılarla çox bədii şəkildə ifadə olunmuşdur. “Arzu-Qəmbər”lə əlaqədar doqquz bayatıdan ikisini nümunə veririk.

Qəmbər:

Ay duar tunuk-tunuk,



Bahçeler dolmuş gül tomruk.

Enteşeni bulana,

Arzı, nə var muştuluq?

Arzı:


Ay duar tunuk-tunuk,

Bahçeler dolmuş gül tomruk.

Bilezimi alana

Arzı kəndi da muştuluq.

Qaqauz folklorunun dili ümumtürk dilinə, eləcə də Azərbaycan dilinə yaxın və anlaşıqlı bir dildir. İki bayatıda işlənən ifa­də­lərə diqqət yetirək: “Arzıya var muştu­luq”, “Biləzimi alana, Arzı kendi də muştuluq”. Demək olar ki, bu kəlmələr dialekt fərqi ilə yanaşı, ən arxaik türk dilidir. Biz Türk yurdlarını, yaşayış məskənlərini dolaşsaq daha arxaik şeir parçalarına və bakirə ifadələrə rast gələ bilərik. Hətta, bəlkə də Qaqauzlar yaşadığı məkanları gəzsək “Arzu-Qəmbər” dastanının daha mükəmməl variantını əldə edə bilərik.

Bizim tədqiqat üsulumuz belədir ki, biz tədqiqatı bir il, beş il ərzində tamamlamırıq. Tədqiqat ömür boyu davam edir. Ona görə də biz tədqiqatı zaman-zaman yeni faktlarla zənginləşdirib yenidən nəşr etdiririk. Ömür vəfa qılsa yəqin ki, çoxvariantlı “Arzu-Qəmbər” dastanının tədqiqatı da yeni motivlərlə, süjetlərlə zənginləşdiriləcəkdir.




Yüklə 5,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin