Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S


Ermənistanın Azərbaycana təcavüzü, saxta “erməni soyqırımı”



Yüklə 64,63 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü64,63 Kb.
#41738
1   2   3
anar eliyev az tarix 3

Ermənistanın Azərbaycana təcavüzü, saxta “erməni soyqırımı”

1985-ci il fevralın 21-də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sovet rəhbərliyinə 24 aprel gününün “Soyqırım qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov. İKP MK Siyasi bürosunun iclasının gündəliyinə daxil edilmişdi. Bunun ardınca iyunun 20-də SSRİ Nazirlər Soveti “1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərar qəbul etdi. Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni köçürüldü. Onlar özləri ilə qatı erməni millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi qızışdıraraq bu istiqamətdə təbliğat işini genişləndirdilər. Artıq 1985-ci ilin sonunda “Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı “Böyük Ermənistan” uğrunda mübarizəni yenidən genişləndirmək haqqında qərar qəbul etmişdi. 1987-ci il iyulun 18-də Avropa Parlamenti saxta “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırım qurbanlarına” xatirə günü təsis etdi. (Anar İsayev, “Azərbaycan Tarixi”, Bakı – 2003. (səh. 192))

1980-ci illərin sonunda ermənilər yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların havadarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və Yerevanda hərəkata başladılar. Lakin baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi geriliyi barədə erməni ideoloqlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.

1988-ci ildə Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ermənilər o dövrdə təkcə SSRİ hakim dairələrinin deyil, Qərb ölkələrinin dövlət və hökumət orqanlarının himayədarlığına da arxalanırdılar. Bu məsələdə Qərb ölkələrinin hakimiyyət orqanlarına müəyyən təsir gücünə malik xaricdəki erməni lobbisinin də əsas rolu olmuşdur. Faktlar göstərir ki, hadisələrinin inkişafının əvvəlində də, sonrakı mərhələlərində də bu amillər güclü rol oynamışdır. Xaricdəki erməni lobbisi bunu SSRİ-nin rəhbər orqanlarına kobudcasına müdaxilə və zorakılıqla təzyiq göstərmək mövqeyindən edirdilər. Erməni lobbisinin təzyiqi və yardımı ilə dünyanın bir sıra ölkələrində SSRİ-nin rəsmi nümayəndəlikləri və beynəlxalq təşkilatlar qarşısında keçirilən saysız-hesabsız nümayiş, yığıncaq və mitinqlər təşkil edilirdi. Qərb dövlətlərinin hakimiyyət orqanlarında ermənilərin təmsil olunmaları və onların dövlətin yüksək vəzifəli şəxslərinə müəyyən təsiri ilk növbədə ABŞ-da özünü daha qabarıq şəkildə göstərirdi. Bu məqsədlə onlar özlərinin bütün siyasi, iqtisadi və hüquqi vasitələrindən istifadə edərək Ermənistana Amerika tərəfindən iqtisadi və humanitar yardım göstərilməsinə çalışırlar.

Bu hadisədən az sonra, yəni 1989-cu il noyabrın 17-də ABŞ Senatının xarici işlər üzrə komitəsi yenidən Azərbaycanın daxili işlərinə kobud müdaxilə edərək Dağlıq Qarabağ barədə qətnamə qəbul etdi. Bu qətnamə Azərbaycana qarşı qərəzli mövqe tutan ABŞ Senatı tərəfindən noyabrın 19-da bəyənildi. ABŞ Senatı xarici işlər üzrə komitəsinin qəbul etdiyi bu qətnamə “Dağlıq Qarabağ xalqının mübarizəsinin ABŞ tərəfindən müdafiə olunmasının ifadəsi” kimi qələmə verilsə də, qətnamənin mətnindən aydın olurdu ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi altında yalnız ermənilər nəzərdə tutulurdu. Qətnamənin bütün bəndləri Azərbaycana qarşı yönəldilmiş böhtan və iftiralardan ibarət idi. Qətnamədə həqiqətdən tamam uzaq olaraq DQMV ermənilərinin öz müqəddəratını təyin etməyə can atması, vilayətin statusunun ixtilaf mənbəyi olaraq narahatlıq doğurduğu, Ermənistanın blokadası və bu kimi məsələlər real faktlara deyil, erməni iddialarına əsaslanaraq vurğulanırdı. Erməni iddialarının qətnamədə öz əksini tapması, SSRİ hökumətinin gördüyü tədbirlərin müsbət qiymətləndirilməsi, Azərbaycan əleyhinə həqiqətdən uzaq, yalan və qərəzli məlumatların verilməsinin nəticəsi idi. ABŞ Senatının bu qərarı ilə əlaqədar SSRİ Xarici İşləri Nazirliyi yalnız bəyanatla çıxış etməklə kifayətləndi. (Anar İsayev, “Azərbaycan Tarixi”, Bakı – 2003. (səh. 194))

1988-1991-ci illərdə Dağlıq Qarabağ problemi ilə əlaqədar ABŞ-da bir sıra sənədlərin qəbul edilməsində erməni icması tərəfindən 1971-ci ildə yaradılan Amerikanın erməni məclisinin böyük rolu olmuşdur. Bununla yanaşı, Amerikanın erməni icmasına rəhbərlik edən məclis erməni millətinin mənafeyini tam təmsil etmək məqsədi ilə ABŞ-ın hökumət dairələri, senatorları, konqresmenləri ilə çıx əlaqə saxlayırdı. Bu təşkilat ABŞ Senatında Dağlıq Qarabağ məsələsi ilə əlaqədar müzakirələrdə 100 senatordan 48-ni öz tərəfinə çəkə bilmişdi. Bu dövrdə ABŞ hökumətinin Ermənistan üçün ayırdığı 10 milyon dollara prezidentin fondundan 5 milyon dolların əlavə olunması da məhz bu məclisin xidməti idi.

ABŞ-ın yüksək vəzifələrdə mövqe tutan erməni ictimai və siyasi xadimləri Dağlıq Qarabağ məsələsinin həllində hökumət qulluqçularının, senatorların, konqresmenlərin və digər rəsmi şəxslərin fəal iştirakına və bu işdə öz köməklərini göstərməsinə nail olmaq üçün hər cür vasitələrdən, ən kiçik imkandan belə tam müvəffəqiyyətlə istifadə edərək onların vasitəsilə Sovet İttifaqının dövlət və hökumət orqanlarına təzyiq göstərməyə çalışırdılar. SSRİ-nin süqutundan sonra regionda nüfuz uğrunda rəqabətə girişmiş böyük dövlətlər keçmiş ittifaqın müstəqillik qazanmış respublikalarına, xüsusilə, zəngin təbii sərvətlərə və əmək ehtiyatlarına malik Azərbaycana yenə də qərəzli mövqedən baxmağa başladılar.

XX əsrin sonunda, azərbaycanlılar növbəti dəfə etnik təmizləmə və soyqırıma məruz qalmışlar. Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Ancaq bütün dünyanın gözü qarşısında və yaxın tariximizdə baş verən bu dəhşətli soyqırıma böyük dövlətlər laqeyid yanaşır, bəzən də ermənipərəst mövqedən çıxış edirlər. (Anar İsayev, “Azərbaycan Tarixi”, Bakı – 2003. (səh. 197))

1992-ci ildən beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən yeni formada da addımlar atılmışdır. Çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan dövləti öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna səbəb bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, təcavüzkarla təcavüzə məruz qalanı eyni tutmasıdır.

Son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-azərbaycan və anti-türk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür. 2015-cü il mart ayının 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar müraciət etmişdir. Bu günlərdə isə Avropa Parlamenti bunun davamı olaraq növbəti addımı atmaqla anti-azərbaycan və anti-türk mövqeyini bir daha ortaya qoydu. Həmin sənədin mahiyyəti ondan ibarətdir ki, Avropa İttifaqına daxil olan ölkələr 24 apreli tarixini “erməni soyqırımı günü” kimi qeyd etsinlər.

Buna görə hazırda tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, deputatın ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır və “erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir. Təbii ki, Qərbin ayrı-ayrı dairələrinin tarixi təhrif etmək və müsəlman dünyası haqqında yanlış təsəvvür formalaşdırmaq cəhdləri pislənilməli, bütün iddialar konkret faktlar əsasında cavablandırılmalıdır. Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə olmayıb və bu kimi qərarlar, qətnamələr yalnız ayrı-ayrı dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxır.

Eyni zamanda, bu qətnamə Avropa Parlamentinin birinci belə subyektiv, anti-islam, anti-türk və anti-Azərbaycan mahiyyəti kəsb edən qərarı deyil və çox güman ki, gələcəkdə də biz bu cür “qərarların” şahidi olacağıq. Həm Azərbaycan, həm də Türkiyə anti-qərb mövqeyində deyil Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdırlar. Amma təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma Azərbaycan dövləti imkan verə bilməz ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Bu qərardan sonda Azərbaycan Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmalı olacaq və artıq Azərbaycan Avropa Parlamentinin “Avronest” qrupunda fəaliyyətini dayandırmışdır. Belə getsə, Avropa Parlamenti ilə də bütün əlaqələrə yenidən baxmalı olacağıq.

Avropa Parlamentinin belə bir məsuliyyəti - yüz il bundan əvvəl “erməni soyqırımı” deyilən və olmamış bir hadisəni öz üzərinə götürməsi eyni zamanda, Azərbaycan ictimaiyyətində Avropa demokratiyasına olan inamı da sarsıtmışdır. Bir qədər əvvəl Roma Papası tərəfindən saxta “erməni soyqırımı”nın tanınması barədə verilmiş bəyanat da dünyada baş alıb gedən ədalətsizliyin və islamofobiyanın göstəricisidir. Heç şübhəsiz ki, Azərbaycan dövləti və xalqı, belə yalanlarla, “qara piar” kampaniyaları ilə “Avrovision” mahnı müsabiqəsi zamanı da qarşılaşmış və indi də I Avropa Oyunları ərəfəsində həmin siyasəti açıq-aşkar müşahidə edirik.

2003-2014-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Belə ki, Azərbaycan, son illər ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsidir. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkan kimi qiymətləndirilməlidir. Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz artıq dünyada 38-ci, MDB məkanında isə 1-ci yerdədir. Bu, çox böyük nailiyyətdir və Azərbaycan iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etdiyini göstərir.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar da məhz ölkəmizin uğuru olmaqla yanaşı, Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir. Bu baxımdan Azərbaycanın müasir geosiyasi şəraitdə inkişaf etmiş dövlət kimi özünü təqdim etməsini heç şübhəsiz ki, bəzi qüvvələr qəbul edə bilmirlər. Azərbaycan bu kimi tədbirlərdə özünü, mədəniyyətini, xalqının adət-ənənələrini, keçdiyi yolu, tarixini, bir sözlə sivil dünyanın dövlətin dəyərləndirməsində istifadə elədiyi digər dəyərlərini dünyaya təqdim edir. Bununla yanaşı, Azərbaycan bu gün İsveçrə, Norveç, Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir sırada durur və yüksək səviyyəli tədbirləri həyata keçirir. (Anar İsayev, “Azərbaycan Tarixi”, Bakı – 2003. (səh. 202))

Azərbaycan bu cür dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyursa, o zaman anti-müsəlman siyasəti, ovqatı, hansı ki, bu gün Avropada, Qərbdə hökm sürür bütün bunlar heç də bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki, onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa və Qərbin hüquq müdafiə, mətbuatla, insan hüquqları vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar da erməni lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökümətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər.

Bu səbəbdən, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Ona gə də güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”. (Anar İsayev, “Azərbaycan Tarixi”, Bakı – 2003. (səh. 207))



Ədəbiyyat siyahısı

  1. İradə Nuriyeva, “Azərbaycan Tarixi, Bakı – 2015.

  2. Həsən Qəniyev, “Azərbaycan Tarixi”, Bakı – 2019.

  3. Anar İsayev, “Azərbaycan Tarixi”, Bakı – 2003.

  4. https://www.virtualkarabakh.az/az/post-item/40/207/ermenistanin-azerbaycana-tecavuzu-saxta-ermeni-soyqirimi-ve-qerbin-ikili-standartlar-siyaseti.html

Yüklə 64,63 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin