III FƏSİL
NƏBİ XƏZRİ DİLİNİN FRAZEOLOGİYASI
Dildə dərin kök atmış frazeoloji ifadələr xalqın tarixi, iqtisadi, siyasi həyatı ilə sıx surətdə bağlı olub, qədim tarixə malikdir. «Təsadüfi deyildir ki, dilin ən qədim laylarına məxsus olub, müasir günümüzdə öz ilkin leksik mənasını itirmiş və ya ondan uzaqlaşmış, müəyyən morfoloji dəyişikliklərə uğramış hər hansı söz və ya ifadə bu gün məhz frazeoloji vahidin komponenti kimi «yaşayır», müstəqil söz kimi işlənməsə də, frazeoloji vahidin məhz sabitliyi gücünə dildə mühafizə olunub qala bilmişdir» [73,17]. İlk əvvəllər dildə mövcud olan, ümumişlək xarakter daşıyan sözlər sonralar danışıq prosesində bir-birinə yanaşıb bütöv tərkiblər yaratmış və bu tərkiblər getdikcə xalq tərəfindən bu şəkildə, bu formada işlənib eyni bir əşyanı, hadisəni, hal-vəziyyəti, hərəkəti ifadə etməyə başlamışdır. Bu xüsusiyyəti nəzərə alan S.Cəfərov yazır: «Sabit söz birləşmələrində sözlər üzvi surətdə elə birləşir ki, onları bir-birindən ayırmaq, birini başqası ilə əvəz etmək və hər sözü müstəqim mənada düşünmək olmur» [23, 99].
Frazeoloji ifadələr, əlbəttə, dildə birdən-birə yaranmamış, sabit söz birləşmələrinə çevrilənə kimi uzun bir inkişaf yolu keçmişdir.
Frazeoloji ifadələr dildə tarixən yarandığına görə formalaşdığı dövrün qrammatik normaları ilə həmahəng olur və onların müasir dil qaydalarından fərqlənməsi qanunauyğundur. Bütün dünya dillərinə məxsus olan bir vəziyyət frazeoloji ifadələrlə xalq ruhunun, adət-ənənəsinin, xalq müdrikliyinin özünəməxsus olması,təkraredilməzliyi ilə əlaqədardır.Buna görə də müəyyən bir fikrin,ideyanın ifadə forması ayrı-ayrı dillərdə bəzən eyni,bəzən isə fərqli ola bilər. Bu baxımdan müəyyən bir məfhumun eyni bir sözlə ifadə olunan qarşılığını əksər hallarda başqa dillərdə axtarmaq əbəsdir. Dilimizdə işlənən «Nə diriyə hay verir, nə ölüyə pay» ifadəsinin rus dilində qarşılığı «не рыба, не мясо»dur, yaxud «gah nala, gah da mıxa vuran» ifadəsi isə rus təfəkküründə «nə ətdir, nə balıq» sabit söz birləşməsi ilə ifadə olunur. Bu bir daha göstərir ki, hər iki dildə müəyyən bir fikrin ifadə forması müxtəlif olsa da, ideya eynidir və bir vahid fikrin ifadəsinə tabe edilmişdir.
Frazeoloji ifadələr bədii dilin elə mühüm tərkib hissəsidir ki, onları tədqiq etmədən sənətkarın dil və üslubunu öyrənmək qeyri-mümkündür.Ədəbi dilin lüğət tərkibinin inkişafını izləmək baxımından da şairin dilində dövrün səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən frazeoloji ifadələrin tədqiqi olduqca zəruridir.
Frazeoloji ifadələr hər bir dilin daxili qanunauyğunluğunu, gözəlliyini, rəngarəngliyini, ruhunu özündə əks etdirən milli leksik vahidlərdir.Hər bir xalqın dilində olduğu kimi, Azərbaycan dilinin də luğət tərkibi frazeologizmlərlə zəngindir. «Sözlər kimi, bütövlükdə bir məna ifadə edən sabit birləşmələr dilimizin lüğət tərkibinin zənginləşməsində, artımında böyük rol oynayır. Bu cəhət frazeologiya ilə leksikanın sıxı əlaqəsini göstərir. Belə ifadələr daha çox milli səciyyəlidir. Hər dilin özünəməxsus milli ifadələri vardır. Frazeologizmlər «dilin xalq fizionomiyası, onun orijinal vasitəsi, varlıq və zəka zənginliyidir» [V.Q. Belinski]. Bunlarda xalqın ağıl və biliyi, sevinci və kədəri, məhəbbəti və nifrəti,gülüşü və göz yaşları, düzlüyü və əyriliyi, zəhmətkeşliyi və tənbəlliyi, mübarizəsi, bir sözlə hər şeyə qadir gücü əks olunmuşdur» [38, 208].
Fikrin obrazlı, konkret şəkildə ifadəsi üçün mövcud olan əsas vasitələrdən biri də frazeoloji birləşmələrdir.Hər bir xalqın milli xüsusiyyətlərini özündə cəmləşdirən, dildə geniş istifadə olunan frazeoloji birləşmələr dünya dilləri arasında özünün fonetik, leksik, morfoloji quruluşuna görə seçilən, milli koloritini özündə əks etdirən bir dil vahidi kimi daha maraqlıdır. P.Q.Pustovoyt yazır: «Ümumxalq dilinin leksik və frazeoloji zənginlikləri durğun vəziyyətdə qalmır, okeandakı dalğalar kimi, müəyyən qanunlar üzrə hərəkət və inkişaf edir» [109,3]. Söz sənətimizin inkişafına, fikrin poetik ifadəsinə, onun obrazlılığına, zəngin məna çalarlarına malik olmasını poeziyasının qanadlarında yaşadan, milli şairlərimizdən olan N.Xəzri də zəngin frazeoloji vahidlərdən istifadə etmişdir. Əsrlər boyu şifahi və yazılı dildə işlənən bu ifadələr həmişə nitqin yığcam,obrazlı, sadə, təbii verilməsinə xidmət etmiş, şairin poeziyasında daha da yeni məna çalarları kəsb etmiş, cilalanmış və səlisləşmişdir.Heç də təsadüfi deyil ki,dilçi alimlərimiz də frazeoloji birləşmələri «qanadlı sözlər» adlandırmışlar.
Frazeologiyanın əsas ruhunu xalq tərəfindən yaradılmış obrazlı ifadələr təşkil edir. Lakin frazeologiyanın əsas üslubi xüsusiyyətləri bədii əsərlərdə, poeziyada əşya və hadisələrin obrazlı, emosional ifadəsi zamanı meydana çıxır. Məzmun və formasına görə rəngarəng olan frazeoloji birləşmələrin dildə zənginliyi onların tədqiq dairəsini daha da genişləndirir.
Poetik dildə, xüsusən də poeziyada frazeoloji ifadələrdən daha çox istifadə olunur. Bu baxımdan N.Xəzri poeziyasının dilinə xüsusi bədii obrazlılıq, gözəllik gətirən frazeoloji birləşmələrin üslubi xüsusiyyətlərini,onların ədəbi-bədii dildə mövqeyini,yerini tədqiq edib aydınlaşdırmaq maraqlı olduğu qədər də vacibdir.
N.Xəzri poeziyasında olan mənalılıq, yığcamlıq,ifadəlilik feli frazeoloji birləşmələrdə daha gözəl öz əksini tapmışdır. Feli frazeoloji birləşmələr, əsasən, hal-vəziyyət mənasında olaraq cümlənin xəbəri vəzifəsində işlənir. Maraqlı cəhət burasındadır ki, sabit birləşmələrin ümuni mənasının formalaşmasında həmin birləşməni təşkil edən sözlər xüsusi rol oynayır. Bu birləşmələr cümlədə müəyyən obyekt tələb edir:
Açıram səhəri sönən bir şamla,
Sehirli həb kimi qəm uduram mən [123, 114].
Bu nümunələrdə «səhəri açmaq»,»qəm udmaq» frazeoloji birləşmələrin obyekti «sönən bir şam», «sehirli həb» ifadələridir. «Sönən», «sehirli» təyin, «şam», «həb» sözləri isə cümlənin tamamlığıdır.
Onun şeirlərində Azərbaycan dilində müstəqil leksik mənası olan sözlərin iştirakı ilə formalaşmış bir sıra frazeoloji vahidlərə də təsadüf olunur:
Bu gün gözlərimə dəydi bir çiçək
Qopdu dodağımdan «gözəldir» sözü [123, 12].
Nümunələrdəki «gözlərimə dəydi – görünmək», «qopdu dodağımdan - söyləmək» birləşmələri dilimizdə müstəqil leksik mənası olan feli frazeoloji birləşmələrdir.
N.Xəzri poeziyasında bədii dilin daha obrazlı, daha yüksək səviyyəli alınmasına şərait yaradan feli frazeoloji birləşmələrə geniş yer verilmişdir. Aşağıdakı şeir parçasına diqqət yetirək:
Qəribə duyğular doğurdu məndə
Tökdüm varaqlara fikirlərimi
Sirrimi dostuma açdım bir səhər
Eşqim torpaqlara qanla yazıldı
Fırlandı başıma dərə də, dağ da,
Tək mən döyülmədim, döyüldü sevgim,
Söyüldü, tapdandı, yellərə getdi,
Acısı aylara, illərə getdi
Sızladım ürəkdən mən yana-yana,
Tale imtahana çəkir inadla
Eşit ürəyimi, bəyzadə xanım,
Sənin taleyinə gəldi tufanlar
Sevincə şərikdi ahlar, amanlar
Ürək can atırkən ağ gündüzlərə
Tale kədər səpdi qara gözlərə
Çox vaxt sevinc yatır, kədər oyaqdır,
Bir ömür yol keçdim, qəlbdə Pakizə,
Dedim ki, pak sevgi düşsün pak izə!
İstərdim səsimi qəlbin eşitsin [123, 104-105].
Nümunələrdə duyğular doğdu, fikirləri varaqa tökmək, sirri dosta açmaq, eşqi torpaqlara qanla yazmaq, dağ, dərənin başa fırlanması, sevginin döyülməsi, yellərə getmək, acının aylara, illərə getməsi, yana-yana sızlamaq, talenin imtahana çəkməsi, ürəyi eşitmək, taleyə tufanların gəlməsi, ah, amanın sevincə şərik olması, ürəyin ağ gündüzlərə can atması, talenin qara gözlərə kədər səpməsi, sevincin yatması kədərin ayıq olması, qəlbdə ömür yolu keçmək, pak sevginin pak izə düşməsi, qəlbin səsi eşitməsi və s. kimi feli frazeoloji birləşmələr həm ekspressiv xüsusiyyətlərinə, həm də üslubi məqamlarına görə şairin bədii dilinin zənginliyini və obrazlılığını təmin edən gözəl ifadə vasitələrindəndir. Nümunələrdəki sabit birləşmələrin bir qisminin I tərəfi işlənmə dairəsinə görə ayrı-ayrı söz qruplarına məxsus lüğət vahidlərindən ibarətdir. Buradakı müxtəlif leksik vahidlərin müxtəlif mənalı fellərlə birləşməsindən əmələ gəlmiş bu frazeologizmlər N.Xəzrinin dili, üslubu üçün daha maraqlı və səciyyəvidir.
Frazeologiyanın poeziyada linqvo-poetik təhlilindən danışarkən konkret olaraq 2 məsələni aydınlaşdırmaq istərdik:
1.Frazeoloji ifadələrdə məcazlar-poetik fiqurların (müqayisə, təşbeh, epitet, metafora, metonimiya, mübaliğə,inversiya, bədii sual, bədii nida) üslubi imkanları
2. Atalar sözü və zərb-məsəllərin frazeologiyaya münasibəti
Frazeologizmlər bədii ifadə və bədii təsvir vasitəsi kimi
Məcazlar obrazlı təfəkkürün məhsuludur.Məcazın yaranması ifadənin obrazlı olması zərurətilə bağlıdır.»Bədii dildə söz fikir ifadə etməklə kifayətlənmir, obyektiv varlığın obrazlı təsvirinə də xidmət edir» [26, 75]. S. Abdullayev də eyni fikri təsdiqləyərək yazır: «Poetik əsərdəki əlvanlıq, daxili hərarət və hərəkət qüvvəsi də məhz söz rənglərin tez-tez dəyişməsindən,müxtəlif məna çalarlarının intensiv əvəzlənmələrindən hasilə gəlir» [2, 7].
Məcaz sözün semantikası ilə sıx surətdə bağlı olan hadisədir. «Məcazlaşma hadisəsi çoxmənalılıq prinsipi əsasında yaranır və onun nəticəsi kimi meydana çıxır. Həmin keyfiyyətə malik olmaq isə sözdən ifadəli və təsviri vasitə kimi istifadə etməyə imkan yaradır» [112,36].Bu da, hər şeydən əvvəl, sözlərin mətn daxilində öz nominativ mənalarından uzaqlaşıb kontekst daxilində yeni mənalar qazanaraq məcazlaşması nəticəsində baş verir.
Sözlərin məcazlaşması frazeoloji vahidlərin də yaradılmasında başlıca rol oynayır. Lakin frazeoloji vahidlər adi məcaz növlərindən xeyli fərqlənir. Məcaz növlərini istənilən vaxt yaratmaq olur. Frazeoloji vahidlər isə dildə, əsasən,sabit şəkildədir.Komponentlər məcazın bir və ya bir neçə növü əsasında sabitləşmişdir. Məcaz növləri burada canlı bədii lövhələr yaratmışdır. Belə sinkretik keyfiyyət fərqlərinə görə frazeologiyanın özünü də bədii təsvir vasitəsi hesab etmək lazımdır. Dilin məcazlar sistemi, adətən, bədii təsvir vasitələri hesab edilir.
Bədii ədəbiyyatda fikrini müxtəlif yollarla, müxtəlif ifadə vasitələri ilə verməyə çalışan N.Xəzri poeziyasında fikrin qüvvətli və emosional ifadəsi üçün frazeoloji ifadələrdən istifadə etmiş, çox vaxt öz əlavələri ilə onların ekspressivlik və təsirlilik əlamətini gücləndirmişdir. Bu ifadələrin fikrən təhlili oxucuda xalqın təfəkkür məhsuluna, onun qüdrətinə məhəbbət hissi oyadır.
Şairin əsərlərində ekspressivlik yaradan vasitələrdən biri də məcazlardır. Məcazlar dilimizin daxili gözəlliyinin, zənginliyinin,məna rənglərinin aşkar edilməsində mühüm rol oynayır və hər bir bədii əsərin dəyərini, qiymətini artırır. Əlbəttə, sözün məcazlaşması müxtəlif məna incəlikləri, çalarlıqları yaradır. «Məcazlar bədii dili obrazlı,poetik təsirə malik ifadələrlə zənginləşdirir,eyni zamanda ifadəliliyə, yığcamlılığa xidmət edir» [60,75].
Müqayisə,bənzətmə, epitet, alleqoriya, metonimiya, kinayə, mübaliğə və s. məcaz növlərinə frazeoloji vahidlərdə rast gəlmək olur. Buna görə də frazeoloji vahidləri bədii təsvir vasitəsi kimi məcaz növləri üzrə qruplaşdırmaq məqsədəmüvafiqdir.
Frazeoloji vahidlərdə poetik müqayisə daha çox iştirak edir. Poetik müqayisə dedikdə məcazın bənzətmə, müqayisə, istiarə, alleqoriya, təcəssüm və epitet kimi növləri nəzərdə tutulur. Komponentlərin təmsil etdiyi fikir, obyekt bir-biri ilə qarşılaşdırılır, adi şəraitdə nəzərə çarpmayan cəhətlər qabarıq şəkildə meydana çıxır, təsvir obyektinin səciyyəvi cəhətləri açılır, əyaniləşir, oxucunun gözləri qarşısında canlanır.
Təşbeh. Frazeoloji vahidlərin bir qrupu bənzətmə, yəni təşbeh olmuş, dildə tez-tez təkrar olunduğuna görə bir tərkib kimi get-gedə sabitləşmiş,semantik bütövlük yaranmış və frazeoloji vahidlər sırasına keçmişdir.
Qeyd etdiyimiz kimi,bədii əsərdə çox istifadə edilən təsvir vasitələrindən biri də təşbehdir. Mənşəcə ərəb sözü olan təşbeh oxşatmaq, bənzətmək mənasını ifadə edir. Ona görə də Azərbaycan ədəbiyyatşünaslığında məcaz növlərindən biri kimi təşbeh sözünün əvəzinə bənzətmə termini də işlədilir.
Təşbeh məcazın sadə növlərindən biridir. Bədii ədəbiyyatda bir əşyanın və ya hadisənin müəyyən əlamətə görə özündən daha qüvvətli əşya və hadisəyə oxşdılmasına təşbeh, yaxud bənzətmə deyilir. Təşbehin əsasında müqayisə durur, bir əşya başqa bir əşya ilə qarşılaşdırılır. Lakin bu əşyalar arasında ancaq bir və ya bir neçə oxşarlıq yaradılır.
Y. Stepanov müqayisənin əsasən iki növünü [fərdi və ümumişlək] göstərir: «Hər şeydən əvvəl, müqayisələr fərdi və hamının qəbul etdiyi sabit söz birləşməsi şəklində ola bilər. Birinci halda onların məqsədi əşyanı ən müxtəlif cəhətdən xarakterizə etməkdir, lakin bunlar daha çox əşyanın təkraredilməz cəhətlərini əks etdirmək üçün işlənir... İkinci halda müqayisələr hamının qəbul etdiyi sabit söz birləşmələri olaraq, adətən, keyfiyyət dərəcəsini bildirir. Keyfiyyət özü isə ayrıca ifadə edilməlidir. Ona görə ki, fərdi müqayisələr əksər hallarda iki hissədən ibarət olur:müqayisə olunan əşyaya işarə və onun nə ilə müqayisə olunmasının təsviri» [115,161].
«Təşbeh müəyyən əlamətlərinə görə epitetlərdən fərqlənir. Epitetlər bir sözə qüvvətləndirici başqa bir söz əlavə etmək yolu ilə düzəlirsə, təşbeh iki əşya, yaxud hadisə arasında oxşar əlamət tapmaq yolu ilə yaranır. Təşbehin aşağıdakı tərkib hissələri – əlamətləri vardır:
1) Bənzəyən 2) Bənzədilən 3) Bənzətmə qoşması
4) Bənzətmə əlaməti
Hər bir tam təşbehi tərkib hissələrinə ayırdıqda dörd mühüm cəhət özünü göstərir: təşbehdə bənzəyən nədir; o, nəyə bənzədilir; bənzəyənlə bənzədilən arasındakı müştərək sifət nədir?; bənzətmə nəyin vasitəsilə ifadə olunur?» [75,152].
Təşbehin müvəffəqiyyətli olması üçün bənzətmə əlaməti [müştərək sifət] bənzəyənə nisbətən bənzədiləndə daha güclü, daha üstün olmalıdır:
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən,
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbimin sahillərinə,
yazaram dəniz kimi.
«Sevirəm» söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi [123, 50-52].
Nəbi Xəzrinin «Dəniz, göy, məhəbbət» şeirindən nümunə gətirdiyimiz bu poetik parçada şairin fikir və hissləri təşbeh, müqayisə və sintaktik təkrarlar vasitəsilə yüksək ifadəliliklə verilmişdir.
Ənənəvi müqayisə. Frazeoloji vahidlərin bir qrupu ənənəvi müqayisədir. Ənənəvi müqayisə çox vaxt «kimi» qoşması, bənzətmə və müqayisə bildirən «elə», «elə bil», «sanki» modal sözləri vasitəsilə formalaşır. «İsgəndər kimi sədd açmaq»,»Mədaxili sel kimi axmaq»,»İlan kimi qabıq qoymaq», «İt kimi peşman olmaq», «Şam kimi ərimək», «Fərhad kimi külüng çalmaq»,»Aya, günə dönmək»,»Ölüdən pis kökə düşmək» və s. ifadələr ənənəvi müqayisədir.Bu tipli nümunələrə biz N.Xəzrinin şeirlərində rast gəlirik:
Sanki günəş doğdu uzaq səhərdən
Elə bil gəlmişdi əfsanələrdən
Sanki o parlayan Dan ulduzuydu [123, 21].
Sanki göz yaşıdır axan ulduzlar
Sanki şillə kimi dəyir üzümə [123, 111].
Ömür tək beləcə əriyir gecə [123, 114].
Sısqa çay tək sən ümmana axar olsan [123, 163].
Dünyaya
Günəştək
nur yayan insan,
Vaxt olur
Üfüqdə
ulduz tək axır [123, 123].
Səhər əjdaha tək açıb ağzını
Axıb göz yaşı tək şeh kainatdan [123, 178].
Yuxu tək gəldi o, yuxu tək getdi [123, 176].
Mərdlərə söykənər Vətən dağ kimi [123, 90].
Elə boşaldı ki, sinəmdə ürək
İlham gəlməyəcək yenə qonaqtək [123, 132].
Metafora. Poetik müqayisənin bir növü də metaforadır. Bədii dildə çox yayılmış metafora köçürmək mənasını ifadə edir. Azərbaycan dilçiliyində bu anlayış istiarə sözü ilə ifadə olunur.Beləliklə,metafora və yaxud istiarə bir əşya və hadisənin müəyyən əlamətinin başqa əşya, hadisə üzərinə köçürülməsi nəticəsində meydana gəlir:
Alov hücüm çəkdi insan ömrünə [123, 79]
Gecə keçir, yuxu qaçır, yatmıram [123, 81]
Onda de, ey gözəl, bu kuzə kimi,
Sındırdın eşqinlə vuran qəlbimi [123, 14]
Baxır minarələr qəmli sükutla [123, 111]
Nəsə yer söyləyir, göy pıçıldayır
Bir ulduz danışır, mənimlə ulduz [123, 114]
Qumral saçlarını
daradı kulək [123, 64]
Sirrini pıçıldar göy otlar mənə
Bəyaz kəfən biçər buludlar mənə [123, 167]
Sanki çiçək səpdi üzlərə odlar
Yuxudan gecənin özü oyandı
Alovlar çağladı, atəşlər axdı [123, 161]
Sən cahana soyuq qəlblə baxar olsan [123, 163]
Dağa duman çöküb, çən yeridikcə,
Gözünü açdıqca günəşli bahar [123, 160]
Bir sükut içində yatır bağça-bağ
Ürəyim eşidir, ürəyim duyur [123, 158].
Misallardan göründüyü kimi, metafora da müqayisə, oxşatma əsasında yaradılır. «Metaforada da müqayisə-bənzətmə vardır. Müqayisədə bənzədilən və bənzəyən obyektlərin hər ikisi adlandırılır. Metaforada isə bənzədilən olur, bənzətmə obyekti isə işlədilmir.Metafora, adətən, bir sözdən ibarət olur. Müqayisə isə ən azı iki söz, yaxud bir söz və bir qoşmadan ibarət olur» [6, 128]. Bundan başqa, metafora təşbehə nisbətən daha mürəkkəb məcaz növüdür. Metaforadakı mürəkkəblik isə ondakı mücərrədlikdən-qarşılaşdırılan əşyaların birinin iştirak etməməsindən yaranır. Başqa sözlə,metaforada qarşılaşdırılan əşyalardan biri faktik olaraq iştirak etmir, hətta adı da çəkilmir, həmin əşya onun bir əlamətinin başqa əşyaya şamil edilməsi yolu ilə metaforada iştirak edir.
Metafora yolu ilə bir əşya üzərində müxtəlif əlamət və keyfiyyət köçürmək mümkün olduğundan məcazın bu növü şeirin emosional gücünün artmasında ciddi əhəmiyyət kəsb edir.»Metaforik söz və ifadələrin əsas bədii keyfiyyəti təsvirlə üzvi surətdə bağlılığında və təcəssüm etdirdiyi obrazlarla yaxınlığındadır» [42,101]. Bu cəhətdən də sənətkar poeziyada metaforadan daha çox istifadə etməyə çalışır. Hətta bəzən şair nəzərə çatdırmaq istədiyi bir fikirlə əlaqədar olaraq bir neçə metafora işlədərək, demək olar ki, metafora silsiləsi yaradır. Bütün bu cəhətləri nəzərə alaraq, deyə bilərik ki, «frazeoloji birləşmələrin ən mühüm xüsüsiyyətləri ekspressivlik, metaforiklik və emosionallıqdır» [57,69].
Metonimiya. Bədii dildə tez-tez rast gəlinən və danışığı, mənanı qüvvətləndirən, şirinləşdirən məcaz növlərindən biri də metonimiyadır.Yunanca metonomadro sözündən olan metonimiya «ad dəyişmə» mənasını bildirir. Metaforada bir-birinə bənzədilən hadisələr arasında bilavasitə real əlaqə olmadığı halda, metonimiyada bu bənzətmə bir-biri ilə əlaqədar olan hadisələr əsasında qurulur. Metonimik məcazda nəinki əşya, hətta anlayış da bütövlükdə dəyişir. «Metonimiya oxşar əşyaların və onların əlamətlərinin qarışdırılması nəticəsində əmələ gəlmiş, bir-biri ilə bu və ya digər xarici, yaxud daxili əlaqədə olan, bir-birindən fərqli əşyaların yaxınlaşması nəticəsində düzəlir. Metonimiyada məqsəd əşyaya, hadisəyə, hərəkətə ifadəlilik verməkdir. Metonimiyanın bu növündə subyekt buraxılır, onun yerinə obyekt işlənir» [6,134].
İdiomların əksəriyyəti, atalar sözləri və xalq məsəllərinin bir qismi metonimik səciyyə daşıyır. Burada ifadə olunan fikir,anlayış əslində olduğu kimi deyil,əvəz edilmiş, bədii don geydirilmiş şəkildədir.
Metonimik frazeoloji vahidlərdə poetik müqayisə elementlərinə də rast gəlmək olur. «Metonimiya da metafora kimi cürbəcür hadisələr, əşyalar arasındakı əlaqəni obrazlı şəkildə müqayisə edən insan təfəkkürünün məhsuludur» [88, 66]. Bir qədər örtülü şəkildə olsa da bənzətmə, təcəssüm və s. özünü göstərir. Bu da məcaz növlərinin bir-birinə göstərdiyi qarşılıqlı təsirlə bağlıdır.
Klassik və müasir ədəbiyyatımızın elə bir janrı yoxdur ki, orada metonimik frazeoloji vahidlərdən istifadə olunmasın. O cümlədən N. Xəzrinin şeirlərində metonimiyanın gözəl nümunələrinə rast gəlinir:
Zəriflik sükutla danışan gözəl
Qışqıran sevgilər məyər sevgimi? [123, 32]
Pambıqla baş kəsənlərə rəhmət deyək?
O körpüdən qəhrəmanlıq keçsin gərək! [123, 33]
Əlində ölümün sındı qanadı [123, 79].
Arzular baharda, ömür qışdadır
Quru haray çəkər, yaş tökülərsə [123, 23].
Odlu köynək geyib eşq atəşindən [123, 29].
Lakin onu bir an görməyəndə mən,
Sönüb gözlərimdə qaralır cahan [123, 13].
Sənin yadındamı, mən ki, bir zaman,
Vermişdim sevgimi sənə ərməğan [123, 14].
Üzeyirin üzündən sis-duman keçir [123, 111].
Adını qəlbimin sahillərinə
yazaram dəniz kimi [123, 50].
O, min-min ürəyə körpülər atdı [123, 64].
Qara ürəklərdən qorxun, durnalar! [123, 109]
Dağların zirvəsi ağa bürünür [123, 88].
Çəkin Qarabağdan qara əlləri! [123, 89].
Mübaliğə və litota. Frazeoloji vahidlərin məzmununda mübaliğə xüsusi yer tutur. Mübaliğə bu və ya digər predmetin, hadisənin əlamətlərini olduğundan müqayisəyə gəlməyəcək dərəcədə artıq göstərir.Dilçilikdə buna hiperbola da deyilir. Dilimizə başqa dillərdən keçən mübaliğə və hiperbola terminlərindən mübaliğə daha geniş yayıldığından şişirtmə, üstünlük vermək anlayışını Azərbaycan dilində mübaliğə termini ilə ifadə etmək daha münasibdir.
Mübaliğə nəzərdə tutulan fikrin,ideyanın oxucuya, dinləyiciyə daha qabarıq çatdırılmasına xidmət edir. Nəbi Xəzri poeziyasında mübaliğəli frazeoloji vahidləri semantikasına görə iki yerə ayırmaq olar:
1. Komponentlərin yaratdığı məzmunda fikir şişirdilir:
Göydən dərin olar yerlərin dərdi
Nəbini ah boğar, aman ağladar [123, 23]
Qalın buludlardan
çıxdı dağ, qaya [123, 27]
Kükrəyib qəzəbdən od tökər qışım [123, 89]
Bəlkə sevgi özü bir kainatdır
Tropik isti də yandırmaz məni
Sənin
Soyuqluğun
Məni yandırır [123, 150].
Döndü ürəyimiz sevincdən dağa [123, 16]
Ahımdan asiman qoy parçalansın!
Fikir asır məni dardan [123, 101]
Nümunələrdə verilmiş «yerin dərdinin göydən dərin olması», «dağın,qayanın qalın buludlardan çıxması»,«qışın qəzəbdən kükrəyib od tökməsi», «sənin soyuqluğunun məni yandırması», «sevincdən ürəyin dağa dönməsi», «sevincdən asimanın parçalanması», «fikrin məni dardan asması» ifadələri nə qədər poetik olsa da,bunların hər birində mübaliğə nəzərə çarpır.
2. Məzmun kiçildilmiş, əhəmiyyətsizləşdirilmişdir.Buna litota da deyilir.Şair müəyyən hadisəni,əşyanı şeirin ideyasına uyğun,əslində olduğundan zəif,kiçik şəkildə nəzərə çatdırmaqla litota yaradır:
Sanki göz yaşıdır axan ulduzlar [123, 11]
Dostlar bizə
Qılınc çəksə
lal sükutuyla [123, 149]
Sevgi bir kiçicik
Qəlbə sığsa da [123, 150]
Bəlkə də saralmış, solmuş bir dağam [123, 125]
Sızdı ürəyimdən söz damla-damla
Bir ovuc görünür bağlar uzaqdan
Dağ boyda palıdlar qara xal olur [123, 122].
Bir çaya döndüm ki, sısqa axıram [123, 44].
Kobud bir ovuca sıxışan əllər [123, 42]
Enir ayağına parlaq ulduzlar [123, 38].
Nümunələrdə verilmiş planetlərdən özünün böyüklüyü ilə seçilən ulduz «sanki göz yaşıdır axan ulduzlar» ifadəsində özündən qat-qat kiçildilmişdir. Dağ, adətən, ucalıq, əzəmilik, əlçatmazlıq simvoludur. «Bəlkə də saralmış, solmuş bir dağam» ifadəsində isə lirik qəhrəmanın özünün sanki təbiətin ona göstərdiyi təsirdən zəifləmiş, saralıb-solmuş bir dağla müqayisəsi, digər misralarda ucsuz-bucaqsız bağların bir ovuc böyüklüyündə görünməsi, kükrəyib-çağlayan bir çayın sısqa axması, bir ovuca sığmayan əllərin sığışdırılması,həmişə ənginliklərdə olan ulduzların kiçildilib bir ayağın altına endirilməsi kimi ifadələr litotanın parlaq nümunələrindəndir.
Dostları ilə paylaş: |