AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
  1   2   3   4   5   6   7   8   9   ...   28

AZƏRBAYCAN RESPUBLİKASININ 
İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ 
 
ÜMUMİ HİSSƏ 
 
I BÖLMƏ 
 
ÜMUMİ MÜDDƏALAR 
 
FƏSİL 1 
 
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR 
QANUNVERİCİLİYİ, ONUN VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ 
 
Maddə 1. Azərbaycan Respublikasının inzibati xətalar 
qanunvericiliyi 
 
           
1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi 
bu Məcəllədən ibarətdir. 
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, 
hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və 
prinsiplərinə əsaslanır. 
1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş 
şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu 
Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 
 
Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar 
qanunvericiliyinin vəzifələri 


 
 
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin 
vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların 
sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai 
mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai 
qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını 
qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati 
xətaların qarşısını almaqdan ibarətdir. 
 
Maddə 3. İnzibati məsuliyyətin əsasları 
 
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın 
törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün 
digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) 
törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 
 
Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar 
qanunvericiliyinin prinsipləri 
 
Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına 
hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, 
təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının 
alınması prinsiplərinə əsaslanır. 
 
Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına 
hörmət edilməsi prinsipi 
 


 
5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə 
malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün 
dövlət orqanları (vəzifəli şəxslər) məsuliyyət daşıyırlar. 
5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və 
azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən 
pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını 
təmin edir. 
5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin 
olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan 
qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. 
 
Maddə 6. Qanunçuluq prinsipi 
 
6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun 
olaraq tətbiq edilir. 
6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması 
tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması 
yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və 
prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 
6.3. Azərbaycan Respublikasının inzibati xətalar 
qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 
 
Maddə 7. Qanun qarşısında bərabərlik prinsipi 
 
7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, 
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, 
qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq 
qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş 


 
əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati 
məsuliyyətdən azad oluna bilməz. 
7.2. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun 
arvadının (ərinin) inzibati məsuliyyətlə bağlı toxunulmazlığı 
“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə 
üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının 
Konstitusiya Qanunu ilə tənzimlənir. 
7.3. Hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, 
təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati 
məsuliyyətə cəlb edilirlər.   
 
Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi 
 
8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta 
yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış 
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı 
ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini 
sübut etməyə borclu deyildir. 
8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması 
barəsində şübhələr onun xeyrinə həll edilir. 
 
Maddə 9. Ədalətlilik prinsipi 
 
9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh 
ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun 


 
törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin 
şəxsiyyətinə uyğun olmalıdır. 
9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati 
məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə 
şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı 
törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 
 
Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi 
 
Dövlət orqanları və bələdiyyələr inzibati xətaların qarşısının 
alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və 
şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq 
şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan 
Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə 
olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 
 
Maddə 11. Azərbaycan Respublikasının inzibati xətalar 
qanunvericiliyinin qüvvəsi 
 
11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında 
işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə 
qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan 
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun 
olaraq həyata keçirilir. 
11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya 
onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, 
yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, 


 
həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra 
olunmamış xətalara da şamil edilir. 
11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya 
məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi 
yoxdur. 
 
 
 
 
 
 
 
 
FƏSİL 2 
 
İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT 
 
Maddə 12. İnzibati xəta anlayışı 
 
12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, 
hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan 
törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya 
hərəkətsizlik) inzibati xəta hesab olunur. 
12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan 
əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər 
cinayət məsuliyyətinə səbəb olmasın. 
 
Maddə 13. İnzibati xətanın qəsdən törədilməsi 


 
 
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya 
hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli 
nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud 
belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu 
xəta qəsdən törədilmiş xəta hesab olunur. 
 
Maddə 14. İnzibati xətanın ehtiyatsızlıqdan törədilməsi 
 
İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya 
hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan 
görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını 
güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət 
və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə 
biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan 
törədilmiş xəta hesab olunur. 
 
Maddə 15. Anlaqsızlıq 
 
Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman 
şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi 
fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi 
xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai 
təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında 
olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. 
 
Maddə 16. Fiziki şəxslərin inzibati məsuliyyəti 
 


 
16.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki 
şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.  
16.2. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh 
nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, 
həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla ilk dəfə inzibati 
xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik 
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə 
komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların 
barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 
336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına 
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar 
haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə 
bilər. 
16.3. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş 
hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, 
qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. 
Göstərilən şəxslərə inzibati həbs, müddətli həqiqi hərbi xidmət 
hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı 
təhsil müəssisələrinin kursantlarına isə həmçinin ictimai işlər tətbiq 
edilə bilməz.  
16.4. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində 
göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, 
inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması 
məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə 
materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 


 
16.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan 
Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi 
əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. 
16.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq 
hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının 
ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi 
beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir. 
Qeyd: 
1. Bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” 
dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, 
miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli 
həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan 
xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür. 
2. Bu Məcəllədə “əcnəbi” dedikdə, Azərbaycan Respublikasının 
vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan 
şəxs başa düşülür. 
3. Bu Məcəllədə “vətəndaşlığı olmayan şəxs” dedikdə, heç bir 
dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən 
şəxs başa düşülür. 
 
Maddə 17. Vəzifəli şəxslərin inzibati məsuliyyəti 
 
Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya 
lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə 
inzibati məsuliyyətə cəlb olunurlar.  
Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata 
keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan 

10 
 
Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı 
birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və 
müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat 
vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin 
vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə 
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə 
səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab 
edilirlər. 
 
Maddə 18. Hüquqi şəxslərin inzibati məsuliyyəti 
 
18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və 
xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin 
Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati 
məsuliyyətə cəlb olunurlar. 
18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin 
xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər 
tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 
18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan 
vəzifəli şəxs; 
18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək 
səlahiyyətinə malik olan vəzifəli şəxs; 
18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə 
malik olan vəzifəli şəxs; 
18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə 
tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi 
nəticəsində hüquqi şəxsin işçisi. 

11 
 
18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin 
əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak 
etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 
18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş 
vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən 
inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin 
inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. 
18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim 
tərəfindən tətbiq edilir. 
18.6. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 
18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə 
gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün 
məhkəməyə göndərirlər. 
18.7. Bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş 
əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati 
xəta haqqında iş üzrə qərar qəbul edir.  
18.8. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar 
qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda inzibati 
məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə 
tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu 
vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin 
yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya 
hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv 
edilməsi qadağandır. 
 
 
FƏSİL 3 
 

12 
 
ƏMƏLİN İNZİBATİ XƏTA OLMASINI ARADAN QALDIRAN HALLAR 
 
 
Maddə 19. Son zərurət 
 
19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş 
əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni 
şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya 
hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan 
təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin 
vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün 
deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol 
verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. 
19.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə 
həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun 
olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə 
bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. 
Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər 
vurulduqda inzibati məsuliyyətə səbəb olur. 
 
Maddə 20. Zəruri müdafiə 
 
20.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş 
əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, 
yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, 
sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin 
mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən 

13 
 
qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa,  
inzibati xəta hesab olunmur. 
20.2. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə 
açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri 
müdafiə həddini aşmaq hesab edilir. 
 
FƏSİL 4 
 
İNZİBATİ TƏNBEH 
 
Maddə 21. İnzibati tənbehin məqsədləri 
 
İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən 
şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə 
həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən 
yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 
 
 
 
Maddə 22. İnzibati tənbeh növləri 
 
22.1. İnzibati tənbeh növləri aşağıdakılardır: 
22.1.1. xəbərdarlıq; 
22.1.2. inzibati cərimə; 
22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati 
xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 
22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn 
məhdudlaşdırılması; 

14 
 
22.1.5. ictimai işlər; 
22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma; 
22.1.7. inzibati həbs. 
22.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-
cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq 
edilir.   
  
Maddə 23. Əsas və əlavə inzibati tənbehlər 
 
23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati 
həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. 
23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın 
bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş 
xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də 
əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.   
23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə 
tənbeh tətbiq edilə bilər. 
 
Maddə 24. Xəbərdarlıq 
 
24.1. Xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd 
əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici 
tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. 
24.2. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq 
maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin 
maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati 

15 
 
məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi 
tam ödənilir. 
 
Maddə 25. İnzibati cərimə 
 
25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda 
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və 
təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 
25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla 
ifadə oluna bilər: 
25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı 
vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri; 
25.2.2. inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş 
gəlirin) miqdarı; 
25.2.3. inzibati xətanın başa çatdığı və ya onun qarşısının 
alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, 
vergilərin məbləği. 
25.3. İnzibati xətalara görə Azərbaycan Respublikasının 
diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən tətbiq 
edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların 
yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur. 
25.4. Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən 
alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli 
şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi 
şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq 
ola bilməz. 
25.5. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin 
dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz 

16 
 
faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən 
cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli 
faizindən artıq ola bilməz. 
25.6. İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş 
gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə 
edilmiş gəlirin) on mislindən artıq ola bilməz.  
25.7. Bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş 
hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. 
25.8. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati 
cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir.   
 
Maddə 26. İnzibati xətanın törədilməsində alət və ya inzibati 
xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi 
 
26.1. İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi 
hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi 
qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 
26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın 
bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim 
tərəfindən tətbiq edilir. 
26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, 
döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. 
26.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə ilə müəyyən 
edilir. 
 

17 
 
Maddə 27. Fiziki şəxsə verilmiş xüsusi hüququn 
məhdudlaşdırılması 
 
 
 
27.1. Fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə 
qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq 
bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan 
iki ilədək müddətə məhdudlaşdırılır. 
27.2. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş 
hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn 
məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. 
27.3. Bu Məcəllənin 327.8, 333, 342.8 və 343-cü 
maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat 
vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat 
vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. 
27.4. Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla 
qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il 
ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq 
edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ 
məhdudlaşdırılır. 
27.5. Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov 
hüququ məhdudlaşdırıla bilməz.  
 
Maddə 28. İctimai işlər 
 
28.1. İctimai işlər, barəsində ictimai işlər növündə inzibati 
tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə 
vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin