125
FƏSİL 18
ÜMUMİ MÜDDƏALAR
Maddə 138. İnzibati xəta haqqında iş üzrə qərarın, şikayət ya
protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi
138.1. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və
ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni
qüvvəyə minir:
138.1.1. əgər bu qərardan şikayət və ya protest
verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş
qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün;
138.1.2. əgər bu qərardan şikayət və ya protest
verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və
ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş
qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün;
138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya
protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra.
Maddə 139. İnzibati xəta haqqında iş üzrə qərarın icrasının
məcburiliyi
139.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün
dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi
şəxslər üçün məcburidir.
139.2. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə
mindiyi vaxtdan dərhal icra olunmalıdır.
126
Maddə 140. İnzibati xəta haqqında iş üzrə qərarın icraya
yönəldilməsi
İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi
vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə
qoyulur.
Maddə 141. İnzibati xəta haqqında iş üzrə qərarın icrası
141.1. İnzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada icra edilir.
141.2. Məhkəmələr tərəfindən baxılan inzibati xətalara dair
işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar, bu
Məcəllənin 142, 143, 144.1, 145, 146.3, 147, 150.2-ci, 150.8,
150.9 və 150.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla, “İcra
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq
icra edilir.
141.3. Bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə
haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil
həyata keçirilir.
Maddə 142. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası
ilə əlaqədar məsələlərin həll edilməsi
142.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının
təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam
127
verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş
cərimənin onun valideynlərindən və ya digər qanuni
nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar
olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır.
142.2. Bu Məcəllənin 142.1-ci maddəsində göstərilən
məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərə
baxılmanın yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin
üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərə
baxılması üçün maneə yaratmır.
142.3. Qərarın icrasının təxirə salınması, dayandırılması, onun
icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına
çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən
və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad
qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş
fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına
çatmayan şəxsin qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə
bu barədə müvafiq qeyd aparılmaqla verilir.
Maddə 143. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın
icrasının təxirə salınması və ya onun icrasına möhlət verilməsi
143.1. İnzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona
verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən
edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən
hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır.
128
143.2. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti
nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar
qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı
ayadək müddətə uzadıla bilər.
Maddə 144. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın
icrasının dayandırılması
144.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati
tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə
baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad
qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə)
göndərilir.
144.2. İnzibati həbs və ya ictimai işlər növündə tənbeh tətbiq
etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin
qərarın icrasının dayandırılmasına səbəb olmur.
Maddə 145. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın
icrasına xitam verilməsi
145.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın
icrasına xitam verir:
145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən
müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə;
145.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar
çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki
129
Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab
edildikdə;
145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu
Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti
keçdikdə;
145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən
azad edilməsi üçün əsaslar yarandıqda;
145.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə
haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində
nəzərdə tutulmuş hallar yarandıqda;
145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar
çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin
529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati
məsuliyyətə cəlb edildikdə.
145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına
xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən qərardad qəbul edilir.
Maddə 146. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra
müddəti
146.1. Bu Məcəllənin 22.1.2-ci maddəsində nəzərdə tutulmuş
inzibati tənbeh istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə
130
haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il
müddətində icra edilməmişdirsə, daha icra edilmir.
146.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh
tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu
Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı
dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan
hesablanır.
146.3. Bu Məcəllənin 142 - 144-cü maddələrinə uyğun olaraq
inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına möhlət
verildikdə və ya onun icrası dayandırıldıqda, qərarın icrası
müddətinın axımı möhlət verilmə və ya dayandırılma müddəti
bitənədək dayanır.
Maddə 147. İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə
icraatın başa çatması
İnzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda,
bu barədə müvafiq qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə
haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.
Maddə 148. Azərbaycan Respublikasının hüdudlarından
kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində
əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq
etmə haqqında qərarın icrası
131
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və
Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs
barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun
olaraq icra edilir.
FƏSİL 19
İNZİBATİ TƏNBEHİN AYRI-AYRI NÖVLƏRİNİN İCRASI QAYDASI
Maddə 149. Xəbərdarlıq haqqında qərarın icrası
Xəbərdarlıq növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən bu Məcəllənin 117-ci maddəsində nəzərdə tutulmuş
qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu
ilə icra olunur.
Maddə 150. İnzibati cərimənin tətbiqi haqqında qərarın icrası
150.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə
haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə
mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə
tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz
gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni
ödəməlidir.
132
150.2. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə
haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu
Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət
verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec
olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir.
150.3. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı
olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni
nümayəndəsindən tutulur.
150.4. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən
yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir.
Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta
haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq
edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya
poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron
qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya
sistemlərinə göndərir.
150.5. Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş
müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi
ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı
qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:
150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından,
təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması
üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu,
yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya
təyin edən orqana;
133
150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul
vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər
kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı
qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir.
Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti
olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq
edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini
göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə)
dərhal qaytarmalıdır.
150.6. İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən
çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər
gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək
müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini
göstərməklə (əgər bu mümkündürsə), ödəmənin
mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu
barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın
surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır.
150.7. Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən
fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər
gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə,
eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında
hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti
olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati
cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi
icraya yönəldilir.
150.8. Bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş
müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə
134
inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi
icraya yönəldilir.
150.9. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın
(vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində,
məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün
müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və
ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında
protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi
icra tədbirləri davam etdirilir.
150.10. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati
tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin
150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu
Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş
inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra
tədbirləri davam etdirilir.
150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün
müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan
ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə
məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu
bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə
tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay
müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan
ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta
törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat
135
vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq
dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun
orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış
nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi
gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar
olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən
şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin
ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir.
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında
qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu
tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra
hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol
hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə
barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı
dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü
müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi
məbləğində ödənişdən azad edilir.
150.12. Hüquqi və ya fiziki şəxs olan işəgötürənin
mülkiyyətindəki və ya istifadəsindəki nəqliyyat vasitəsinin sürücüsü
inzibati xəta törətdikdən sonra onun işəgötürənlə əmək
münasibətlərinə xitam verilmişdirsə və inzibati xətanı törətmiş şəxs
2 ay müddətində inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən, inzibati
xətanı törətmiş şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılması barədə qərar qəbul edilir və cərimənin
ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir.
136
150.13. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji
təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni
qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun
ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi
məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş
müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərar
qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla
müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya
yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə
haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda
borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra
hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür.
150.14. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji
təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı
dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü
müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi
məbləğində ödənişdən azad edilir.
Maddə 151. İnzibati xətanın törədilməsində alət və ya inzibati
xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi
haqqında qərarın icrası
151.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati
xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında
137
qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi
olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir.
151.2. Predmetin müsadirəsi haqqında qərarın icrası başa
çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu
qəbul etmiş hakimə qaytarılır.
Maddə 152. Fiziki şəxsə verilmiş xüsusi hüququn
məhdudlaşdırılması haqqında qərarın icrası
152.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması
yolu ilə icra edilir.
152.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən
imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təmin edilir.
152.3. Gəmiləri (kiçik həcmli gəmiləri) idarə etmək hüququnun
məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
152.4. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında
qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
152.5. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati
xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini
idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış
şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu
138
ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin
şəxsin vəsatəti əsasında xitam verilir.
Maddə 153. Fiziki şəxsə verilmiş xüsusi hüququn
məhdudlaşdırılması müddətinin hesablanması
153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn
məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən
həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.
153.2. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar
qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi
hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq
edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində
nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd
bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl
götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin
müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir.
153.3. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun
xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə,
xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu
halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin
itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.
153.4. Xüsusi hüququn məhdudlaşdırılması müddəti
qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh
növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.
139
153.5. Nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi
aşağıdakı qaydada qaytarılır:
153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən cox
müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə
etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha
az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət
bitdiyi gün.
153.6. Nəqliyyat vasitəsini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü
maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara
əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
müddətinin son günündən etibarən hesablanmağa başlayır.
Maddə 154. İctimai işlər haqqında qərarın icrası
154.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə
haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin
yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
ictimai yerlərdə icra məmuru icra edir.
154.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul
etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin
yerinə yetirilməsinə cəlb olunur.
|