18
işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.2. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir.
28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək
müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola
bilməz.
28.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:
28.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları
məhdud uşaqlara;
28.4.2. hamilə qadınlara;
28.4.3. himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara;
28.4.4. səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən
kişilərə;
28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə;
28.4.6. hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi
xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına.
Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma
29.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş
hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma tətbiq edilir.
29.2. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma hakim və ya səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən tətbiq edilir.
19
29.3. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ 1 ildən 5
ilədək müddətə məhdudlaşdırılır.
29.4. Qaçqın statusuna malik olan və ya Azərbaycan
Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan
alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma
tətbiq edilmir.
29.5. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət
təqibi orqanlarına yardım göstərən əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma tətbiq edilmir.
Maddə 30. İnzibati həbs
30.1. İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların
ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq
edilir.
30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək
uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına
böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya
ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış
yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin
hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
20
müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə
bilməz.
30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə
daxil edilir.
FƏSİL 5
İNZİBATİ TƏNBEH TƏTBİQ ETMƏ
Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları
31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq
tətbiq edilir.
31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh
tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin
şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak
vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
nəzərə alınır.
31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən,
inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin
əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin
xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o
cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər
ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti
yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın
törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı
21
həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı
həddinin üçdə birindən az ola bilməz.
31.5. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə
səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir.
Maddə 32. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən
hallar
32.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti
yüngülləşdirən hallar aşağıdakılar hesab edilir:
32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı;
32.1.2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən
törədilməsi;
32.1.3. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı
uşağı olan qadın tərəfindən törədilməsi;
32.1.4. inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri
altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq
nəticəsində törədilməsi;
32.1.5. inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin
bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;
32.1.6. inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya
əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində
qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində
törədilməsi;
32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati
xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş
zərərin əvəzinin könüllü surətdə ödənilməsi.
22
32.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 -
32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim
tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına
bilər.
32.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində
inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti
yüngülləşdirən hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə
alına bilməz.
Maddə 33. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar
33.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran
hallar aşağıdakılar hesab edilir:
33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti
dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam
etdirilməsi;
33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni
xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi
gündən bir il ərzində təkrar törətməsi;
33.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə
cəlb edilməsi;
33.1.4. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı
törədilməsi;
33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi;
33.1.6. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa
fövqəladə şəraitdə törədilməsi;
33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən
törədilməsi.
23
33.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 33.1.1 -
33.1.7-ci maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal
qismində nəzərə alına bilməz.
33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində
inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti
ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına
bilməz.
Maddə 34. Bir neçə inzibati xəta törədildikdə, inzibati tənbeh
tətbiq etmə
34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun
barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh
tətbiq edilir.
34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə
inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.
34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə
törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın
səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən
edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş
xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə
tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.
34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi)
ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni
orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan
şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və
30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz.
24
Maddə 35. Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş
sayılması üçün tələb olunan müddət
Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin
icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta
törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab
olunur.
Maddə 36. Vurulmuş zərərin əvəzinin ödənilməsi
36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak
zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim,
səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni
vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də
baxa bilər.
36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak
zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati
tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin
ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər.
36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin
əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki
Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir.
Maddə 37. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş,
narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin
25
məcburi müalicəyə cəlb olunması
37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş,
narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs
tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi
müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib
qurtardıqdan sonra icra olunur.
37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu
Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə
olunmasından, səhhətinin və psixoloji vəziyyətinin
yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı
göstərməklə onların normal həyat tərzinə qaytarılmasından,
gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin
qarşısının alınmasından ibarətdir.
37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə
yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi
müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib
qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində
olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar.
37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin
edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının
surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə,
habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra
məmuruna göndərir.
37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş
şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin
26
nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi
ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir.
37.6. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və
qaydalara uyğun aparılır.
37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə
barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra
məmuru tərəfindən nəzarət edilir.
37.8 İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə
olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və
məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və
həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin
yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.
FƏSİL 6
İNZİBATİ MƏSULİYYƏTDƏN AZAD ETMƏ
27
Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən
azad etmə
38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən
geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük
qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin
fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının)
qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların
ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə
hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların
verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati
tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək
verilə bilər.
38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan
müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara
çıxarıldığı gündən hesablanır.
38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət
işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta
tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin
başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında
qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.
38.4. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik
yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya
28
tərəfindən Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli
336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar
haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada müvafiq dövlət
orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən
ən geci üç ay keçənədək verilə bilər.
38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin
axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı
vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il
keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş
inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi
gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi
üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə
yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Maddə 39. Zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati
məsuliyyətdən azad etmə
Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş
inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin
ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati
icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam
verilir.
29
II BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ
OLAN ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR)
FƏSİL 7
ƏSAS QAYDALAR
Maddə 40. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti
olan orqanlar (vəzifəli şəxslər)
40.0. İnzibati xətalar haqqında işlərə:
40.0.1. rayon (şəhər) məhkəmələri;
40.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar (kollegial orqan);
40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank,
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər)
baxırlar.
Maddə 41. Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar
Bu Məcəllənin 189.1, 189.3, 189.4, 512 və 522-ci
maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan
yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ
30
nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında
Əsasnamə” ilə müəyyən olunur.
Maddə 42. Vəzifəli şəxslərin səlahiyyəti
42.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan
vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş
inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq
edə bilərlər.
42.2. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü
maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
FƏSİL 8
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN AİDİYYƏTİ
Maddə 43. Rayon (şəhər) məhkəmələrinin aidiyyəti
43.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188,
190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 229, 249,
251.3, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3,
284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333,
334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341,
342.8, 342.9, 343, 349, 351, 353.4, 361, 363, 368 - 379, 381 -
31
383, 387, 388, 398, 399, 401 - 404, 406 - 409, 412, 413, 428.7,
428.10, 431, 432.3, 441, 442, 443.1, 448, 449, 450.1, 451, 456,
459.1, 459.2, 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin
icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2,
502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 520, 523, 525 -
535, 537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2,
563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 594 - 596, 598
(monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599 - 603,
605, 606.1, 608 və 609-cu maddələrində tutulmuş inzibati xətalar
haqqında işlərə baxırlar.
43.2. Bu Məcəllənin 54.2-ci maddəsində nəzərdə tutulan
inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər)
məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə
protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
43.3. Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati
xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə)
aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli
orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta
törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti
ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu
nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında
nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh
tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların
olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu
baxılmaq üçün məhkəməyə göndərir.
32
43.4. Bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş
inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi
vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi
məhkəmələr baxır.
Maddə 44. Müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti
Bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən
hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş
digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti
orqanları baxırlar.
FƏSİL 9
SƏLAHİYYƏTİ OLAN ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR)
TƏRƏFİNDƏN BAXILMIŞ İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR BARƏDƏ
ELEKTRON İNFORMASİYA SİSTEMLƏRİ VƏ EHTİYATLARI
Maddə 45. Baxılmış inzibati xətalar haqqında işlər barədə
elektron informasiya sistemləri və ehtiyatları
45.1. Törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş
şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi və
saxlanılması məqsədi ilə inzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) baxdığı inzibati xətalar
33
haqqında işlər barədə elektron informasiya sistemlərini
(ehtiyatlarını) (bundan sonra – informasiya ehtiyatı) yaradır və həmin
informasiya ehtiyatlarının fəaliyyətini təmin edir.
45.2. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərarın
qüvvəyə mindiyi gün aşağıdakı məlumatların informasiya ehtiyatına
daxil edilməsini təmin etməlidir:
45.2.1. inzibati xəta törətmiş şəxs haqqında məlumat (soyadı,
adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, doğum
tarixi, yaşayış yeri);
45.2.2. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın
mahiyyəti;
45.2.3. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu
Məcəllənin müvafiq maddəsi;
45.2.4. inzibati xətanın törədilməsi nəticəsində şəxsin
sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər
yetirilmişdirsə, bu hallar barədə qeydlər;
45.2.5. inzibati xəta haqqında işin baxılması tarixi və yeri;
45.2.6. inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış hakimin,
vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın
adı və tərkibi;
45.2.7. inzibati xəta haqqında iş üzrə qərarın tarixi və
nömrəsi;
45.2.8. tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat;
45.2.9. tətbiq edilmiş inzibati tənbehin icrası barədə məlumat;
45.2.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan
digər məlumatlar.
|