Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ



Yüklə 164,32 Kb.
səhifə15/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
multikultur.COVİD-19

14. Multikulturalizmin formaları

Cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına istiqamətlənən multikulturalizm siyasəti müxtəlif formalarda həyata keçirilə bilər. Bununla bağlı bu siyasətin 2 əsas formasını göstərmək lazımdır: zəif və güclü formalarını. Multikulturalizmin bu formaları arasında mühüm fərqli cəhətlər vardır. Multikulturalizmin zəif forması etnik-milli azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün imkan yaradır. Lakin azlıqlar öz imkanları ilə etnikmədəni dəyərlərini qorumaq iqtidarında olmadıqlarına görə yaranmış situasiyada cəmiyyətdəki hakim etnik-mədəni dəyərlərin qəbul edilməsini ən optimal çıxış yolu kimi dəyərləndirirlər. Başqa sözlə desək, onlar elə bir vəziyyətə düşürlər ki, onlara xarici təzyiq olmadan, öz istəkləri ilə titul xalqın etnik-mədəni dəyərlərini qəbul etmək sərf edir. Öz mədəni kimliyini, etnik-mədəni dəyərlərini qorumaq isə çətin olur. Mövcud vəziyyətdə azlıqların başqa çıxış yolu olmadığına görə, onlar könüllü şəkildə etnik-mədəni dəyərlərini qorumaq fikrindən tamamilə də olmasa müəyyən dərəcədə əl çəkirlər və bununla da yaşadıqları cəmiyyətə inteqrasiya olunmağı praktiki cəhətdən daha əlverişli hesab edirlər. Məsələn, multikulturalizmin zəif forması çoxmillətli Sovet İttifaqında müşahidə olunurdu. SSRİ-nin tərkibində olan bütün qeyri-rus ittifaq respublikalarının ərazilərində öz dillərini, ədəbiyyatlarını, mədəniyyətlərini qorumağa və inkişaf etdirməyə geniş imkanları olsa da, onlar daha çox rus xalqının etnik-mədəni dəyərlərini, tarixini öyrənməyə, rus dilində təhsil almağa üstünlük verirdilər. Çünki bu, onlara şəxsi karyeralarını qurmaqda, yaşadıqları cəmiyyətin bütün sahələrində nailiyyətlər əldə etməkdə kömək edirdi. Müasir dövrdə təxminən oxşar vəziyyət bir çox Qərb ölkələrində (ABŞ, Kanada, Niderland, Böyük Britaniya, Avstriya və b.) müşahidə olunur. Bu ölkələrdə yaşayan milli azlıqların nümayəndələrinə onların etnik-mədəni dəyərlərinə münasibətdə tolerantlıq nümayiş etdirilir.


Belə bir münasibətin nəticəsində milli azlıqların nümayəndələrinə yaşadıqları Qərb dövlətlərində öz adət-ənənələrini qorumaq, ana dillərində qəzet və jurnal çıxarmaq, hətta ana dilində məktəb açmaq hüquqları verilmişdir. Professor Çandran Kukatasın qeyd etdiyi kimi, bu dövlətlərdə liberalizmə yaxud liberal dəyərlərə hətta uyğun gəlməyən müxtəlif mədəniyyətlərin yaxud adət-ənənələrin olmasına dözümlülük nümayiş etdirilir. Onun fikrincə, klassik liberal cəmiyyət qeyri-liberal elementləri ehtiva edə bilər. Liberal cəmiyyətlərin milli azlıqların nümayəndələrinə nümayiş etdirdiyi tolerantlıq azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiya edir, nə də ki, onu təcrid edir.
Lakin Qərb dövlətlərində milli azlıqların nümayəndələrinə və onların etnik-mədəni dəyərlərinə münasibətdə bu cür dözümlüyün nümayiş etdirilməsinə baxmayaraq, onlar yaşadıqları cəmiyyətdəki mövcud imkanlardan bəhrələnmək üçün titul etnosun etnik-mədəni dəyərlərini öyrənməklə, onun dilini, müəyyən adət-ənənələrini mənimsəməklə həmin cəmiyyətə inteqrasiya olunmağı daha vacib hesab edirlər. Çünki bu yolla onlar yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmək imkanı əldə edirlər. Buna görə də milli azlıqların nümayəndələri bir sıra Qərb dövlətlərində mövcud olan multikulturalizmin zəif formasının yaratdığı imkanlardan könüllü şəkildə imtina edirlər. Multikulturalizmin zəif formasından fərqli olaraq onun güclü forması milli azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı onların yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasını tələb edir. Multikulturalizmin güclü forması cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dözümlülüyün nümayiş etdirilməsi ilə kifayətlənmir. O, bu müxtəlifliyin dövlət tərəfindən qorunmasını və inkişaf etdirilməsini, onun maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib hesab edir. Bununla əlaqədar multikulturalizmin tanınmış tədqiqatçılarından olan kanadalı professor Vil Kimlika göstərir ki, dövlət onun ərazisində yaşayan bütün etnik, dini və irqi qrupların hüquqlarını tanımalı və onların mədəniyyətlərinin qorunması istiqamətində xüsusi proqramlar təklif etməlidir. Onun fikrincə, dövlətin bu müdaxiləsi azlıqların mədəni müstəqilliklərinin saxlanılmasına kömək edəcəkdir. Bununla belə Kimlika hesab edir ki, milli azlıqlar yaşadıqları cəmiyyətin qanunlarına hörmətlə yanaşmalıdırlar. Beləliklə, müəyyən tarixi dövrlərdə, həmçinin müasir dövrdə də tətbiq olunan assimilyasiya, izolyasiya və izolyasiyanın variantı olan aparteid siyasət modellərindən fərqli olaraq multikulturalizm siyasəti etnik-mədəni müxtəlifliyin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına yönəlmişdir. Bu, multikulturalizm siyasət modelinin digər siyasət modellərindən başlıca üstünlüyüdür. Belə ki, multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titul etnos ilə milli azlıqların etnikmədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin yaradır.


Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin