Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


İSLAM MİSTİSİZMİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ CƏLALƏDDİN RUMİNİN TƏSƏVVÜF



Yüklə 300,9 Kb.
səhifə3/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   2   3   4   5   6   7   8   9   ...   61
Rübabə Mahmudova,

BDU-nun II kurs magistrantı
İntibah dövrünün təbiətşünaslıq mərhələsi, həqiqətən, tarixin maraqlı mərhələlərindən biridir. Belə ki, bu dövrdə yaranan elm insanın özünü və dünyanı dərk etməsi məsələlərinə yanaşmada əvvəlki dövrlərdən kəskin fərqlənmişdir. İrəli sürülən fikirlər əvvəl mövcud olan və üstünlük təşkil edən dünyagörüşünü darmadağın etmişdir. Cordano Bruno öz fəlsəfi görüşləri ilə bu dövrdə əhəmiyyətli rol oynamış şəxsiyyətlərdəndir. O, 1585-ci ildə qələmə aldığı “Cəsur şövq haqqında” əsərində bir növ özünün elmə, biliyə məhəbbətini tərənnüm edir. Həqiqəti əsl məhəbbət obyekti, ona çatmağı, onu dərk etməyə nail olmağı, bu yolda qarşısında duran maneələri dəf etməyi isə cəsarətli addım, cəsur şövq hesab edir.

Əsərdə insanın yüksək keyfiyyətləri tərənnüm olunur. Öz amalı, əqidəsi uğrunda mübarizə aparan insan qarşısına çıxan maneələrdən sarsılmır, əksinə ruhlanır, məqsədi naminə ölümdən belə çəkinmir. Bruno qeyd edir ki, onun öz məqsədlərini həyata keçirməsi üçün heç bir şey qarşısını ala bilməz, hətta ölüm belə. Məqsədi uğrunda ölənləri isə Bruno əbədi həyat qazanmış hesab edir: “Zamanın bir mərhələsindəki ölüm qalan digər mərhələlərində onlara əbədi həyat qazandırır”.

İnsanın iradəsi məsələsinə toxunan Bruno onu gəmi kapitanına bənzədir. Bruno belə hesab edir ki, iradə ruhun dərinliklərində gizlənmişdir və ağlın köməyi ilə insanın təbii hisslərindən doğan halları ilə daim mübarizə aparır. Bu mübarizədə ağıl insanın bütün güclərini bir yerə toplayır. Burada əksliklərin mübarizəsinə və vəhdətinə rast gəlirik. Belə ki, Bruno göstərir ki, ağıl əks gücləri bir araya toplayaraq, onları bir məqsəd altında birləşdirir. Burada əks qütbün biri insanın daxili iradə gücləri, digəri isə təbii hissləridir. İnsan ağlına tabe olmayan hisslərə qarşı Bruno amansızdır. “Qəzəb qılıncı və nifrət qamçısı ilə onların (ağla tabe olmayan hisslərin – R.M.) bəzilərini məhv edər, digərlərini qovardım”. Burada onun açıq-aşkar insan ağlına üstünlük verdiyi bəlli olur. Ağla üstünlük verən Brunonun isə son məqsədi ağlın təkamülüdür, mükəmməllikdir. Budur insan həyatının mənası və məqsədi – ruhi mükəmməllik.

Bir maraqlı məqama da rast gəlirik. Ədəbiyyat tarixində məhəbbətin alova bənzədilməsinə çox təsadüf olunur. Brunoda bunun qeyri-standart şərhini görmək olar. Alov başqa şeylərin tərkibindəki elementləri özünə çevirdiyi kimi, sevgi də seviləni sevənə çevirir.

Bruno da bilgisizliyi xoşbəxtlik mənbəyi hesab edir, lakin belə xoşbəxtlik onun üçün “heyvani” xoşbəxtlikdir. Bilikli, müdrik insanı isə o heç də bədbəxt hesab etmir. Müdrik insan pislik və yaxşılığı, xoşbəxtlik və bədbəxtliyi eyni cür qiymətləndirir. Belə ki, onların hər biri keçicidir, çünki bir əksliyin sonu o birisinin başlanğıcıdır. Beləliklə, müdrik insan bu gün mövcud olanı yox kimi görə bilir. Yəni bu gün sevinirsə sabah bu sevincin kədərlə əvəz olunacağını görə bilir, kədərlidirsə bunun da sevinclə əvəz olunacağından əmindir.

Bruno xeyirxahlığa və bədxahlığa qiymət verərkən əksliklərə müraciət edərək, onların ifrat həddini mənfi, orta həddini isə müsbət qiymətləndirir. Hətta ifrat xeyirxahlıq və ifrat bədxahlığı Bruno eyni dərəcəli bədxahlıq kimi qiymətləndirir. Belə ki, onların hər biri özünün ifrat vəziyyətindədir. İfrat vəziyyətin olduğu yerdə əksliklər özünün inkişafının yüksək dərəcəsindədir.

Sxematik şəkildə bunu aşağıdakı kimi vermək olar:

İfrat Xeyirxahlıq____Xeyirxahlığın və Bədxahlığın_____İfrat Bədxahlıq

(İfrat hədd) bərabərliyi və ya eyniliyi həddi (İfrat hədd)

(Minimal və ya heç olmayan əkslik həddi – orta hədd)

Orta həddə Xeyirxahlıq və Bədxahlığın qiyməti eynidir, hətta onlar bir-birindən fərqlənmir, bu vəziyyət həm xeyirxahlıqdır, həm də bədxahlıq və ya nə xeyirxahlıqdır, nə də bədxahlıq. Bu, orta – müsbət vəziyyətdir. Bu vəziyyət güclü insan ruhunun vəziyyətidir. O nə şəndir, nə də qəmgin. Orta vəziyyət mükəmməllikdir, vəhdətdən doğan mükəmməllik.

Böyük şövq sahiblərində ilahiliyin mövcudluğu özünü iki cür biruzə verir. Bunların bir qismi ilahiyə sığınaraq, başqalarından fərqli davranışa malik olur, onlardan üstün olur, lakin onların öz müstəqil ruhu və təfəkkürü yoxdur, onlara nüfuz etmiş ilahilik sanki “boş otağa” daxil olur, digər qismin isə öz ağlı və təfəkkürü vardır ki, onların fəaliyyətində ali təfəkkür özünü biruzə verir. Onların ruhu işıqlı və dərrakəlidir. Onların ilahiliyə, ədalətə, həqiqətə məhəbbəti vardır ki, bu məhəbbət onları adilikdən daha uzağa aparıb çıxarır. Bruno birinciləri müqəddəs yük daşıyan uzunqulağa, ikinciləri isə müqəddəsə bənzədir. Birincilər bir növ vasitədir. Yalnız ilahiliyin onlarda mövcud olması ilə onlar ləyaqətlidirlər. İkincilərin isə ləyaqəti, üstünlüyü onların öz daxilindən, daxili dərrakəsindən və zəkasının nurundan doğur. Burada da Brunonun ikincilərə üstünlük verdiyi aşkar görünür.

İnsanın şövqü onun özünü özünə unutdurmur, sadəcə bu şövq daha gözəl və yaxşı şey haqqında məhəbbət və istəklərdir. Bu istəklər heyvani hisslər deyil, ağıl vasitəsilə gözəlliyin və yaxşılığın qavranılmasıdır. O nədən zövq almaq lazım gəldiyini bilir və prosesdə o özü yüksək keyfiyyət əldə edir, ilahiylə əqli təmasla özü ilahiləşir. Adi insanları narahat edən amillər ona əsla toxunmur, çünki onun ruhu ilahi məsələlərlə məşğuldur. İlahiliyə məhəbbətdən başqa zövq mənbələrinin onun üçün əhəmiyyəti yoxdur. İlahini dərk etməyə can atarkən o, ilahi və daxili ahəngdarlıq əldə edir. Bu yolda qarşılaşdığı əzablar və çətinliklər mənfi hal deyil, daha geniş anlamda, mütləq vəziyyətdə, əbədilik nöqteyi-nəzərindən bu, müsbət prosesdir.

İnsanın mənəvi cəhətdən təkmilləşmək istəyini Bruno yüksək qiymətləndirir. O qeyd edir ki, ruhi mükəmməlliyə can atan insanların hamısı bu məqsədə nail ola bilməz, lakin buna çalışmaq özü elə müsbət haldır. Bu yolda uğursuzluğa uğramağı belə o, aşağı səviyyəli uğurlardan üstün tutur.

Özünün “Brunonun cəsur şövqünün etikası” məqaləsində R.Q.Apresyan Brunonun etikasını cəsur məhəbbətin, cəsur şövqün etikası adlandırır və qeyd edir ki, əsərdə yaxşılıq, əməl, azadlıq anlayışlarının izahı məhz ilahiyə məhəbbət baxımından verilir. Yəni onun etikasının əsasını bu anlayışlar haqqında xüsusi təlim yox, məhəbbət – ilahiyə məhəbbət konsepsiyası təşkil edir.

Lakin əsərdə tərənnüm edilən ilahiyə məhəbbət sadəcə kənardakıya olan bir hiss deyil, kənardakını qavramaqla ona qovuşmaq, onda ərimək hissidir. İkincisi isə, ilahiyə qovuşmaq, onu anlamaq özü elə etik xüsusiyyətlərə, dünyanın müsbətinə qovuşmaq, onu mənimsəmək, ona nail olmaqdır. Yəni onsuz da Bruno yaxşılığı da, əməli də, azadlığı da elə ilahinin özündə görür, yəni onu kənar bir hadisə hesab etmir ki, bu etik xüsusiyyətləri də ilahidən ayrılıqda, ilahidən kənarda olan bir hadisə kimi nəzərdən keçirsin. İlahi, sadəcə olaraq, bütün bu keyfiyyətlərin ümumiləşdirilmiş adıdır. Bizim hər birimiz hər hansı bir müsbət hadisədən və ya keyfiyyətdən ayrılıqda bəhs edərkən də elə ilahinin bir parçasından söhbət açmış oluruq.

Qərb müəllifləri əsəri həm də etik poema adlandırırlar. Məsələn, Luiza Uilyams əsərin Londonda 1889-cu ildə nəşr etdirdiyi ingilis dilində tərcüməsinə “Cordano Brunonun Cəsur entuziastı: etik poema” adını verir.

Cordano Brunonun öz sözləri ilə desək, “Cəsur şövq haqqında” (1585) əsərini yazmaqda “ilk və əsas, başlıca və əlavə, son və qəti məqsədi ilahi düşüncəni göstərmək və digər insanların duyğuları və gözləri qarşısında bayağı ehtirasları deyil, cəsur məhəbbəti canlandırmaqdır”. “Cəsur məhəbbət” isə əsərin məzmunundan göründüyü kimi, mənəvi mükəmməlik uğrunda çarpışan insanın keçirdiyi ali hisslərdir.



Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin