Aparılmış tədqiqat nəticəsində hazırlanmış təkliflər:
Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılması işinin təkmilləşdirilməsi, normativ hüquqi aktlarla tənzimlənməli olan ictimai münasibətlərinin müəyyənləşdirilməsi məqsədi ilə araşdırmaların aparılması, bu işə ictimaiyyətin,normayaratma fəaliyyətinin subyektlərinin, digər maraqlı orqanların, elmi təşkilatların, habelə digər fiziki və hüquqi şəxslərin cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirilməsi;
Normativ hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin cəlb edilməsi işinin genişləndirilməsi, həmçinin yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları layihələrinin müzakirəsinə həmin inzibati ərazidə yaşayan fiziki şəxslərin və həmin ərazidə yerləşən hüquqi şəxslərin cəlb edilməsinin təmin edilməsi üçün tədbirlər görülməsinin təmin edilməsi;
Qanunvericilikdə korrupsiya risklərinin aşkar edilməsi və aradan qaldırılması üçün xarici ölkələrin təcrübəsi öyrənilməklə normativ hüquqi aktların layihələrinin, həmçinin qüvvədə olan normativ hüquqi aktların antikorrupsiya ekspertizasının qanunvericiliyə daxil edilməsi, həmin ekspertizanın aparılmasının müstəqil quruma həvalə edilməsi, eyni zamanda bu işin aparılmasına sivil təşkilatların cəlb edilməsi, ekspertizanın nəticəsinə dair rəyin ictimaiyyətə açıqlanması ilə bağlı təkliflərin hazırlanmasının təmin edilməsi;
Beynəlxalq antikorrupsiya standartları ilə uyğunluğun təmin edilməsi, milli qanunvericiliyin həmin standartlar çərçivəsində təkmilləşdirilərək vəzifəli şəxslərin fəaliyyətlərində şəffaflığın artırılması məqsədilə maraqlar toqquşmasına dair ayrıca qanunvericilik aktının qəbul edilməsi;
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə institutunun təcrübədə tətbiqinin genişləndirilməsi və bu institutun təkmilləşdirilməsi məqsədilə ayrıca qanunvericilik aktının qəbul edilməsi;
Azərbaycan Respublikasının Ali Məhkəməsi, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahların cinayət prosesini həyata keçirən orqanlar üçün hüquqi statusunu müəyyən edən norma qanunvericiliyə daxil edilməsi.