Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktı Mərkəzi Bank tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi (bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər) üçün məcburi davranış qaydasını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir.
Mərkəzi Bankın normativ xarakterli aktları qərar formasında qəbul edilir.
Mərkəzi Bank normativ xarakterli aktın layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya, habelə layihələrin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 45.3-cü maddəsinə əsasən normativ xarakterli aktın layihəsi Mərkəzi Bankın hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq, Mərkəzi Bankın normativ xarakterli aktının layihəsinin razılaşdırılması müvafiq qanunvericiliyə əsasən məcburi olduqda, habelə normativ xarakterli aktda digər dövlət orqanları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.
Mərkəzi Bankın normativ xarakterli aktları İdarə Heyəti tərəfindən qəbul edilir və Mərkəzi Bankın sədri tərəfindən imzalanır. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktı Maliyyə Monitorinqi Xidməti tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydasını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir. Xidmətin normativ xarakterli aktları qərar formasında qəbul edilir. Xidmətnormativ xarakterli aktın layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya, habelə layihələrin hazırlanmasına aidiyyəti mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 45.3-cü maddəsinə əsasən normativ xarakterli aktın layihəsi Maliyyə Monitorinqi Xidmətinin hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq, Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktının layihəsinin razılaşdırılması müvafiq qanunvericiliyə əsasən məcburi olduqda, habelə normativ xarakterli aktda digər dövlət qurumları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət qurumları ilə razılaşdırılmalıdır.
Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları İdarə Heyəti tərəfindən təsdiq edilir.