321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 322. Özbaşınalıq
322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 82, 128)
Maddə 323. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini ləkələmə və ya alçaltma
323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma —
beş yüz manatdan min manatadəkmiqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
323.1-1. Bu Məcəllənin 323.1-ci maddəsində nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə —
min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
323.2. Bu Məcəllənin 323.1 və ya 323.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə —
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir. (1, 45, 118, 128)
Maddə 324. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)