52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.
52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;
52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.
52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər:
52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;
52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;
52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr.
52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir.
52-1.5. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
52-1.6. Azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. (bax) (131)
Maddə 53. Azadlığın məhdudlaşdırılması
53.1. Azadlığın məhdudlaşdırılması ittiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.
53.2. Azadlığın məhdudlaşdırılması:
53.2.1. məhkumluğu olmayan və qəsdən cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən üç ilədək müddətə;
53.2.2. ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən beş ilədək müddətə təyin edilir.
53.3. İctimai işlər və ya islah işləri azadlığın məhdudlaşdırılması ilə əvəz edildikdə bu cəza növü bir ildən az müddətə də təyin edilə bilər.
53.4. Azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxs cəzanın icrasından qərəzli boyun qaçırdıqda, azadlığın məhdudlaşdırılması onun təyin edildiyi müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur. Azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
53.5. Azadlığın məhdudlaşdırılması birinci və ikinci qrup əlillərə, hamilə qadınlara və ya səkkiz yaşınadək uşağı olan qadınlara, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə, qocalığa görə pensiya yaşına çatmış qadın və kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara təyin edilmir. (3, 42, 61)