Azərbaycan Respublikasının Seçki Məcəlləsi



Yüklə 1.64 Mb.
səhifə22/29
tarix01.12.2016
ölçüsü1.64 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ


   Maddə 165. Milli Məclisə seçkilər zamanı səsvermə otağı

165.1. Milli Məclisə seçkilər zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

165.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhələrində yerləşdirir.

165.3. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.

   Maddə 166. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri

166.1. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.

166.2. Birmandatlı seçki dairəsi üzrə seçki bülletenində qeydə alınmış hər bir namizədin əlifba qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış namizədin kim tərəfindən irəli sürüldüyü göstərilməlidir.

166.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, habelə emblemi göstərilməlidir. Seçki bülleteninə daxil olan siyasi partiyaların emblemləri eyni rəngdə olmalıdır.

166.4. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

166.5. Hər bir qeydə alınmış namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.

   Maddə 167. Milli Məclisə seçkilər zamanı səsvermə qaydası

167.1. Milli Məclisə seçkilər zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.

167.2. Seçici birmandatlı seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyi namizədin soyadından sağdakı kvadratda işarə qoyur.

167.3. Birdən çox boş kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır.

   Maddə 168. Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması

168.1. Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir.

168.2. Hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:

168.2.1. seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda — namizədlər barəsində digər məlumatlar;

168.2.2. hər bir namizədin lehinə verilmiş səslərin sayı.

   Maddə 169. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarının müəyyən edilməsi

169.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

169.2. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.

169.3. Seçkilərdə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.

169.4. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2 və 168-ci maddələrində göstərilənlərə əlavə olaraq, deputat seçilmiş namizədin soyadı, adı və atasının adı, seçkilərin etibarsız sayıldığı seçki məntəqələrinin sayı göstərilir.

Maddə 170. Birmandatlı seçki dairəsi üzrə seçkilərin baş tutmaması və ya seçkilərin etibarsız sayılması

170.1. Dairə seçki komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir.

170.2. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.; [150]

170.2.3. məhkəmənin qərarı əsasında.

170.3. Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.[151]

 

İyirmi yeddinci fəsil


MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN YEKUNLARI


   Maddə 171. Milli Məclisə seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi

171.1. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

171.2. Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.[152]

171.3. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

171.4. Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

171.5. Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.

   Maddə 172. Milli Məclisə təkrar seçkilər

Bu Məcəllənin 170.2-ci maddəsində nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.

   Maddə 173. Milli Məclisə seçilmiş deputatların qeydə alınması

173.1. Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

173.2. Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir. Bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələblər bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş məcburi hallar olmadan namizəd tərəfindən yerinə yetirilmədikdə və bunun nəticəsində təkrar seçkilər təyin edildikdə, həmin namizəd təkrar seçkilər keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarının istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir.

173.3. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

   Maddə 174. Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi

Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.

 

 

 



İyirmi səkkizinci fəsil

1   ...   18   19   20   21   22   23   24   25   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə