Azərbaycan Respublikasının Seçki Məcəlləsi



Yüklə 1.64 Mb.
səhifə23/29
tarix01.12.2016
ölçüsü1.64 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

MİLLİ MƏCLİSİN DEPUTATINI MANDATDAN MƏHRUMETMƏ VƏ MİLLİ MƏCLİSƏ ƏLAVƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ


   Maddə 175. Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi

175.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

175.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 3-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən qəbul edilir.

175.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. Mərkəzi Seçki Komissiyasının qərarından müvafiq məhkəməyə şikayət verilə bilər.

   Maddə 176. Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi

176.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci və 5-ci bəndləri ilə müəyyənləşdirilmiş əsaslar olduqda, bu Məcəllənin 175.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada birmandatlı seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir.

176.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar mütəxəssislərdən ibarət qrup yarada bilər.

176.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü və 5-ci bəndlərində göstərilən hallarda qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır; həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat mandatından məhrum edilmiş sayılır.

176.4. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində bu Məcəllənin 145-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir.

176.5. Boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz.

176.6. Əlavə seçkilər keçirilərkən birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların qeydə alınması, digər seçki hərəkətləri bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

 

 

VI bölmə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRI


İyirmi doqquzuncu fəsil

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİNƏ

 AİD ÜMUMİ MÜDDƏALAR


   Maddə 177. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

Azərbaycan Respublikası Prezidenti (bundan sonra — Prezident) seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir.

   Maddə 178. Prezident seçkilərinin təyin edilməsi

178.1. Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

178.2. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir.

178.3. Seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilməlidir.

   Maddə 179. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi

179.1. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar Prezident seçkiləri keçirilir. Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir. KM1

179.2. Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 3 ay ərzində keçirilir.

 

Otuzuncu fəsil


PREZİDENTLİYƏ NAMİZƏDLƏR. PREZİDENT SEÇKİLƏRİNİN

KEÇİRİLMƏSİNƏ HAZIRLIQ


   Maddə 180. Prezidentliyə namizədin irəli sürülməsi

180.1. Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.

180.2. Seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər.

180.3. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Prezidentliyə namizədlər irəli sürülür.

180.4. Prezidentliyə namizəd irəli sürmüş təşəbbüs qrupu siyasi partiya, siyasi partiyaların bloku namizədin prezidentliyə namizəd kimi çıxış etməyə razılıq ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim etdikdə, ərizədə namizədin Konstitusiyanın 100-cü maddəsində göstərilən tələblərə cavab verməsi nəzərdə tutulmalıdır.

   Maddə 181. Prezidentliyə namizədi müdafiə üçün imza toplanması

181.1. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.[153]

181.2. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

181.3. Seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplanır.

   Maddə 182. Prezidentliyə namizədin qeydə alınması

182.1. Prezidentliyə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar.

182.2. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir.

182.3. Qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.[154]

182.4. Qeydə alınmış hər bir prezidentliyə namizəd seçki komissiyalarının hər birinə məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

   Maddə 183. Prezident seçkilərinin təxirə salınması

183.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə prezidentliyə heç bir namizəd qeydə alınmayıbsa və ya yalnız bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə seçkilər bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan Prezident öz səlahiyyətlərinin icrasını davam etdirir.

183.2. Səsvermə gününədək qeydə alınmış prezidentliyə namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, seçkilər bu Məcəllənin 178-ci maddəsində göstərilən qaydada namizədlərin irəli sürülməsi və sonrakı seçki hərəkətlərinin edilməsi üçün ən geci 3 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan Prezident öz səlahiyyətlərinin icrasını davam etdirir.

   Maddə 184. Prezidentliyə namizədin nəqliyyat xərclərinin ödənilməsi

184.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq prezidentliyə namizəd qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan Respublikası ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.

184.2. Ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında ödənilir. Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş xərcləri ödənilir.

   Maddə 185. Prezidentliyə namizədin toxunulmazlığı və təhlükəsizliyi

185.1. Qeydə alınmış prezidentliyə namizədin təhlükəsizliyi Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada təmin edilir.

185.2. Qeydə alınmış prezidentliyə namizəd bu Məcəllənin 70.4-cü maddəsində göstərilən qaydada yalnız Azәrbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

   Maddə 186. Prezidentliyə namizədin vəkil edilmiş şəxslərinin sayı

186.1. Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır.

186.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.

   Maddə 187. Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi

Prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-cü maddəsi ilə tənzimlənir.

   Maddə 188. Siyasi partiyanın, siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi

188.1. Siyasi partiyanın, siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi və ya prezidentliyə namizədlərin qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

188.2. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

188.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

188.4. Siyasi partiyalar blokunun irəli sürdüyü prezidentliyə namizədi Mərkəzi Seçki Komissiyası qeydə aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, prezidentliyə namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

188.5. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun olaraq prezidentliyə namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

Otuz birinci fəsil

1   ...   19   20   21   22   23   24   25   26   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə