PREZİDENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ
Maddə 198. Prezident seçkiləri zamanı səsvermə otağı
198.1. Prezident seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.
198.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, qeydə alınmış prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir.
198.3. Prezidentliyə namizədlər haqqında məlumatlar lövhədə seçki bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.
Maddə 199. Prezident seçkiləri üzrə seçki bülletenləri
199.1. Prezident seçkiləri zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.
199.2. Prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir.
199.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış prezidentliyə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.
199.4. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş prezidentliyə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.
199.5. Prezidentliyə namizədlərin soyadından sağda boş kvadrat yerləşir.
Maddə 200. Prezident seçkiləri zamanı səsvermə qaydası
200.1. Prezident seçkiləri zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.
200.2. Seçici seçki bülletenində səs verəcəyi prezidentliyə namizədin soyadından sağdakı kvadratda işarə qoyur.
200.3. Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.
Maddə 201. Prezident seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması
201.1. Prezident seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun aparılır və protokol tərtib edilir.
201.2. Hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:
201.2.1. seçki bülleteninə daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda namizədlər haqqında digər məlumat;
201.2.2. hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayı.
Maddə 202. Prezident seçkiləri zamanı seçki dairəsi üzrə səslərin hesablanması
202.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.
202.2. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2-ci və 201-ci maddələrində göstərilənlərə əlavə olaraq səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir.
Otuz üçüncü fəsil
PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ
Maddə 203. Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi
203.1. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. [164]
203.2. Mərkəzi Seçki Komissiyasının protokoluna dairə seçki komissiyalarının məlumatlarını əks etdirən ümumi cədvəl əlavə edilir.
203.3. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından daxil olmuş səsvermənin nəticələri haqqında protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq, səsvermənin keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntularının seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi seçki dairələrinin sayını, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayını müəyyən edir.
203.4. Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
203.5. Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Maddə 204. Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması
204.1. Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda Prezident seçkilərinin nəticələrini etibarsız sayır:
204.1.1. seçki məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.; [165]
204.1.2. məhkəmənin qərarı əsasında.
Maddə 205. Prezident seçkiləri zamanı təkrar səsvermə
205.1. Seçki bülleteninə prezidentliyə namizəd kimi ikidən çox şəxs daxil edilibsə və onlardan heç biri seçilməyibsə, Mərkəzi Seçki Komissiyası seçkilərdə daha çox səs toplamış iki namizəd üzrə təkrar səsvermə təyin edir.
205.2. Konstitusiyanın 101-ci maddəsinin III hissəsinə uyğun olaraq təkrar səsvermə ümumi seçkilərdə səsvermə günündən sonra ikinci bazar günü keçirilir.
205.3. Təkrar səsvermə keçirilməsi haqqında məlumat Mərkəzi Seçki Komissiyası müvafiq qərar qəbul etdikdən sonra ən geci 2 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunur.
205.4. Konstitusiyanın 101-ci maddəsinin IV hissəsinə uyğun olaraq təkrar səsvermədə seçkilərdə iştirak edən seçicilərin çoxunun səsini toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Maddə 206. Təkrar Prezident seçkiləri
Prezident seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar Prezident seçkiləri təyin edilir.
Maddə 207. Növbədənkənar Prezident seçkiləri zamanı seçki hərəkətlərinin həyata keçirilməsi
Növbədənkənar Prezident seçkiləri keçirilərsə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında qərarla birlikdə Konstitusiyanın 105-ci maddəsinin I hissəsində göstərilən müddətə zəruri olan seçki hərəkətlərinin həyata keçirilməsi müddətlərini müəyyən edir və cədvəl şəklində dərc edir. Bu məqsədlə bu Məcəllədə nəzərdə tutulan müddətlər ən çoxu 2 dəfə azaldıla bilər.
Maddə 208. Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması
Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.
Maddə 209. Prezidentin öz vəzifəsinə başlaması
209.1. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
209.2. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti 15000 //çıxarılıb// məbləğində aylıq vəzifə maaşı.[166]
209.3. Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.
VII bölmə
Dostları ilə paylaş: |