Xürrəmilərin ilk çıxışları
755-ci ildə baş verən və sözsüz ki, xürrəmdinilərin də iştirak etdikləri Sunbad üsyanı nəzərə alınmazsa, mənbələrdə "əl-müxəmmirə" – "qırmızı geyinmişlər" adı ilə məşhur olan xürrəmilərin ilk məlum çıxışı 778-ci ilə aid edilir.
Üsyanın başında "Əbd əl-Qəhhar adlı birisinin" durduğu haqqında xəbər verən ət-Təbəridən fərqli olaraq Nizamülmülk üsyan başçısının Əbu Müslimin oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların "[Ə]bu Müslim sağdır. Məmləkəti tutaq!" şüarı ilə çıxış etdiklərini dəqiqləşdirir. Nizamülmülk üsyançıları "qırmızı geyinmişlər" əvəzinə, "xürrəmdinilərlə birləşmiş" "qırmızı bayraq (sorxələm) batinilər" adlandırır.
Müvəffəqiyyətsizliyə uğrayan bu üsyandan keçən az qala iyirmi illik nisbi sükutdan sonra mənbələr "qırmızı geyinmişlər"in 796 – 797-ci ildə baş verən yeni çıxışı haqqında xəbər verir. Ət-Təbəriyə görə, həmin il Curcanda "zındıq" Əmr ibn Məhəmməd əl-Əmrakinin başçılığı ilə baş vermiş üsyan da müvəffəqiyyətsizliklə nəticələnmiş, xəlifə Harun ər-Rəşid'in əmri ilə üsyan başçısı öldürülmüşdü. 797 – 798-ci il hadisələrindən bəhs edən ət-Təbəri həmin il "qırmızı geyinmişlər"in Curcanı tutmaları haqqında məlumat verir.
Xürrəmilərin yeni çıxışını ət-Təbəri 808-809-cu ilə aid edir. Nizamülmülk üsyanın "Harun ər-Rəşidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahan, Rey, Həmədan və b. yerləri əhatə edən üsyan, ət-Təbərinin məlumatına görə, Azərbaycanda başlanmış, hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, "saysız adam öldürülmüş", çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.
Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.
816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər: Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babək hərəkatın məcrasını tamamilə Xilafətə qarşı yönəltdi.
Dostları ilə paylaş: |