Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 115,94 Kb.
səhifə6/12
tarix30.12.2021
ölçüsü115,94 Kb.
#49256
1   2   3   4   5   6   7   8   9   ...   12
Xürrəmilər hərəkatı

5.Üsyanın inkişafı və genişlənməsi

Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən zaman, onun tərəfdarlarının sayı nisbətən çox deyildi. Bir mənbədə bildirilir ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün onun xəbərdarlıq işarəsini gözləsinlər. Xəbərdarlıq işarəsi veriləndə, Babəkin ardıcılları kəndlərdə ərəblərin və onların ətrafındakı adamların üstünə atıldılar və hamısını qırdılar. Bundan sonra Babək öz adamlarını Bəzzdən uzaq mahallara göndərdi, orada da bütün ərəblər və onların yerli əhalidən olan tərəfdarları məhv edildi. İbn ən-Nədim yazır ki, Babəkdən əvvəl "xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər".

Babək xürrəmilərə başçılıq edərək, onun tərəfdarlarının sayı artan kimi, üsyançıların qarşısında duran məqsədlərə uyğun olaraq, icmanın quruluşunda böyük dəyişiklik əmələ gəldi. Azərbaycan və Arranın hər tərəfindən ərəblərdən narazı olan kəndlilər kütlə halında Babəkin yanına gəlməyə başladılar, "onun qoşun dəstələrinin sayı o qədər artmışdı ki, piyada hesaba alınmadan təkcə atlılar 20 min nəfər idi".

Əbu Hənifə Dinəvəri Babəkin rəhbərliyi ilə xürrəmilər üsyanının başlanması haqqında belə məlumat verir:

"Babək [Xilafətdə] baş verən fasiləsiz qarışıqlıq və çətinliklər dövründə meydana çıxdı . O öz işinə Bəzzdə onu əhatə edən adamları öldürməklə başladı, öz dövrəsindəki yer və kəndləri dağıtdı ki, ölkəni ələ keçirsin, [ərəblər tərəfindən] həm özünün, həm də ona yaxınlaşma yollarnıın təqib olunmasını çətinləşdirsin. Onun qüdrəti doğrudan da artdı və hərəkatı böyük vüsət aldı"

Məsudi bildirir ki, "Babək əl-Xürrəminin işi ər-Ran ölkəsindəki Beyləqanda yayılmışdır və həmin ölkədə onun qoşunu çoxalmışdır. O öz qoşunlarını o şəhərlərə tərəf göndərmiş və onları hər tərəfə yola salmışdır".

Üsyan habelə Ermənistan, Xorasan və s. vilayətlərə irayət etdi. Az sonra Cibal, Həmədan, İsfahan, Masabzan və digər şəhərlərin əhalisi üsyançıların tərəfınə keçdi. Onların əhalisi "Həmədan vilayətində toplanır və silahlanırdı".

Məsudinin məlumatına görə, Babək "onun işi adamların ürəyində çox yer tutan vaxt"Taif ibn Əlini Xorasan şəhərlərinin başçısı təyin etdi. Sonra üsyan Təbəristan və Corcanı bürüdü, burada, "mühəmmirə dinini qəbul etmiş" Məzyərin ardıcılları olan məzyəriyyə təriqəti iş görürdü.

Deyləm əyaləti əhalisinin çox hissəsi də xürrəmilərə qoşuldu. Bağdadinin məlumatına görə, təkcə Azərbaycanda və Deyləmdə Babək tərəfdarlarının ümumi sayı 300 min nəfər idi.

Xilafətin bəzi görkəmli xadimləri (hakimləri) və əmirləri də özlərinə tabe olanlarla birlikdə ərəblərə qarşı üsyanlarda iştirak etdilər. Bunların arasında Təbəristan hakimi Məzyər də var idi; Babək onunla yazışır və hər vasitə ilə onu şirnikləndirirdi. Həmçinin Mingicavr əl-Fərqani də Babək tərəfdarlarının köməyindən faydalanırdı. Afşini Babəkə kömək etməkdə təqsirləndirirdilər, ərəblər onu Babəklə əlbir hesab edirdilər.

Xürrəmilər üsyanının bürüdüyü bütün vilayətlərdə Babək öz ardıcıllarına əmr edirdi ki, "[ərəblərin] mülk və malikanələrinə hücum etsinlər və onların əmlakını ələ keçirsinlər".

Üsyançıların böyük müvəffəqiyyətləri və Xilafətin geniş ərazisini tutmaları xəlifə Məmunu məcbur etdi ki, qarşıda duran təhlükəyə ciddi fikir versin. 819-cu ilədək xəlifə qoşunlarının xürrəmilərlə böyük vuruşmaları olmayıb, iş yalnız yerli toqquşmalarla məhdud olurdusa, 819-cu ildə xəlifə Yəhya ibn Müaz ibn Müslimin başçılığı ilə Babəkə qarşı ilk nizami ordu göndərdi.

Baş verən vuruşmada tərəflərdən heç biri məğlub edilmədi. Sonrakı vuruşmalarda da gah bu, gah da müqabil tərəf müvəffəqiyyət qazanırdı. 820-ci ildə Məmun Yəhya ibn Müazı ordu başçısı vəzifəsindən götürdü və İsa ibn Məhəmməd ibn Əbu Xalidi Ermənistan və Azərbaycana hakim və ordu başçısı təyin edərək, ona əmr etdi ki, qoşunları öz hesabına silahlandırsın və ərzaqla təchiz etsin. O, Babəklə müharibə üçün [ordu] toplayaraq 821-ci ildə bir dərə ilə hərəkət etdi, burada Babək onun qabağına çıxdı və onu qaçmağa vadar etdi.

Xürrəmilərin qələbəsi Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi.

Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı. Məhəmməd 827-ci ildə onunla müharibəyə girişdi və iki il ərzində davam edən vuruşmalarda müvəffəqiyyət həmişə onun tərəfində idi. Nəhayət, 829-cu il 3 iyunda Həştadsər dağında ərəblərlə xürrəmilər arasında əsas vuruşma olmuşdur. Ərəblərin vəzifəsi xürrəmilərin qalası Bəzzi ələ keçirmək idi. Ət-Tusi öz ordusunun mərkəzinə Məhəmməd ibn Yusif ibn Əbd ər-Rəhman ət-Taini başçı təyin etdi, ordunun sağ cinahında isə Abbas ibn Əbd ül-Cəbbar ət-Təktinini qoydu. Lakin Babək ət-Tusinin qoşunları üçün pusqu düzəltdi, qanlı vuruşmadan sonra ərəblər məğlub edilib qaçmağa başladılar. Məhəmməd ət-Tusinin özü öldürüldü Vardan məhz Məhəmməd ət-Tusi ilə Babək arasındakı vuruşmanı nəzərdə tutaraq deyir ki, "bir vuruşmada o [Babək] 30 minə qədər İsmayıl övladını [ərəbləri] qırdı".

"Ağvan tarixi"nin rusca tərcüməsində deyilir: "İki ildən sonra [[[829]]-cu ildə] Baban [Babək] Tavusini dağıtdı və 150 min [adamı] qovdu". Ç.Dovsett "Ağvan tarixi"nin bir sıra əlyazmasında tapmışdır ki, Tavusin (Tosin) Tosi şəklində oxunmalıdır, yəni burada Tavusin adlı bir yaşayış məntəqəsinin Babək tərəfindən dağıdılmasından deyil, Məhəmməd ət-Tusi və onun 150 minlik ordusunun xürrəmilər tərəfindən darmadağın edilməsindən bəhs edilir. Xəlifə Məmun Məhəmməd ət-Tusinin həlak olmasından çox qəmgin olmuşdu, çünki o, çox bacarıqlı sərkərdə idi. Az sonra ərəb qoşunlarının komandanı İbrahim ibn əl-Leys ibn əl-Fəzl oldu, "onu da Babək sonrakı [[[829]]/30] ildə məğlub etdi".

Ərəb qoşunları bir də darmadağın ediləndən sonra, xəlifə Məmun qətiyyətli Abdullah ibn Tahiri ordu başçısı təyin etdi, lakin o, Babəklə vuruşmalı olmadı, çünki qardaşı öləndən sonra irsi olaraq Xorasan hakimi vəzifəsini tutmalı idi.

Həmin 829/30-cu ildə Məmun Azərbaycan, Cibal və İsfahana Əli ibn Hişamı hakim təyin edərək, onu xürrəmilərə qarşı vuruşmağa göndərdi. Lakin ibn Hişam əyalətlərdə özbaşınalıq etməyə və xalqı sıxışdırmağa başladığına görə xəlifə onu sakitləşdirmək üçün Yəmən hakimi Uceyf ibn Ənbası göndərdi. Bunu xəbər alan Əli ibn Hişam Uceyfə hücum edib onu öldürmək və Babəkin tərəfinə qaçmaq istədi, lakin tutuldu və 830-ci ildə Bağdadda edam edildi. Dinəvəri bildirir ki, bu zaman "Babəkin işi böyük vüsət aldı və ərəblər ondan qorxmağa başladılar. Onunla vuruşurdular, lakin ona qalib gələ bilmədilər. Babək onları dağıdır və onların sərkərdələrini öldürürdü". Xürrəmilərin Xilafət qoşunlarını qibtə ediləcək bir ardıcıllıqla darmadağın etməsi Abbasilər dövlətinin hakim dairələrini çaşqınlığa saldı.

Sünik hakimi Vasakın ölməsindən sonra Babək onun qızıyla evlənir və həmin ildən Sünik xürrəmilərin hakimiyyəti altına keçdi. Babəkin qoşunu Sünikdən sonra Beyləqan, Artsak və Uti vilayətlərini tutdu.

Bir tərəfdən xürrəmilər üsyanının müvəffəqiyyətləri, digər tərəfdən Xilafətin özündə Məmunun qarşılaşdığı daimi daxili çəkişmələr onunla nəticələnmişdi ki, Abbasilər Xilafəti öz varlığı üçün təhlükəli zaman keçirirdi. Cəzirədə Nəsr ibn Şəbsin, Suriyada ərəb tayfalarının, Misirdə Abdullah əs-Surinin (820-826), Misirdə 829-cu ildə yəmənilər və qeysilərin üsyanları, habelə Bizans ilə daimi müharibələr xəlifə Məmundan ağır xərc və böyük ordu tələb edirdi. Məmun bütün iyirmi illik hökmranlığı ərzində Xilafətdə yalnız çoxlu üsyanları yatırmalı olmuşdu. O, üsyanların öhdəsindən gələ bilmiş olsa da, öz hökmranlığının axırlarında çox böyük bir ərazi tutan xürrəmilərə qarşı heç bir iş görə bilmədi.

Məmun ölən ildə xürrəmilərin üsyanı daha böyük bir qüvvə ilə qızışdı. Nizam ül- Mülkün verdiyi məlumata görə, üsyan İsfahan, Fars vilayətlərini və bütün Kuhistanı bürüdü. Məmunun Bizans ilə müharibəyə başı qarışmasından istifadə edən üsyançılar "bir gecə vaxt təyin etdilər. Hazırlaşıb bütün mahal və vilayətlərdə üsyan qaldırdılar. Şəhərləri taladılar. Farsda çoxlu müsəlman qırdılar, arvad və uşaqları əsir apardılar. İsfahanda onların başçısı Əli ibn Məzdəkan adlı birisi idi. O şəhər darvazasında iyirmi min nəfərlik silahlı qüvvəni gözdən keçirtdi və qardaşı ilə birlikdə Kuha getdi. Əli Kuhu tutdu, qarət etdi, əlinə keçən müsəlmanı öldürdü... Qayıtdıqdan sonra o, Babəklə birləşmək üçün Azərbaycana getdi. Hər tərəfdən xürrəmidinlilər Babəkin yanına gedirdilər".

Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi:

"Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get"

833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi. və bununla da xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.




Yüklə 115,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin