6.Üsyanın son mərhələsi
Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.
Ət-Təbərinin verdiyi məlumata görə, 833-cü ildə "Cibalda, Həmədan, İsfahan, Masabzan və Mehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da (Mötəsim), həmin ilin şəvvalında (oktyabrın 20-si – noyabrın 17-si) Cibala hakim təyin etmişdi. O, zilqədə [ayında] (noyabrın 18-i – dekabrın 17-si) onlara getdi. Onun [xürrəmilər] üzərində çaldığı qələbə haqqındakı məlumat [Bağdadda] tərviyə günündə [[[833]]-cü il 25 dekabr] oxundu. O, Həmədan rayonunda [onlardan] 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar.
M.Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: "Həmin (833) ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi".
İbn əl İbri həmin variantı daha qısa şəkildə verir; "onun (Babəkin) sərkərdəsi Nəsr öz həmqəbilələrindən bir çoxu ilə Feofilin yanına qaçdılar və xristian oldular".
Həmədan vuruşmasından sonra Bizansa gedən xürrəmilərin taleyi haqqında müxtəlif məlumat vardır. Bizans tarixçilərinin istinad etdikləri orta əsr yunan müəllifləri bildirirlər ki, qaçıb Bizansa sığınan xürrəmilər qrupu 14 min nəfərdən ibarət idi və onlara əsli iranlı olan Feofob adlı birisi başçılıq edirdi. İmperator Feofil onları femlerdə yerləşdirib turma adlanan ayrı-ayrı dəstələrə böldü; həmin dəstələr Ərəb Xilafətinin qoşunlarına qarşı hərbi əməliyyatda fəal iştirak edirdilər.
Xəlifə Mötəsim Həmədan yaxınlığındakı ilk müvəffəqiyyətdən sonra başa düşdü ki, qüvvələri parçalamaq və xürrəmilərlə hərdənbir vuruşmaq müharibənin gedişinə təsir göstərməyəcəkdir. Mötəsim görürdü ki, onun qardaşı və sələflərinin xürrəmilərlə etdiyi müharibə taktikası kökündən yanlış idi və Xilafətin bir neçə ordusu üçün fəlakətli olmuşdu. Babək kimi təhlükəli düşmənə qarşı Xilafətin bütün qüvvələrini toplamaq üçün Kiçik Asiyada Bizansla daimi müharibə meydanında hərbi əməliyyatı dayandırmaq lazım idi.
Dostları ilə paylaş: |